Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-210/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Cavabdeh qarşı qeyriyaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-184/2020 saylı, 06 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-184/2020 saylı, 06 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Emin Abdullayev) Qətnamədən narazı qalan iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 18/31 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki hüquqmüəyyənedici sənədə əsasən sahəsi 55,7 kvadrat metr və təyinatı foto emalatxana olan qeyri-yaşayış sahəsi daxilində aparılmış özbaşına yenidənplanlaşdırma və yenidənqurma işlərinin qanunsuz hesab edilməsi, cavabdehin hesabına əlavə tikililərin sökülməsi, sahənin bərpa edilərək əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 izahatında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun deyildir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-184/2020 saylı, 06 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclaslarında, iddiaçının nümayəndəsi sonununcu məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlərşdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edlməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 04.09.1998-ci il tarixində verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, Dostluq küçəsi, ev 18/31-də yerləşən lombardın əmlakının bir hissəsi (55,7 kvadratmetr sahə) cavabdehin xüsusi mülkiyyətindədir. İş materiallarına Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş Sumqayıt şəhəri, Dostluq küçəsi, ev 18/31-də yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportu əlavə edilmişdir. Texniki pasporta konstruktiv elementlərin və mühəndis avadanlıqlarının texniki xarakteristikası, binanın istismarı, sxemi, torpaq sahəsi üzrə eksplikasiya daxil edilmişdir. Ekspertin məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə 29 yanvar 2020-ci il tarixli, 27357 saylı məlumatında qeyd olunmuşdur ki, ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsədilə, məhkəmə tikinti-texniki ekspertizasını aparmaq üçün tədqiqat obyektinə ekspertin, məhkəmənin səlahiyyətli nümayəndəsinin, iş üzrə tərəflərin və tədqiq olunan mübahisəli obyektə Azərbaycan Respublikası Fövqalada Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq mütəxəssislərinin (GPS sistemli ölçmə aparatı vasitəsilə) iştirakı ilə baxış keçirilməsinin təşkil olunması, baxış zamanı GPS vasitəsilə əldə olunmuş döngə nöqtələrinin koordinatlarının ekspertə yerindəcə təqdim edilməsi, elektron baza məlumatının və mütəxəssislər tərəfindən tərtib ediləcək mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi barədə məhkəməyə 27357 saylə vəsatət göndərilmişdir. Vəsatətə cavab olaraq baxış vaxtı 28 yanvar 2020-ci il tarixinə təyin edilmişdir. Həmin tarixdə Azərbaycan Respublikası Fövqalada Hallar Nazirliyi Tikintidə X1 Aqentliyinin və cavabdehin iştirakı etməməsi səbəbindən tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmamışdır. Qeyd olunan səbəbə görə, məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə 18 oktyabr 2019-cu il tarixli qərardadın icrası mümkün olmamışdır. Eyni zamanda Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 05.02.2020-ci il tarixli mütəxəssis rəyində ekspertiza haqqında qərardadda qarşıya qoyulmuş sualların araşdırılmasının mümkün olmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən Sumqayıt şəhəri, Dostluq küçəsi, ev 18/31-də yerləşən qeyri-yaşayış sahəsi daxilində texniki pasportdakı göstəricilərdən fərqli özbaşına yenidənqurma və yenidənplanlaşdırma işlərinin aparılması, həmin işlərin binanın dayanıqlılığına təhlükə törətməsi, həmçinin cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin texniki pasportdakı göstəricilərindən əlavə torpaq sahəsinin zəbt edilməsinin iş üzrə tədqiq edilmiş sübutlarla təsdiq edilməməsi əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Buna görə də qətnamənin prosessual əsaslarla ləğv edilməsi qənaətinə gəldiyi üçün məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə yenidən qiymət verilməlidir. İddia tələbinə qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mübahisənin araşdırılması ilə əlaqədar məhkəmə kollegiyasının 11.08.2020-ci il tarixli, 2(105)2059/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 02.08.2021-ci il tarixli, 10/899 saylı ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 18/31 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki Cavabdeh məxsus 55,7 kv.metrlik qeyri-yaşayış sahəsində texniki pasportda göstərilən 1 və 3 saylı tikililərin arasında 50 sm qalınlığında olan yükdaşıyan divarın 1,3 hissəsi sökülmüşdür. Tədqiq olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı, ölçüləri və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğun olduğunu nəzərə aldıqda, Cavabdeh tərəfindən 55,7 kv.metrlik qeyriyaşayış sahəsinin texniki pasportunda texniki göstəricilərdən əlavə sahə tutulmadığı müəyyən olunur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin qeyd edilən iddia tələbi ilə bağlı iddia qaldırmaq hüququ olmamışdır. Belə ki, 2013-cü ilin yanvar ayının 1-dən “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 29 iyun 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən müəyyən istisnalar nəzərə alınmaqla “Şərəhsalma və Tikinti Məcəlləsi” minmişdir. Həmin Qanunla “Şəhərsalmanın əsaslan haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilmiş, şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktların Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlaması, Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə Məcəllənin yalnız 16-18-ci fəsillərində nəzərdə tutulmuş müddəaların şamil olunması qərara alınmışdır, “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-1VQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”. Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 9.7.2, 97,3, 97 4- cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyala keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir "Şəhərsalma və Tikinci Məcəlləsinin 95.2-ci maddəsinə əsasən tikintisinə bıı Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda, yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilir. Məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, 1 yanvar 2013-cü İldən dövlət və bələdiyyə torpaqlarında inşa olunmuş tikililərə dövlət nəzarətinin həyata keçirilməsi, başa çatmamış tikinti obyektlərinin sökülməsi barədə müstəqil qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə məhkəməyə müraciət edilməsi kimi səlahiyyətlər Azərbaycan Respublikası Föqəladə Hallar Nazirliyinə verilməsinə baxmayaraq, qanunla buna səlahiyyəti olmayan təşkilatlar, əsasən də yerli icra hakimiyyəti orqanları başa çatmamış, yaxud da tikintisi tamamlanmamış tikililərin sökülməsi barədə məhkəmədə iddia qaldırırlar. Dövlət və bələdiyyə torpağında inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikintilərin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan yerli icra hakimiyyəti orqanlarının və digər təşkilatların dövlətin adından belə bir tələblə müraciət etmək, müvafiq qərar qəbul etmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydalarının 4.3-cü bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən yaşayış evinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə etməli və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sokulə bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Həmin maddə “Şəhərsalma və Tikinti Məcəiləsi”nə zidd olmayan hıssədə qüvvəsini saxladığından məhkəmələr tikintinin sökülməsinə dair iddialara baxarkən belə iddianın ümumi ictimai maraqların müdafiəsi naminə publik səlahiyyətlərin həyata keçirilməsi qaydasında dövlətin adından, yoxsa ayrı-ayrı hüquq subyektlərinin əşya hüquqlarının müdafiəsi ilə əlaqədar qaldırıldığıması aydınlaşdırmalıdır. Buna uyğun olaraq tikintinin sökülməsi ilə əlaqədar publik səlahiyyətlərin həyata keçirilməsi qaydasında “Şəhərsalma və Tikinti Məcəlləsi”nin məqsədləri üçün dövlətin adından məhkəməyə müraciət etmək hüququ yalnız Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsusdur. Eyni zamanda, öz əşya hüquqlarının müdafiəsinin və təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı pozulduğunu güman etdiyi hüquqlarının müdafiəsi ilə əlaqədar istənilən fiziki və hüquqi şəxsin tikilinin və qurğunun sökülməsinə dair iddia qaldırması da istisna olunmur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsus olmasına baxmayaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti hazırki iddianı qaldırmışdır. Lakin iş materiallarında Sumqayıt şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından iddia qaldırmaq hüququnun olmasına dair iş materiallarında hər hansı sübut mövcud deyildir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi iddia qaldırmaq hüququ olmayan şəxs tərəfindən qaldırıldığından təmin edlə bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, hüquq normalarını düzgün tətbiq etməməklə səhv qətnamə çıxarmışdır. Bu da Mülki-Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh eilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2.2,392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-184/2020 saylı, 06 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olaraq 100 (yüz) manat pul iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətindən tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-210/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-210/2021
15.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver