Məhkəmə qərarları › İş №2(105)-2094/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2094/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2094/2022 17.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair, Cavabdeh "xxxx" ASC-nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2022-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 500 manat məbləğində vurulmuş zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının hesabına köçürülməsi barədə ilkin iddianın və Cavabdeh "xxxx" ASC-nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizənin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 500 manat məbləğində vurulmuş zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “VOLKSWAGEN TOUAREG” markalı, 90- MO-648 dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 2019-cu il aprelin 09-da cavabdeh etibarnamə olmadan idarə etdiyi həmin avtomobillə Sumqayıt şəhəri, 17-ci mikrorayonda “VOLKSWAGEN GOLF” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Sumqayıt DYPŞ tərəfindən xx.xx.2019-cu il tarixində AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sumqayıt DYPŞ-in TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VOLKSWAGEN GOLF” markalı, 99-FB- 445 dövlət nömrə nişanlı avtomobilə 500 manat məbləğində zərər dəymişdir. İddiaçı 28 aprel 2019-cu il tarixində həmin məbləği zərərçəkmiş şəxs X1 ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Cavabdeh "xxxx" ASC-nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqdı iddia tələbi ilə müraciət etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə avtomobilin motorunda nasazlığa görə 20 yanvar dairəsində Volkswagen servisdə Rəhman ustanın yanında təmirdə saxlamış və ustanın növbəsi çox olduğunda motorun təmiri 07 aprel 2019-a qədər uzanmışdır. O da ustanın yanına gedib-gəldiyindən avtomobili idarə edə bilmədiyindən vaxt etibarı ilə əlaqədər etibarnamənin vaxtını artıra bilməmiş, planında avtomobilini götürəndə etibarnaməni alacağını nəzərdə tutmuşdur. xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək “Volkswagen Touareq" markalı 90- MO-648 qeydiyyat nişanlı avtomobilini PXA********** saylı icbari sığorta şəhadətnaməsilə sığortalamışdır. xx.xx.2019-cu il tarixdə avtomobili servisdən götürmüş və 08.04.019 -cu il tarixdə saat 15:31-də təzədən etibarnamə almaq üçün X5 zəng eləmiş və ona etibarnamə verməyini xahiş etmişdir. Etibarnamə verməyə həmin günü A.G.Hüseynovun vaxtı olmadığını bildirmiş, Bakı şəhərində işdə olduğunu demiş və sabah tezdən gəlib etibarnamə verib, oradan da işə gedəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə cavabdehlə zəngləşib Sumqayıt şəhər 13-cü mkr 3 saylı notariatın qabağında görüşmüş və notariusa daxil olmuşlar. A.G.Hüseynova məxsus şəxsiyyət vərəqəsi üstündə olmadığı üçün notariatda etibarnamə verə bilməmiş, şəxsiyyət vəsiqəsi Bakı şəhərində qızı gildə olduğunu bildirmiş və cavabdeh A.G.Hüseynovu Bakı şəhərinə qızının yaşadığı ünvana şəxsiyyət vərəqəsini gətirməyə yola salmışdır. A.G.Hüseynov Bakı şəhərinə gedib Sumqayıt şəhərinə gələnə kimi nə vaxt Sumqayıta çatacağı haqqında məlumat almaq üçün saat 11:37 12:17 13:15 13:48 14:13 radələrində əlaqə saxlamışdır. Saat 14:16-da X6 ilə əlaqə saxlayanda Bakı şəhəri 20 yanvar dairəsində olduğunu bildirmiş taksiyə əyləşib Sumqayıt şəhərinə gələcəyini bildirmişdir. Saat 15:26-da Akif Hüseynovla əlaqə saxlayanda 5 saylı notariatın qabağında olacağını bildirmişdir. 5 saylı natoriatda sistem donduğundan, 3 saylı notariata getmiş, təxminən saat 15:45 saat 16:10 arası Sumqayıt şəhəri 3 saylı notariatda növbə tutub saat 16:10-da etibarnaməni almışlar. Saat 16:21-də cavabdeh həyətdə ona məxsus 90 -MO- 648 qeydiyyat nişanı Volkswagen Touareq avtomobili elektrik ustasının yanına aparmaq üçün avtomobilə əyləşmiş, həyətdən çıxmaq üçün arxa-arxaya verərkən həyətdə dayanmış Volkswagen Golf markalı 99 -FB- 445 dövlət qeydiyyat nişanlı H.E.Baxışova məxsus avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi baş verən zaman Volskwagen Golf markalı **- FB-*** dövlət qeydiyyatlı avtomobilin sahibi H.E.Baxışov ilə əlaqə saxlayaraq bildirmişdir ki, avtomobili ilə toqquşmuşdur, avtomobilinin yanına yaxınlaşmağını xahiş etimişdir. Saat 16:22 də 994183 sığorta şirkətinin qaynar xəttinə zəng edərək yol-nəqliyyat hadisəsi etdiyini bildirmişdir. Hadisə baş verən zaman qonşusu Ruslan İdrisov, Sərxan Ağayev, Xalid Quliyev hadisənin şahidi olub. 10-15 dəq sonra xalq sığorta əməkdaşı Emil Məmmədov yaxınlaşıb hadisəni qeydə alıb avtomobillərin sürücülük vəsiqəsi texpasport, etibarnamə sənədlərini götürüb həkim müayinəsindən keçəndən sonra sabah Sumqayıt DYPŞ-nə yaxınlaşmaqlarını bildirmişdir. Törədilmiş yol-nəqliyyat hadisəsi saat 16:22 də olmasına baxmayaraq, saat 16:22 də 994183 qaynar xəttə zəng edib bildirməyinə baxmayaraq, Xalq Sığorta nümayəndəsi cavabdehin Sumqayıt dövlət yol polis idarəsindəki 1-ci izahatın saat 16-04 götürərək əsassız ondan subroqasiya tələb edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi M.S.Mirzəbutov apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası MM-nin 106.1-ci maddəsini düzgün tətbiq etməmişdir. İcbari sıgorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi dedikdə sürücülük vəsiqəsini, etibarnaməni və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini özündə saxlaması deməkdir. Lakin məhkəmə Qanunun bu tələblərini nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli e-2(060)-4024 saylıqətnaməsinin edilməsinə və iddia tələbinin təmin olunmasına və apellyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi M.S.Mirzəbutov apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilk və qarşılıqlı iddianı təmin etməyərək, tərəflərin tələb etdikləri məbləğin qnunun tələbinə əsasən sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi M.S.Mirzəbutovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. AD seriyalı, 031869 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VOLKSWAGEN TOUAREG” markalı, **-MO-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi A.G.Hüseynovdur. İddiaçı ilə A.Hüseynov arasında xx.xx.2019-cu il tarixli, PXA********** saylı sığorta müqaviləsi bağlanaraq, VOLKSWAGEN TOUAREG” markalı, **-MO-*** dövlət nömrə nişanlı avtomobil 1 il müddətinə avtomobil sahibinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. İşdə olan PXA46569 saylı sığorta aktında göstərilmişdir ki, xx.xx.2019-cu il tarixli sığorta hadisəsi nəticəsində “VOLKSWAGEN TOUAREG” markalı, **-MO-*** dövlət nömrə nişanlı avtomobillə “VOLKSWAGEN GOLF” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuş və VOLKSWAGEN GOLF” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanla bağlı X11 500 manat sığorta ödənişi edilmişdir. Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda göstərilmişdir ki, mülkiyyətçisi A.Hüseynov, hadisə baş verən anda sürücüsü cavabdeh olan “VOLKSWAGEN TOUAREG” markalı, **-MO-*** dövlət nömrə nişanlı avtomobillə “VOLKSWAGEN GOLF” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə “VOLKSWAGEN GOLF” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Hadisə baş verən vaxt cavabdehin “VOLKSWAGEN GoLF” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobillin idarə edilməsi üçün etibarnaməsi olmamışdır. Arayışda hadisənin baş vermə vaxt 16:04 kimi göstərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında ******* nömrəli protokola əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətmişdir. xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddələri ilə təqsirli bilinərək 40 manar cərimə edilmişdir. İşə əlavə olan avtomobillərin Texniki Xidmət Mərkəzinin xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən **-VV-*** dövlət qeydiyyat nişanlı “VOLKSWAGEN GOLF” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 500 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Hazırkı işdə iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün ilk öncə ziyanın cavabdeh tərəfindən vurulması müəyyən edilməlidir. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində göstərilmişdir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Hazırkı iş üzrə iddiaçı cavabdehin etirbarnamə olmadan avtomobili idarə etdiyinə görə ona qarşı subroqasiya qaydasında pul tələbi irəli sürmüşdür. Qeyd edilməlidir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi tərəfindən tərtib edilmiş Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda baş vermiş yol-nəqliyyat hadisəsinin vaxtı saat 16:04 kimi göstərilmişdir. X6 tərəfindən cavabdehə verilmiş xx.xx.2019-cu il tarixli etibarnaməni verilmə saatı kimi isə 16:10 göstərilmişdir. Belə olan halda yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra cavabdehin Akif Hüseynova görüşüb notariat orqanına getməsi, bütün zəruri sənədləşmənin aparılaraq etibarnamə əldə etməsi və bütün bunları 6 dəqiqədə ərzində baş verməsi məntiqli və inindırıcı görünməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min matadan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 21 iyul 2022-ci il tarixli e-2(060)-4024/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar