Məhkəmə qərarları › İş №2(105)-2039/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2039/2021

02.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2039/2021 02.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X11 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının vəkili: X6, Cavabdehin nümayəndəsi: X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.M.Kazımov) İddiaçı Cavabdeh və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddianın rədd edilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayon 31 saylı Notariat ofisində X7 ilə Cavabdeh arasında bağlanmış AN-İ № ******* saylı, 20 avqust 2019-cu tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 143.1 kv.m olan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 28.03.2019-cu il tarixdə ona verilmiş və **********99-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən çıxarışa əsasən onun tam mülkiyyətində olmuşdur. O, həmin mülkiyyətlə bağlı səlahiyyətləri etibarnamə əsasında qardaşı qızı X4 vermişdir. Belə ki, o, Z.Mərdiyevaya sözügedən mülkiyyətlə bağlı bütün hərəkətləri etməyi, o cümlədən, almağı, satmağı bağışlamağı və sair hərəkətləri etməyi etibar etmişdir. Bundan sonra Z.X.Mərdiyeva Xəzər rayonu 31 saylı Notariat ofisinin Xüsusi Notariusunda ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 143.1 kv.m olan fərdi yaşayış evini Cavabdeh satmışdır. Bununla bağlı, Xəzər rayonu 31 saylı Notariat ofisinin Xüsusi Notariusunun 4Ə-115 nömrəli, 20.08.2019-cu il tarixli notariat işindən görünür ki, onun nümayəndəsi Z.X.Mərdiyeva ilə Cavabdeh arasında AN-İ № ******* saylı, 20.08.2019-cu il tarixli alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı sözügedən mənzili alıcıya 27000 manata satmışdır. Onun nümayəndəsi Z.Mərdiyevanın hüquqları Cavabdeh və notariat ofisinin işçiləri tərəfindən kobud surətdə pozulmuşdur. Onun etibarnamə üzrə nümayəndəsi Z.Mərdiyeva sözügedən mənzili bu ilin ortalarında satmaq qərarına gəlmiş və mənzilə ilkin olaraq 72000 manat məbləğində qiymət qoymuş, cavabdeh həmin evi almaq üçün onunla danışıqlar aparmış və 70000 manata almaq qərarına gəlmişdir. Z.Mərdiyevaya vacib pul lazım olduğu üçün cavabdeh sonuncu ilə 27.06.2019-cu il tarixdə Abşeron rayon 2 saylı Notariat ofisində “kredit müqaviləsi” bağlayaraq 11000 manat məbləğində pulu, bir ay müddətinə qaytarmaq şərti ilə Z.Mərdiyevaya vermiş və bunun əvəzində sözügedən mənzilin çıxarışını alaraq özündə saxlamışdır. Z.Mərdiyeva həmin pul vəsaitini cavabdehə bir ay müddətində qaytara bilmədiyi üçün cavabdehin əri və ərinin yaxınları onu sıxışdırılmağa başlamışlar. Bir neçə ay mübahisə apardıqdan sonra cavabdehin əri Z.Mərdiyevaya bildirmişdir ki, həmin mənzili almaq istədiyini, alqı-satqı müqaviləsi bağlamaqla, ilkin olaraq ona 40000 manat pul vəsaiti verəcəyini, qalan 19000 manat qalıq pul məbləğini isə bir ay müddətinə verəcəyinə söz verməklə, Z.Mərdiyevanı Abşeron rayonu 2 saylı DNK-na aparmışdır. Notariatda cavabdehə bildirmişlər ki, Z.Mərdiyeva sözügedən mənzili 70000 manata satırsa, ən azı 40000 manat məbləğində nağd şəkildə pul olmalıdır. Həmin vəsait cavabdehdə olmadığı üçün alqı-satqı baş tutmamış və cavabdehin əri mobil telefonla bir neçə yerlə danışdıqdan sonra Z.Mərdiyevanı avtomobilə əyləşdirərək Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 31 saylı Dövlət Notariat Kontoruna gətirmişdir. Notariat ofisində cavabdehin əri M.Hüseynov notariusun otağına girmiş, təxminən 20-25 dəqiqə sonra alqı-satqı müqaviləsi bağlamaq üçün Z.Mərdiyevadan etibarnamənin əslini və şəxsiyyət vəsiqəsini alaraq təkrar otağa girmişdir. Alqı-satqı müqaviləsi hazır olduqdan sonra cavabdehin əri M.Hüseynov sənədləri Z.Mərdiyevaya uzatmış və imza etməyi tələb etmişdir. Z.Mərdiyeva sənədləri imzaladıqdan sonra cavabdehin əri M.Hüseynov alqı-satqı müqaviləsini və digər sənədləri özündə saxlayaraq Bakı Hava limanında yerləşən “Kapital Bank”ın filialına gəlmişlər. Banka gələrkən cavabdehin əri M.Hüseynov Z.Mərdiyevaya gəlir vergisinin faizi çox olduğu üçün alqı-satqı müqaviləsinə 27000 manat pul yazıldığını, vergi rüsumunun az tutulması üçün və pulu bankdan götürdükdən sonra təkrar notariusa qaytarılacağını, səhəri gün isə yerdə qalan pul məbləğinin onların və notariusun iştirakı ilə Z.Mərdiyevaya veriləcəyini bildirmişdir. Habelə, alqı-satqı müqaviləsi, qəbz və digər sənədlərin əsillərini də cavabdehin əri M.Hüseynov özündə saxlamış və səhəri gün notariusda verəcəyini bildirmişdir. Onlar “Kapital Bank”ın filialına daxil olmuş və cavabdehin əri M.Hüseynov sənədləri banka təqdim etmişdir. Bank işçisi sənədləri qəbul etdikdən sonra pulu kassadan almaq üçün Z.Mərdiyevanı çağırmış, sonuncu pulu almaq üçün kassaya yaxınlaşdıqda cavabdehin əri də onunla birlikdə kassaya yaxınlaşmışdır. Həmin vaxt kassada əyləşən bank işçisi cavabdehin əri M.Hüseynova onun pulu saymağa hüququ olmadığını deyərək iradını bildirmişdir. Cavabdehin əri vəkillik fəaliyyəti ilə məşğul olduğunu və Z.Mərdiyevaya kömək etmək məqsədi ilə pulu saydığını bildirmişdir. Bundan sonra cavabdehin əri Z.Mərdiyevadan pulu götürmüş və notariusun əməkdaşı gəlib pulları aparacağını bildirmişdir. Cavadehin əri Z.Mərdiyevaya təkrar bildirmişdir ki, o, hüquqşünasdır, vəkil kimi fəaliyyət göstərir, bu sənədləşmə ilə heç kim onu aldada bilməz deməklə Z.Mərdiyevanı bir daha arxayın etmişdir. Bir neçə dəqiqə sonra notariusun əməkdaşı avtomaşınla hava limanına yaxınlaşmış və cavabdehin əri pulları götürüb onun avtomaşınına əyləşmişdir. Təxminən 5-10 dəqiqə sonra notariusun əməkdaşı hava limanından ayrılmış, cavabdehin əri isə onlar əyləşən avtomaşına qayıtmışdır. Avtomaşında olarkən cavabdehin əri Z.Mərdiyevaya 4600 manat məbləğində pul vermiş, səhəri gün isə qalıq pulu notariusdan götürəcəyini bildirmişdir. Sonradan cavabdeh və cavabdehin əri Z.Mərdiyevaya zəng vuraraq notariusun əməkdaşının orada olmadığını, rəhbərinin isə işə gəlmədiyini, həftənin altı-bazar günü olduğun bildirmiş, Z.Mərdiyevaya yalandan vədlər vermiş və müxtəlif bəhanələrlə aldatmağa başlamışlar. Z.Mərdiyeva aldanıldığını bildikdən dərhal sonra Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi vermiş, daha sonra Xəzər rayon Binə qəsəbəsində yerləşən 31 saylı Notariat kontoruna gəlmiş və ərizə ilə alqı-satqı müqaviləsinin dayandırılmasını tələb etmişdir. Sonradan isə Əmlak Məsələləri Dövlət Komitəsinin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və bir daha aldandığını başa düşmüşdür. Belə ki, cavabdehin bu qanunsuz hərəkətləri onun mülkiyyət hüquqlarını pozmuşdur. Bu hal iddiaçının mülkiyyətində olan evdən istədiyi kimi, maneəsiz və tam istifadə etmə imkanlarını məhdudlaşdırır və qanunla qorunan mülkiyyət hüquqlarını kobud pozuntusu kimi qiymətləndirilməlidir. İddiaçının nümayəndəsi, vəkili X5 məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbləri əsasında iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Xəzər rayon 31 saylı Notariat ofisində bağlanmış AN-İ № ******* saylı, 20 avqust 2019-cu tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və ünvan 2 ünvanına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın dövlət reyestrinin 05.09.2019-cu il tarixli, **********99-10301 saylı çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Əqdlərin etibarlı olması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olmalıdır. Müqavilə bağlanan zaman Həmin Məcəllənin 337-ci maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh və onun həyat yoldaşı M.X.Hüseynov özlərinin həqiqi niyyətlərini, yəni başqasının mülkiyyətində olan əmlakı ələ keçirmək niyyətini pərdələmək, həqiqətən bağlamaq istənilən digər bir əqdi ört-basdır etmək məqsədində olmuşlar. Z.X.Mərdiyeva müqaviləni imzalayarkən əsas niyyəti sələm borcunun qarşılığında ona etibar etdiyi mülkü girov qoyması olub və ona məxsus mülkü digər şəxsə satmaq niyyətində olmamışdır. Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(012)-380/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı vəkili M.N.Mustafayev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh nümayəndəsi M.X.Hüseynov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, tərəflər arasında olan müqavilənin etibarsızlığına heç bir qanuni əsasın olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş AR-İ № 821317 saylı, 20 avqust 2019-cu il tarixli etibarnamədən görünür ki, İddiaçı Z.X.Mərdiyevaya Abşeron rayonu, Saray qəsəbəsi, Etibar Hacıyev küçəsi ünvanında yerləşən 28 nömrəli fərdi yaşayış evi və 0,02 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi, imza etməyi və digər hərəkətləri etməsinə dair baş etibarnamə vermişdir. Etibarnamə 50 il müddətinə verilmiş, yəni 25.06.2069-cu il tarixədək qüvvədə olmuşdur. Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu R.K.Hümmətov tərəfindən təsdiq edilmiş AN-İ № ******* nömrəli, 20 avqust 2019-cu tarixli, reyestrdə 1S-5336 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” İddiaçı adından Z.X.Mərdiyeva, “Alıcı” Cavabdeh ünvan 2 ünvanında yerləşən 120 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan ümumi sahəsi 143.1 kv.metr olan fərdi yaşayış evini 27000 (iyirmi yeddi) manata satmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-4217/2019 saylı, 29.10.2019-cu il tarixli qətnaməsindən görünür ki, Z.X.Mərdiyevanın Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 143.1 kv.metr olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-786/2020 saylı, 31.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, Z.X.Mərdiyevanın apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-4217/2019 saylı, 29.10.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məһkəməsi Mülki Kollegiyasının 2(102)-3172/2020 saylı, 16.06.2020-ci il tarixli qərarından görünür ki, Z.X.Mərdiyevanın kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 786/2020 saylı, 31.01.2020-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş 27 iyun 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” Cavabdeh “Borc alan” Z.X.Mərdiyevaya 11000 (on bir min) manat borc pul verməyi, Z.X.Mərdiyeva həmin məbləği Cavabdeh 31 avqust 2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X8 daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 143.1 kv.metr olan fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi qeydiyyat nömrəsi**********, **********99-10301 reyestr nömrəsi ilə 05.09.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. «Məһkəmə qətnaməsi һaqqında” Azərbaycan Respublikası Ali Məһkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məһkəmə qətnaməsi mülki və iqtisadi mübaһisələrdən irəli gələn işlər üzrə ədalət müһakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübaһisəli һüquq münasibətlərlərində müəyyənlik yaranmalı, pozulmuş və mübaһisə edilən һüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Eyni norma Azərbaycan Respublikası Mülki Məcəlləsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin hüquqlarının X8 Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 28.03.2019-cu il tarixli, **********99-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olmuş Abşeron rayonu, Saray qəsəbəsi, Etibar Hacıyev küçəsi ünvanında yerləşən 28 nömrəli fərdi yaşayış evi və 0,02 ha torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi, imza etməyi və digər hərəkətləri etməsinə dair 20 avqust 2019-cu il tarixdə Z.X.Mərdiyevaya etibarnamə vermişdir. Z.X.Mərdiyeva həmin etibarnamə əsasında iddiaçı tərəfindən ona verilmiş hüquqlardan istifadə edərək, sonuncunun adından etibarnamə üzrə nümayəndəsi kimi cavabdeh ilə 20 avqust 2019-cu il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamış və həmin müqavilə əsasında fərdi yaşayış evi və torpaq sahəsi cavabdehin mülkiyyətinə keçmişdir. İddiaçı onun tərəfindən Z.X.Mərdiyevaya 20 avqust 2019-cu il tarixdə verilmiş etibarnamə ilə fərdi yaşayış evinin və torpaq sahəsinin Cavabdeh və əri M.Hüseynov tərəfindən aldadılaraq real dəyərindən ucuz qiymətə satıldığını əsas gətirərək həmin müqavilənin və 05.09.2019-cu il tarixli, **********99-10301 saylı çıxarışın etibarsız hesab edilməsininin birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymət verilməməsi barədə iddiaçının gətirdiyi dəlili qəbul etmir. Belə ki, əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Hazırkı mübahisə üzrə Z.X.Mərdiyevaya iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında çıxış edərək, alqı-satqı müqaviləsi bağlamış, həmin müqavilə rəsmiləşdirilən zaman qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, iddiaçı tərəfindən Z.X.Mərdiyevaya Abşeron rayonu, Saray qəsəbəsi, Etibar Hacıyev küçəsi ünvanında yerləşən 28 nömrəli fərdi yaşayış evi və 0,02 ha torpaq sahəsinə verilmiş etibarnamədə həmin əmlakı satmaq da daxil olmaqla bir sıra hüquqlar etibar edilmiş və etibarnamənin etibarlılıq müddəti 25 iyun 2069-cu il tarixədək müəyyən edilmişdir. Alqı-satqı müqaviləsi bağlanan vaxt, yəni 20 avqust 2019-cu il tarixdə etibarnamə qüvvəsində olmuş və etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə kollegiyası iclası zamanı o da müəyyən olmuşdur ki, İddiaçı alqı-satqı müqaviləsi bağlandıqdan sonra notariat orqanına müraciət edərək Z.X,Mərdiyevaya verdiyi etibarnamədən imtina etməsi barədə ərizə ilə müraciət etməmişdir. Göründüyü kimi, Z.X.Mərdiyeva qüvvədə olan etibarnamə əsasında verilmiş hüquqlar əsasında torpaq sahəsinə və fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi bağlamış, alqısatqı müqaviləsi rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq AN-İ № ******* nömrəli, 20 avqust 2019-cu tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar olmadığından iddia tələbinin həmin alqı-satqı müqaviləsi əsasında verilmiş ünvan 2 ünvanına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X8 daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 05.09.2019-cu il tarixli, **********99- 10301 saylı çıxarışın ləğv edilməsi hissəsində də iddianı təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 14 aprel 2021-ci il tarixli 2(012)-380/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar