Məhkəmə qərarları › İş №2(105)-2106/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2106/2021

05.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2106/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-cu il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 295,20 manat məbləğində pul və dövlət rüsumu üçün 10 manatın tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4112 manat məbləğində dəymiş ziyan, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 4142 manat pulun məcburi qaydada tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23.09.2016-cı il tarixli, T/10513 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********07440 nömrəli abonent kodu verilmişdir. Qeyd edilən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Beləliklə, cavabdeh müqavilənin şərtlərini pozaraq özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən küçə qaz xətlərinə, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və çəkilişlər aparılmışdır. Həmin aktlara əsasən cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə iddiaçıya ümumilikdə 4112 manat ziyan vurmuşdur. Cavabdehə pulun könüllü ödənilməsi təklif olunsa da, cavabdeh heç bir ödəniş həyata keçirməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi R.V.Əliyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Cavabdehin mənzilinə dəfələrlə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, vətəndaş sayğacdan kənar qaz xəttindən istifadə edir. Barəsində aktlar tərtib edilərək, itirilmiş qaza görə hesabatlar aparılaraq ümumilillikdə 4112 manat dəymiş ziyan hesablanmışdır. Qaldırılmış iddiaların mahiyyəti qaz xəttinə müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətlə cəlb olunması deyil, təsbitlənmiş müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərərçəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş külli miqdarda ziyanın ödənilməsidir. Məhkəmə qəbul etmədiyi bu borcu araşdırmamış, şahidləri dindirməmişdir. Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(012)-738/2021 saylı qətnaməsini təmin olunmamış hissəsində ləğv edib, iddianın tam təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qismən qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi R.V.Əliyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23.09.2016-cı il tarixli, T/10513 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İşdə olan İddiaçı İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.03.2020-ci il tarixli ******* saylı sonuncu aktdan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli kəndində (abonent kodu: **********07440) yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyriqanuni istifadə etməsi müəyyən edilmiş, Cavabdeh həmin aktı imzalamamışdır. İş materiallarında olan 14 avqust 2020-ci il tarixli abonentin saldo cədvəlindən müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçı İB-yə 4112 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təstiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz qazpaylayıcı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Deməli, cavabdeh qanunvericiliyin tələblərinə görə yaşadığı ünvan üzrə quraşdırılmış qaz sayğacının toxunulmazlığına cavabdeh olan şəxs hesab olunmaqla, həmin sayğaca müdaxilə, o cümlədən qanunsuz qoşulma nəticəsində paylayıcı İddiaçınə dəymiş ziyana görə məsuliyyət daşıyır. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Yəni, qanunsuz qoşulma nəticəsində məişət abonenti pozuntu aşkar edilən günədək istehlak etdiyi təbii qaz ödəməli olduğu məbləğdən daha az məbləg ödəmişdir. Bu halda, təbii qazdan istifadə qaydalarının tələblərinə görə, yalnız bunun istehlakçının təqsiri olmadan baş verdiyi müəyyən edildikdə həmin pozuntu baş verənə qədər və ya pozuntu aşkar edildikdən sonrakı dövrə uyğun sərfiyyət hesablanmaqla ödəniş aparılmalıdır. Lakin qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə təbii qazdan istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən, məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Birinci instansiya məhkəməsi işin sadalanan hallarına düzgün hüquqi qiymət verməməklə, ilkin pozuntu aşkar edildikdən sonra iddiaçı müəssisə tərəfindən təbii qazın verilməsi dayandırılmadıgından, yalnız ilkin pozuntuya dair tərtib edilmiş aktda hesablanmış cərimənin cavabdehdən tutulması barədə qanuni və əsaslı olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, 31 yanvar 2018-ci il tarixə qədər cavabdehin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına 18 dəfə texniki baxış keçirilmiş və hər baxış zamanı qaz xəttinə qanunsuz qoşulma aşkar edilərək müvafiq aktlar tərtib edilməklə, cəmi 4112 manat ziyan hesablanmışdır. İddiaçı müəssisə tərəfindən məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın dəyəri hesablanaraq müvafiq aktlarda qeyd edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh yaşadığı (abonent kodu: **********07440) Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə İddiaçı tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, iddia tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 12 mart 2021-ci il tarixli 2(012)-738/2021 saylı qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 4112 (dörd min yüz on iki) manat və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 4142 (dörd min yüz qırx iki) manat tutulub İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SVVİFT İBAZAZ2X, İddiaçı İB VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar