Məhkəmə qərarları › İş №2(105)-2127/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2127/2021

02.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2127/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X12, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X16, ilk iddia üzrə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X5 nümayəndəsi X14, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 nümayəndəsi və vəkili X11, qarşılıqlı iddia üzrə cavabdeh “Azərkimya” İB-nin nümayəndəsi X9 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(060)-713/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X5 rəisi H.Həsənov və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı S.Q.Ağayev tərəfindən verilmiş apelyasiya şikayətləri üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(060)-713/2021 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X8 və X3 qarşı kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilib, X6 və cavabdeh Sumqayıt Şəhər Mənzil Kommunal X10 arasında Sumqayıt şəhəri, 5 mikrarayon, S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağına dair 11 iyul 2018-ci il tarixdə bağlanmış 09 nömrəli sosial kirayə müqaviləsi etibarsız hesab edilmiş, X2 İddiaçı və qeyrilərinə qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. İlk iddia üzrə cavabdeh Sumqayit Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X5 rəisi H.Həsənov apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(060)-713/2021 saylı qətnamənin ləğv edilərək ilk iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı S.Q.Ağayev apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(060)-713/2021 saylı qətnamənin ləğv edilərək ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, X7 müdriyyətinin, Həmkarlar Komitəsinin və MMK-nın 22.03.1993-cü il tarixli protokoluna əsasən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 8/12 saylı yataqxananın 1-ci otağının orderinin onun adına verilməsi qərara alınmışdır. Ona məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 8/12 saylı yataqxananın 1-ci otağı Cəbrayıl rayonundan gəlmiş məcburi köçkün X17 tərəfindən zəbt edilmiş və həmin şəxs 25.05.2018-ci il tarixdə vəfat etmişdir. Bundan sonra Sumqayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı mənzili 11 iyul 2018-ci il tarixli dövlət və ictimai fondu evlərində yaşayış sahəsinin kirayəsi müqaviləsi əsasında Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalatat Birliyi tərəfindən X1 verilmişdir. O, öz iradəsindən asılı olmayan səbəbdən mübahisəli otağa köçüb orada yaşaya bilməmişdir. Bu səbəbdən də o, Sumqayıt Şəhər İcra hakimiyyəti nəzdində olan 7 saylı MİS-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 8/12 saylı yataqxananın 1-ci otağında yaşamaq hüququnun bərpa olunması barədə məhkəməyə müraciət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilmiş, Sumqayıt şəhəri, S.Vurğun küçəsi 134-də yerləşən yataqxananın 1 saylı otağının İddiaçı ayrılması barədə order etibarsız hesab edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2020ci il tarixli, 2(102)-2209/2020 saylı qərarı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İB-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, X6 və cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X10 arasında Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı mənzilinin kirayəsinə dair 11 iyul 2018-ci il tarixdə bağlanmış kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X6 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı 1993-cü ildə order verilərkən yaranmış münasibətlər 2009-cu ilin oktyabr ayının 1-nə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları ilə tənzim olunur. Həmin Məcəllənin 48-ci maddəsi müəyyən edir ki, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. İş materiallarından görünür ki, order verilərkən mənzil faktiki cəhətdən boş olmamışdır. Bu baxımdan göstərilən maddi norma tətbiq olunmalı və order etibarsız hesab olunmalıdır. Orderin etibarsızlığı 2009-cu ilin oktyabr ayının 1-nə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları ilə tənzim olunur. Həmin Məcəllənin 49-cu maddəsi müəyyən edir ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələləsinin həllində vəzifəli şəxsləri hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. İddiaçı order verilərkən, orderi verən vəzifəli şəxslər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinin tələblərini pozmuşlar. Onlar yataqxana otağının artıq məcburi köçkün tərəfindən zəbt olunduğunu bildikləri halda, həmin otağa order yazmışlar. Ona görə də, Üzvi-Sintez İB-nin müdriyyəti, Həmkarlar Komitəsinin və MMK-nın 22.03.1993-cü il tarixli protokoluna əsasən Sumqayıt şəhəri, 5-ci mkr-da yerləşən, 8/12 saylı yataqxananın 1-ci otağına dair İddiaçı adına verilmiş orderin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli məhkəmə iclas protokola qeyd edilməklə qəbul edilmiş qərar əsasında X6 ilk iddia üzrə cavabdeh qismində işə cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X5 rəisi H.Həsənov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 04 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91, 92, 93, 98, 102-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı S.Q.Ağayev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 04 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 49, 107-ci madələrinin və Azərbaycan Respublikası MPM-nin 82.3, 217-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilərək ilk iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı S.Q.Ağayevin nümayəndəsi və vəkili A.Ş.Qulamov apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X5 nümayəndəsi B.A.Əhmədov apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili N.H.İbrahimov apelyasiya şikayətlərinə etiraz edib, birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə cavabdeh “Azərkimya” İB-nin nümayəndəsi M.M.Həmzəyev apelyasiya şikayətlərinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən sxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Üzvi-Sintez” İB-nin 22.02.1993-cü il tarixli, 1 saylı protokolundan çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı otağı İddiaçı verilmişdir. 7 saylı MKS tərəfindən tərtib edilmiş akdan görünür ki, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı otağında X18 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlaşmış, 2018-ci ilin may ayının 25də isə vəfat etmişdir. Həmin ünvanda bu şəxsdən başqa heç kim yaşamamışdır. Ölən günə kimi bu ünvanda tək yaşamışdır. İş materiallarında olan orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağı İddiaçı adına qeydiyyatdan keçmişdir. 11.07.2018-ci il tarixli, 09 nömrəli dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında sosial kirayə müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı otağı X1 verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(060)-7178/2018 saylı qətnaməsi ilə İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X4rşı İddiaçı Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağında yaşamaq hüququnun bərpa olunması barədə iddia tələbi rədd edilmiş, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağının İddiaçı ayrılması barədə order etibarsız hesab edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli, 2(105)-3971/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(060)-7178/2018 saylı qətnaməsi ilə qarşılıqlı iddianın təmin edilməsi hissəsində qətnaməsi ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış və qarşılıqlı iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2(102)2209/2020 saylı qərarı ilə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X5 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli, 2(105)-3971/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci insytansiya məhkəməsi orderin ilk öncə İddiaçı verilməsi və bu orderin mübahisəsi ilə bağlı qüvvədə olan məhkəmə qətnaməsinin olduğunu nəzərə alaraq hesab etmişdir ki, İddiaçı verilmiş order əvvəllər mübahisələndirilmiş və məhkəmə qətnaməsi ilə həmin iddia rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ona görə də, Sumqayıt şəhəri, 5 mikrarayon, S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağına dair İddiaçı adına verilmiş order etibarsız hesab edilə bilməz. Sumqayıt şəhəri, 5 mikrarayon, S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağı order əsasında İddiaçı məxsus olduğu halda, həmin otaq 11 iyul 2018-ci il tarixli, 09 nömrəli dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında sosial kirayə müqaviləsinə əsasən X3 verildiyinə görə həmin kirayə müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Birinci instansiya məhkəməsi X2 İddiaçı və “Azərkimya” İB-nə qarşı orderin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, X2 hüquqi əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi X6 və cavabdeh Sumqayıt Şəhər Mənzil Kommunal X10 arasında Sumqayıt şəhəri, 5 mikrarayon, S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağına dair 11 iyul 2018-ci il tarixdə bağlanmış 09 nömrəli sosial kirayə müqaviləsi etibarsız hesab edilməsi, X2 İddiaçı və “Azərkimya” İB-nə qarşı orderin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İlk iddia üzrə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X5 rəisi H.Həsənov və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı S.Q.Ağayev apelyasiya şikayətlərinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişlər. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətlərinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X5 rəisi H.Həsənov və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı S.Q.Ağayev tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(060)-713/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar