Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2045/2022 29.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qıının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 Xırdalan Şəhər üzrə nümayəndəliyi, Abşeron Rayon Xırdalan Bələdiyyəsinə (3-cü şəxs Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi) qarşı vurulmuş maddi ziyanın Cavabdeh1ndən tutulması və qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun Cavabdeh1 hesabına açılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-148/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-148/2022 nömrəli qətnaməsilə (hakim E.Məmmədov) iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-148/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Kompleksinin tikintisi zamanı ona məxsus olan torpaq sahəsinin daş hasarının qanunsuz sökülməsi nəticəsində 12500 manat məbləğində dəymiş zərərin Abşeron RİH-dən tutularaq ona ödənilməsi və ümumi torpaq sahəsinin digər hissəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş-çıxış üçün yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, X3 Kompleksinin tikintisi zamanı ona məxsus olan torpaq sahəsinin daş hasarını sökülməsi nəticəsində ona dəymiş 20000 manat məbləğində dəymiş zərərin Abşeron RİH-dən tutularaq ona ödənilməsi, ümumi torpaq sahəsinin digər hissəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun Abşeron RİH-nin hesabına açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2004-cü il tarixdə Xırdalan şəhəri, Sumqayıt şossesində yerləşən və “Tər-Tər” firmasına məxsus olan 1 hektar torpaq sahəsinin 1/2-ni (0,5 ha) alqı-satqı yolu ilə almışdır. (Abşeron Rayöon 1 №-li Notariat Kontoru, reyestr M 4Ə/1413. X6-si YN-1272, kod 30801006, qeydiyyat kitabında № 7958/xx.xx.2005-ci il) Sahə daş hasarla əhatəyə alınmış və orada 243,2 kv.m qeyri-yaşayış sahəsi də tikilmişdir. Elektrik təchizatı üçün ll-T/1021 saylı, 29 aprel 2005-ci il tarixli Texniki Şərt alınmış, sahəyə su xətti çəkilmişdir. Süd məhsulları istehsal etmək üçün açılacaq mini zavod üçün müəyyən avadanlıqlar alınmışdır. O özü əslən Qarabağ bölgəsindən olduğuna görə məqsədi həmin çətin dövrdə az da olsa insanları işlə təmin etmək olmuşdur. Ancaq həmin dövrdə bəzi məmurlar tərəfindən onların işlərinə bürokratik əngəllər olmuş, maneçilik törədilmişdir. Onlar sahəni abadlaşdıraraq orada 600 ədəd meyvə ağacları və bəzək kolları da əkmişlər. Ancaq göstərilən səbəblərdən və suyun kəsilməsi üzündən həmin ağaclar da qurayaraq sıradan çıxmışdır. Orada bir neçə oğurluq hadisəsi baş verdiyi üçün təəssüf ki, işləri alınmamışdır. Sonradan müvafiq orqanlara bir neçə layihə təqdim edib iş qurmaq istəsələr də, naməlum səbəblərə görə həmin orqanlardan razılıq və dəstək ala bilməmişlər. 2011-ci ilin may ayında Cavabdeh1 Xırdalan şəhər üzrə nümayəndəsi F.Orucov ona telefonla zəng edərək ora dəvət etmiş və göstərilən ərazidə Olimpiya İdman Kompleksinin tikilməsi planı olduğunu bildirmişdir. Çox çəkmədən ərazinin daş hasarının sökülməsi xəbərini almışdır. 18 sentyabr 2012-ci il tarixdə o, qanunla nəzərdə tutulmuş kompensasiya və ya razılaşma (əvəzləşmə) yolu ilə alınmış torpağın əvəzinin ödənilməsi üçün Cavabdeh1nə müraciət etmişdir. 12 oktyabr 2012-ci il tarixdə o, Abşeron RİHB-nın Xırdalan şəhər üzrə nümayəndəsi F.Orucov tərəfindən ora dəvət olunmuş, ancaq uzun müddət F.Orucovdan yalan və boş vəddən başqa bir şey görməmişdir. Onun dəfələrlə icra başçısına və müvafiq orqanlara müraciət etməyinə baxmayaraq, bu müraciətlərin bir müsbət nəticəsi olmamışdır. Ona məxsus olan 0,5 ha torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdir. Torpağın qalan hissəsində yerləşən qeyriyaşayış sahəsindən istifadə olunması mümkün deyil. Çünki ərazinin daş hasarı (bir hissəsi) uçurulmuş, sahənin darvaza və giriş qapısı sökülüb aparılmış, yeri isə daşla hörülmüşdür. Dəfələrlə müraciət etməklərinə baxmayaraq, vəd etsələr də, icra başçısının göstərişlərinə belə məhəl qoymayaraq sahəyə girmək üçün onlara yol vermirlər. Belə olan surətdə onlar faktiki olaraq torpaqdan və mülkiyyətdən istifadə hüququndan məhrum olmuşlar. Beləliklə, Cavabdeh1 vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona maddi zərər vurulmuşdur. Belə ki, 150 metr uzunluğu, 3 m hündürlüyü olan daş hasar sökülmüş, tikinti materiallarından isə digər məqsədlər üçün istifadə edilmişdir. Hesablamaya görə bu günki qiymətlərlə ona 20000 manat zərər dəymişdir ki, bunun da smetası məhkəməyə təqdim edilmişdir. Hesab edir ki, bu zərəri Abşeron RİH ödəməlidir. Çünki, X3 Kompleksinin layihələndirilməsi və tikintisinə icazə verilməsi barədə Abşeron RİH Başçısının 1866 saylı, xx.xx.2011-ci il tarixli Sərəncamı ilə həmin tikintiyə nəzarət RİH-nin Memarlıq və Tikinti Şöbəsinə tapşırılmışdır. Bundan əlavə daş hasarını Abşeron RİH və Xırdalan Bələdiyyəsinin işçiləri sökmüşdür. Odur ki, o, X3 Kompleksinin tikintisi zamanı ona məxsus olan torpaq sahəsinin daş hasarını sökülməsi nəticəsində ona dəymiş 20000 manat məbləğində zərərin Abşeron RİH-dən tutularaq ona ödənilməsi, ümumi torpaq sahəsinin digər hissəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun Abşeron RİH-nin hesabına açılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İş üzrə İddiaçı iddia ərizəsilə eyni məzmunlu apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə mübahisəni hər tərəfli araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bunlar da qətnamənin ləğvi üçün əsaslardır. İddiaçı, məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı mübahisə hər hansı bir inzibati aktın qəbul edilməsi ilə əlaqəli deyil, birbaşa inzibati orqanın qanunsuz hərəkətləri ilə əlaqəli olduğundan inzibati məhkəməyə müraciət etməmişdir. Hesab edir ki, hazırkı mübahisəyə mülki icraat qaydasında baxılmalıdır və aidiyyət pozulmamışdır. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Cavabdeh1 nümayəndəsi X2 şikayətlə razılaşmadı və onun təmin edilməməsini xahiş etdi. O, əlavə etdi ki, iddiaçının müraciəti əsasında ona məxsus torpaq sahəsinə gediş-gəliş üçün yol verilməsi nəzərdə tutulurdu. Müvafiq quruma bu barədə icra hakimiyyəti tərəfindən rəsmi müraciət edilmişdir. Lakin sonradan məlum oldu ki, iddiaçıya yol olaraq nəzərdə tutulan torpaq sahəsi başqa şəxsin mülkiyyətindədir. İddianın heç bir hüquqi əsası olmadığını bildirən nümayəndə şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan torpaqdan daimi istifadə hüququna dair 28 dekabr 2004-cü il tarixli, JN-1272 saylı Dövlət Aktından görünür ki, Abşeron Rayon 1 saylı DNK-nun xx.xx.2004-cü il tarixli 4Ə/1413 saylı alqı-satqı müqaviləsi ilə daimi istifadə hüququna verilmiş 0,50 hektar ölçüsü olan torpaq İddiaçı adına 7958 nömrəsi ilə qeydiyyata alınıb. Yenə iş materiallarında olan 02 dekabr 2004-cu il tarixli Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 163 reyestr, 163 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron Rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesində yerləşən qeyri-yaşayış binası ½ hissədə İddiaçı, ½ hissədə X1 mülkiyyətinə verilmişdir. Yenə də iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2022-ci il tarixli, 10/6758 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesində yerləşən 0,50 ha torpaq sahəsinin (“Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2004-cü il tarixli, JN 1272, Kod 30801006 saylı Dövlət Aktında qeyd edilən torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) daxilində yerləşən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən Abşeron Rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi küçəsində yerləşən 1/4 hissə İddiaçı, 1/2 hissə X1 adına 02 dekabr 2004-cü il tarixdə, 01 nömrəli reyestr kitabında 041 səhifədə, 163 reyestr nömrəsi ilə qeydiyyata alınmış qeyriyaşayış sahəsinə giriş-çıxış yolu mövcud deyil. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iş üzrə apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-148/2022 nömrəli qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-2.2.4-cü və 2.2.7-ci maddələrinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), habelə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları inzibati orqan hesab olunur. İşdən görünür ki, hazırkı iddianın qaldırılmasına əsas Abşeron RİH Başçısının 1866 saylı, xx.xx.2011-ci il tarixli Sərəncamına uyğun olaraq X3 Kompleksinin layihələndirilməsi və tikintisinə icazə verilməsi və daha sonra həmin ərazidə qeyd olunan kompleksinin tikilməsidir ki, iddiaçının iddiasına görə həmin kompleksin inşası üçün nəzərdə tutulan sahə ona məxsus torpaq sahəsilə kəsişir. İddiaçı iddia edir ki, həmin ərazidə idman kompleksinin tikintisinə icazə Cavabdeh1 başçısının sərəncamı ilə verildiyindən, habelə iddiaçıya məxsus torpaq sahəsi bunun davamı olaraq zəbt edildiyindən, icra və bələdiyyə orqanının işçiləri tərəfindən iddiaçıya məxsus daş hasar söküldüyündən Cavabdeh1 məsuliyyət daşıyır, onun hazırkı tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Halbuki yuxarıda qeyd edilən normaların tələbinə əsasən bu mübahisə ümumi məhkəməyə deyil, inzibati məhkəməyə aiddir. Belə ki, mübahisənin mahiyyətindən aydın olur ki, iddiaçı inzibati orqanın hərəkəti nəticəsində onun hüququnun və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir. Kollegiya yuxarıda qeyd olunan normaların tələblərindən çıxış edərək qeyd edir ki, hazırkı tələb inzibati xarakterli olduğundan işə inzibati məhkəmədə baxılmalıdır. Buna baxmayaraq, Abşeron Rayon Məhkəməsi səhvən ərizəni icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. AR MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-148/2022 nömrəli qətnaməsi ləğv olunmalı, işin icraatına xitam verilməli, bununla belə iddiaçıya eyni əsasla Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-148/2022 nömrəli qətnaməsi ləğv olunsun. Mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfə eyni əsasla Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2045/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2045/2022
29.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver