Məhkəmə qərarları › İş №2(105)-2101/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2101/2023

13.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2101/2023 13.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı mühafizə zolağında qanunsuz olaraq tikilmiş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin e-2(027)-88/2023 nömrəli 24 avqust 2023cü il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı mühafizə zolağında qanunsuz olaraq tikilmiş tikilinin sökülməsinə dair iddia ərizəsinin təmin edilməməsi, 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərcinin iddiaçıdan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı “Qaz İxrac” İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac" İdarəsi, Siyəzən Magistral X4 istismarında olan «Quba QPS qolu» yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Quba rayonu, Alekseyevka kəndinin ərazisində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələbləri pozularaq Quba rayonu, Alekseyevka kəndinin ərazisindən keçən “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X4 balans və istismarında olan 426 mm diametrli «Quba QPS qolu» yeraltı magistral qaz kəmərindən mühafizə zonasında 15 metr məsafədə Cavabdeh məxsus fərdi yaşayış evi inşa edilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Quba Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Qaz İxrac” İdarəsinin 426 mm-lik diametri yüksək təzyiqli “Quba QPS qolu” magistral qaz kəmərinin Quba rayonu, Alekseyevka kəndi ərazisindən keçən hissəsində kəmərin mühafizə zonasında X2 yaşayış evi inşa etmişdir. Bununla bağlı cavabdehə xəbərdarlıq edilmiş və tikililərin sökülməsi tələb edilmişdir. Lakin buna baxmayaraq cavabdeh tikililəri sökməmişdir. Cavabdehə məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması tələbi ilə Quba Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə iddia tələbini təmin etməmişdir. Hazırkı işdə, cavabdeh tərəfindən inşa edilən tikili fərdi yaşayış evi dövlətin müstəsna səlahiyyətində olan iddiaçıya məxsus qaz kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində, yəni, Qusar rayonu, Köhnə Xudat qazmalar kəndi ərazisində cavabdeh tərəfindən, “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X4 istismarında olan 426 mm diametri “Quba QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasından 9 metr məsafədə inşa edilmişdir. Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən cavabdeh tərəfindən inşa olunmuş tikili qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan (yəni qaz kəmərini istismar edən təşkilatdan yazılı razılıq), şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, bu tikili yeraltımagistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlar üçün ciddi təhlükə yaratdığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabdehin hesabına sökülməlidir. Həmin tikili magistral qaz kəmərinin, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan Quba Rayon Məhkəməsi isə qətnamə çıxararkən qeyd edilən bu halların heç birini nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini mübahisə predmetini təşkil edən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə cavabdehin mülkiyyətində olması, iddiaçının iddia tələbinin təmin edilməsi cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi və Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə qorunun mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, şikayətin təmin edilərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,02 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi magistral qaz kəmərinin mühafizə zonasında cavabdehə məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2., 180.1, 180.4 və Torpaq Məcəlləsinin 111-ci maddələri təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Məlum olduğu kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dizpozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tkinti və qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.1, 180.4-cü maddələri). Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza rəyinə əsasən sökülməsi tələb olunan fərdi yaşayış evinin (məsafənin 9.2 metr müəyyən edildiyini nəzərə alınsa) qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 50 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilir. Göründüyü kimi iddiaçı sökülməsini tələb etdiyi fərdi yaşayış evi mühafizə zonasının 9,2 metrliyində yerləşməsi müəyyən edilsə də, həmin fərdi yaşayış evi (özbaşına tikili olmamaqla) Cavabdeh xüsusi mülkiyyətindədir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Mülki Məcəllənin 140-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli qərarına əsasən dövlət reyestrinin məzmunun həqiqiliyinin və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrin ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır (N.Hacıyevin şikayəti üzrə 2019-cu il 07 avqust tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədlər mübahisələndirilmədən (ləğv və ya etibarsız hesab edilmədən), başqa sözlə reyestrin həqiqiliyi prezumpsiyası qüvvədə olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar