Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2126/2022 30.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Əmirxanlı Mehman Əmirxan oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(060)-2965/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X8 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun xəbəri və iştirakı olmadan Sumqayıt “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Ə.M.Əmirəliyev tərəfindən xx.xx.2019-cu il tarixli, 4Ə-2054 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilməsi və DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəsi, **********19 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2006-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuş və bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü X22 oğlu doğulmuşdur. Ailədə həmişə münasibətləri normal olmuş, axır vaxtlarda yoldaşının ona qarşı soyuq münasibətdə olduğunu hiss etmişdir. Xəbəri olmadan keçmiş həyat yoldaşı, Cavabdeh1 nikahın pozulması ilə bağlı Lerik Rayon Məhkəməsinə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(048)-108/2021 nömrəli qətnaməsi ilə nikah pozulmuşdur. Birgə nikah dövründə keçmiş həyat yoldaşı Cavabdeh1 Abşeron rayonu, Saray qəsbəsində yerləşən 0,033 ha torpaq sahəsinə dair öz adına xx.xx.2017-ci il tarixli **********19 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli çıxarış almışdır. Daha sonra cavabdeh öz adına olan 0,033ha torpaq sahəsini onun xəbəri və razılığı olmadan birinci yoldaşından olan övladı Cavabdeh2 adına daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə bağışlamışdır. Baxmayaraq həmin vaxt rəsmi nikahda olmuşlar onun razılıq ərizəsi notariat ofisi tərəfindən alınmamışdır. “Asan xidmət” mərkəzində notariat hərəkətləri aparan dövlət orqanı tərəfindən hüquqları tam şəkildə pozulmuş və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi çıxarış verərkən bunu nəzərə almamışdır.
3. Cavabdeh tərəfin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır.
4. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
5. DƏDRX Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın RX seriyalı ******* saylı Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən, sahəsi 0.033 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə 906 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydə alınmışdır.
6. AZ-İ seriyalı, 289773 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə X9 arasında 18 noyabr 2006-cı il tarixdə 1787 №li akt qeydi ilə nikah bağlanmış, qadına Əliyeva soyadı verilmişdir.
7. Abşeron Rayon Məhkəməsinin 2(012)-4679/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Lerik Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(048)-108/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 və X8 arasında 18 noyabr 2006-cı il tarixdə 1787 №li akt qeydi ilə bağlanmış nikah pozulmuşdur.
8. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.033 ha olan torpaq sahəsini Cavabdeh2 bağışlamışdır.
9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4679/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh X6 qarşı cavabdehin torpaq sahəsi və üzərindəki tikililərdən çıxarılması, tikililərin boşaldılması tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh X4 iddiaçı Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0330 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir.
10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 21 aprel 2022-ci il tarixli, №**********96 saylı məktubun məzmunundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.0330 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli, 4Ə-2054 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2019-cu i tarixində **********19 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır.
11. Birinci instansiya məhkəməsinin araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edilmişdir ki, X8 və Cavabdeh1 arasında xx.xx.2006-cı il tarixdə rəsmi nikah bağlanmaqla hüquq və vəzifələr yaranmışdır. Cavabdeh1 birgə nikah dövründə, yəni xx.xx.2017-ci il tarixdə hüquqları dövlət qeydiyyatında alınmaqla Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.0330 ha torpaq sahəsi almış, daha sonra xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən həmin torpaq sahəsini oğlu Cavabdeh2 mülkiyyətinə vermişdir. İddiaçı və Cavabdeh1 arasında ailə münasibətlərinə məhkəmə qətnaməsinə əsasən 26 may 2021-ci il tarixdə xitam verilmişdir. İddiaçı mübahisə predmetini təşkil edən bağışlama müqaviləsi bağlanarkən onun məlumatı olmadığını, topaq sahəsinin birgə nikah dövründə cavabdehin adına qeydə alındığını və birgə nikah dövründə orada ev inşa edərək yaşadıqlarını, bu səbəbdən birgə mülkiyyətləri olmasını, həmin bağışlama müqaviləsinə razılığını bildirmədiyini, əri – Cavabdeh1 onun xəbəri və məlumatı olmadan bağışlama müqaviləsi bağlamaqla torpaq sahəsini birinci həyat yoldaşından olan oğlu Cavabdeh2 bağışladığını, bu barədə xeyli müddət sonra 2021-ci ilin noyabr ayında, yəni digər məhkəmə mübahisəsi zamanı bildiyini iddia edir və bu əsaslara görə bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb edir.
12. Məhkəmə ilk öncə etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddəti ilə bağlı məsələyə qiymət verilməsini zəruri hesab edərək qeyd etmişdir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (Mülki Məcəllənin 354.1-ci maddəsi).
13. Konstitusiya Məhkəməsinin Plenum qərarlarında formalaşmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir.
14. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir.
15. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
16. İşin hallarından göründüyü kimi mübahisələndirilən Bağışlama müqaviləsi 22 iyul 2019-cu il tarixdə bağlanılmış, iddiaçı isə araşdırılan tələblə bağlı 05 aprel 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
17. İddiaçı mübahisələndirilən müqavilənin bağlanmasından xəbərsiz olduğunu, bu barədə yalnız 2021-ci ilin noyabr ayında Abşeron Rayon Məhkəməsi tərəfindən müvafiq qətnamə qəbul edildikdən sonra bildiyini iddia edir.
18. Cavabdeh tərəf bağışlama müqaviləsinin bağlanılmasından iddiaçının həqiqətən də məlumatı olmadığını, iddiaçının bu barədə Abşeron Rayon Məhkəməsində Cavabdeh2 iddiası üzrə işə baxılarkən bildiyini təsdiq etdi.
19. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən iddiaçı tərəfindən Mülki Məcəllənin 354-cü maddəsi baxımından əqdin mübahisələndirilmə müddətinin ötürülməməsi qənaətinə gəLmişdir.
20. İş üzrə toplanmış sübutlardan göründüyü kimi mübahisələndirilən bağışlanma müqaviləsinin predmeti olan torpaq sahəsi üzərində hüquqlar iddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə qeydə alınmış, topaq üzərində inşa olunmuş evdə əsaslı təmir işləri gördürmüşlər. Bağışlama müqaviləsi bağlanarkən iddiaçının razılığı alınmamışdır.
21. Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(060)-2965/2022 nömrəli qətnaməsi ilə (hakim Almaz Süleymanova) iddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilib, Cavabdeh2 və Cavabdeh1 arasında Sumqayıt “Asan xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş 4Ə-2054 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh2 adına Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən sahəsi 0.033 ha olan torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, **********19 reyestr nömrəli çıxarış ləğv edilmiş və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
22. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin edilməsi barədə gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, mübahisə predmeti olan müqavilə üzrə bağışlanan torpaq sahəsi ər-arvadın ümumi mülkiyyətinin hüquqi rejiminə aid olduğundan həmin əmlakın iddiaçının razılığı olmadan bağışlanması haqqında müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Ona görə də, iddiaçının tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair Sumqayıt “Asan xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş 4Ə- 2054 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilməlidir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.4, 225.6, 329.1, 337.1, 337.3, 337.4, 337.5, 354, 667.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1,88, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
24. Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(060)-2965/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
25. 2000-ci ildə ünvan 2 ünvanında 0,033 ha torpaq sahəsini içində olan bir otaqlı evlə birlikdə X3 1100 ABŞ dollarına almış və hazırda da ailəliklə orada yaşayır. Həmin torpaq sahəsindəki evi təmir etmiş, torpaq sahəsini hasara almaqla, torpaq sahəsini münbitləşdirmişdir. Birinci həyat yoldaşı X19 2003-cü ildə vəfat etmişdir. 2003-cü ildə birinci həyat yoldaşının ölməsi və uşaqların tərbiyəsi və ailə problemlərinin həlli ilə əlaqədar olaraq evi mülkiyyətinə keçməsi ilə əlaqədar çıxarış ala bilməmişdir. xx.xx.2006cı ildə X8 ilə rəsmi qaydada nikaha girmiş və o, qeyd etdiyi torpaq sahəsində aldğı hazır və təmirli evə gələrək yaşamışdır. Birgə nikahlarından xx.xx.2006-ci ildə Fəhmin adlı bir nəfər uşaqları doğulmuşdur. Ona görə həmin torpaq sahəsinin ona heç bir aidiyyəti olmadığından torpağın mülkiyyətində olması barədə xx.xx.2017-ci ildə çıxarış almışdır. Cavabdeh X8 nikaha girənə kimi və ondan sonra da cavabdeh X8 evin kommunal xərclərini, istifadə etdikləri su, işıq, qaz pullarını özü ödəmişdir. Lerik Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2021-ci il tarixli, 2(048)-108/2021 nömrəli qətnaməsi ilə Fərhad X2 arasında olan nikah pozulmuş, oğlu Fəhmin Əliyevin anası X4 himayəsində saxlanılması qət edilmişdir. Cavabdeh Fəxrəndə Əliyeva evdən çıxaraq getmiş, Bakı şəhərində ünvanların birində yaşayır. Fəhmin anası ilə getməkdən imtina etdiyindən onunla bir ünvanda yaşamaqla faktiki olaraq himayəsində yaşayır. Valideyinlik hüquqlarını və vəsifələrini layiqincə yerinə yetirməyini davam etdirir. Ailə vəziyyəti, yəni birinci həyat yoldaşının ölməsi və uşaqların himayəsində olması və torpağı satan Hacat Atakişiyevin rayona köçüb yaşaması ilə əlaqədar torpaq sahəsinə dair çıxarışı vaxtında almaqda yubanmışdır. Etdiyi müraciət əsasında xx.xx.2017-ci il tarixdə torpağa dair çıxarış almaqla torpaq mülkiyyətinə verilmişdir. Sumqayıt “Asan xidmət” mərkəzində notariat kontorunda bağladığı 22 iyul 2019-cu il tarixli, 4 Ə-2054 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən mülkiyyətində olan torpağı oğlu Cavabdeh2 bağışlamaqla, 0,033 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin iddiaçı X6 heç bir aidiyyəti olmamaqla və torpağı almaqda heç bir zəhməti və rolu yoxdur, çünki torpağı, içindəki bir otaqlı evlə 2000-ci ildə birgə nikahdan 6 il əvvəl alınmışdır. 2000-ci ildə torpağı içindəki bir otaqlı evlə iddiaçı X8 ilə nikaha girənə kimi almağını və ailəliklə orada yaşamağını, evi təmir etməyini, hasar çəkməyini, törpağın pulunu ödəməyini təsdiq edən aşağıda sadalanan sübutlar bir daha təsdiq edir. 2000-ci ildən istifadə etdiyi qaz, işıq və su pulunun ödənilməsi barədə əldə etdiyi çıxarışlar və abonent saldosu, X5 torpağı 1100 ABŞ dollarına ona satması barədə verdiyi yazlı qəbz, qonşu X11, qonşular X16, X17, X18, X20, X7, X1 qaydada yazib imza etdikləri sənəd, Saray qəsəbə İcra mümayəndəliyinin verdiyi rəsmi arayış və fotoşəkillər bir daha bunu təsdiq edir. Həmin sənədlər birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Məhkəmə baxışında qeyd olunan qonşulardan yalnız X18 dindirilmişdir. Tərəf olaraq iddiaçı X6 müəyyən sualları olması ilə əlaqədar olaraq onun məhkəmə baxışına dəvət edilib izahatının alınması ilə əlaqədar olaraq vəsatət qaldırsa da, vəsatəti təmin olumamışdır. İddiaçı iddia ərizəsində guya torpağın oğlu Cavabdeh2 bağışlamasını bilməmişdir. Bunu düz demir, torpağın oğluna bağışlamasını 2 il əvvəl eşitmişdir. o, iddiaçının əmlakının evindən çıxarıb aparmasını tələb edəndə əmlakını aparmaqdan imtina etdi və bu barədə olan məhkəmə icra sənədini qəsdən icra etmir. Lakin işə baxan məhkəmə iddiaçının tələbini əsas tutaraq yuxarıda təqdim etdiyi sübutları nəzərə almadan və şahidlərinin ifadələrini dinləmədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
26. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
27. Yazılı etirazda qeyd olunmuşdur ki, Cavabdeh1 ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü Fəhmin adlı bir nəfər uşaqları doğulmuşdur. Ailədə həmişə münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Xəbəri olmadan Cavabdeh1 nikahın pozulması barədə Lerik Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(048)-108/2021 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,033 ha torpaq sahəsinə xx.xx.2017-ci il tarixli, **********19 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli çıxarış almışdır. Daha sonra cavabdeh öz mülkiyyətində olan 0,033 ha torpaq sahəsini onun xəbəri və razılığı olmadan birinci yoldaşından olan övladı - Cavabdeh2 adına daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə bağışlamışdır. Baxmayaraq həmin vaxt onlar rəsmi nikahda olmuş və onun razılıq ərizəsi notariat ofisi tərəfindən alınmamışdır. Birgə nikah dövründə sözügedən torpaq sahəsi üzərində ev inşa etmiş, ona cehiz payı olaraq verilmiş 5000 (beş min) manatı, həm də gündəlik fərdi qaydada işlədiyi əmək haqqını da evin tikinti, təmirinə xərcləmişlər və həmin evdə də ailə kimi yaşamışlar. Daha sonra məlum olmuşdir ki, keçmiş həyat yoldaşı Cavabdeh1 Sumqayıt şəhər “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisi ilə əlaqəyə girərək saxta, yəni onun razılıq ərizəsi olmadan bağışlanma müqaviləsi tərtib edərək DƏDRX-nin 4 saylı ərazi idarəsinə təqdim etmişlər. Notariat ofisi və Cavabdeh1 tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2965/2022 nömrəli qətnaməsi tam düzgün və əsaslıdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
28. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər.
29. Sumqayıt şəhər “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmənin onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
30. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir.
31. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Mülki Məcəllə
32. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
33. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
34. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
35. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
38. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
39. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
40. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
Mülki Prosessual Məcəllə
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
47. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Apellyasiya şikayətinin dəlillərində göstərilən xüsasatlara birinci instansiya məhkəməsinin araşdırmasının nəticəsi olaraq tam qiymət verilmişdir.
50. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia düzgün olaraq təmin edilməmişdir.
51. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
52. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır.
53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmadığına görə təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(060)-2965/2022 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.