Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2084/2021 17.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-300/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsindən ərizəçilər tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Qusar Rayon Məhkəməsinin 2(029)-300/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə hüquqi faktın müəyyən edilməsi barədə Ərizəçi1 və Ərizəçi2 ərizəsi təmin edilməmişdir. (hakim A.Vəliyev) Qətnamədən ərizəçilər apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 2(029)-300/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Maraqlı şəxs2, Maraqlı şəxs1, X3, X4 adlarına verilmiş JN 115A saylı, 30121028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara-yəni Maraqlı şəxs2, Maraqlı şəxs1, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 5/2 saylı qərarına əsasən Maraqlı şəxs2, Maraqlı şəxs1, Ərizəçi2 və Ərizəçi1 Qusar rayonunun Çiləgir kəndi ərazisindən 0,15 ha fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüququ AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN 115A saylı, 30121028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilmişdir. Həmin şəhadətnamədə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 soyadı səhvən “Atakişiyev “ kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən sənədlərdə onların soyadı ”Xeyirbəyov” kimi qeyd edilmişdir. X26 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN 115A saylı, 30121028 kodlu torpağın mülkiyyətə verilməsinəı dair şəhadətnamədə ərizəçilərin soyadları, adları və ata adları şəxsiyyətlərin təsdiq edən sənədə uyğun qeyd edilməlidir. Bu yaxınlarda onlar həmin dövlət aktında olan torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. X27 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş şəhadətnamədə onların soyadları səhvən “Atakişiyev “ kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi lazım olan sənədləri verməkdən imtina etmişdir. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R Ərizəçilər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi ərizə üzrə nəticəyə gəldikdə səhvə yol vermişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, Qusar rayon X13 qərarı və mülkiyyət hüququ haqqında şəhadətnamə hal-hazıra qədər mübahisələndirilməmiş və dəyişdirilməmişdir, hazrkı vaxtadək qüvvədədir. Halbuki, hər hansı bir hüquqi əhəmiyyət kəsb edən hal yaranmadığı üçün həmin sənədlərin mübahisələndirilməsi zəruri olmamışdır. Daha sonra, məhkəmə qeyd etmişdir ki, ərizəçilərin şəhadətnamədə göstərilən şəxslərlə eyni şəxs olması barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Qeyd edilməlidir ki, məhkəməyə ərizəçilərin doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələri təqdim edilmişdir. Həmin sənədlərdən də müəyyən olunur ki, ərizəçilərin soyadları məhz Xeyirbəyov olmuş, Komissiyanın qərarına yalnışlıqla (atalarının soyadı Atakişiyev olduğu üçün ) Atakişiyev qeyd olunmuşdur. Bundan əlavə, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələbinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilirdi. Göründüyü kimi, pay torpaqları yalnız ailə üzvlərinə verilə bilərdi, belə olan halda, Maraqlı şəxs2 və Maraqlı şəxs1 Farid və Ərşad adlı başqa övladları olmadığı üçün ərizəçilərin məhz sənəddə adları göstərilən şəxs olduqları təsdiq olunur. Beləliklə də məhkəmə hazırkı iş üzrə qətnamə qəbul edərkən AR MPM-nin 9, 77 və 217-ci maddələrinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, ərizə isə təmin olunmalıdır. Apellyasiya baxışı zamanı ərizəçilər Ərizəçi1 və Ərizəçi2 vəkili və nümayəndəsi Vəkil iştirak etdiyi məhkəmə iclasında şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs2 da məhkəmə kollegiyasının iclasında şikayətin əsaslı olduğunu bildirərək qətnamənin ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etdi. Əlavə etdi ki, ərizəçilər onun oğullarıdır. Onun anası atasından ayrıldığı üçün soyadı anasının soyadı ilə Atakişiyev yazılmışdır. Əslində onun ata soyadı Xeyirbəyovdur. Ona görə uşaqlarına doğum şəhadətnaməsi alarkən soyadlarını ata soyadı ilə Xeyirbəyov yazdırmışdır. İslahat vaxtı torpağa mülkiyyət hüququ haqında şəhadətnamə alarkən Ərşadın 10 yaşı, Faridin 7 yaşı olmuşdur. Ona görə də islahat komissiyası uşaqların soyadını onun soyadı ilə yazmışdır. Apellyasiya baxışı zamanı digər maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndəsini məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan JN 115A saylı, 30121028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 5/2 nömrəli qərarı ilə Qusar rayonunun Çiləgir kəndində yerləşən 0,15 ha torpaq sahəsi Maraqlı şəxs2, Maraqlı şəxs1, X3 və X4 xüsusi mülkiyyətlərinə verilmişdir. Yenə iş materiallarında olan Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 fevral 2021-ci il tarixli, 187 saylı arayışdan görünür ki, Qusar rayonu, Çiləgir kənd sakinləri Ərizəçi2 və Ərizəçi1 adları JN-115A nömrəli şəhadətnamədə səhvən X5 və X2 yazılmışdır. Əslində soyadlar Xeyirbəyov yazılmalıdır. Yenə də iş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxxx 1988-ci il tarixdə Qusar rayonunun Çiləgir kəndində anadan olmuş, hal-hazırda həmin kənddə qeydiyyatda olan Ərizəçi1 məxsusdur. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1991-ci il tarixdə Qusar rayonunun Çiləgir kəndində anadan olmuş, hal-hazırda həmin kənddə qeydiyyatda olan Ərizəçi2 məxsusdur. Yenə işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 20.10.2020-ci il tarixli, **********45 saylı məktubdan görünür ki, AR DT və XK tərəfindən verilmiş JN-115A saylı, 30121028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin İdarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi1 tövsiyə edilmişdir. İşə əlavə edilmiş Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 sentyabr 2021-ci il tarixli, 611 saylı arayışdan görünür ki, Maraqlı şəxs2 Qusar rayonu, Çiləgir kəndində yaşayır və onun aşağıdakı tərkibdə ailə üzvləri vardır: Maraqlı şəxs1, Ərizəçi2 və Ərizəçi1. Yenə işə əlavə edilmiş Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli, 637 saylı arayışdan görünür ki, Maraqlı şəxs2 Qusar rayonu, Çiləgir kəndində yaşayır və 935 saylı hesabda onun aşağıdakı tərkibdə ailə üzvləri vardır: Maraqlı şəxs1, Ərizəçi2 Necməddin oğlu, X7, X15, X14. Yenə də işə əlavə edilmiş Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli, 638 saylı arayışdan görünür ki, Ərizəçi1 Qusar rayonu, Çiləgir kəndində yaşayır və 1174 saylı hesabda onun aşağıdakı tərkibdə ailə üzvləri vardır: X11, X12, X9. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Ərizəçi2 və xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi1 ataları Maraqlı şəxs2, anaları Maraqlı şəxs1dır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, iş materiallarını araşdırıb işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, hüquqi faktın təsdiq edilməməsi barədə Qusar Rayon Məhkəməsinin 2(029)- 300/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/2 saylı qərarı ilə Qusar rayonunun Çiləgir kəndində yerləşən 0,15 ha torpaq sahəsi Maraqlı şəxs2, Maraqlı şəxs1, Ərizəçi1 və Ərizəçi2 xüsusi mülkiyyətlərinə verilmişdir. Belə ki, həmin şəxslər Maraqlı şəxs2 ailə üzvləridirlər və islahat zamanı birgə təsərrüfat idarə etmişlər. Torpaq islahatı zamanı Ərşadın 10, Faridin isə 7 yaşı olmuşdur. Həmin qərar əsasında verilmiş JN-115A saylı, 30121028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə isə onların soyadları atalarının soyadı kimi, yəni “Atakişiyev” yazılmışdır. Ərizəçilər müvafiq orqandan özlərinə məxsus torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər almaq istəmiş, lakin yuxarıda qeyd edilən tərtibatla əlaqədar onlara bu sənədlər verilməmiş, məsələ ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Hazırda Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Maraqlı şəxs2, Maraqlı şəxs1, X3, X4 adlarına verilmiş JN 115A saylı, 30121028 kodlu torpağın mülkiyyətə verilməsinəı dair şəhadətnamənin onlara-yəni Maraqlı şəxs2, Maraqlı şəxs1, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşdə olan mötəbər sənədlərlə təsdiq olunur ki, məlum şəhadətnamədə qeyd edilmiş Atakişiyev Ərşad və Atakişiyev Farid adlı şəxslər, həqiqətən də ərizəçilər Ərizəçi1 və Ərizəçi2dir. Bu halı işdə olan doğum haqqında şəhadətnamələr və arayışlar tamamilə təsdiq edir və əks halın mövcudluğuna heç bir şübhə qalmır. İşə baxan birinci instansiya məhkəməsi isə heç bir əsas olmadan göstərilən faktı təsdiq etməmiş, bununla da işin faktiki halına uyğun olmayan qanunsuz nəticəyə gəlmişdir. Məhkəmənin şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının həmin qərarında hər hansı dəyişiklik olunmadan, şəhadətnamədə X3 və X1 səhv yazılmasını, həmin şəxslərin əslində ərizəçilər Ərizəçi1 və X10 olmasını müəyyən etməyin mümkünsüzlüyü barədə dəlili əsassızdır. Qüvvədə olan mülkiprosessual qanuvericiliyə əsasən sənəddə ad və ya soyadın səhv göstərilməsinə görə şəxs həmin sənəddə dəyişiklik edilməsi barədə yox, məhz xüsusi icraat qaydasında səhv tərtib olunmuş hüquqmüəyyənedici sənədin ona məxsus olması barədə ərizə vermək hüququna malikdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6, 6.1, 6.2 və 6.3-cü bəndlərinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, məhkəmə kollegiyası sadalanan hallara və işdə olan mötəbər sənədlərə əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 5\2 saylı qərarına əsasən AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Maraqlı şəxs2, Maraqlı şəxs1, X3, X4 adlarına verilmiş JN 115A saylı, 30121028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Maraqlı şəxs2, Maraqlı şəxs1, Ərizəçi1 və Ərizəçi2 məxsusdur. Hüquqi əhəmiyyəti olan bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir, çünki bunun üçün bütün hüquqi zərurət yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, ərizəçilər tərəfindən hüquqi faktın müəyyən edilməsi üçün tutarlı əsas gətirilmiş, tələb üzrə istinad edilmiş dəlillər sübut edilmiş və bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsinin ərizənin rədd olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Beləliklə, müəyyən olundu ki, birinci instansiya məhkəməsi mübahisə üzrə işin faktiki hallarına düzgün qiymət verməmiş, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə haqlı ərizəni heç bir əsas olmadan rədd etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək həmin ərizə təmin olunmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə ərizənin formal əsaslarla bu qaydada rədd edilməsi əmlakın mülkiyyətçilərindən olan Ərizəçi1 və Ərizəçi2 mülkiyyət hüquqlarının pozulması mənasına gəlir. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, ərizə təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsasən iş üzrə ödənilmiş rüsumlar ərizəçilərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2(029)-300/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin olunsun. Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 5\2 saylı qərarına əsasən AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən 23 yanvar 2001-ci ildə Maraqlı şəxs2, Maraqlı şəxs1, X3, X4 adlarına verilmiş JN 115A saylı, 30121028 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara-yəni Maraqlı şəxs2(şəxsiyyət vəsiqəsi seriya AZE № 0*******, 26.10.2003-cü ildə verilmişdir) və Maraqlı şəxs1(şəxsiyyət vəsiqəsi seriya AZE № ********, 30.11.2016-cı ildə verilmişdir) ilə birlikdə, Ərizəçi1 (şəxsiyyət vəsiqəsi seriya AZE № ********, 18.03.2015-ci ildə verilmişdir) və Ərizəçi2 (şəxsiyyət vəsiqəsi seriya AZE №********, 18.04.2016-cı ildə verilmişdir) məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərin özlərinə aid olunsun. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2084/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2084/2021
17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver