Məhkəmə qərarları › İş №2(105)-2095/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2095/2022

31.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2095/2022 31.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil, Cavabdehin nümayəndəsi: Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız olaraq akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız olaraq akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarıx 246251 saylı akt əsasında xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqay şəhəri, 4-cü mikrorayon, ev 28/4, mənzil 24 ünvanına dair əsassız olaraq hesablanmış 586,72 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O, həmin mənzildə qeydiyyatdadır və həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Qeyd edir ki, xx.xx.2022-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilin elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, guya sayğaca müdaxilə olunub. Ona görə də xx.xx.2022-ci il tarixli 246251 saylı akt tərtib olunmuşdur. Həmin aktın əsasında ona 586,72 manat məbləğində cərimə hesablanmışdır. Qeyd edir ki, həmin aktı əsassız hesab edir. Belə ki, tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb. Cavabdeh "xxxx" ASC-nin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Bu istehlakçı olaraq onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Borcun silinməsi üçün dəfələrlə cavabdeh "xxxx" ASC-yə müraciət etmiş, lakin ona bildirilir ki, məhkəməyə müraciət etsin. Hesab edir ki, həmın aktın əsasında əsassız olaraq hesablanmış 586,72 manat məbləğində borc silinməlidir. Həmçinin qeyd edir ki, akt tərtib olunarkən onun iştirakı təmin olunmayıb. Bu da qanunverciliyin tələbinə ziddir. O, aktın tərtib olunmasından xəbərsiz olmuşdur. Hesab edir ki, akt tərtib olunarkən onun iştirakı təmin olunmalı idi. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı nümayəndəsi E.Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə ona qanunsuz tərtib edilmiş aktı nəzərə almamışdır, həmin akt onun tərəfindən imzalanmamışdır. Məhkəmə tərəfindən bir çox maddi hüquq normaların tələbləri pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(060)-3070/2022 saylı qətnaməsini ləğv edərək, iş üzrə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusuna yol verilməməsini bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərək, tələb edilmiş borcun qanunla müəyyən edilməsi nəticəsində yaranmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28/4, 24 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan 246251 nömrəli xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında elektrik sayğacına baxış keçirilən zaman sayğacdan kənar xəttdən istifadə edildiyi, ümümi pananu qidalandıran ayrıcıdan mənzilə kənar xətt çəkilməsi halı aşkar edilmişdir. İşdə olan abunə haqqında məlumatdan görünür ki, ünvan 2 ünvanında quraşdırılmış **********01260 saylı abonentin 586.72 manat məbləğində borcu vardır. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.32-ci bəndinə (mübahisəli akt tərtib olunan zaman qüvvədə olan) əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektri saydacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. İş materiallarından görünür ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli, 246251 saylı akt “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq tərtib edilmiş, akt onu tərtib edən şəxslər tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə həmin Qaydaların 8.32 və 8.33-cü bəndləri (hal şahidlərinin iştirakının məcburiliyi və s. normalar) ləğv edilmişdir. İddiaçı ərizəsində elektrik hesabat sayğacına müdaxilə etmədiyini bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min matadan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 04 iyul 2022-ci il tarixli 2(060)-3070/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar