Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2076/2023 27.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3326/2023 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Abonent kartından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 su ilə təhciz edilmişdir.
2. Sayğaca əsasən mənzilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 929,62 manat məbləğində borc hesablanmışdır.
3. İddiaçı ASC-nin arayışından görünür ki, 4 nəfər ailə üzvünə görə borc 2014-cü ildən 2023-cü ilədək 929,62 manat müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdən verilən xx.xx.2023-cü il tarixli, 352,353,354 saylı arayışdan görünür ki, X2 Müşfiq adına 18 nömrəli tam orta məktəbin Vİ sinfində, X1 Müşfiq adına 18 nömrəli tam orta məktəbin Vİİİ sinfində, X4 isə Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin Xİ sinfində təhsil alırlar
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 929,62 manat borcun və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu:**********651) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2023-cü il tarixinə 929,62 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ailə tərkibinə və torpaq sahəsinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cəmiyyət tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Sumqayıt şəhər İH başçısının Corat qəsəbə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 450 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında 2 (iki) nəfər qeydiyyatdadır.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3326/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 247,61 manat borcun və 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov).
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında ( abonent kodu: **********651) xx.xx.2014-cü il tarixdə abonent Asim Alyasovun adına kod açılaraq 4 nəfər ailə tərkibinə uyğun normativ qaydada hesabat aparılmışdır. Cavabdehə su təczihatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2023-cü il tarixinə 929,62 manat borcu qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, abonent Asim Alyasovun adına kod açılaraq 4 nəfər ailə tərkibinə uyğun normativ qaydada hesabat aparılsa da, qeyd edilən mənzildə 2014-2021-ci illərdə 2 nəfər, 2022 və 2023-cü ildə isə ümumiyyətlə yaşayış olmamışdır. Buna görə də İddiaçı ASC tərəfindən su təczihatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərinə görə borc məbləği düzgün hesablanmamışdır. İddiaçının tələb etdiyi 929,62 manatdan 2022 və 2023-cü illər üçün hesablanmaış müvafiq olaraq 327 manat və 107 manat borc çıxıldıqda, borc qalığı 495,22 manat təşkil edir. Nəzərə alsaq ki, 2014-cü ildən 2021-ci il daxil olmaqla ünvanda iki nəfər yaşayıb, lakin iddiaçı 4 nəfər üçün hesabat aparıb, belə olan halda həmin dövr üçün olan borc 247,61 manat təşkil edir. (495,22 : 2 = 247,61)
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 448.2, 527.1, 527.2, 550, 551.2.1, 552-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 5.2,5.3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X7”nın 4.1.3-cü bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı ASC apellyasiya şikayəti verib, Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3326/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə cavabdehə məxsus ünvan 1 ünvanına hesablanmış borcun 4 nəfər ailə tərkibi nəzərə alınmaqla hesablandığından, lakin cavabdehə məxsus ünvanda 2014-cü il tarixdən 2021-ci il tarixədək 2 nəfər yaşadığından 247,61 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məqbul hesab etmişdir. Hesab edirik ki, məhkəmə iş üzrə düzgün qətnamə qəbul etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. “X7”nın 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərinsayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə(fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində S TKM-ə təqdim etməlidir. S TKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İş materialarından göründüyü kimi ünvanda xx.xx.2014-cü il tarixdən Cavabdeh adına bağlanmış müqavilə ilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə olunmuşdur. Ünvanda kod açılan tarixdən 4 nəfər ailə tərkibinə və 2 sot torpaq sahəsinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. Cavabdeh tərəfindən illər üzrə ünvanda 2 nəfər yaşaması barədə ailə tərkibi haqqında arayışın iddiaçıya təqdim olunmamasını nəzərə almayaraq hesablanmış borcu əsassız hesab etmiş və iddianı qismən təmin etmişdir.
12. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri, sübut qismində məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur.
13. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə yaranmış borcun 4 nəfər ailə tərkibinə uyğun olaraq aparılmasını cavabdeh tərəfindən illər üzrə 2 nəfər ailə tərkibinə uyğun arayışın təqdim olunmadığından xidmətlərdən istifadə nəticəsində yaranmış olduğunu araşdırmalı idi.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 61 (bənd 1). Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hərhansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “X7” haqqında Qərarının
18. 1.6-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir.
19. 2.1.4-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir.
20. 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.birinci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Apellyasiya şikayətindən görünür ki, İddiaçı ASC Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3326/2023 nömrəli qətnaməsinin ləğvini xahiş etsə də qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir.
32. Hazırkı halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini normativ qaydada hesablama yolu ilə (evdə yaşayan nəfər sayı hesabı ilə) müəyyən edilmiş, nəticədə, Cavabdeh İddiaçı ASC-yə su təchizatı və kanalizasiya xidmətlərinə görə 929,62 manat borc məbləği yaranmışdır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
36. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
37. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
38. Qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
39. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsi nəticəsində İddiaçı ASC-yə 682,01 manat borcunun (iddianın təmin edilməyən hissə 929,62-247,61=682,01) yaranmasının əsassızlığı öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iddia tələbininin həmin hissədə təmin etməməklə düzgün nəticə gəlmişdir.
40. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3326/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.