Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2056/2023 07.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Ərizəçi Mirzəxan oğlunun, maraqlı şəxs “Azneft” İB “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi X12, maraqlı şəxs Siyəzən Rayon İcra Hakimiyyəti Mənzil İstismarı sahəsinin rəisi Nümayəndə iştirakları ilə, Ərizəçi Mirzəxan oğlunun “mənzilin mərhum X9 məxsus olması faktı”nın müəyyən edilməsinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(059)-334/2023 nömrəli qətnaməsindən Ərizəçi Mirzəxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi “mənzilin mərhum X9 məxsus olması faktı” faktı”nın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 29 saylı evin 5-ci mənzilinin mərhum atası X9 aid olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin və bu birliyin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməsini xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, mərhum atası X1 şəhərinin T.İsmayılov küçəsindəki 29 saylı evin 5-ci mənzilinə ilk köçənlərdən biri olmuşdur. Belə ki, mərhum atası Mirzəxan Dadaşov “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində uzun müddət işləmiş, mənzil növbəsində olmuş, həmin mənzilə də elə o vaxtlar, yəni 1960-cı illərin əvvəllərində köçmüş, habelə ailənin bütün övladları bu mənzildə doğulmuşlar. Ailənin ilk övladı kimi, o da xx xxxxx 1968-ci il tarixdə sözügedən ünvanda doğulmuş, həmçinin bu barədə 09 avqust 2022-ci il tarixdə uzun illər onlarla qonşu olan 3 nəfər şəxsin iştirakı ilə akt tərtib olunmaqla, Siyəzən rayon MİS tərəfindən möhürlənmişdir. Mənzilin texniki pasportunu, qeydiyyat şəhadətnaməsinin alınmasını dəqiq bilmirlər. X3 17 sentyabr 2020-ci il tarixdə, atası X13 isə 11 dekabr 2020- ci il tarixdə ölmüşlər. Sözügedən mənzilə çıxarış alınmasından ötrü həmin ünvana dair mərhum atası X4 adına orderin, qeydiyyat şəhadətnaməsinin, texniki pasportun və s. kimi sənədlərin mövcudluğu barədə ona məlumat verilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Azərbaycan Respublikası X21 filialına rəsmi müraciət etsə də, X21 filialı tərəfindən 22 iyul 2022-ci il tarixli arayışla ona, 1960-1965-ci illərdə X4 adına heç bir sənədin aşkar edilmədiyi bildirilmişdir. Həmçinin, 14 iyul 2022-ci il tarixli, SOCAR**********1121417X0049 saylı məktub ilə ona, mərhum atası X4 “Siyəzənneft” NQÇİ tərəfindən mənzil növbəsində olmasına və sonuncuya Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 29 saylı evin 5-ci mənzilinin verilməsi barədə NQÇİ-də heç bir məlumatın olmadığı bildirilmişdir. Bundan əlavə, o, Siyəzən rayon Dövlət Notariat Ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmiş, habelə notariat ofisində 29 avqust 2022-ci il tarixli, 8V-86 reyestr nömrəli vərəsəlik işi açılmış, mərhum atası X9 məxsus miras əmlaklara qanun üzrə vərəsə kimi tanınmışdır. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə yuxarıda adıçəkilən ünvanda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə cavab olaraq ona, 26 sentyabr 2022ci il tarixli cavab məktubu ilə yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına müvafiq sənədləri təqdim etməklə, müraciət etməli olduğu bildirilmişdir. Siyəzən RİHB-nın 03 noyabr 2022-ci il tarixli cavab məktubu ilə isə ona mənzilə aid order və ya hər hansı hüquqi sənəd aşkarlanmadığına görə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Siyəzən Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(059)-334/2023 nömrəli qətnaməsi ilə Ərizəçi “mənzilin mərhum X9 məxsus olması faktı”na dair ərizəsinin təmin edilməməsi, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Ərizəçi aid edilməsi qət edilmişdir (hakim Vüqar Seyidov). Qətnamədən narazı qalan Ərizəçi apellyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(059)-334/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Ərizəçi qismində maraqlı şəxslər, Siyəzən rayon Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 Saylı Əİ-nin Siyəzən şöbəsi, Siyəzən rayon MİS-nə qarşı Siyəzən Rayon Məhkəməsində “ mənzilin mərhum X9 məxsus olması faktı“na dair qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin iş № 2(059)-334/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun iddiasını təmin etməmişdir. İşin halları və apellyasiya şikayətinin dəlilləri: Siyəzən Rayon Məhkəməsinin qeyd etdiyi fikirlərlə razı deyildir. Belə ki, mərhum atası, X13, ünvan 2 ünvanındakı evə ( keçmiş y/ev 29, mən.5) ilk köçənlərdən biri olub. Belə ki, o Siyəzənneft NQÇİ-də uzun müddət işləyib, mənzil növbəsində olub, həmin evə də elə o vaxtlar, yəni 1960-cı illərin əvvəllərində köçüblər. Onların ailəsinin bütün övladları həmin evdə doğulublar. Ailənin ilk övladı kimi o, da xx.xx.1968-ci ildə həmin ünvanda anadan olmuşdur. Bu barədə xx.xx.2022-ci il tarixdə akt tərtib olunub, 3 nəfər uzun illər onlarla qonşu olan şəxslərin iştirakı ilə akt tərtib olunub və həmin akt Siyəzən rayon MİS tərəfindən möhürlənib. Evin texniki pasportunu, qeydiyyat şəhadətnaməsinin alınmasını dəqiq bilmirlər. Anası, X14, xx.xx.2020-ci ildə, atası, X13 xx.xx.2020-ci ildə vəfat ediblər. Sözügedən ünvandakı evə çıxarış alınmasından ötrü həmin ünvandakı evə mərhum atası X4 adına order, qeydiyyat şəhadətnaməsi, texniki pasport və s. kimi sənədlərin mövcudluğu barədə onlara məlumat verilməsini ARDNŞ-nə və Azərbaycan Respublikası X21 filialına rəsmi müraciət etmişdir. AR X21 filialının 691 saylı, xx.xx.2022-ci il tarixli arayışı ilə onlara bildirmişlər ki, 1960-1965-ci illərdə X4 adına heç bir sənəd aşkar edilmədi. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft Neft və Qazçıxarma İdarəsinin 14 iyul 2022-ci il tarixli SOCAR**********1121417X0049 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə ona bildirilib ki, mərhum atası X9 “Siyəzənneft” NQÇİ tərəfindən mənzil növbəsində olmasına və ünvan 4 ünvanında yerləşən 5 nömrəli mənzilin verilməsi barədə NQÇİ-də heç bir məlumat yoxdur. Bildirmişdir ki, Siyəzən rayon Dövlət Notariat Ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Siyəzən rayon Dövlət Notariat Ofisində xx.xx.2022-ci il tarixli, 8V-86 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Mərhum atası X9 məxsus miras əmlaklara qanun üzrə vərəsə kimi həmçinin AR İN yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Əİ-nə yuxarıda adı çəkilən ünvanda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə cavab olaraq **********62 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildiriblər ki, vətəndaş yaşadığı mənzili(evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına müvafiq sənədləri təqdim etməklə müraciət etməlidir. Siyəzən RİHB-nın 988/6-D- 7-091 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, mənzilə aid order və ya hər ya hər hansı hüquqi sənəd aşkarlanmadığına görə məhkəməyə müraciət etməlidir. Beləliklə buradan tam aydın görünür ki, onun 60 ildən yuxarı bir müddət ərzində atasının həmin mənzildə yaşaması faktı tam sübuta yetirilib və mənzilin ona məxsusluğunun sübut olunması üçün məhkəmə aidiyyəti qurumların nümayəndələrinin iştirakını təmin etməli və lazımi sənədlərin təqdim olunması üçün tapşırıqlar verməli idi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi Mirzəxan oğlu məhkəmə çıxışını kollegiyaya təqdim edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi X18 onlarda həmin mənzilin verilib-verilməməsi haqqında hər hansı məlumatın olmadığını, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlıanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Siyəzən Rayon İcra Hakimiyyəti Mənzil İstismarı sahəsinin rəisi Nümayəndə hal-hazırda mübahisə predmeti olan mənzilin onların balansında olduğunu, ev özəlləşdirilməsi üçün orderin onlarda olmadığını, apellyasiya şikayətinin təmin olunub-olunmamamsını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin və Siyəzən rayon Dövlət Notariat Ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 22 iyun 2022-ci il tarixdə verilmiş 70 saylı nikah haqqında şəhadətnamənin çıxarışının surətindən görünür ki, X13 ilə X15 09 avqust 1965-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə həmin gün 29 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Dadaşova” soyadı verilmişdir. İş materiallarında olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 15 aprel 1968-ci il tarixdə verilmiş, АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X13, X3 olan Ərizəçi xx xxxxx 1968-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Siyəzən şəhərində doğulmuşdur. İş materiallarında olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 13 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 119322 nömrəli və 15 dekabr 2020-ci il tarixli, AZ-İİ seriyalı, 119410 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq X14 17 sentyabr 2020-ci il tarixdə, X13 isə 11 dekabr 2020-ci il tarixdə ölmüşlər. İş materiallarında olan Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 29 saylı evin sakinləri X5, X6, X2 və Ərizəçi tərəfindən 09 avqust 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Ərizəçi mərhum atası X1 şəhərinin T.İsmayılov küçəsindəki 29 saylı evin 5-ci mənzilinə ilk köçənlərdən biri olmuşdur. Belə ki, X8 NQÇİ-də uzun müddət işləmiş, mənzil növbəsində olmuş, həmin mənzilə də elə o vaxtlar, yəni 1960-cı illərin əvvəllərində köçmüş, habelə ailənin bütün övladları bu mənzildə doğulmuşlar. Həmçinin, ailənin ilk övladı kimi Ərizəçi da həmin ünvanda doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası X21 filialı tərəfindən 22 iyul 2022-ci il tarixdə verilmiş 691 nömrəli arayışdan görünür ki, keçmiş Dəvəçi rayon ZDS İcraiyyə Komitəsinin 1960-1965-ci illərə aid sənədlərində X4 Siyəzən rayon NQÇİ-də ev növbəsinə dayanması və ev alması haqqında heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin 14 iyul 2022-ci il tarixli, SOCAR**********1121417X0049 saylı məktubundan görünür ki, mərhum X9 “Siyəzənneft” NQÇİ tərəfindən mənzil növbəsində olmasına və Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 29 saylı evin 5-ci mənzilinin (keçmiş y/ev 29, mən.5) verilməsi barədə NQÇİdə heç bir məlumat yoxdur. Eyni zamanda, “Siyəzənneft” NQÇİ-nin arxivində vətəndaşlara mənzillərin verilməs barədə rəsmi sənədlər saxlanılmır. Bundan əlavə, məktubla Ərizəçi, mərhum atası Mirzəxan Dadaşova adı gedən mənzilin verilməsi barədə sənədin əldə edilməsi üçün Siyəzən və Şabran Rayon Dövlət arxivlərinə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Siyəzən rayon Dövlət Notariat Ofisinin 29 avqust 2022-ci il tarixli, 218 nömrəli məktubundan görünür ki, 11 dekabr 2020-ci il tarixdə ölmüş X9 məxsus miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün vərəsələrinin Siyəzən rayon Dövlət Notariat Ofisinə müraciəti əsasında 29 avqust 2022-ci il tarixdə 8V-86 reyestr nömrəli vərəsəlik işi açılmış, həmçinin miras qoyanın oğlu Ərizəçi vərəsə kimi tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 26 sentyabr 2022-ci il tarixli, **********62 nömrəli məktubundan görünür ki, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 29 saylı evin 5-ci mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmçinin, sözügedən yaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər təqdim edildikdən sonra Ərizəçi müraciətinə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. İş materiallarında olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının aparatının 03 noyabr 2022-ci il tarixli, 988/6-D-7-091 nömrəli məktubundan görünür ki, yaşadığı mənzilə aid order və ya hər hansı hüquqi sənəd aşkarlanmadığına görə Ərizəçi, mənzil üzərində mülkiyyət hüququnun tanınması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Siyəzən Rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin 31 may 2023-cü il tarixli, 374 nömrəli arayışından görünür ki, Ərizəçi yaşadığı Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 29 saylı evin 5-ci mənzili Mənzil İstismar Sahəsinin balansındadır. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Siyəzən MİS-nin rəisinin 22 noyabr 2023-cü il tarixli, 811 saylı arayışından görünür ki, ərizəçinin yaşadığı Siyəzən şəhəri, T.İsmayılov küçəsi, ev 29, mənzil 5 saylı ev mərhum atası X9 verilmiş, uzun illərdən bəri orada yaşamışlar və rəhmətə gedəndən sonra da oğlu Ərizəçi Mirzəxan oğlu həmin ünvanda yaşayır və halhazırki günə kimi Siyəzən rayon Mənzil İstismaq sahəsinə məişət tullantılarının daşınması və məhv edilməsi üçün nəzərdə tutulan vergini vaxtı-vaxtında ödəyir. Birinci instansiya məhkəməsi ərizəni təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, ərizəçi məhkəməyə müraciət edərək hüquqlarının, eləcə də maraqlarının qorunmasını xahiş etsə də, məhkəmədən müəyyən edilməsini xahiş etdiyi hüquqi əhəmiyyəti olan faktın təsdiq olunması üçün əsas olan lazımi sənədləri və ya mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Ərizəçi mərhum atası Mirzəxan Dadaşovun “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində uzun müddət işlədiyini, mənzil növbəsində olduğunu, həmin Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 29 saylı evin 5-ci mənzilinə də elə o vaxtlar, yəni 1960-cı illərin əvvəllərində köçdüyünü bildirsə də, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlar və sənədlərlə sonuncunun “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində ev növbəsinə dayanması və ev alması haqqında heç bir məlumat aşkar edilməmişdir. Bununla da, məhkəmə hesab etmişdir ki, ərizəçinin xahişində göstərdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından hüquqi fakt kimi müəyyən edilə bilməz. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 13-cü bəndinə əsasən məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, ərizəçinin xahişində göstərdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından hüquqi fakt kimi müəyyən edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi Mirzəxan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(059)-334/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2056/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2056/2023
07.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver