Məhkəmə qərarları › İş №2(105)-2058/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2058/2022

30.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2058/2022 30.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə (Açar sözlər: hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mehman Əmirxan oğlu Əmirxanlının katibliyi, Ərizəçi, maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialının nümayəndəsi X3 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(067)-2004/2021 nömrəli qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 10 mart 1975-ci il tarixdə 1956-cı il təvəllüdlü Ərizəçi Allahverdi oğlunun adına açılmış əmək kitabçasının ərizəçiyə – xx xxxxxx 1956-cı il təvəllüdlü Ərizəçi məxsus olması hüquqi əhəmiyyətli faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, 4 ay Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xaçmaz Təmir-Tikinti Sahəsində işləmiş və əmək kitabçası həmin idarədə açılmışdır. Lakin 10 mart 1975-ci il tarixdə açılan əmək kitabçasında atasının adı səhvən “Allahverdi” kimi qeyd edilmişdir. Həmin vaxt bu səhvin hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Hazırda sənədləşmə ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına müraciət etdiyi zaman sənədlərdə olan uyğunsuzluğun aradan qaldırması üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Əmək kitabçasını vermiş keçmiş Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xaçmaz Təmir-Tikinti Sahəsi və həmin idarənin tabe olduğu nazirlik ləğv edilmişdir. İşlədiyi idarə ləğv edildiyindən qeyd olunan hüquqi əhəmiyyətli faktı başqa qaydada təsdiqləmək mümkün olmamışdır. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Maraqlı şəxs tərəfindən ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır.

4. 10 mart 1975-ci ildə Ərizəçi Allahverdi oğlunun adına əmək kitabçası açılmışdır.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialı tərəfindən Ərizəçi ünvanlanmış 16 fevral 2021-ci il tarixli məktuba əsasən sonuncunun təqdim etdiyi sənədlərdə uyğunsuzluq (şəxsiyyət vəsiqəsində olan atasının adı təqdim edilmiş əmək kitabçasında qeyd olunan atasının adı ilə) aşkar edildiyinə görə ona yaşa görə əmək pensiyasının təyin etməkdən imtina verilmişdir.

6. Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(067)-2004/2021 nömrəli qətnaməsi ilə (hakim İlkin Xəlilov) ərizə təmin edilib, 10 mart 1975-ci il tarixdə 1956-cı il təvəllüdlü Ərizəçi Allahverdi oğlunun adına açılmış əmək kitabçasının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 307.2.5, 307.2.11, 308-ci maddələrinə istinad edərək və iş üzrə dindirilmiş şahidlər X4 və X1 ifadələri ilə əsaslandırmışdır.

8. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialı qətnamədən apellyasiya şikayəti vermişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(105)-299/2022 nömrəli qətnaməsi ilə maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilib, Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(067)- 2004/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi rədd edilmişdir.

10. Ərizəçi qətnamədən kassasiya şikayəti vermişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli, 2(102)-3735/2022 nömrəli qərarı ilə Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(105)-299/2022 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

12. Maraqlı şəxs apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(067)-2004/2021 nömrəli qətnaməsinin ləğv edilib, əriənin təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri:

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən MPM-nin 307.2.5-ci maddəsinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Ərizəçi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.

16. Ərizəçi apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

17. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Prosesual Məcəllə

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

20. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.

27. Maddə 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.

28. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

29. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, ərizəçi məhkəməyə müraciət edərkən əmək fəaliyyətini Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xaçmaz Təmir-Tikinti Sahəsində başlamasını, həmin İdarə tərəfindən onun adına əmək kitabçasının açılmasını, əmək kitabçasında atasının adının səhv qeyd olunmasını və həmin səhvi başqa qaydada düzəldə bilməməsini əsas gətirməklə, həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir.

33. Hazırda Azərbaycan Respublikası icra orqanlarının arasında “Mənzil Kommunal Təsərrüfatı Nazirliyi” adlı Nazirliyinin mövcud olmaması və onun tabeliyində hər hansı idarənin fəaliyyət göstərməməsi hamıya bəllidir və Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə uyğun olaraq həmin halın sübut edilməsinə ehtiyac yoxdur.

34. Ərizəçinin adına iddia olunan əmək kitabçasını tərtib edən təşkilat mövcud olmadığı isə, orada yol verilmiş səhvin məhkəmədən kənar başqa qaydada düzəldilməsinin mümkün olmaması da aşkardır.

35. Belə olan halda ərizəçidən əmək kitabçasını verən təşkilatın mövcud olmaması barədə sübutun təqdim edilməsini tələb etməklə, onun pensiya təminatı almaq və məhkəməyə müraciət etmək hüquqlarını pozmuş olar.

36. Milli Arxiv İdarəsinin Xaçmaz Rayon İcra Hakimiyyətinin Xaçmaz rayon Dövlət Arxivinin 04 noyabr 2022-ci il tarixli, 845 nömrəli və 15 noyabr 2022-ci il tarixli, 872 nömrəli arxiv arayışlarından görünür ki, “Xaçmaz Təmir-tikinti sahəsi” müəssisəsinin əmr kitabları və əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyi üçün vətəndaş Ərizəçi əmək fəaliyyəti barədə məlumat verilməsi mümkün olmamışdır.

37. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.

38. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.

39. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

40. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.

41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

42. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

43. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

44. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq sübutları Mülki Prosessual Məcəllənin tələblərinə əsasən düzgün qiymətləndirmişdir.

45. Apellyasiya şikayətlərinin dəlillərinə birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilib.

46. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır.

47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(067)-2004/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar