Məhkəmə qərarları › İş №2(105)-2139/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2139/2021

20.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2139/2021 20.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-298/2021 saylı, 11 fevral 2021ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-298/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı ünvan 1 –a aid **********630 abonent koduna hesablanmış 291,25 manat borcun silinməsi qət edilmişdir.(hakim Ə.Ələkbərov). Cavabdeh ASC qətnamədən apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-298/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh ASC-yə qarşı yaşadığı ünvan 1 ünvanına hesablanmış 291,25 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Yaşıldərə massivindəki 652/Q saylı ev hazırda onun sahibliyində və istifadəsindədir. Həmin ünvanda 2020-ci ildən yaşamağa başlamışdır. Cavabdeh təşkilatdan ona 01.01.2014-cü ildən 291,25 manat borcu olduğu bildirilmişdir. Lakin o, həmin mənzilə 2020-ci ildə köçmüşdür. Cavabdeh ASC-nin həmin borcu, qanunvericilikdə bunun üçün nəzərdə tutulmuş müddət keçdiyindən, habelə həmin ünvanda yaşayış olmadığından tələb etmək hüququ yoxdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh ASC apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətlər və onunla əlaqədar yaranan digər məsələlər Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” ilə tənzim olunur. “Sudan istifadə qaydaları”nın 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. ünvan 1də “Sumqayıt Sukanal” İdarəsinin abonent bazasında abonent kimi 01.01.2014-cü il tarixdən İddiaçı adına bağlanmış müqavilə ilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunur. İddiaçıya məxsus fərdi yaşayış evinə 01.01.2014-cü il tarixdə kod açılmış və 4 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. 13.02.2021-ci il tarixdə qeyd olunan ünvana sayğac quraşdırılmışdır. Abonent tərəfindən məcburi köçkün olması və qeyd olunan ünvanda yaşayış olmaması barədə arayış təqdim olunmadığından abonent bazasında hesabat aparılarkən nəzərə alınmamışdır. Ona məxsus ünvan 2 ünvanında 01.01.2017-ci il tarixədək məcburi köçkün kimi 5 nəfər ailə tərkibi ilə limitdən istifadə olunaraq güzəşt nəzərə alınmışdır. İddiaçıya məxsus Yaşıldərə yaşayış massivi, ev 652/Q ünvanında 2018-ci ilin fevral ayının 1-dən abonent kodu passiv edilərək hesabat dayandırılmışdır. Lakin 2020-ci ilin iyul ayında qeyd olunan ünvanda xidmətlərdən istifadə olunduğu aşkarlandığından kod aktiv edilərək passiv olunan dövr üçün 321,30 manat dəyərində hesabat aparılmış və 10.02.2021-ci il tarixə abonentin 612,55 manat borcu yaranmışdır. Bu hallar məhkəmə tərəfindən araşdırılmadığından qətnamə ləğv edilməli, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı məhkəmə kollegiyasında bildirdi ki, şikayət əsassızdır və o, qanuni qətnamənin ləğv edilməsinə əsas hesab edilə bilməz. Buna görə də şikayətin rədd edilməsini xahiş etdi. Cavabdeh əlavə etdi ki, onun ünvanındakı xəttə sayğac 2021-ci ilin fevral ayında quraşdırılmışdır. Mübahisəli evə isə 2020-ci ilin noyabr ayında köçmüşdür. Bu vaxta kimi o, burada sudan istifadə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Şəhər Bələdiyyəsi 1 və 3-cü məhəllələr üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 11 fevral 2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1-də İddiaçı və ailə üzvləri qeydiyyatsız yaşayır Yenə iş materiallarında olan abonent kartından görünür ki (i.v.18), İddiaçı 2016-cı il üçün 280,75 manat, 2017-ci il üçün 10,5 manat olmaqla, cəmi 291,25 manat borc hesablanmışdır. Yenə də iş materiallarında olan Sumqayıt Şəhər Bələdiyyəsi 1 və 3 saylı məhəllələr üzrə 1 saylı Məhəllə Komitəsinin veridiyi 821 saylı, 15.11.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ailəsi ilə birlikdə ünvan 1 –də 2020-ci ilin yanvar ayından yaşayır. İşdə olan Sumqayıt Şəhər Bələdiyyəsi 1 və 3 saylı məhəllələr üzrə 1 saylı Məhəllə Komitəsinin veridiyi 110 saylı, 11.02.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 –də 2020-ci ilin yanvar ayına qədər yaşamamışdır. Yenə işdə olan 05 iyun 2017-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında ünvan 1 ünvanının su təchizatı və tullantı sularının axıdılması ilə bağlı razılaşma olmuşdur. Müqavilədə abonentin imzası yoxdur. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda istinad olunan hüquq normalarına əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-298/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ünvan 1 ünvanında 2020-ci ilin yanvar ayından yaşamağa başlamışdır. Cavabdeh təşkilat isə ona 2014-cü ildən 2017-ci ilədək olan dövr üçün sudan istifadəyə görə 291,25 manat borcu normativ qaydada hesablamışdır. Hazırda iddiaçı bildirir ki, göstərilən dövr ərzində qeyd edilən ünvanda yaşamadığından bu borc ondan tutula bilməz və silinməlidir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Su Məcəlləsinin 97-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. Yenə həmin Məcəllənin 105-ci maddəsinə görə fiziki və hüquqi şəxslər su qanunvericiliyini pozmaqla vurduqları zərəri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödəməlidirlər. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 2.1.5-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ vardır. Qeyd edilən Qaydaların 7.4-cü bəndinin tələblərinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Yenə həmin Qaydaların 7.5-ci bəndinə görə suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihazlar quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı su larının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzrədə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Yuxarıdakı normaların tələblərindən də görünür ki, istifadə edilmiş suyun həcmi və ona görə ödənilməli vəsait dəqiq hesablanmalı və əsaslandırılmalıdır. Bu cür hesablama olmadıqda isə abonentin yaranmış borcun silinməsini tələb etmək hüququ vardır. İşin faktiki hallarından görünür ki, iddaçı-abonent üçün hesablanmış məbləğin hüquqi əsası yoxdur. Əvvəla, tərəflər arasında müqavilənin olması şübhəlidir. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi müqaviləni sübut kimi qəbul etmək olmaz. Belə ki, həmin müqavilədə istehlakçının imzası yoxdur. İş materiallarından görünür ki, iddiaçı 2020-ci ilin yanvar ayınadək göstərilən ünvanda yaşamadığından onun həmin vaxtadək sudan istifadə etməsi barədə cavabdehin dəlili, eyni zamanda həmin dövrə qədər onun üçün borcun hesablanması əsassızdır. Belə ki, iddiaçının sözügedən ünvanda 2020-ci ilin yanvar ayınadək yaşaması və orada sudan istifadə etməsi iş materialları ilə öz təsdiqini tapmır. Bu barədə mötəbər sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir, halbuki MPM-nin 77.2-ci maddəsinə əsasən Cavabdeh ASC göstərilən borcun yaranması üçün əsas olmuş halları sübut etmək vəzifəsi daşıyır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, abonentdən tələb edilən borc heç bir əsas olmadan yarandığından iddia təmin edilməli və bu borc silinməlidir. Məhkəmənin tələb etmə müddəti keçdiyindən 5 ildən öncəki tələbin qüvvəsini itirməsinə istinad etməsi və 551.2.1-ci maddəsinə əsaslanması qanunsuzdur, çünki yuxarıda da qeyd olunduğu kimi, su təchizatçısı tərəfindən abinentə tətbiq edilən borcun heç bir hüquqi qüvvəsi yoxdur. Belə olan halda, mübahisə üzrə hər hansı tələb etmə müddətinin keçməsindən söhbət gedə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul olunmalı, iddia təmin edilərək Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına hesablanmış 291,25 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiasına dair dəlillərini sübut edə bilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün qiymət vermədiyindən, mübahisə üzrə səhv normaya istinad etdiyindən qətnamə ləğv olunmalı, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-298/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-298/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul olunsun. İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına hesablanmış 291,25 manat borc silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar