Məhkəmə qərarları › İş №2(105)-207/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-207/2024

25.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-207/2024 25.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(012)-2152/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı xidmətlərindən istifadəyə görə yaranmış 543,55 manat borcun (abonent kodu: **********006) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu **********006) su təchizatı sistemindən su buraxılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 543,55 (beş yüz qırx üç manat 55 qəpik) manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı xidmətlərinin dəyəri ünvan 1 ünvanında, ona məxsus evdə xx.xx.2018-ci il tarixdə quraşdırılmış CSS-20 tipli, 18002440 nömrəli, M446502 plomblu su sayğacının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Abşeron Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(012)-2152/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 543,55 manat borcun (abonent kodu: **********006) və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(012)-2152/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ona qarşı borcun ödənilməsinə dair iddiası tam əsassızdır. Məhkəmə onun iştirakı olmadan iş üzrə icraata başlayıb, ona heç bir vasitə ilə məhkəmə prosesi haqqında məlumat verilməyib, iddiaçı tərəfin təqdim etdiyi sübutların ona aidiyyatı olub-olmamasını yoxlamadan, qətnamədə qeyd olunan sayğac nömrəsinin həyətində quraşdırılan sayğacla uyğun olmamasını, zərurətlə əlaqədar həyətinə baxış keçirmədən səhv nəticəyə gəlmişdir. İlk öncə bildirmişdir ki, iddiaçının tələb etdiyi çirkab suların axıdılmasına görə o, ödəniş etməməlidir, ona görə ki, onun həyətinə və evinə İddiaçı ASC dəfələrnən etdiyi müraciətlərə baxmayaraq kanalizasiya xəttləri çəkilməyib. Bunun əvəzi kimi o və bir çox qonşuları əlacsızlıqdan həyətlərində quyu qazdırıb ora çirkab suları axıdırlar. İkincisi iddiaçı tərəf heç bir əsas olmadan ondan 543 manat 55 qəpik tələb edir. Onun su təchizatı ilə onlara borcu yoxdur. Əlində olan bütün qəbzləri məhkəməyə təqdim edə bilər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli abonent kartından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanı üzrə 4 nəfər ailə üzvü əsas götürülməklə mənzilə su təchizatı xidmətlərinə görə 543,55 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Azərsu” ASC-nin arayışından görünür ki, borc 2018-ci ildən 2023-cü ilədək 543,55 manat müəyyən edilmişdir. Belə ki, işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 543,55 (beş yüz qırx üç manat 55 qəpik) manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı xidmətlərinin dəyəri ünvan 1 ünvanında, ona məxsus evdə xx.xx.2018-ci il tarixdə quraşdırılmış CSS-20 tipli, 18002440 nömrəli, M446502 plomblu su sayğacının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 543,55 manat borcun (abonent kodu: **********006) və 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsini qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, Cavabdeh İddiaçı ASC tərəfindən su təchizatı sistemindən su buraxılması xidmətləri göstərilir və abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ailə tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilir. Lakin cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cəmiyyət tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına bildiriş, eləcə də sonuncu dəfə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsnin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Su təchizatı və tullantı suları haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin Qanununun 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,3 manat müəyyən edilməklə, miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4”nın 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. Cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələrdən ibarət olmuşdur. O, apellyasiya şikayətində su təchizatı ilə onlara borcunun olmadığını, əlində olan bütün qəbzləri məhkəməyə təqdim edə bilər qeyd etsə də, buna dair hər hansı bir tutarlı və mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş abonent kartına əsasən müəyyən olunur ki, hazırkı borc tələbi yalnız su təchizatı üzrə hesablanmış, çirkab sularının axıdılmasına görə isə hər hansı borc hesablanmamışdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(012)-2152/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar