Məhkəmə qərarları › İş №2(105)-204/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-204/2025

08.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-204/2025 08.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız olaraq hesablanmış borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(012)-3194/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Abeşron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********02990 olan sayğaca qanunsuz olaraq hesablanmış 2704,32 (iki min yeddi yüz dörd manat 32 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********02990 olan qaz sayğacından istifadə edir. Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması görə ona məxsus abonent kodu **********02990 olan sayğaca xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş və ümumilikdə 2704,32 (iki min yeddi yüz dörd manat 32 qəpik) manat, itirilmiş qazın dəyəri hesablanaraq hər ödəniş apardıqda hissə-hissə tutulması məqsədilə smart payment ödəniş kartına yönləndirilmişdir. Həmin aktlarda, təbii qazdan sayğacdan kənar qeyriqanuni birləşmə və istifadə edildiyi aşkar olunması qeyd olunmuşdur. Sözügedən aktlar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, sözügedən aktdan qaz pulunu ödəyəndə xəbəri olmuşdur. Onun tərəfindən qaz sayğacına hər hansı qeyri-qanuni olaraq müdaxilə olunmamış, kənar xətt vasitəsilə təbii qazdan istifadə edilməmişdir. Onu da nəzərə çatdırır ki, qaz sayğacı onun həyətinin çöl tərəfində yerləşdirilmiş və buna görə də o, hər hansı bir məsuliyyət daşımır. Cavabdeh İB yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidir. Demək olar ki, yaşadığı ərazidə çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edilmişdir. O, Cavabdehnə yazılı olaraq ərizə ilə əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi ilə bağlı müraciət etsə də idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və rəsmi olaraq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(012)-3194/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 2531,52 (iki min beş yüz otuz bir manat əlli iki qəpik) manat borcun abonent kodu **********02990 olan İddiaçı məxsus abunə hesabından silinməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq, təbii qazdan qeyri-qanuni istifadə etməsi mülki iş materiallarına əlavə olunmuş fotoşəkillər və inventar aktı əsasında öz təsdiqini tapmış və bu barədə abonentə təbii qazdan istifadə qaydalarının pozulması barədə tələbnamə tərtib edilərək xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 360 gün (12 ay) müddəti üçün cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, təbii qazdan istifadə qaydalarının tələblərinə uyğun olaraq həmin qaydalara riayət etmək abonent olaraq vətəndaşın vəzifəsi olsa da sayğacın işlək vəziyyətdə olmasına nəzarət etmək isə qazpaylayıcısının birbaşa vəzifəsi olmaqla həmin vəzifənin icrasını 30 gündən bir həyata keçirməlidir. Lakin göründüyü kimi Cavabdeh İB-nin nümayəndələri tərəfindən abonentin mənzilinə quraşdırılmış qaz sayğacına vaxtında nəzarət edilməməsi nəticə olaraq, abonentin də qaz sayğacından qeyri-qanuni istifadə etməklə təbii qazı talaması halını istisna etməmişdir. Bununla belə abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə sadə riyazi hesablama üsulu ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnaməyə uyğun olaraq, (4x12x30=1440 m3, 1440x0,12=172,80; 2704,32- 172,80=2531,52) 2531.52 manat pul vəsaitinin abonent İddiaçı məxsus abunə hesabından silinməsi qənaətinə gəlir. Bundan əlavə digər xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar əsasında Cavabdeh İB tərəfindən hesablanmış borcların əsassız olmasını təsdiq edən sübutlar İddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia həmin hissələrdə təmin edilməməlidir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"na istinad edərək iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh İB tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(012)-3194/2024 nömrəli qətnaməsinin ləğv edilməsi xahiş edlmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-yə böyük məbləğdə ziyan vurmuşdur. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndirilən qətnamədə istinad olunmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarında yer almış və təqdim olunan sübutlar tam əsaslı olmasını göstərdiyi halda 1-ci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia ərizəsini qismən təmin etmişdir. İddiaçı aid olan **********02990 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

11. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. 12.Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, qaz sayğacının nominal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə 17280 kubmetr həcmində itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Həmin hesabat üçün əsas xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur. 13.“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. 14.Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, qaz işledicilerlnden PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük İş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSQ-in maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, Radlator-un maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə 1656 kubmetr həcmində itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Həmin hesabat üçün əsas xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur.

15. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır.

16. Azəriqaz” İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, Radiator-un maksimal saatlıq qaz sərfi 0.8 nrrVsaat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə 1800 kubmetr həcmində itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Həmin hesabat üçün əsas xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur.

17. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. 18 Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, Radiator-un maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə 1800 kubmetr həcmində itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Həmin hesabat üçün əsas xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur.

19. Abonent kodu **********02990 olan İddiaçı adına olan abonent saldosundan görünür ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 17280 kubmetr həcmində itirilmiş qazın dəyəri qismindən 2073,6 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 1656 kubmetr həcmində itirilmiş qazın dəyəri qismində 198,72 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 1800 kubmetr həcmində itirilmiş qazın dəyəri qismində 216 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 1800 kubmetr həcmində itirilmiş qazın dəyəri qismində 216 manat borc qismində iddiaçının hesabına yerləşdirilmişdir.

Tətbiq edilən hüquq

20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunu

8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:

6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

22. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

23. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2024cü il tarixli, 2(012)-3194/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən, iddia tələbinin qismən təmin edilməsi hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(012)-3194/2024 nömrəli qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 2531,52 (iki min beş yüz otuz bir manat əlli iki qəpik) manat borc abonent kodu **********02990 olan İddiaçı məxsus abunə hesabından silinməli, apellyasiya şikayəti qalan hissələrdə təmin edilməməlidir.

25. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 17280 kubmetr həcmində itirilmiş qazın dəyəri qismində 2073,6 manat məbləğində hesabat aparılsa da birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 2531.52 manat pul vəsaitinin abonent İddiaçı məxsus abunə hesabından silinməsini qət etmişdir ki, bununla da birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə anlaşılan olmamışdır. Belə ki, silinməsi qət olunan məbləğ, hesablanan məbləğdən çox olmuşdur.

26. Halbuki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 17280 kubmetr həcmində itirilmiş qazın dəyəri qismində 2073,6 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 1656 kubmetr həcmində itirilmiş qazın dəyəri qismində 198,72 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 1800 kubmetr həcmində itirilmiş qazın dəyəri qismində 216 manat və xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 1800 kubmetr həcmində itirilmiş qazın dəyəri qismində 216 manat olmaqla, cəmi 2704,32 manat məbləğində vurulmuş zərər məbləği hesablamışdır.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Belə ki, yuxarıda istinad olunan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 8-1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələbindən göründüyü kimi, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

28. Cavabdeh tərəfindən iddiaçının qanunsuz qaz xəttinə qoşulması ilə bağlı aktlar tərtib olunsa da qazın talanmasında onun təqsirli olmasına dair müvafiq orqanın qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilməməkdədir. Buna görə də cavabdeh təşkilatın zərər məbləğini iddiaçının abonent hesabına vurulmuş zərər məbləği qismində daxil edərək, ondan tələb etməsi əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə mübahisəyə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 8-1-ci maddəsinin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndini tətbiq etməli olduğu halda tətbiq etməmişdir ki, bununla da maddi hüquq normasının pozulması ilə nəticələnən və əsassız hesab olunan qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 2704,32 manat manat məbləğində borcun silinməsi ilə bağlı iddia tələbi tam əsaslı olmuşdur. Lakin, birinci instansiya məhkəməsi tərəfindən hesablanmış borcun düzgün olmayan əsasla 2531.52 manatı silinsə də iddiaçı tərəfindən (2704,32-2531,52=172,8) qalıq 172,8 manat hissə mübahisləndirilməmişdir. Buna görə də məhkəmə kollegiyası tərəfindən mübahisələndirilən hissə üzrə, yəni 2531,52 manat məbləğində borcun silinməsi hissəsində qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılmışdır.

29. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(012)-3194/2024 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 2531,52 (iki min beş yüz otuz bir manat, 52 qəpik) manat borc abonent kodu **********02990 olan İddiaçı məxsus abunə hesabından silinməli, apellyasiya şikayəti qalan hissələrdə təmin edilməməlidir.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(012)-3194/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 2531,52 (iki min beş yüz otuz bir manat, 52 qəpik) manat borc məbləği abonent kodu **********02990 olan İddiaçı məxsus abunə hesabından silinsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar