Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2062/2022 27.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi və əmlakın qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(012)-4181/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(012)-4181/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim E.Məmmədov) Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(012)-4181/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiasının təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi və əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 1772 manat məbləğində maddi ziyanın və cavabdehin oğurladığı xarici istehsalı olan qol saatının ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin iyul ayında Şamaxı rayonunda qaynıgildə qonaq olduğu müddətdə məhkəmənin arxasındakı kafedə Misirxan adlı şəxslə tanış olmuşdur. Misirxan onun tez-tez Göyçaya getdiyini bilərək, onun maşınını Misirxanın yaşadığı evin həyətində saxlamağı təklif etmişdir. O, Misirxanın bu təklifi ilə razılaşmış və bir neçə dəfə Misirxandan maşınını götürüb Göyçay rayonuna getmişdir. xx.xx.2017-ci il tarixdə kafenin sahibindən Misirxanın onun maşınıyla içkili vəziyyətdə yol polisi tərəfindən məhkəməyə verildiyini və 6 gün həbsə məhkum edildiyini bilmişdir. Bu zaman Misirxan maşınını xarici istehsallı, özüqurulan bahalı qol saatı ilə (Bakıda bu saata 700 manat təklif edilmişdir) birgə tanışı Cavabdeh təhvil vermişdir. Cavabdeh onu maşınıyla Göyçaya aparmaq üçün etibarnamənin vacib olduğunu bildirərək, 2017-ci ilin 28 sentyabr tarixində bir illik etibarnamə almışdır. Daha sonra Cavabdeh da maşının özündə qalmasını və hər ay 30- 40 manat məbləğində pulu ona göndərəcəyini bildirmişdir. O, Cavabdeh pula ehtiyac olmadığını bildirmiş, yalnız maşınını işlək vəziyyətdə saxlamasını xahiş etmişdir. Cavabdeh isə maşınını işlək vəziyyətdə saxlayacığına söz vermişdir. 2018-ci il 15 yanvar tarixdə 3-cü dəfə Cavabdeh onun hesabına maşını ilə onu Göyçaya aparmışdır. Hər dəfə gələndə maşınının bir hissəsinin əzildiyini görmüşdür. Cavabdeh maşının əzilmiş hissəsini təmir etdirəcəyini bildirərək, onu arxayın etmişdir. Lakin 2018-ci il 26 sentyabr tarixinə kimi (bu vaxt Cavabdeh maşını Sabir kəndindən aİıb Bakıya gətirmişdir) maşının sol küncündəki qapıdakı, sağ qanadındakı əziklər düzəldilməmiş, üstəlik sürət qutusu da sıradan çıxmış, 4 və 5-ci sürətlər tutmamışdır. Hətta 2017-ci ilin iyun ayında yeni aldığı akkumulyator 2 yeni təkər, reduktor, startyor, yük yerinin dəri döşəməsi də dəyişdirilmişdir. Cavabdeh maşınından qeyd etdiyi qol saatını gizli yolla oğurlayaraq, polisə 5-6 manatliq qol saat təqdim etmişdir. 2018-ci ilin aprel ayının əvvəlindən "Paşa Sığorta"dan Cavabdeh aprelin 16-da maşının sığortasının müddətinin bitdiyi və xx.xx.2018-ci il tarixə qədər texniki baxışdan keçirilməsi bildirilmişdir. O, maşını "V.Teymuroğlu-2” MMC-də baxışdan keçirərkən məlum olmuşdur ki, reduktor və startyor hökmən yenisi ilə əvəz olunmalıdır. O da 170 manata reduktor, 110 manata startyor, 75 manata yeni akkumulyator, iyun ayında isə 70 manata almış, 20 manata yeniləmiş, sürət qutusunu da təmir etmişdir. Qeyd etdiklərindən başqa 2 cərimə 36+96=132 manat, yük yerində olan 120 manatlıq maşına gərək olan yeni ehtiyyat hissələri- 2 cür nasos, domkrat, apteçka, qəza göstərən cihaz, açarlar, texniki baxışdan keçirilmədiyinə görə verdiyi 50 manat cərimə, ayaqaltı rezinlər 65 manat, oturacağın arxa hissəsinin çuxolları, 2 təkər 110 manat ona zərər dəymişdir. Ümumilikdə cavabdeh tərəfindən ona 1772 manat ziyan vurulmuşdur. Göstərilənlər əsasında iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətində qeyd edir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Məhkəmə işin faktiki hallarına, iddianın mahiyyətinə, təqdim edilən sübutlara, onun izahatına düzgün hüquqi qiymət verə bilməmişdir. Belə ki, məhkəmə iddianın rədd olunmasına əsas kimi iddia tələbində qeyd olunanların onun tərəfindən sübuta yetirilməməsinə istinad edir. Bildirir ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusu törətməsi barədə məhkəməyə kifayət qədər sübutlar təqdim etməsinə baxmayaraq məhkəmə həmin sübutlara heç bir əhəmiyyət vermədən əsassız olaraq iddianı rədd etmişdir. Göstərilən xüsusatlar apellyasiya kollegiyası tərəfindən yenidən araşdırılmalı, qətnamə ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni və qanuni qətnamə qəbul edilməlidir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına təkrar gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin tələb və etirazları aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Şamaxı Rayon Notariat Kontorunun xüsusi notariusu X1 tərəfindən təstiq edilmiş, xx.xx.2017-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh “VAZ 2107” markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi səlahiyyətini vermişdir. Yenə iş materiallarında olan "xxxx"-2 MMC-nin xx.xx.2018-ci il tarixli qüsur aktından görünür ki, İddiaçı məxsus “Jiquli-07” markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobilə xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı avtomobilin reduktorunun, sürət qutusunun və statyorun yararsız vəziyyətdə olması aşkar olunmuş, təmir zamanı görülən işlərin ümumi məbləği isə 90 manat təşkil etmişdir. Yenə də iş materiallarında olan Şamaxı Rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Ərvin Cəfərovun 26 avqust 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh barədə etdiyi şikayət ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olmaqla məhkəmə səlahiyyətinə aid olduğuna görə, toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(012)- 4181/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşan apellyasiya kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşdən göründüyü kimi iddiaçı ona məxsus nəqliyyat vasitəsinin cavabdeh tərəfindən mütəmadi idarə edilərək işlək vəziyyətdə saxlanılması və iddiaçının ayda bir neçə dəfə müxtəlif rayonlara aparılmasını təmin etməyi barədə aralarında şifahi razılşamanın mövcudluğunu və daha sonra məhz yuxarıda qeyd olunan formada cavabdeh tərəfindən nəqliyyat vasitəsinə müxtəlif formada ziyan vurulduğunu iddia edir. Lakin iddiaçı iddiasının hüquqi əsasını təşkil edən halları təstiq edəcək hər hansı mötəbər sübuta istinad etməmiş, məhkəməyə belə bir sübut növü təqdim etməmişdir. Belə ki, iddiaçının da qeyd etdiyi kimi tərəflər arasında qeyd olunan razılaşmaya hər hansı hüquq və vəzifələr yaradan yazılı müqavilə olmadığı kimi, avtomobilin ehtiyat hissələrinin sıradan çıxmasında, dəyişdirilməsində cavabdehin təqsirli olmasına, habelə iddia tələbində qeyd olunan 700 manat dəyərində qol saatının sonuncuya təhvil verilməsi və ya iddiaçıya qaytarılmaması barədə iş materiallarında hər hansı sübut yoxdur. Sadalanan maddi hüquq normalarını hazırkı işə tətbiq edən kollegiya qeyd edir ki, qeyd olunan öhdəlik münasibətini sübut edəcək hər hansı mötəbər sübut iş materiallarında mövcud olmadığından hazırkı halda iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdikləri dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(012)- 4181/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə qətidir, dərhal qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2062/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2062/2022
27.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver