Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-21/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı obyektin başqasının qeyri-qanuni sahibliyindən götürülərək qanuni sahibinə qaytarılması, qeyri-yaşayış sahəsindən çıxarılma və obyektin açarlarının təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması, vindikasiya iddiası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı MMC-nin direktoru X6, vəkili Nümayəndə2, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil (sonuncu məhkəmə iclasına gəlməmişlər) iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı obyektin başqasının qeyri-qanuni sahibliyindən götürülərək qanuni sahibinə qaytarılması, qeyri-yaşayış sahəsindən çıxarılma və obyektin açarlarının təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-18/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 287 saylı sərəncamından görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş ümumi sahəsi 38 kv.metr olan avto-sərnişin dayanacağı rekonstruksiya olunaraq yenidən qurulması üçün İddiaçı firmasına ayrılmışdır.
2. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi Texniki Baxış Rəyindən (iş vər. 41) İddiaçı firmasına məxsus avtomobil dayanacağı ünvanında ayrılmış torpaq sahəsi 38 kv. metr, faktiki sahəsi 59.60 kv.metr təşkil edir.
3. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsi avtobus dayanacağı küçəsində yerləşən mağaza, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı firmasıdır və həmin əmlak üzərində hüquq 19 nömrəli reyestr kitabında 324 nömrəsi ilə qeydiyyata alınmışdır. X8 əlavə olunmuş qeyri-yaşayış binasının Texniki Pasportuna əsasən qeyri-yaşayış sahəsinin tikinti altı sahəsi 62,2 kv.metr təşkil edir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-568/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1458/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərardadı ilə “Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamları ilə Sumqayıt şəhərinin 8-ci mikrorayonu Babək küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avtosərnişin dayanacağının yenidən qurulması məqsədilə İddiaçı firmasına ayrılmış torpaqda qanunsuz inşa edilmiş tikilinin mağaza olaraq İddiaçı firmasının mülkiyyəti kimi keçmiş Sumqayıt şəhər Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 dekabr 2001- ci il tarixdə 324 reyestr nömrəsi ilə qanunsuz şəkildə aparılmış dövlət qeydiyyatının və onun əsasında həmin qeyri-yaşayış obyektinə dair İddiaçı firmasının adına verilmiş Qeydiyyat vəsiqəsinin və Texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi iddiaçının mübahisəli əmlaka dair subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamışdır. Həmin qərar dəyişdirilmədən saxlanılmışdır.
5. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/7115 saylı rəyindən görünür ki, cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı firmasının adına tərtib edilmiş, dekabr 2001-ci il tarixli Texniki Pasportda qeyd olunmuş, sahəsi 14.28 kv.m olan 3 saylı ticarət zalı ilə üst-üstə düşdüyü müəyyən olunur.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3534 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mülki iş materiallarında olan Azəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: - iş materiallarında olan (səh. 11-12) xx.xx.2001-ci il tarixli Akta əlavə edilmiş plancizgiyə görə İddiaçı firmasına məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsi avtobus dayanacağı küçəsində yerləşən 38 kvadrat metr qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunan aktda mövcud olmadığından faktiki olaraq öz koordinatları hüdudlarında yerləşib-yerləşməməsinin təyin edilməsi mümkün olmamışdır. - iş materiallarında olan (səh. 11-12) xx.xx.2001-ci il tarixli Akta əlavə edilmiş plan cizgiyə görə İddiaçı firmasına məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsi, avtobus dayanacağı küçəsində yerləşən 38 kvadrat metr qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin faktiki göstərilən koordinatlara əsasən 60.43 kv.metr təşkil etdiyi, həmin sahənin 6.78 kv.metr hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir.
7. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyriyaşayış sahəsindən çıxarılması, obyektin cavadehin qeyri-qanuni sahibliyindən götürülərək qanuni sahibinə, yəni İddiaçı MMC-yə qaytarılması və obyektin açarlarının təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 287 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı MMCyə ayrılmışdır. Bundan sonra qeyd olunan ərazi xx.xx.2001-ci il tarixli akta əsasən Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı firmasının nümayəndəsinə təhvil verilmişdir. Qeyd olunan sahə həmin akta əsasən firmanın nümayəndəsi tərəfindən rəsmi olaraq qəbul edilmişdir. xx.xx.2001-ci il tarixdə İddiaçı firması tərəfindən 255500 manat məbləğində pul AB seriyalı, 000370 nömrəli kassa mədaxil orderi qəbzinə əsasən dövlət büdcəsinə ödənilmişdir. Daha sonra “Vicdan1” firması tərəfindən sərəncamdan irəli gələn bütün öhdəliklər yerinə yetirilmiş, ərazi abadlaşdırılmış, ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsi yenidən qurulmuş və istismara yararlı vəziyyətə gətirilmişdir. Daha sonra təxminən 2003-cü ildən obyekt İddiaçı firması tərəfindən Cavabdeh icarəyə verilmiş, cavabdeh bir müddət təxminən 2013-cü ilədək icarə haqqını versə də 2013-cü ildən bu günədək icarə haqqını verməmiş, İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsini qanunsuz və əsassız olaraq istismar etməkdədir. Bu müddət ərzində ondan dəfələrlə obyekti tərk etmək tələb olunsa da cavabdeh nə obyekti təhvil verməmiş nə də icarə haqqını ödəməmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh hal-hazırda da qanunsuz əməllərini davam etdirir
10. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, o, iddiaçı təşkilatda işləyir. Sözügedən ərazilər Sumqayıt Şəhər İcra hakimiyyəti tərəfindən iddiaçıya verilməmişdən əvvəl oralar yararsız vəziyyətdə idi. İddiaçı MMC-yə məxsus əraziləri o tikmişdir. Qeyd etdiyi tikinti işləri 2001-2002-ci illərdə olmuşdur. Həmin ərazi əvvəllər zibillik idi. 2001-ci ilə qədər heç bir tikili olmamışdır. Cavabdehi tanıyır. Cavabdehi Sabir müəllimin yanında görmüşdür. Cavabdehin obyekt işlədib-işlətməməsi barədə məlumatı yoxdur. Həmin obyektin yerində dayanacaq var idi. Tikinti apararkən lambirin və daş istifadə etmişdir.
11. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, o, iddiaçı təşkilatda sürücü işləyir. O, 1993-cü ildən İddiaçı MMC-də sürücü işləyir. Həmin ərazidəki bütün obyektləri Sabir müəllim tikmişdir. Obyektlərin hamısını tanıyır. Obyektlər 2000-ci ildən əvvəl tikilmişdir. Həmin obyektlər Sabir müəllimə məxsus idi. Obyektlərin yerində əvvəllər bazar var idi. Cavabdehi tanıyır, amma obyekt işlədib-işlətməməsi barədə məlumatı yoxdur. Həmin obyektin yerində əvvəllər dayanacaq var idi. Tikililər kubiklə inşa olunmuşdur. Cavabdehin 2000-ci ildən qabaq obyekt tikib-tikməməyi barədə məlumatı yoxdur.
12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-18/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsindən çıxarılması, həmin əmlak cavabdehin sahibliyindən götürülərək İddiaçı MMC-yə qaytarılması və obyektin açarları təhvil verilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq Cavabdeh 100 manat tutularaq X1 müxbir hesabına köçürülməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İV hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 117.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 18/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin 8-ci mikrorayonu ərazisində yerləşən sahəsi 18 kvadrat metr olan qeyri-yaşayış sahəsi 1997-ci ildən onun istifadəsindədir. Əvvəlcə dəmir köşk olan həmin tikili sonradan tərəfindən daş tikili ilə əvəz edilmiş, daha sonra isə yenə də onun tərəfindən öz vəsaiti ilə abadlaşdırılaraq yenidən inşa edilmişdir. Bu tikili ilə yanaşı eyni sırada mərhum Sabir Tanrıverdiyevin sahibi olduğu İddiaçı firmasının da tikililəri olmuşdur. Lakin onun vəfatından sonra övladları ondan öz vəsaiti ilə tikdirdiyi tikilinin guya onlara məxsus olduğunu iddia edərək aylıq icarə haqqı tələb etməyə başlamışlar. O, bu tikilinin özünə məxsus olduğunu və “Vicdan” firmasına hər hansı aidiyyətinin olmadığını, hətta mərhum S.Tanrıverdiyevin 2014-cü ildə öz obyektləri ilə birlikdə onun da tikilisini özəlləşdirmək adı ilə ondan 20 000 ABŞ dolları aldığını, lakin tikilinin mülkiyyət sənədini vermədiyini bildirsə də, bildirdikləri bir nəticə verməmiş və İddiaçı firmasının adından müvafiq tələblə məhkəməyə müraciət olunmuşdur. Məhkəmənin gedişatında məlum olmuşdur ki,İddiaçı firmasının iddia etdiyi Sumqayıt şəhərinin 8-ci mikrorayonu Bakı küçəsi ərazisində yerləşən 38 kvadrat metr torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 05 sentyabr 2001-ci il tarixli, 287 saylı sərəncamı ilə heç də kommersiya obyektinin tikintisi üçün deyil, həmin ərazidə yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş 38 kvadrat metr avto-sərnişin dayanacağının yenidən qurulması məqsədi ilə firmaya ayrılmışdır. Bu azmış kimi də “Vicdan” firmasının yalan məlumatlar verərək guya abadlaşdırılan sahənin çox olması və avto-sərnişin dayanacağının tikintisi üçün əlavə torpaq sahəsinə ehtiyac olması ilə bağlı etdiyi müraciət əsasında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 17 dekabr 2001-ci il tarixli, 376 saylı digər sərəncamı ilə “Vicdan” firmasına avtobus dayanacağı tikintisi üçün həmin torpağa bitşik olaraq əlavə 22 kvadrat metr torpaq sahəsi də ayrılmışdır ki, həmin dövrdə onun istifadə etdiyi tikili artıq inşa edilərək mövcud olmuşdur. Avtobus dayanacağının yenidən qurulması və oranın abadlaşdırılması məqsədi ilə “Vicdan-1“ firmasına ayrılmış sözügedən sərəncamların ziddinə olaraq firma nəinki mövcud dayanacağın hər hansı rekonstruksiyasını həyata keçirməmiş, əksinə həmin dayanacağı ləğv etmiş və onun yerində kommersiya obyektləri inşa edərək icarəyə verməklə qanunsuz gəlir əldə etməyə başlamışdır. Bu azmış kimi “Vicdan-1“ firması 2001ci ildə hansısa qanunsuz yollarla keçmiş Sumqayıt şəhər Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Sumqayıt şəhərinin 8-ci mikrorayonu Bakı küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avtosərnişin dayanacağının yenidən qurulması məqsədi ilə firmaya ayrılmış torpaqda qanunsuz inşa etdiyi tikiliyə dair ona məxsus tikili ilə birlikdə mağaza tipli qeyri-yaşayış obyekti kimi Qeydiyyat Vəsiqəsi almışdır. Halbuki həm həmin torpağın 22 kvadrat metrinə dair sərəncam verilərkən, həm də tikilinin dövlət qeydiyyatı aparılarkən orada onun tərəfindən inşa edilmiş ayrıca tikili artıq mövcud idi. Halhazırda da firma onun və ailəsinin yeganə dolanışıq yeri olan kiçik obyekti onun əlindən almağa çalışır. Buna da səbəb qanunverciliklə müəyyən edilmiş qaydada lazımi araşdırma aparılmadan və qanunvericiliyin tələblərinə zidd olaraq 2001-ci ildə “Vicdan-1“ firmasının adına Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Sumqayıt şəhərinin 8-ci mikrorayonu Bakı küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avto-sərnişin dayanacağının yenidən qurulması məqsədi ilə ayrılmış torpaqda qanunsuz inşa edilmiş tikiliyə dair torpağın təyinatına uyğun olmayan mağaza tipli qeyri-yaşayış obyektinə dair Qeydiyyat Vəsiqəsinin verilməsi olmuşdur. Ancaq aidiyyəti üzrə qeydiyyat orqanına ünvanlanmış vəkil sorğusuna verilmiş 20 dekabr 2021-ci il tarixli, **********89 saylı cavabın məzmunundan aydın olmuşdur ki, sözügedən qeyri-yaşayış sahəsi üzərində qeydiyyat kobud qanun pozuntuları ilə aparılmış, bu cür qeydiyyat üçün qanunvericiliklə tələb olunan müvafiq sənədlər, yəni obyektin təsdiq edilmiş tikinti layihəsi, yerli icra hakimiyyətinin başçısının obyektin tikintisinə icazəsi barədə sərəncamı, tikilmiş obyektin istismara qəbul ediməsi barədə dövlət komissiyasının aktı olmadan, bir nüsxədən ibarət olmaqla Qeydiyyat Vəsiqəsi tərtib edilməklə, arxiv sənədləri olmadan, torpaq sahəsinin konturları qeydiyyata alınmadan sənədləşmə həyata keçirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin təyin etdiyi mühəndis-texniki ekspertiza əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 2022-ci il tarixli,10/7115 saylı ekspert rəyindən görünür ki, adı çəkilən rəyi tərtib etmiş ekspert məhkəmə tərəfindən onun qarşısında qoyulmuş suallara konkret cavab verməyərək aidiyyəti olmayan və mötəbər sayıla bilməyən sənədə istinad etməklə mübahisələndirilən obyektin ləğv edilmiş Sumqayıt Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 2001-ci ilin dekabr ayında İddiaçı firmasının adına tərtib edilmiş Texniki Pasportda qeyd edilən sahəsi 14,28 kvadrat metr olan 3 saylı ticarət zalı ilə üst-üstə düşdüyünün müəyyən edildiyini bildirmişdir. Halbuki rəy vermiş ekspert məhkəmənin ekspertdən cavablandırmasını tələb etdiyi sullara cavab verməyərək öz səlahiyyət hədlərindən kənara çıxmış, guya onun iddiaçıya məxsus tikilinin bir hissəsini zəbt etdiyini iddia etmişdir. Hərçənd ki, onun sahibliyində olan qeyri-yaşayış obyekti Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 05 sentyabr 2001-ci il tarixli, 287 saylı sərəncamı ilə yararsız vəziyyətə düşmüş avto-sərnişin dayanacağının rekonstruksiya olunaraq yenidən qurulması məqsədi ilə ayrılmış 38 kvadrat metr torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Həmçinin, keçmiş Sumqayıt Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Sumqayıt şəhərinin 8-ci mikrorayonu ərazisində yerləşən mağazaya dair ”Vicdan -1” firmasının adına verdiyi 24 dekabr 2001-ci il tarixdə 19 nömrəli reyestr kitabında 82-ci səhifədə 324 reyestr nömrəli Qeydiyyat Vəsiqəsində qeydə alınmış tikilinin sahəsi, ümumiyyətlə göstərilməmişdir. Yəni iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi mağazanın sahəsi və koordinatları müvafiq hüquq müəyyənedici sənədlərlə belə məlum olmadığı halda, ekspert hər hansı kadastr baza məlumatlarına istinad etmədən, hal-hazırki tikililərlə faktiki uyğunsuzluq təşkil edən texniki sənədi təkcə əsas tutaraq rəy vermişdir ki, bu da həmin rəyin mötəbərliyini aradan qaldırmışdır. Nəzərə alınsa ki, 2001-ci ildə inşa edilmiş tikili sonradan yenidən qurularaq dəyişdirilmişdir və onun müvafiq ərizə ilə müraciət etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssiləri yerində ölçmə işləri apararkən həm rəydə göstərilən ölçülərin yanlış olduğuna, həm də torpaq sahəsinin koordinatlarının tikilinin koordinatları ilə üst-üstə düşmədiyinə dair fikirlərini bildirmişlər, aydın olur ki, sözügedən ekspert rəyi faktiki vəziyyətə və müvafiq kadastr baza məlumatlarına uyğun şəkildə verilməmişdir. Bütün bu sadalananlara baxmayaraq məhkəmə tamamilə əsassız olaraq iş üzrə səhv nəticəyə gələrək iddiaçının iddia tələblərini təmin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 2022-ci il tarixli,10/7115 saylı ekspert rəyindən görünür ki, adı çəkilən rəydə onun istifadəində olan obyektin ləğv edilmiş Sumqayıt Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 2001-ci ilin dekabr ayında İddiaçı firmasının adına tərtib edilmiş Texniki Pasportda qeyd edilən sahəsi 14,28 kvadrat metr olan 3 saylı ticarət zalı ilə üst-üstə düşdüyünün müəyyən edildiyini bildirmişdir. Halbuki həmin Texniki Pasportda qeydiyyata alınmış tikilinin sahəsi 62,2 kvadrat metr göstərilmişdir və üst-üstə düşdüyü iddia edilən 14,28 kvadrat metr sahənin mübahisələndirilən tikilinin 62,2 kvadrat metr sahəsinin hansı hissəsinə düşdüyü və iddia ərizəsində çıxarılması tələb edilən ümumi sahəsi 38 kvadrat metr qeyri-yaşayış sahəsinin daxilində yerləşib-yerləşməməsi müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə sadalanan maddi hüquq normalarını bu iş üzrə səhv tətbiq edərək mübahisələndirilən tikilinin iddiaçının mülkiyyətində olması və bu səbəbdən də boşaldılmalı olması barədə yanlış nətivəyə gəlmişdir. Məhkəmənin mübahisələndirilən qətnaməsi mülkiyyət hüququna dair sadalanan hüquq normalarının tələblərinə zidd olaraq çıxarılmışdır. Belə ki, iddiaçının mübahisələndirlən tikilinin mülkiyyətçisi olması qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi halda, məhkəmə bununla bağlı fərqli qənaətə gələrək mülkiyyət hüququna dair qanun normalarına zidd qərara imza atmışdır. Belə olan halda aydındır ki, məhkəmənin qəbul etdiyi qətnaməyə əsasən onun tərəfindən inşa edilmiş tikilinin iddiaçıya məxsus olduğu iddia edilən qeyri-yaşayış obyektinin daxilində yerləşməsi barədə gəlinmiş nəticə işin hallarına uyğun olmadığından məhkəmənin bu qənaəti qanunazidd sayılmalıdır. Ekspertiza keçirilərkən ekspert yalnız yerində baxış keçirilməsi barədə vəsatətlə kifayətlənmiş, mülkiyyətdə olduğu iddia edilən tikiliyə dair rəy verərkən nədənsə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin kadastr baza məlumatlarına istinad etməmiş, həmin idarənin mütəxəssisinin ekspertiza keçirilməsinə cəlb edilməsi və mütəxəssis rəyinin alınması barədə vəsatət verməmişdir. Nəzərə alınsa ki, 2001-ci ildə inşa edilmiş tikili sonradan yenidən qurularaq dəyişdirilmişdir və müvafiq ərizə ilə müraciət etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri yerində ölçmə işləri apararkən həm rəydə göstərilən ölçülərin yanlış olduğuna, həm də torpaq sahəsinin koordinatlarının tikilinin koordinatları ilə üst-üstə düşmədiyinə dair fikirlərini bildirmişlər, aydın olur ki, sözügedən ekspert rəyi faktiki vəziyyətə və müvafiq kadastr baza məlumatlarına uyğun şəkildə verilməmişdir. Göründüyü kimi, sözügedən ekspert rəyində kifayət qədər ziddiyyətli məqamlar və aydın olmayan məsələlər mövcuddur. Ən başlıcası isə məhkəmənin ekspertiza qarşısında qoyduğu suallara aydınlıq gətirilməmişdir. Sözügedən ekspert rəyində kifayət qədər ziddiyyətli məqamlar və aydın olmayan məsələlər mövcud olduğundan, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün bu rəy kifayət etmədiyindən, mötəbər süburlara əsaslanmadan tərtib edildiyindən, təqdim olunmuş ekspert rəyi məhkəmə tərəfindən müəyyən edilməli olan hallara tam aydınlıq gətirmədiyindən yeni tikinti-texniki ekspertizası təyin edilməsi barədə vəsatət verilmişdir. Lakin belə olan halda məhkəmə iş üzrə təkrar, yaxud əlavə ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir, halbuki ekspert rəyində gəlinən nəticə lazımi şəkildə əsaslandırılmamış və sözügedən məhkəmə tikintitexniki ekspertizası, ümumiyyətlə ekspertizanın aparılmasının prosessual qaydaları pozulmaqla həyata keçirilmişdir. Ancaq məhkəmə təkrar,yaxud əlavə ekspertiza təyin etməməklə qeyri-mətəbər və ziddiyyətli mütəxəssis rəyi əsasında mübahisələndirilən tikilinin iddiaçıya məxsus olması və tərəfindən zəbt edilməsi barədə əsassız nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmmə iclasında İddiaçı MMC-nin direktoru X6, vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
18. Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirak etdikləri məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
19. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.
20. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
21. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
22. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
24. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
32. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının
37. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
38. Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
39. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
40. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Apellyasiya baxışının hədləri
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
43. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-18/2023 nömrəli qətnaməsinin ləğv edilib iddia tələblərinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
44. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-18/2023 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsindən çıxarılsın” hissəsində dəyişdirilməli, cavabdehin çıxarılmalı olduğu sahə 6,78 kv.m müəyyən edilməli, qətnamə qalan baxılan hissədə dəyişdirilmədən saxlanılmalı, 50 manat məbləğində ekspertiza xərci cavabdehə aid edilməlidir.
46. Beləliklə, İddiaçı MMC özünə məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılmasını, obyektin qaytarılmasını və açarlarının təhvil verilməsini xahiş etmişdir.
47. İşin hallarından görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 287 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı MMCyə ayrılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsi avtobus dayanacağı küçəsində yerləşən mağaza, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı firmasıdır və həmin əmlak üzərində hüquq 19 nömrəli reyestr kitabında 324 nömrəsi ilə qeydiyyata alınmışdır. X8 əlavə olunmuş qeyri-yaşayış binasının Texniki Pasportuna əsasən qeyri-yaşayış sahəsinin tikinti altı sahəsi 62,2 kv.metr təşkil edir.
48. Birinci instansiya məhkəməsinin icraatı zamanı iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı firmasının adına tərtib edilmiş, dekabr 2001-ci il tarixli Texniki Pasportda qeyd olunmuş, sahəsi 14,28 kv.m olan 3 saylı ticarət zalı ilə üst-üstə düşdüyü müəyyən olunur.
49. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir.
50. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə İddiaçı firmasına torpaq sahəsi ayrılan vaxt və həmin tikilinin dövlət qeydiyyatı aparılan zaman orada onun tərəfindən inşa edilmiş ayrıca tikili artıq mövcud olmuşdur, birinci instansiya məhkəməsi isə iş üzrə təkrar, yaxud əlavə ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir.
51. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, iş üzrə əlavə məhkəmə ekspertizasını təyin etmişdir.
52. Əldə olunmuş xx.xx.2025-ci il tarixli, 10/3534 nömrəli ekspert rəyində xx.xx.2001ci il tarixli Akta əlavə edilmiş plan cizgiyə görə İddiaçı firmasına məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsi, avtobus dayanacağı küçəsində yerləşən 38 kvadrat metr qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin faktiki göstərilən koordinatlara əsasən 60,43 kv.metr təşkil etdiyi, həmin sahənin 6,78 kv.metr hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir.
53. Göründüyü kimi, iddiaçıya məxsus mübahisəli qeyri-yaşayış obyektinin 6,78 kv.metr hissəsinin Cavabdeh tərəfindən istifadə olunması ekspert rəyi ilə öz təsdiqini tapmışdır.
54. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
55. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsindən çıxarılmaqla qeyri-yaşayış sahəsinin ölçüsündə səhvə yol vermişdir. Belə ki, ekspert rəyindən görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin yalnız 6,78 kv.metr hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Odur ki, kollegiyanın qənaətinə görə cavabdeh qeyri-yaşayış sahəsinin 6,78 kv.metr hissəsində çıxarılmalıdır.
56. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
57. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.
58. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
59. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.
60. Kollegiya həmçinin qeyd edir ki, apellyator şikayətin dəlillərində Vicdan-1” firmasına avtobus dayanacağı tikintisi üçün həmin torpağa bitşik olaraq əlavə 22 kvadrat metr torpaq sahəsi ayrılan vaxt həmin dövrdə onun istifadə etdiyi tikilinin artıq inşa edilərək mövcud olmasını və ona məxsus olmasını bildirsə də, buna dair hər hansı mötəbər, şübhələrdən kənar sübut təqdim edə bilməmişdir.
61. Belə ki, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
62. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-18/2023 nömrəli qətnaməsi “Cavabdeh Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsindən çıxarılsın” hissəsində dəyişdirilməli, cavabdehin çıxarılmalı olduğu sahə 6,78 kv.m müəyyən edilməli, qətnamə qalan baxılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
63. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 50 manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-18/2023 nömrəli qətnaməsi “Cavabdeh Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsindən çıxarılsın” hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı MMC-yə məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən qeyri-yaşayış sahəsinin 6,78 kv.metr hissəsindən çıxarılsın. Qətnamə qalan baxılan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 50 (əlli) manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.