Məhkəmə qərarları › İş №2(105)-2072/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2072/2023

16.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2072/2023 16.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış pul məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(029)-462/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış pul məbləğinin silinməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X4 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş 17 yanvar 2022ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli qərarın etibarsız hesab edilməsinə və əsassız hesablanmış 984.96 (doqquz yüz səksən dörd manat doxsan alt qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinə dəqiqləşmə verilməsi barədə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, hazırda Cavabdeh Xaçmaz X4 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən qanunsuz olaraq təıtib olunmuş 17 yanvar 2022-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli qərarın etibarsız hesab edilməsini tələb etmir, əsassız hesablanmış 984.96 (doqquz yüz səksən dörd manat doxsan alt qəpik) manat borcun silinməsini isə tələb edir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Qusar rayonun Çiləgir kəndində yerləşən özünə məxsus olan fərdi yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, Cavabdeh İB-nin X5 İstismar İdarəsinin Qusar XS ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Digər abonentlər kimi o da hər ay istifadə etdiyi qaz sərfiyyatına uyğun mütəmadi olaraq qaz borcu ödəmişdir. 15 yanvar 2022-ci il tarixdə axşam saatlarında evinə quraşdırılmış qaz sayğacın işləməməsi, sayğacdan keçən qaz sərfinin qeydə alınmaması və evdə qazın olmaması ilə bağlı Qusar XS-nin Qəza dispetçer xidmətinə telefonla zəng edərək məlumat vermişdir. O, onlara evndə odun tədarükün olmaması, havaların soyuq keçməsi, evində azyaşlı uşaqların olması və bu səbəbdən səhərəcən qazsız dayana bilmədiyini bildirmişdir. Qəza dispetçer xidmətinin işçiləri ona bildirmişlər ki, hazırda idarədə sayğac yoxdur, “səhərəcən şlanq qoşub qazdan istifadə edərsiz və səhər iş vaxtı sayğacı dəyişərik”. Həmin gün 15-16 yanvar 2022-ci il tarixdə gecə reyd zamanı X5 İstismar İdarəsinin Qusar XS-nin əməkdaşları Qusar rayonu Çiləgir kəndində yerləşən yaşayış evinə gəlib ona qarşı 17 yanvar 2022-ci il tarixli, ******* №-li akt tərtib edilmiş və həmin akta əsasən istifadəsində olan qaz cihazların sayına görə ona itirilmiş qazın həcmi 8208 m3 və yaxud 984.96 (doqquz yüz səksən dörd manat doqsan altı qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. O, onlara sayğacın işləməməsi ilə bağlı İdarəyə məlumat verdiyini və onların icazəsi ilə qazdan isdifadə etdiyini bildirsə də, onlar buna məhəl qoymadan ona qarşı akt tərtib etmişlər. Ona əsassız hesablanmış 984.96 manat məbləğində dəymiş ziyanla qətiyyən razı deyil və bununla əlaqədar olaraq mübahisəni məhkəmə qaydasında həll etmək istəyir. Aşağıda göstərəcəyi hallara görə "Azəriqaz “ İB-nin X5 İstismar İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 17 yanvar 2022-ci il tarixli, ******* №-li “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli qərarın etibarsız hesab edilməsinə və əsassız hesablanmış 984.96 (doqquz yüz səksən dörd manat doqsan altı qəpik) manat borc silinməlidir. Qaz sayğacının işləməməsi, sayğacdan keçən qazın qeydə alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə Qusar XS-nin Qəza dispetçer xidmətinə və əraziyə xidmət göstərən nəzarətçi çilingərə məlumat vermişdir. Havaların soyuq keçməsi, odun tədarükün olmaması və evində azyaşlı uşaqların olması ilə əlaqədar məsul şəxslərə məlumat vermiş və onların icrası ilə şlanq qoşub səhərəcən işlətmişdir. Hansı əsaslarla ona itirilmiş qazın həcmi 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üzrə hesabat aparmış və 8208 kub/metr müəyyən edilmiş və yaxud 984.96 (doqquz yüz səksən dörd manat doqsan altı qəpik) hesablanmışdır. Baxmayaraq ki, cəmi 12 saat ərzində Qaz idarəsinin razılığı ilə təbii qazdan istifadə etmişdir. Qusar Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(029)-462/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İB-nin X5 İstismar İdarəsinin 31 yanvar 2022-ci il tarixli qərarı əsasında İddiaçı hesablanmış 984.96 (doqquz yüz səksən dörd manat doxsan altı qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir( hakim Əli Cəlilov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(029)-462/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Qusar XS-nin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, İddiaçı özü də rezin boru vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyini iddia ərizəsində etiraf etmişdir. Lakin sayğacının qaz buraxmamasını bəhanə edərək məsuliyyətdən yayınmağa çalışmış, amma həmin sayğacın laboratoriyada yararlı olduğu müəyyən edilmişdir. Qaz paylayıcı şəbəkəyə (qaz xəttinə) qeyri-qanuni qoşulma, qaz sayğacına müdaxilə və ya digər qanunsuz istehlak hallarında paylayıcıya dəyən zərər SOCAR-ın Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalari”na uyğun olaraq hesablanacaqdır. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Qusar XS-nin işçiləri həmin Qaydalara uyğun abonentin qaz işlədici cihazlarında istehlak olunan qazın son üç ay üçün hesabatını apararaq abonentin hesabına sayğaca müdaxiləyə görə itirilmiş qazın dəyəri hesablanaraq abonent koduna işlənilmişdir. Qaydalarda ziyan vurma müddəti sonuncu texniki baxışdan sonrakı dövr üçün və ya iddia müddəti dövründə nəzərdə tutulmuşdur. Hazırki qanunvericilikdə texniki baxışın hər üç ayda bir dəfə keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal sayğacdan kənar xətlə qazdan istifadə etməsinin səbəbi onun sayğacının qaz buraxmaması barədə 104 xidmətinə məlumat verməsidir. İş materialları ilə sübut olunur ki, İddiaçı qanunsuz qazdan istifadə etməsi halı aşkar olunduqdan sonrakı gün o, 104 xidmətinə məlumat vermişdir. Bildirilmişdir ki, iş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Cavabdehin sübutlar təqdim etməyi üçün imkanı olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, Cavabdeh İB-nin X5 İstismar İdarəsinin 31 yanvar 2022-ci il tarixli qərarı əsasında İddiaçı hesablanmış 984.96 (doqquz yüz səksən dörd manat doxsan alt qəpik) manat məbləğində borcdan 656.64 (altı yüz əlli manat altmış dörd qəpik) manat borc hissəsi əsassız hesab edildiyindən silinməlidir. İş materiallarında olan Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 17 yanvar 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına abonent tərəfindən rezin boru birləşməsi vasitəsilə sayğacdan-kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunduğu qeyd edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İş materiallarında olan Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş 31 yanvar 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 17 yanvar 2022-ci il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 0.8 x 24 x 90=1728 kub/metr 3.0 x24 x90= 6480 kub metr cəmi: 8208 kub/metrqaz sərfiyyatı hesablanmışdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh əməkdaşları tərəfindən istehlakçı İddiaçı ünvan 1ində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********02410) baxış keçirilən zaman smart kart tipli qaz sayğacından rezin boru vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi müəyyən edilmiş və bu barədə Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmiş və akta əsasən dəyəri ödənilmədən qazın həcmi 8208 m3 və yaxud 984.96 (doqquz yüz səksən dörd manat doqsan altı qəpik) manat məbləğində borc hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh əməkdaşları tərəfindən istehlakçı İddiaçı ünvan 1ində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edildiyindən 2022-ci il üçün akt üzrə 984,96 manat məbləğində borc hesablanmış, abonentin saldosundan da göründüyü kimi abonentin 2022-ci ilin yanvar ayına cəmi 68.80 manat borcu olmuşdur. Belə ki, akt üzrə hesablanmış borc məbləği 1 ay üçün 328,32 manat (984,96 manat:3 ay=328,32 manat) olmaqla, abonentin borc məbləği 984,96 manat (328,32 manat x 3 ay = 984,96 manat) təşkil edir. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, istehlakçı İddiaçı Qusar rayonun Çiləgir kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********02410) təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 984,96 manat məbləğdən (984,96 manat – 328,32 manat = 656,64 manat) 656,64 manat məbləğində borc əsassız hesablandığından silinməlidir. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın 3.1.5-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi qaz paylayıcısı ən azı bir ay ərzində cavabdehin sayğacdan kənar xəttə qoşulduğunu müəyyən etməli idi. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı sayğacdan kənar qaz xəttinə qoşulmasını onun adına olan qaz sayğacının işləməməsi ilə əsaslandırmışdır. Lakin ona məxsus qaz sayğacının işləməməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı adına olan qaz sayğacına (abonent kodu: **********02410) dair hesablanmış borc məbləğindən 656,64 manat silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(029)-462/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB-nin X5 İstismar İdarəsinin 31 yanvar 2022-ci il tarixli qərarı əsasında İddiaçı hesablanmış 984.96 (doqquz yüz səksən dörd manat doxsan alt qəpik) manat məbləğində borcdan 656.64 (altı yüz əlli altı manat altmış dörd qəpik) manat borc hissəsi əsassız hesab edildiyindən silinsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar