Məhkəmə qərarları › İş №2(105)-2121/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2121/2023

18.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2121/2023 18.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri 39 saylı Notariat Kontoru və "xxxx" ASC) tələbinə dair mülki iş üzrə (Açar sözlər: əqdin (bağışlama müqaviləsinin) etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X1 ibarət tərkibdə məhkəmə iclas katibi X2 İddiaçı vəkili-nümayəndəsi Vəkil Rəhman oğlunun, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri 39 saylı Notariat Kontoru və "xxxx" ASC) «daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(012)-1497/2023 nömrəli qətnaməsindən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il qeydiyyat tarixi ilə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.

2. Bakı Şəhəri 39 saylı Notariat Kontorundə bağlanmış 23 sentyabr 2015-ci il tarixli, 4Ə-110 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini hədiyyə alan Cavabdeh1 bağışlamışdır.

3. Xətai RPİ-nin İstintaq Şöbəsi tərəfindən verilmiş 16 iyun 2018-ci il tarixli qərardan görünür ki, AR CM-nin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə istintaq edilən Cavabdeh2 barəsində ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir.

4. Xətai Rayon Prokurorluğu tərəfindən verilmiş 28 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis mayoru Məhəmmədəli Cümşüdovun 16 iyun 2018-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir.

5. Xətai RPİ tərəfindən verilmiş 28 may 2022-ci il tarixli qərardan görünür ki, AR CMnin 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə istintaq edilən Cavabdeh2 barəsində ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 6(011)-66/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Həsənbəy Şərifovun ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında 28 may 2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, qeyd edilən xüsusatlar araşdırılmaqla, cinayət işinin ibtidai istintaqının davam etdirilməsi qərara alınmışdır.

7. DƏDRX-in xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (torpaq sahəsi ilə birlikdə) "xxxx" İKB-nin mülkiyyətindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ona məxsus olan fərdi yaşayış evini girov qoyaraq pul götürüb ona verəcəyi vədi ilə aldadaraq 23 sentyabr 2015-ci il tarixdə şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi 2-ci döngədə yerləşən 5 saylı fərdi yaşayış evini Bakı şəhəri 39 saylı Notariat Kontorunda öz adına (Cavabdeh1 adına) bağışlanma müqaviləsi əsasında rəsmləşdirildikdən sonra xx.xx.2015-ci il tarixdə AR ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydə aldıraraq, 20 oktyabr 2015-ci il tarixdə ünvan 2 ünvanda "xxxx" İKB ASC-nin 10 saylı filialında ipoteka ilə yüklü edərək həmin tarixli, 22- G1-0-473-15 saylı kredit müqaviləsi əsasında illik 25 faiz dərəcəsi ilə verilmiş həmin vaxtın məzənnəsi ilə 15057,90 manat təşkil edən 14300 ABŞ dolları pulu ələ keçirərək özünün əlbir olduğu şəxslərlə digər Cavabdeh2 ğlu ilə aralarında bölərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla bağlı Cavabdeh1 barəsində onun və digər zərərçəkmiş şəxslərin müxtəlif məbləğlərdə pullarının ələ keçirilməsi faktları ilə bağlı 13 may 2016-cı il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində AR-sı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320,1 və 320.2-ci maddələri ilə cinayət işi açılmış və bu günə qədər istintaqı davam etmişdir, istintaq müddətində müxtəlif vaxtlarda müxtəlif istintaq hərəkətləri aparılmış, qətimkan tədbirləri seçilmiş və tətbiq edilmişdir. Qeyd edir ki, o, cavabdehlərdən Cavabdeh2 onu tanış etdiyi öz tanışı olan digər Cavabdeh1 etibarnamə vermişdir ki, “Nikoyl Bank”-dan 35000 manat pul çıxarsın və ona versin. O isə əvəzində 5000 manat pul verəcəkdi. Əvvəlcə banka birlikdə getmək razılaşdırılsa da, Əhliman ona xəbər etmədən bankdan cəmi 15000 ABŞ dolları götürmüşdür. O, bunu biləndə lazım olmadğını və sənədlərini qaytarmaqlarını demişdir. Lakin cavabdehlər telefonu söndürüb ona cavab vermədən aradan çıxmışlar. Araşdırılmış istintaq gedişatı zamanı cavabdehlər özləridə olanları etiraf etmiş və məlum olmuşdur ki, onun niyyəti evini tanımadığı şəxsə bağışlamaq olmamışdır, belə ki, yeganə evini əvəzsiz qaydada tanımadığı şəxsə bağışlamağı müəyyən bir sövdələşmənin olduğunun əyani və bariz göstəricidir. Belə ki, o, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adlı şəxslərin cinayətkar əməllərinin qurbanı olmuşdur. Həmin şəxslər tanışlıqlarından, onun cavabdehlərə olan güvənindən və etibarından istifadə etmiş, onu aldatmış və xeyli miqdarda ziyan vurmuşlar. Halhazırda icra orqanı tərəfindən evinin boşaldılması tələb olunur və onun yeganə qalacaq yeri qeyd edilən mənzildir. Bu səbəbdən də, onunla Cavabdeh1 arasında 23 sentyabr 2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi’’ barədə qətnamə çıxarılması tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

10. Abşeron Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(012)-1497/2023 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının fərdi yaşayış evinin cavabdehə bağışlanma müqaviləsi MM-nin 666.1 maddəsinin tələblərinə uyğun bağlanmamışdır. Burada niyyət İddiaçı tərəfindən əmlakın Cavabdeh1 bağışlanılması olmamış, bu əqd əvəzsiz olaraq bağışlanma müqaviləsinin dispozissiyasına uyğun bağlanmamışdır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Lakin, hazırkı iş üzrə tərəflər bankdan 35000 AZN kredit götürərək onun 30000 AZN hissəsini İddiaçı, yerdə qalan hissəsini isə öz aralarında bölmək niyyəti ilə bu əqdi bağlayıb, daha sonra bank tərəfindən onlara daha az yəni 15000 AZN pul verildikdə İddiaçı ümumiyyətlə pul verməyərək bütün pulu mənimsəmişlər. Göründüyü kimi, burada əvəzsiz olaraq hədiyyəni qəbul etməkdən, bağışlanılmaqla bağlı əqd bağlanması baş verməmişdir. Fərdi yaşayış evinin bağışlanılması müqaviləsi bankdan kredit götürülməsi ilə bağlı əqdi pərdələmək niyyəti ilə baş verib və həmin əqd görünüş üçün bağlanmış uydurma əqddir. Belə olan halda Mülki Məcəllənin 340 maddəsinə əsasən uydurma əqd əhəmiyyətsiz əqd hesab olunur və əhəmiyyətsiz əqdlər də etibarsız əqdlərdir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə sonda hesab etmişdir ki, mübahisələndirilən bağışlama müqaviləsi etibarlı sayıla bilməz və bağlandığı andan əhəmiyyətsiz əqd hesab olunmalıdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2, 337.3, 337.5, 340.1, 340.2, 397.2, 666.1, 666.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 19 dekabr Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə lazımi qaydada araşdırma aparmamış, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, 20 oktyabr 2015-ci il tarixdə "xxxx" ASC (hazırkı "xxxx" ASC) Cavabdeh1 ilə kredit müqaviləsi bağlayaraq 36 ay müddətinə 25% dərəcəsi ilə 14300 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi 2-ci döngədə yerləşən 5 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 1272/2018 saylı 07 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC (hazırkı "xxxx"ASC) Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc məbləğinin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və tələbi üzrə iddia qismən təmin edilərək Cavabdeh1 "xxxx"ASC (hazırkı "xxxx" ASC)-nin xeyrinə ümumilikdə cəmi 22482.63 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi,Natavan küçəsi 2-ci döngədə yerləşən 5 saylı fərdi yaşayış evinə yönəldilməsi qət olunmuşdur. Bu qətnamə üzrə verilmiş icra sənədi əsasında hərrac keçirilmiş, 17 oktyabr 2018-ci il tarixdə hərrac protokolu tərtib edilmiş və "xxxx" ASC (hazırkı "xxxx" ASC) 21 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi 2-ci döngədə yerləşən 5 saylı fərdi yaşayış evinə dair Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış əldə etmişdir. Cavabdeh1 banka olan borcu əmlakın bankın mülkiyyətinə götürülməsi hesabına ödənilərək, artıq vəsait 3216.4 manat pul məbləği 29 may 2019-cu il tarixli ödəniş tapşırığı ilə Abşeron rayon icra və probasiya şöbəsinin hesabına köçürülmüşdür. Belə olan halda mövcud hazırkı qətnamə birbaşa olaraq bankın hüquq və mənafeyinə toxunur. İşə baxan məhkəmə iş üzrə yekun qərar qəbul edərkən banka münasibətdə işi tam araşdırmağa maraqlı olmamış qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları qorunmalıdır. Lakin məhkəmə qətnaməsində ümumiyyətlə əmlakın hazırkı mülkiyyətçisi olan bankın hüquqlarına münasibət bildirməmişdir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş maddəsi daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. İşə baxan məhkəmə sadalanan hallara heç bir hüquqi qiymət vermədən işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1497/2023 saylı 10 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilmədir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, 20 oktyabr 2015-ci il tarixdə "xxxx" ASC (hazırkı "xxxx" ASC) Cavabdeh1 ilə kredit müqaviləsi bağlayaraq 36 ay müddətinə 25% dərəcəsi ilə 14300 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq hazırkı mübahisəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 1272/2018 saylı, 07 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC (hazırkı "xxxx"ASC) Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc məbləğinin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və tələbi üzrə iddia qismən təmin edilərək Cavabdeh1 "xxxx"ASC (hazırkı "xxxx" ASC)-nin xeyrinə ümumilikdə cəmi 22482.63 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi,Natavan küçəsi 2-ci döngədə yerləşən 5 saylı fərdi yaşayış evinə yönəldilməsi qət olunmuşdur. Bu qətnamə üzrə verilmiş icra sənədi əsasında hərrac keçirilmiş, son mərhələdə mübahisəli fərdi yaşayış evi bankı mülkiyyətinə keçmiş və nəhayət icra sənədi üzrə borcun ödənilməsi təmin edilmişdir. Göründüyü kimi mövcud qətnamə birbaşa olaraq bankın hüquq və mənafeyinə toxunur. İşə baxan məhkəmə iş üzrə yekun qərar qəbul edərkən banka münasibətdə işi tam araşdırmağa maraqlı olmamış qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. İddiaçı vəkili-nümayəndəsi Vəkil Rəhman oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, iddia tələbi kifayət qədər zəruri sübutlarla əsaslandırılmışdır. İşə baxan məhkəmə təqdim edilmiş sübutlar üzrə lazımi qaydada araşdırma aparmış və iş üzrə qanuni qətnamə qəbul etmişdir. Apelyatorun şikayəti formal mülahizələrdən ibarətdir. Hazırkı iş üzrə apellyator bank apellyasiya şikayətində yeganə dəlil kimi özünün vicdanlı əldə edən olmasına istinad etmişdir. Halbuki iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsindən ibarətdir. Göründüyü kimi bank mübahisələndirilən müqavilənin etibarlı olmasına dair hər hansı dəlilə istinad etməmişdir. Çünki bağışlama müqaviləsinin özlüyündə etibarsız əqd olması işin araşdırılan halları ilə tam təstiqini tapmışdır. Bundan başqa iddiaçı hazırkı iş üzrə bağışlama müqaviləsinin onun aldadılması ilə bağlandığını bildiyi vaxtdan hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Daha sonra hazırkı mübahisənin mülki məhkəmə icraatı qaydasında həll edilməsi üçün iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə əsaslı və qanuni qətnamə qəbul edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri 39 saylı Notariat Kontoru səbəb və mümkünsüzlüyü məhkəmə kollegiyasının iclasına gəlməmiş, nümayəndəsini göndərməmişdir.

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları

“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 2(012)-1497/2023 saylı, 10 avqust 2023-cü il tarixli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi təmin edilməməlidir.

27. Hazırkı iddia tələbi əqdin (bağışlama müqaviləsinin) etibarsız hesab edilməsi barədədir.

28. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı Şəhəri 39 saylı Notariat Kontorundə bağlanmış 23 sentyabr 2015-ci il tarixli, 4Ə-110 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 bağışlamışdır. Bağışlama müqaviləsinin 3-cü bəndinə əsasən bağışlanılan daşınmaz əmlak qiymətləndirilməmiş, o cümlədən hər hansı şərtlə şərtləndirilməmişdir.

29. İddiaçı öz tələbinin faktiki əsası kimi ona istinad edir ki, bağışlama müqaviləsinin bağlanılmasında məqsəd heç də əmlakın Cavabdeh1 əvəzsiz şəkildə bağışlanması olmamışdır. Belə ki, müqavilənin bağlanmasında səbəb, iddiaçı bankdan kredit vəsaiti əldə etmək üçün özünə məxsus olan fərdi yaşayış evini Cavabdeh1 bağışlamış və bundan sonra həmin daşınmaz əmlakın ipoteka ilə yüklü edilərək, bu təminat əsasında cavabdehin əldə etdiyi kredit vəsaitini iddiaçıya verməsi barədə razılaşmaları olmuşdur. İddiaçı tələbinin əsası kimi qeyd edir ki, Cavabdeh1 tərəflər arasındakı razılaşmaya əməl etməmiş, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, daha dəqiq qeyd edilsə, iddiaçıya verilməsi nəzərdə tutulan pul məbləğini ona verməmişdir.

30. Mülki Məcəllənin 339.2-ci maddəsi tnə əsasən aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).

31. Kollegiya qeyd etməyi vacib bilir ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur.

32. Kollegiyanın qənaətinə görə iddiaçının aldadılması əsası ilə müqavilənin etibarsız sayılması barədə tələbini yalnız iddiaçı tərəfin öz izahatına rəğmən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Belə ki, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

33. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, vurğulayır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Belə bir sübut da iddiaçı tərəfindən təqdim edilməmişdir

34. Nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqavilənin zəruri şərtlərindən biridir. Belə ki, bağışlayanın (hədiyyə edənin) təklif olunan əşyanı verməsi, bağışlananın (hədiyyə alanın) qəbul edilməsi ilə qarşılıqlı şəkildə şərtləndirilmişdir

35. Apellyasiya şikayətinin dəlilləri üzrə həmçinin nəzərə alınmalıdır ki, hər hansı fiziki və ya hüquqi şəxslər digər şəxslərə yaranmış əmlak öhdəliklərini yerinə yetirməkdən yayınmaq və ya ödənilməsinə maneələr yaratmaq məqsədilə uydurma əqdlər tərtib edərək, əmlaklarını üçüncü şəxslərin adına qeydə alınmasına nail ola bilərlər.

36. Belə olan halda həmin şəxslərin kreditorlarının qanuni mənafelərinin müdafiə edilməsi üçün onların qeyd olunan əqdlərin əhəmiyyətsiz olduğunun məhkəmə qaydasında təsbit edilməsini tələb etməklə bağlı subyektiv hüquqları tanınmalıdır. Sözsüz ki, bu yanaşma kreditorların borcluların öz əmlakları barədə istənilən sərəncamları barədə və istənilən əsaslarla mücərrəd mübahisə etməklə bağlı geniş imkanı kimi başa düşülməməlidir.

37. Eyni zamanda təbii ki, bu əsaslarla iddia irəli sürüldükdə həmin iddiaların birmənalı olaraq təmin olunması anlamına gəlinə bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə həqiqətən də iddiaçının aldadıldığı, iradə ifadəsinin zədələndiyi və s. kimi hallar mötəbər subutlar əsasında sübut olunmalı, tərəflərin, xüsusən də cavabdeh tərəfin “formal etirafı” qanuna zidd olmamamlı, hər hansı şəxsin hüquqlarını və qorunan mənafelərini pozmamamlıdır.

38. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam edən məhkəmə kollegiyası onu da qeyd edir ki, işdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1272/2018 saylı 07 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC (hazırkı "xxxx"ASC) Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc məbləğinin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və tələbi üzrə iddia qismən təmin edilərək Cavabdeh1 "xxxx"ASC (hazırkı "xxxx" ASC)-nin xeyrinə ümumilikdə cəmi 22482.63 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi,Natavan küçəsi 2-ci döngədə yerləşən 5 saylı fərdi yaşayış evinə yönəldilməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış, icraya yönəlmiş, habelə hərrac nəticəsində ipoteka predmeti olan əmlak (bağışlama müqaviləsinin predmeti olan əmlak) "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir.

39. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçının mübahisəli yaşayış evinə qanunla qorunan hər hansı hüququ hətta pozulmuş olsa da belə, onun pozulmuş hüquqları yaşayış sahəsini sonradan vicdanlı əldə edən 3-cü şəxsin hesabına kompensasiya edilə bilməz.

41. Digər tərəfdən məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı yaşayış sahəsinə dair bağışlama müqaviləsinin bağlanmasından təxminən 8 il sonra, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti də ötürmüşdür. Halbuki, qeyd olunan maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

42. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddət olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki iddia müddətindən fərqli olaraq kəsiçi müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Bu müddət yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur.

43. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə cavab vermir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə ilə iddia təmin edilməməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(012)-1497/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri 39 saylı Notariat Kontoru və "xxxx" ASC) daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar