Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-210/2024 18.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılma və təhvil verilmə tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə evdən çıxarılma” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(012)-2062/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılma və təhvil verilmə tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ********** saylı çıxarışla xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.011 ha həyətyanı torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh öz növbəsində, cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ilkin iddiaçı ilə birlikdə 2005-ci ildən bu günə kimi yaşadığı və birlikdə təsərrüfat apardığı üçün ona kompensasiya ödənilməklə evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı Cavabdeh ilə 2005-ci ildən qeyrirəsmi nikahda olmuş, bir yerdə yaşadıqları dövrdə uşaqları olmamışdır. Cavabdeh hər gün spirtli içki qəbul etmiş, evə sərxoş halda gəlmiş, İddiaçı söyüb təhqir etmişdir. Bununla bağlı dəfələrlə İddiaçı polisə şikayət etmiş, lakin heç bir nəticəsi olmamışdır. İddiaçı cavabdehlə bir evdə yaşaması qeyri-mümkündür. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı böhtan xarakterli ifadələr işlədərək zəhməti və haqqı olan fərdi yaşayış evinə təkbaşına yiyələnmək istəyir. Cavabdeh İddiaçı ilə 2005-ci ildən qeyri-rəsmi ər-arvad münasibətləri olmuş, lakin bu münasibətlərindən uşaqları olmamış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 2005-ci ildən bu günə kimi birlikdə maneəsiz yaşamışlar. Həmin fərdi yaşayış evini Cavabdeh inşa etmiş və təmiri üçün pul xərcləmişdir. X1 və X6 bunu təsdiq edə bilər. Son bir neçə aya qədər fərdi yaşayış evinə dair heç bir sənəd olmamışdır. Həmin evə çıxarış bir neçə ay bundan öncə ilkin iddia üzrə iddiaçının adına alınmışdır. Həmin evdən Cavabdeh çıxarılması əsassızdır və onun da həmin evdə haqqı vardır. Cavabdeh həmin evdən çıxmağını istəyən İddiaçı həmin evə çəkdiyi xərcləri ödəməli, yəni, kompensasiya verməlidir. Rəsmi nikahları olmasa da, birlikdə yaşamış və təsərrüfat aparmışlar. Uşaqlarının olması üçün həkimlərə müraciət etmiş və hər ikisi həkim nəzarətində müayinə və müalicə olunsa da övladları olmamışdır. Lakin buna baxmayaraq birlikdə yaşamış və son vaxtlara kimi birgə təsərrüfat aparmışlar. Bu səbəbdən də, Cavabdeh kompensasiya ödənildiyi təqdirdə evdən çıxmağa razıdır. Ona görə də göstərilənlərə əsasən, qarşılıqlı iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(012)-2062/2023 nömrəli qətnaməsi ilə ilk iddia ərizəsinin təmin edilməsi, Cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 0.011 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 28 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaqla daşınmaz əmlaklar İddiaçı təhvil verilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə evdən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(012)-2062/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, X15 küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ilə birlikdə 2005-ci ildən bu günə kimi həmin evdə yaşadığı və onunla birlikdə təsərrüfat apardığı üçün ona kompensasiya ödənilməklə evdən çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, X15 küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı onunla 2005-ci il tarixdən qeyri-rəsmi nikahda olduğunu, bir yerdə yaşadıqları dövrdə övladlarının olmadığını bildirmişdir. Onun hər gün spritli içki qəbul etdiyini, evə sərxoş halda gəldiyini, onu söyüb və təhqir etdiyini, bununla bağlı dəfələrlə barəsində polisə şikayət etdiyini, lakin heç bir nəticə olmadığını, onunla bir evdə yaşamağının qeyri-mümkün olduğunu əsas gətirmişdir. O, iddiaçının ona qarşı bu iddia tələbi ilə qəti şəkildə razılaşmır. Çünki ona şər-böhtan xarakterli ifadələr işlədərək, onun da zəhməti və haqqı olan fərdi yaşayış evinə təkbaşına yiyələnmək istəyir. Bildirmişdir ki, onunla cavabdeh arasında 2005-ci ildən qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. Lakin onların bu münasibətlərindən övladları dünyaya gəlməmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, X15 küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evində 2005-ci ildən bu günə kim birlikdə maneəsiz yaşamışlar. Həmin fərdi yaşayış evini o, inşa etmişdir və təmiri üçün pul xərcləmişdir. Qonşuları - X11 və X2 onun ərizədə qeyd etdiklərini təsdiq edə bilərlər. İlkin iddia üzrə iddiaçı ilə birlikdə yaşadıqları müddətdə o heç bir yerdə işləməmiş və evə qazanc gətirməmişdir. Bütün inşaat işlərini şəxsi vəsaiti hesabına etmişdir. Üstəlik ilkin idddia üzrə iddiaçı son 4 -5 il ərzində xəstə olmuşdur. Onun müalicə məsrəflərini, yəni dərmanlarının xərcini o çəkmişdir. Əlavə olaraq bildirmişdir ki, son bir necə aya qədər Abşeron rayonu, Xırdalan şəhəri, X15 küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinə dair heç bir sənəd olmamışdır. Həmin evə çıxarış bir neçə ay bundan öncə alınmışdır. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfində verilən çıxarışı ilkin iddia üzrə iddiaçının adına almışlar. Həmin evdən onun çıxarılmağı əsassızdır və onun da həmin evdə haqqı vardır. Onun həmin evdən çıxmağını istəyən cavabdeh ona həmin evə çəkdiyi xərcləri ödəməlidir, yəni, ona kompensasiya verməlidir. Onların rəsmi nikahları olmasa da, onlar ilkin iddia üzrə iddiaçı ilə birlikdə yaşamışlar və birlikdə təsərrüfat aparmışlar. Övladlarının olması üçün də həkimlərə müraciət etmişlər və hər ikisi həkim nəzarətində müayinə və müalicə olunsalar da, övladları olmamışdır. Lakin buna baxmayaraq onlar birlikdə yaşamış və son vaxtlara kimi birgə təsərrüfat aparmışlar. İlkin iddia üzrə iddiaçı ilə aralarında olan münasibətlər pisləşdiyi üçün İddiaçı ona qarşı belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. O, da onun bu iddiası ilə razılaşmır. Ona görə ki, ona İddiaçı tərəfindən kompensasiya ödənilən təqdirdə evdən çıxmağa razıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 000313 qeydiyyat nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Həbibov X8 rayonu, Xırdalan qəsəbəsi, Abşeron rayon Polis şöbəsinin şimal-qərbində yerləşən Baytarlıq stansiyası və laboratoriyasının yarımçıq tikilisinin yerləşdiyi 4265 kv.m torpaq sahəsini ******* köhnə Azərbaycan manatını ödəməklə almış və bu şəhadətnamə ilə rəsmiləşdirilən torpaq sahəsi Nümayəndə daimi toxunulmaz xüsusi mülkiyyətindədir. İş materiallarında olan satıcı Nümayəndə ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0.0737 ha torpaq sahəsini alıcıya 5000 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən ümumi sahəsi 0.011 ha torpaq sahəsində inşa edilmiş 28 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 276 saylı reyestr kitabının 16 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********94-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 128- 56650 saylı məktubundan görünür ki, İddiaçı mülki ittiham qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-7/2-11-20641/2023 saylı arayışdan görünür ki, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan xx.xx.2015-ci il tarixdən 2-ci dərəcəli əlilliyə görə aylıq 327.21 manat əmək pensiyası alır. Təyinatın bitmə tarixi xx.xx.2026-cı ildir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində, Cavabdeh isə ünvan 5 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ilkin İddiaçı ilə ilkin Cavabdeh 2005-ci ildən faktiki nikah münasibətlərinə daxil olmuş və Abşeron rayonu, Xırdalan şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 0.011 ha torpaq sahəsində inşa edilmiş 28 saylı fərdi yaşayış evində birgə təsərrüfat aparmışlar. Tərəflərin faktiki nikah münasibətlərindən uşaqları olmamış və aralarında münasibətlər pozulduğundan ilkin İddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evi və torpaq sahəsindən Cavabdeh əşyaları ilə birlikdə çıxarılmasına və daşınmaz əmlakın ona təhvil verilməsinə dair ilkin, Cavabdeh isə mübahisəli daşınmaz əmlakdan kompensasiya ödənilməklə çıxarılmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşdən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən ümumi sahəsi 0.011 ha torpaq sahəsində inşa edilmiş 28 saylı fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********94-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqısatqı müqaviləsinə əsasən, satıcı Nümayəndə tərəfindən alıcı İddiaçı satılmışdır. Beləliklə də, Mülki Məcəllənin 139-1.1.3.-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, İddiaçı mübahisəli fərdi yaşayış evi üzərində rəsmi dövlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüququnun olması hazırki mülki işin mübahisələndirilməyən tərəfidir. İddiaçı ilk iddia ərizəsindən göründüyü kimi, ilkin iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evi və torpaq sahəsindən Cavabdeh çıxarılmasını istəmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, istər daxili qanunvericilikdə, istərsə də insan hüquq və azadlıqlarına dair beynəlxalq hüquqi aktlarda (“İnsan hüquqları haqqında Ümumi Bəyannamə˝nin 17-ci maddəsi, Mülki˝ və siyası hüquqlar haqqında Beynəlxalq Pakt˝ın 14-cü maddəsi və s.) əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. Beləliklə də, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib mülki iş materiallarına əlavə olunmuş sənədləri tədqiq edərək, ilkin iddiaçının iddia ərizəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, İddiaçı mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan ilk iddia ərizəsi əsaslı hesab edilməklə təmin edilməli, Cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 0.011 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 28 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaqla daşınmaz əmlaklar İddiaçı təhvil verilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsində Cavabdeh mübahisəli daşınmaz əmlakdan onun tərəfindən sərf olunmuş xərclərin qarşılığı konpensasiya şəklində ödənilməklə evdən çıxmağa razı olduğunu bildirmiş və bu tələbi xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, qarşılıqlı iddiaçı öz iddia ərizəsində ilkin iddiaçının tələbini qismən etiraf edərək evdən çıxmağa razı olduğunu bildirmiş, lakin həmin razılığını “kompensasiya ödənilmə” şərti ilə əlaqələndirmişdir. Həmçinin, həmin tələb üzrə sübutetmə vəzifəsi daşıyan qarşılıqlı iddiaçı tələbində kompensasiya məbləğinin nədən və hansı miqdardan ibarət olduğunu qeyd etməmiş, həmin hissəyə dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə qarşılıqlı iddiaçının ilkin iddianı qismən etiraf etməsini, həmçinin, həmin tələb üzrə iddia tələbini sübuta yetirə bilməməsini nəzərə alıb qarşılıqlı iddia ərizəsinin əsaslı hesab edilməməklə təmin edilməməsini qənaətinə gəlmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ hissəsinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “evdən çıxmağını istəyən iddiaçının ona həmin evə çəkdiyi xərcləri ödəməsi, ona kompensasiya verilməsi, onların rəsmi nikahları olmasa da, birlikdə yaşayaraq birgə təsərrüfat aparması dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır. Belə ki, həmin tələb üzrə sübutetmə vəzifəsi daşıyan cavabdeh tələbində kompensasiya məbləğinin nədən və hansı miqdardan ibarət olduğunu qeyd etməmiş, həmin hissəyə dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdeh iddiaçının mülkiyyətində olan evin yerləşdiyi 0,0737 ha torpaq sahəsinin alınmasında onun tərəfindən heç bir vəsait qoyulmamasını təsdiq etmiş, bunu həmin torpaq sahəsinin alqı-satqı müqaviləsinin formal bağlanmaqla iddiaçıya qardaşı tərəfindən bağışlaması ilə izah etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi olan qardaşı bildirmişdir ki, iddiaçı 4 ildən artıq müddətdir ki, öz mülkiyyətində olan evində yaşamır. Çünki cavabdeh spirtli içkiyə qurşanmışdır.Ümumiyyətlə,cavabdeh çıxardilması iddia edilən evdə yaşadığı müddətdə heç bir yerdə işləməmişdir.Torpaq sahəsi üzərindəki tikililərlə bir yerdə onun tərəfindən bacısına verilmişdir.Həmin tikililər üzərində yalnız bacısının vəsaiti hesabına yaxşılaşdırmalar aparılaraq evə dair iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, cavabdeh öz tələbinin hüquqi əsasını düzgün müəyyən etməmiş, qarşılıqlı iddia tələbində ona kompensasiya verilməsini xahiş etmiş, yəni nəticə etibarı ilə onun evdən istifadə hüququnun olduğunu mübahisələndirmiş, lakin tələbini hüquqi cəhətdən əsaslandıra bilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbləri baxımından fərdi yaşayış evinə etdiyi ayrılmaz yaxşılaşdırmalara dair sübutlar təqdim etməklə onların dəyərinin ödənilməsini mülkiyyətçidən yenidən məhkəmə qaydasında tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(012)-2062/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-210/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-210/2024
18.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver