Məhkəmə qərarları › İş №2(105)-2129/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2129/2022

03.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2129/2022 03.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı borcun silinməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(060)-3071/2022 nömrəli qərardadından cavabdeh «Azəriqaz» İB tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(060)-3071/2022 nömrəli qətnaməsi ilə cavabdeh “Azəriqaz” İB tərəfindən ünvan 1 ünvanına (abonent kodu: **********00430) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 950 manat məbləğində borcun silinməsi, iddianın verilməsinə görə 30 manat dövlət rüsumunun əvəzinin cavabdeh “Azəriqaz” İB-dən tutularaq Dövlət Büdcəsinə ödənilməsinə qət edilmişdir. Qətnamə ilə razı olmayan cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verərək buraxılmış prosessual müddətin bərpa edilərək işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(060)-3071/2022 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(060)- 3071/2022 nömrəli qətnaməsindən iş üzrə cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd edilmişdir. Qərardad ilə razı olmayan tərəf-cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə şikayət ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(060)-3071/2022 nömrəli qərardadının ləğv edilməsi və cavabdeh “Azəriqaz” İB-nin Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(060)- 3071/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini, əks halda işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(060)-3071/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(060)-3071/2022 nömrəli qərardadından cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli şikayət ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır (hakim Elmir Hüseynov). Hazırda cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt şəhər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(060)- 3071/2022 nömrəli qərardadının ləğv edilməsi və cavabdeh “Azəriqaz” İB-nin Sumqayıt şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(060)-3071/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa edilməsini, əks təqdirdə işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli şikayət ərizəsi kağız daşıyıcıda deyil, məhz elektron qaydada göndərilmişdir.Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən dəfələrlə müraciət olunmasına baxmayaraq yalnız xx.xx.2022-ci il tarixdə müraciətinə baxmış və cavabdeh “Azəriqaz” İB-nin səlahiyyətli nümayəndəsinin elektron kabinetini elektron informasiya sisteminə əlavə etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(060)-3071/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(060)- 3071/2022 nömrəli qərardadından cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş 06 sentyabr 2022-ci il tarixli şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elmir Hüseynov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yazılı icraat qaydasında şikayətə baxılmasının mümkünlüyü barədə MPM-nin 263, 264, 366.3-cü maddələri rəhbər tutularaq xx.xx.2022-ci il tarixli, 2(105)-2129/2022 nömrəli qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, şikayət ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli 2(060)-3071/2022 nömrəli qərardadından verilmiş şikayət elektron qaydada deyil, kağız daşıyıcıda yazılaraq skaner vasitəsilə elektron kabinetə köçürülərək məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizə verilərkən forma məzmununa riayət edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(060)- 3071/2022 nömrəli qərardadından verilmiş şikayət ərizəsi elektron formada verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin şikayətin elektron qaydada verilməməsi barədə dəlili əsaslı deyildir. Lakin iş materiallarından da göründüyü kimi şikayət elektron qaydada verilsə də, apellyasiya şikayətinin formasına riayət edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsi apellyasiya şikayətinin məzmununu müəyyən edir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Apellyasiya şikayətinin forması MPM-də Əlavə 2 ilə müəyyən olunmuşdur. Beləliklə də, yuxarıda şərh olunanlarla müəyyən olunur ki, məhkəməyə müraciət edərkən Mülki Prosessual Məcəllənin Əlavə 2 də qeyd olunmuş apellyasiya şikayətinin forma tələblərinə riayət edilməsi şikayəti vermiş tərəfin vəzifəsi olduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(060)-3071/2022 nömrəli qərardadı ilə şikayət ərizəsinin icraata qəbul edilmədən, cavabdehə geri qaytarılması qanuni və əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 361, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdeh «Azəriqaz» İB tərəfindən verilmiş şikayət təmin olunmasın. Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(060)-3071/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar