Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-211/2024 18.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verməklə evə istifadə hüququna xitam verilməsi və sair tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(067)-1779/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2447/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ona məxsus evə köçürülməyinin qət edildiyi ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna 5000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılması, mənzildən çıxarılma ilə kompensasiya verilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2447/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ona qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilərək, Cavabdeh ünvan 1i ünvanında yerləşən onun yaşadığı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icra olunması üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra olunmuşdur. Cavabdeh onun keçmiş həyat yoldaşıdır və onunla münasibətləri son dərəcə gərgindir. Cavabdeh köçürüldüyü ev ona məxsus olsa da, həmin evdə o valideynləri ilə birlikdə yaşayır. O cümlədən o yenidən ailə həyatı qurmaq istəyir. Qeyd edilən vəziyyətdə onlar cavabdeh ilə eyni evdə yaşaya bilmirlər. Cavabdeh yenidən qeyd edilən evə köçürülməyi onun normal həyat şəraitinə maneə olur. Ona görə də cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş qaydada kompensasiya ödənilməklə onun istifadə hüququna (köçürülməyinə) xitam verilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mövcud qanunvericiliyin tələbinə əsasən hesab edir ki, kompensasiyanın məbləği davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə oxşar şəraitlə müqayisədə yaşamaq imkanı verəcək qaydada müəyyən edilməlidir. Onun hesablamaları ilə qeyd edilən mənzil üçün 5000 manat məbləğində kompensasiya ağlabatan məbləğdir. İlkin olaraq məhkəmədən kənar qaydada məsələnin həll olunması üçün mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlsə də, onunla razılığa gəlmədiyi üçün ona 26 aprel 2023-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddia ərizəsində 5000 manat kompensasiya ödəməklə Cavabdeh evdən istifadə hüququna xitam verilməsini yazmış, lakin hazırda kompensasiya məbləğini artıraraq 10000 manat olmasını istəyirlər. AR MPMnin 53-cü maddəsinə əsasən iddiaçı işin baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predməti dəyişməyə, iddia həcminin azaldılmasına və artırılmasına qadirdir. Məhkəmə baxışı iclasında isə buna o halda yol verilə bilər ki, əsaslar məhkəmə baxışı gedişində əmələ gəlsin. Hazırda da ondan asılı olmayan səbəblərə görə bu mümkün haldır. Xahişi odur ki, Cavabdeh 10000 manat kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilsin. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, xahişi odur ki, iddia təmin olunsun. Onların birlikdə yaşamaqları mümkün deyil. 10000 manat kompensasiya ödəməyə razıdır. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etmədiyini, həmin evdə onun yaşamaq və istifadə etmək hüququ olduğunu, hazırki mülki iş üzrə iddiaçı qismində çıxış edən mülkiyyətçi tərəfindən ona təklif olunan kompensasiya məbləğinin ağlabatan və ədalətli olmadığını bildirdi, təklif edilən məbləğ ilə ev ala bilməyəcəyini, yaşamağa başqa yerinin olmamasını, bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(067)-1779/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı kompensasiya verməklə evə istifadə hüququna xitam verilməsi və sair tələbi barədə iddiası təmin edilməmişdir (hakim Vüsalə Qasımova). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(067)-1779/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh 2001-ci ildə nikahlarını bağlamış, tərəflər 2013-cü ilə kimi iddiaçının atasının evində yaşamışlar. İddiaçı X5 2005-ci ildə Xaçmaz rayonu, Şollar bələdiyyəsinə həyətyanı torpaq sahəsi almaq üçün əriza ilə müraciət etmiş, ərizəsinə bələdiyyə orqanının iclasında baxılmış və ona Xaçmaz rayonu, Şollar bələdiyyəsinin ərazisindən 0,10 ha torpaq sahəsinin satılması barədə 28 iyun 2005-ci il tarixli, 07 nömrəli qərar qəbul edilmişdir. Bələdiyyədən torpaq sahəsinin alınmasına görə Şollar bələdiyyəsinin hesabına ödəniş etmiş, bundan sonra iddiaçının Şollar bələdiyyəsinin nümayəndəsinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz Rayon Şöbəsinin müdirinin iştirakı ilə torpaqların alqı-satqısına dair akt tərtib edilərək imzalanmış və qeyd edilən akt Xaçmaz rayon Torpaq Şöbəşində 01 iyul 2005-ci il tarixdə, 1009 nömrə ilə qeydiyyata alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilməmişdən əvvəl isə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz Rayon Şöbəsi tərəfındən 20 iyun 2005-ci il tarixdə rəy tərtib edilərək iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsinin bələdiyyənin mülkiyyatinə aid olduğu və alqı-satqı predmeti olduğu, satılması nəzərdə tutulan torpaq sahəsinin Şollar bələdiyyəsinin kəndaltı torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılmasının qanunamüvafiq olduğu qeyd edilmişdir. Eyni zamanda 1:10000 miqyasında Xaçmaz rayonu, Şollar bələdiyyəsinin Şollar kəndinin baş planından Çıxarış və xəritə Şollar bələdiyyəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi, o cümlədən Xaçmaz rayon İHB-nin Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiq edilmişdir. Xaçmaz rayonu, Susayqışlaq bələdiyyəsi tərəfındən verilən arayışdan da göründüyü kimi Xaçmaz rayonu, Susayqışlaq bələdiyyəsinin Şollar kəndi ərazisində 28 iyun 2005-ci il tarixli, 07 saylı qərarı ilə iddiaçıya fərdi mənzil tikintisi üçün 0,10 ha torpaq sahəsi verilmiş və hazırda həmin qərar qanuni qüvvədədir. İddiaçı torpaq sahəsinin ona ayrıldığı vaxtdan həmin torpaq sahəsində fərdi yaşayış evi tikməyə başlamış, 2013-cü ildə həmin fərdi yaşayış evini tamamlamış, cavabdehlə birlikdə həmin yaşayış evinə köçmüşlər. 2022-ci ildən tərəflər arasında münasibətlər pozulmuş, məhkəmənin qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında olan nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Cavabdeh iddiaçıya qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2447/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Xaçmaz rayon Şollar kəndində yerləşən İddiaçı (məxsus) istifadəsində olan 0.10 ha fərdi mənzil tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində tikilmiş (20 kv.metr sahəsi olan) evə köçürülməsi qət edilmişdir. Həmin qatnamədə məhkəmə torpaq sahəsinin bələdiyyənin qərarı ilə iddiaçıya ayrılmasını, həmin torpaq sahəsində iddiaçının fərdi yaşayış evi tikməsini, həmin evə qazın verildiyi qeyd etmişdir. Eyni zamanda məhkəma hesab etmişdir ki, fərdi yaşayış evi dövlət reyestrində qeydə alınmasa da, həmin fərdi yaşayış evi faktiki olaraq mövcuddur. Tərəflər həmin fərdi yaşayış evində yaşamışlar. Beləliklə məhkəmə cavabdehi həmin evi köçürərkən, evə dair iddiaçının mülkiyyət hüququnun əldə edilməsinə gözləntisinin olduğunu, evə dair titul sahibi olması qənaətinə gəlmişdir. Lakin tərəflər arasında artıq münasibətlər pozulduğundan, cavabdehlə iddiaçı artıq bir ailə kimi yaşaması mümkün olmadığından, cavabdehin evə köçürülməsinə dair dövlət adından çıxarılan məhkəmənin qərarı olmasına baxmayaraq həmin qərarın icra olunması onsuz da pozulmuş münasibətlərin daha da kəskinləşməsinə, tərəflər arasında olan münasibətlərin münaqişə vəziyyətinə gəlib çıxmasına səbəb olmuşdur. İddiaçı artıq yenidən ailə quraraq yeni ailə həyatına başlamaq istəsə də, cavabdehin atası evində yaşamağa yeri olduğu halda qəsdən, iddiaçıya acıq vermak üçün həmin fərdi yaşayış evində yaşayaraq, iddiaçının yenidən özünə ailə həyatı qurmasına maneə olmuşdur. Nəzərə alınsa ki, ailə eyni dam altında yaşayan, ortaq bir iqtisadiyyatı paylaşan, qan və coşqu bağlarıyla bir-birinə bağlanmış, aralarında cəmiyyət tərəfındən tanınmış haqq va tapşırıqlar olan kəslərdən qurulmuş ən kiçik cəmiyyət vahididir. İddiaçı ilə cavabdeh aralarında nikah olmadığı üçün artıq ailə sayılmırlar və onların bir adam altında yaşaması istər-istəməz münaqişələrin yaranmasına səbəb olacaqdır. Buraya tərəflərin birgə nikahından uşaqlarının olmaması, iddiaçının uşaqlarının olmaması, nəslinin davam etdirilməsi üçün yenidən ailə qurmaq istəməsi, cavabdehin bunu bildiyi halda, artıq heç bir ailə münasibəti olmadan qəsdən iddiaçı ilə birlikdə yaşayaraq iddiaçının gələcəyinı, qurduğu xəyallarını məhv etməsi tərəflərin birlikdə yaşamasını mümkünsüz hala gətirmişdir. Bu səbəbdən də iddiaçı cavabdehə qarşı kompensasiya verməklə evdən istifadə hüququna (evə köçürülməyə) xitam verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı ilk vaxt kompensasiyanın məbləğini yaşayış normalarına uyğun 5000 (beş min) manat qoymuş, daha sonra məhkəmə iclasının gedişində onun bir dəfə artıraraq 10000 (on min) manat müəyyən etmişdir. İddiaçının bu addımı bu mübahisənin birdəfəlik həll etmək istəyindən irəli gəlmişdir. Lakin cavabdeh kompensasiya məbləğini 20000-30000 manat məbləğində (ona bir otaqlı ev alıb versin) tələb etməklə əslində həmin evdən çıxmaq istəmədiyini, iddiaçı ilə aralarında yaranan münaqişənin ona sərf etdiyini, iddiaçının yenidən ailə həyatı qurmasına maneə yaratmasını beyninin altşüurunda formalaşmasını göstərmişdir. Halbuki cavabdehə təklif edilən kompensasiya məbləği eyni şəraitli ərazidə təklif olunan məbləğlərdən kifayət qədər yüksəkdir. İşə baxan məhkəmə iddianı rədd etmiş, iddianın rədd etməsini iddiaçının iddia ərizəsini məhkəməyə müraciət etməklə subyektiv hüququnun olmaması, iddiaçının kompensasiya verilməklə çıxarılmasını tələb etdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun olmamasını əsas gotürmüşdür. Məhkəmənin hər iki arqumenti ilə razılaşmırlar. İddiaçının iddia qaldırmağa ona görə subyektiv hüququ var ki, köçürülməsi qət edilmiş Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2447/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsində iddia hazırkı iddiaçıya qarşı irəli sürülmüşdür. Yəni İddiaçı qarşı iddia irəli sürülərək evinə köçürülməsi tələb edilirsə və həmin qətnamə təmin edilirsə, onda İddiaçı cavabdehə qarşı köçürülməsini qət edilmiş evdən çıxarılma barədə iddia vermək hüququ vardır. Belə demək mümkünsə iddiaçının subyektiv hüququ cavabdehin ona qarşı iddia irəli sürən və məhkəmənin qətnaməsi çıxan zaman yaranmışdır. Məhkəmənin ikinci arqumenti ilə bağlı qeyd etmişdir, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bələdiyyə qərarı ilə iddiaçıya satılmışdır. Belaliklə iddiaçı dəyərini ödəməklə aldığı torpaq sahəsində ev tikməklə, uzun illər həmin evdə yaşamaqla, evə və torpaq sahəsinə titul sahibliyi yaranmışdır. İddiaçının evə və torpaq sahəsinə dair gözlənilən mülkiyyət hüququ mövcuddur. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları vardır. Belə olan halda iddiaçı hazırkı iddianı qaldırmaqla haqlı olmuşdur. Həmçinin hazırkı mübahisənin həll edilməsi tərəflərin birgə yaşadıqları vaxt baş verəcək xoşagəlməz halların qarşısının alınması baxımından da vacibdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2447/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Xaçmaz rayon Şollar kəndində yerləşən İddiaçı (məxsus) istifadəsində olan 0.10 ha fərdi mənzil tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində tikilmiş (20 kv.metr sahəsi olan) evə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2447/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Xaçmaz rayon Şollar kəndində yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ilə onların nikahlarına xitam verilmişdir. Cavabdehin mübahisəli evə istifadə hüququ vardır və təklif olunan kompensasiya müqabilində istifadə hüququna xitam verilməsinə etiraz edir. Göründüyü kimi, tərəflər arasında mövcud mübahisənin predmeti qismində kompensasiya verilməklə mənzilə dair istifadə hüququna xitam verilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qətnaməsini haqlı olaraq onunla əsaslandırmışdır ki, İddiaçı mübahisəli evə, eləcə də onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi mövcud deyildir və məhkəmə araşdırılması zamanı da belə bir hal müəyyən olunmadı. Həmçinin İddiaçı Xaçmaz rayon Şollar kəndində yerləşən fərdi yaşayış evinə aid hər hansı mülkiyyət hüququnu təsdiq edən sənədi mövcud deyildir. Göründüyü kimi İddiaçı qeyd olunan evin hal hazırda onun mülkiyyətində olması ilə bağlı məhkəməyə dəlil təqdim etməmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş edərək şikayətini – tərəflərin birgə nikahından uşaqlarının olmaması, iddiaçının nəslinin davam etdirilməsi üçün yenidən ailə qurmaq istəməsi, cavabdehin bunu bildiyi halda, artıq heç bir ailə münasibəti olmadan qəsdən iddiaçı ilə birlikdə yaşayaraq iddiaçının gələcəyinı, qurduğu xəyallarını məhv etməsi, tərəflərin birlikdə yaşamasını mümkünsüz hala gətirməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 225-ci maddəsi və Ailə Məcəlləsinin 32-ci maddələri təşkil edir. Mülki Məcəllənin 14.3. maddəsi əmlak hüquqlarının yaranmasının xüsusi qaydasını müəyyən edir. Qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Mülki Məcəllənin 146-cı maddəsi bu qaydanı daha da dəqiqləşdirir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (Mülki Məcəllənin 139.1-ci maddəsi). Qeyd olunmalıdır ki, qeydiyyat tələbinə əməl edilməməsi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun və daşınmaz əmlakla bağlı digər hüquqların mövcudluğunu istisna edir. Göründüyü kimi mübahisəli torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin qeydiyyat tələbinə əməl edilməmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi və üzərində inşa edilmiş bir mərtəbəli fərdi yaşayış evi qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmədiyindən həmin əmlaklar üzərində tərəflərin mülkiyyət hüququ yarana və həmin əmlaklar üzərində tərəflərin payları müəyyən edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə ümumi gəlirləri hesabına əldə olunmuş, bu işin mübahisəsiz halıdır, bunu iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının 07 dekabr 2023-cü il tarixli keçirilmiş iclasında təsdiq etmişdir, həmin əmlaklar daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə nə iddiaçının, nə də cavabdehin adına qeydə alınmayıb. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə tərəflərin ümumi mülkiyyət hüququ Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən qeydə alındıqdan sonra hazırkı mübahisə onun həlli üsullarından biri kimi həmin Məcəllənin 220-ci maddəsinin tələbləri baxımından həll oluna bilər. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə işin faktiki hallarına və yuxarıda sadalanan maddi hüquq normalarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(067)-1779/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-211/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-211/2024
18.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver