Məhkəmə qərarları › İş №2(105)-204/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-204/2024

23.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-204/2024 23.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4800/2023 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 34560 m3 müəyyən edilmişdir.

2. Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən, iddiaçıya məxsus ünvan 1 ünvanında olan sayğaca baxış keçirilmiş və sayğacdan kənar xəttin olduğu aşkar edilmişdir.

3. xx.xx.2023-ci il tarixli abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına xx.xx.2017-ci il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 4147,20 manat borc hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ceyranbatan qəsəbəsi, Asfalt ərazisində yerləşən ev 9 ünvanına istifadədə olan qaza görə quraşdırılmış qaz sayğacına tərtib edilmiş xx.xx.2023-cü il tarixdə ******* saylı aktın etibarsız edilməsi və bu akt əsasında qanunsuz hesablanmış 4147,20 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Asfalt ərazisində yerləşən 9 nömrəli fərdi yaşayış evi ona məxsusdur. Qaz sayğacı evin yerləşdiyi həyətyanı sahədən kənarda, yəni küçədə yerləşir. Qaz sayğacına onun iştirakı olmadan baxış keçirilmiş və xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki: “Ünvanda sayğacdan kənar xətt aşkarlandı”. Qeyd olunan akt əsasında əsassız olaraq ona 4147,20 manat (dörd min yüz qırx yeddi manat, iyirmi qəpik) manat məbləğində borc hesablanmışdır. O, həmin ünvanda tək yaşayır və yaşlı qadındır, sayğacdankənar xətt çəkməyi absurd məsələdir. Təbii qazdan istifadəyə görə mütəmadi olaraq qaz kartına pul yükləmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən mütəmadi qaz xəttinə baxış keçirilib, 4147,20 manat (dörd min yüz qırx yeddi manat, iyirmi qəpik) borc yazılması ağlasığmazdır. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfındən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və ona borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə bildirsə də, hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla, hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə onun məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. Belə ki, qazdan istifadəyə dair münasibətləri nizamlayan cavabdeh ilə onun arasında bağlanmış müqavilənin müddəalarına əsasən qaz sayğacının kənar müdaxilələrdən qorunması vəzifəsi qaz istehlakçısının vəzifələri sırasına daxil edilməmişdir. Tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır, digər tərəfdən belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olmaq qeyri-mümkündür. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşıması absurddur. Sayğaca hər hansı müdaxilə varsa belə müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən oluna bilər. Digər tərəfdən həmin qaz sayğacı cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən götürülərək onun iştirakı olmadan texniki baxışdan keçirilmiş və ancaq bundan sonra ona həmin sayğaca müdaxilə olunması barədə məlumat verilmişdir. Göründüyü kimi, mülkiyyətində olan mənzilə aid qaz sayğacına müdaxilə edilməsi barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixində tərtib edilmiş akt və onun əsasında hesablanmış borc əsassızdır.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4800/2023 saylı qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbi qismən təmin edilərək, İddiaçı (abonent kodu: **********10090) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 3801,60 (üç min səkkiz yüz bir manat altmış qəpik) manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən təqdim olunmuş videodiskə baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisəli mənzildə qazdan kənar xətt vasitəsilə istifadə edilmişdir. Lakin videodiskdə olan görüntülərdən müdaxilənin nə zamandan bəri davam etdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindən də bu davamiyyətin hansı müddəti əhatə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

8. İş materiallarında iddiaçının qazdan kənar xətt vasitəsilə istifadə edilməsi müddətinə dair hər hansı sübut olmadığı təqdirdə, vurulmuş ziyanın cavabdeh tərəfindən 360 gün müddətinə hesablanması ağlabatan deyil. Əks yanaşma “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olardı. Həmin hesabatın 30 gün müddəti üçün aparılması daha ədalətli və qanunidir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi olaraq həyata keçirməlidir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən vurulmuş ziyan 30 gün müddətinə hesablanmaqla (4m3 x 24 x 30 gün= 2880 m3 x 12 qəpik=345,60 manat) təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan həmin məbləğdə (345,60 manat) borcun tələb edilməsi əsaslıdır, 3801,6 (4147,20-345,60) manat borcun tələb edilməsi hissəsində isə əsaslı deyil, həmin hissədə (3801,6 manat) iddia tələbi təmin edilməlidir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində ”Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt QİS-nin əməkdaşları İddiaçı yaşadığı ünvan 2 ünvanında sayğaca baxış keçirərkən, sayğacdan kənar qeyri-qanuni xətt (video görüntü və fotoşəkillər təqdim edilmişdir) aşkarlamış, bununla bağlı xx.xx.2023-cü i l tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-yə göndərilmişdir. xx.xx.2023-cü il tarxli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən Sumqayıt QİS-nin əməkdaşları tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək İddiaçı Sumqayıt QİS-nin abonent bazasındakı **********10090 nömrəli abonent koduna 34560 m3 – 4147.20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçı abonent koduna hesablanmış 4147.20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Abonentlə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Qətnamə çıxarılarkən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları:

5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi-iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Qaz paylayıcısı və istehlakçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir.

23. İş materiallarında olan tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etməlidir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Qeyd edilən müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı qazdan istifadə qaydalarının tələblərinə əməl etməlidir. Göstərilən müqavilənin 2.3.6-cı bəndinə əsasən istehlakçı müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. İş materialları ilə müəyyən edilir ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında cavabdeh tərəfindən qaz sayğacı quraşdırılmışdır. İddiaçı sözügedən mənzilə quraşdırılmış qaz sayğacına müdaxiləsi nəticəsində sayğacdan kənar xətt vasitəsilə qazdan qeyri-qanuni istifadə etməsi halı ilə əlaqədar cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında İddiaçı 4147.20 manat borc hesablanmışdır

27. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş videodiskə baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisəli mənzildə qazdan kənar xətt vasitəsilə istifadə edilmişdir. Lakin videodiskdə olan görüntülərdən müdaxilənin nə zamandan bəri davam etdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindən də bu davamiyyətin hansı müddəti əhatə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

28. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarında iddiaçının qazdan kənar xətt vasitəsilə istifadə edilməsi müddətinə dair hər hansı sübut olmadığı təqdirdə, vurulmuş ziyanın cavabdeh tərəfindən 365 gün müddətinə hesablanması ağlabatan deyil. Həmin hesabatın 30 gün müddəti üçün aparılması daha ədalətli və qanunidir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi olaraq həyata keçirməlidir. İddiaçı tərəfindən vurulmuş ziyan 30 gün müddətinə hesablanmaqla təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan həmin məbləğdə (345,60 manat) borcun tələb edilməsi əsaslıdır, 3801,6 manat borcun tələb edilməsi isə əsaslı deyildir.

29. Odur ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı olduğundan, birinci instansiya məhkəməsinin itirilmiş qazın bərpası üçün aparılan hesabatın müddətinin 30 gün qəbul edilməklə hesablanması qənaətinə gəlməsi əsaslıdır.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

31. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4800/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar