Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2047/2022 30.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(060)-313/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, ** CH *** dövlət nömrə nişanlı, Ford Transit 150D Van markalı mikroavtobusun cavabdehlərdən alınaraq onlara qaytarılması, Cavabdeh2 Cavabdeh1 aldığı 13000 manat pul vəsaitinin Cavabdeh2 tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək İddiaçı1 və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ** CH *** dövlət nömrə nişanlı, Ford Transit 150D Van markalı mikroavtobusun cavabdehlərdən alınaraq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar arasında olan razılaşmaya əsasən İddiaçı2 İddiaçı1 mülkiyyətində olan ** CH *** dövlət nömrə nişanlı, Ford Transit 150D Van markalı mikroavtobusu 9600 manata nağd qaydada satın almış, nəqliyyat vasitəsinin pulunu ödədikdən sonra xx.xx.2018-ci il tarixdə mülkiyyətçi kimi X2 ona bir il müddətinə baş etibarnamə vermişdir. Mikroavtobusla Sumqayıt-Bakı reysi ilə sərnişindaşıma xidməti ilə məşğul olmuş, bir müddət sonra işləmək üçün xarici ölkələrə getmək qərarına gəlmişdir. İş üzrə cavabdehlərdən Cavabdeh2 ilə birikdə sərnişindaşıma xidməti ilə məşğul olmuşdur. O, ölkə ərazisindən kənara getmək qərarına gəldikdən sonra Cavabdeh2 nəqliyyat vasitəsini yalnız idarə etmək üçün etibarnamə verərək belə razılaşmışlar ki, o, burada olmadığı müddət ərzində o, sərnişindaşıma fəaliyyəti ilə məşğul olmağa davam edərək ona pul ödəyəcəkdi. Bu şəkildə razılaşmadan sonra o, mübahisələndirilən nəqliyyat vasitəsini Cavabdeh2 verərək xarici ölkəyə getmişdir. Onun burada olmadığından istifadə edən Cavabdeh2 X1 yaşadığı ünvana, yəni Bərdə rayonu, Yenidaşkənd kəndinə gedərək guya avtomaşını aldığını, ona verilmiş etibarnaməni həyat yoldaşı şalvarının cibində yuduğunu bildirərək ona baş etibarnamə verməsini İddiaçı1 xahiş etmiş, sonuncu da inanaraq Cavabdeh2 baş etibarnamə vermişdir. Bundan sonra Cavabdeh2 nəqliyyat vasitəsini Cavabdeh1 satmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi cavabdehlər arasında mübahisələndirilən nəqliyyat vasitəsinin alqı-satqısının iddiaçıların iradəsindən kənar bağlandığını müəyyən etsə də, buna hüquqi qiymət verməmişdir. Bu faktın aydınlaşdırılması üçün cavabdehin məhkəmə prosesində iştirakının təmin olunmaması, obyektiv, ədalətli və qanuni məhkəmə qətnaməsinin çıxarılmamasına səbəb olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı2 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi iddia tələbində göstərilən əqdin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar məhkəmə araşdırması zamanı mötəbər və təkzib olunmaz sübutlarla öz təsdiqini tapmaması ilə əsaslandırmış, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə iddiaçılar tərəfindən mübahisələndirilmişdir. İşdən görünür ki, İddiaçı1 ilə Cavabdeh1 arasında ** CH *** dövlət nömrə nişanlı, Ford Transit markalı mikroavtobus nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsi bağlanılmışdır. Baxılan iş üzrə iddia tələbi alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və əmlakın onlara qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 339.2-ci maddəsi təşkil edir. əqdin etibarsızlığının əsası kimi də Cavabdeh2 tərəfindən aldadılaraq mübahisə predmeti olan nəqliyyat vasitəsinə dair etibarnamə verildiyinə istinad etmişlər. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Mülki Məcəllənin 339.2. maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır (Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2. maddələri). Lakin hazırki işdə əqdin etibarsızlığına əsas olan hallar, yəni mübahisələndirilən əqdin bağlanması zamanı mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərin pozulması halları mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini bu hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddia tələbinin əmlakın geri qaytarılması hissəsində də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı tələb ilkin tələbin nəticəsindən asılı olduğundan, yəni törəmə tələb olduğundan, bu hissədə də məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2047/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2047/2022
30.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver