Məhkəmə qərarları › İş №2(105)-2150/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2150/2023

07.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2150/2023 07.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “X2yə görə borcun tələb olunmasının əsassız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(060)-5039/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin ona məxsus Sumqayıt şəhəri, 9-cu mkr, ev 29/23, 22 saylı mənzilə dair əsassız olaraq hesablanmış 2195 manat 01 qəpik borcun ondan tələb edilməsinin əsassız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, cavabdeh "xxxx" ASC-nin ona məxsus Sumqayıt şəhəri, 9-cu mkr, ev 29/23, mənzil 22 saylı mənzilə dair qanunsuz olaraq tərtib edilmiş aktların ləğv edilməsini və əsassız olaraq hesablanmış 2195 manat 01 qəpik borcun ondan tələb edilməsinin əsassız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, 9-cu mkr, ev 29/23, 22 saylı mənzil xx.xx.2023-cü ildə almışdır. Alan zaman ona heç bir borcun olmadığı bildirilmişdir. Onun bundan sonradan məlumatı olub. Mənzildə istifadə etdiyi elektrik enerjisinə görə ödənişlər vaxtlı-vaxtında onun tərəfindən ödənilmişdir. Heç bir borcunun olmamasına baxmayaraq əsassız olaraq cavabdeh təşkilat həmin ünvan üzrə onun 2195 manat 01 qəpik akt və barmek borcu olduğunu bildirmişdir. Hesab edir ki, həmin borc qanunsuzdur və əsassız olduğu üçün ondan tələb edilməməlidir. Çünki həmin borc mənzilin əvvəlki mülkiyyətçisi barədə tərtib olunmuşdur. Yaşadığı ünvana "‘Azərişıq” ASC tərəfindən qanunsuz olaraq borc yazılmışdır. Buna görə də, "xxxx" ASC-yə bu borcun silinməsi ilə bağlı müraciət etməyinə baxmayaraq, yazılan borc silinməmişdir. Bu haqda dəfələrlə bildirməyinə baxmayaraq bir nəticə verməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edərək ona qarşı tətbiq olunmuş 2195 manat 01 qəpik manat borcun ondan tələb olunmasının əsassız hesab edilməsini xahiş edir. Belə ki, o, sözügedən mənzili xx.xx.2021-ci ildə əldə etdiyindən və həmin tarixdən sonra orada yaşadığından bu dövrədək X2yə görə hesablanmış borcun ondan tələb edilməsi əsassızdır. Belə ki, o, cavabdeh qarşısında istifadə etmədiyi elektrik enerjisinin dəyərini ödəmək öhdəliyini daşımır. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi S.R.Əhmədov iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının mənzilinə sayğac xx.xx.2000-ci ildən quraşdırılmışdır. Hazırda iddiaçı 2195 manat borcun silinməsini tələb edir. Həmin borcun 850,82 manat borc köhnədən qalma borcdur. Akt üzrə aparılmış hesabata əsasən bugünki günə olan borc 2640 manat təşkil edir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(060)-5039/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 29/23 saylı evin, 22 saylı mənzilinə akta görə əsassız olaraq hesablanmış 2195 (iki min yüz doxsan beş) manat 01 (bir) qəpik borcun əsassız olduğu üçün silinməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə). Qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(060)-5039/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş EEİQ-nin 7.11-ci bəndə əsaslanmışdır ki, həmin bəndin məzmununa yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Amma məhkəmə EEİQ-nin 7.11-ci bəndə istinad edərkən nəzərdən qaçırmışdır ki, xx.xx.2022-ci il tarixli, 262165, xx.xx.2023-cü il tarixli, 287596, xx.xx.2023cü il tarixli, 293288 və xx.xx.2021-ci il tarixli, 237984 saylı aktlar kənar xətt aşkarlandığı üçün tərtib edilmişdir. İddiaçı tərəfindən sayğaca olunmuş müdaxilə hər-hansı bəsitsayğac şüşəsinin sındırılması, plombların qoparılması və sair kimi müdaxilələr deyil. Sayğacdan kənar xətt çəkilərək elektrik enerjisindən qanunsuz istifadə etməsi ilə bağlı tərtib edilmişdir. Beləlikə, yuxarda qeyd edilən aktlar tərtib edilərkən heç bir prosessual pozuntuya yol verilməmiş, “X1ydaları”-nın 8.17-ci bəndin tələblərinə tam uyğun olaraq tərtib edilmiş, akt onu tərtib edən şəxslər tərəfindən imzalanmış və kənar xətt video çəkilişlə qeydə alınmışdır. Akt kənar xətdən istifadə olunması halı aşkar olunduğu üçün tərtib edilmişdir. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Burada EEİQ-nın və ondan irəli gələn digər qanunvericilik aktlarının tələbləri pozulmuşdur. İddiaçı elektrik enerjsindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1ydaları”nın tələbinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. İstehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlədən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Məişət abonenti mənzildən və yaşayış evindən köçərkən, həmin mənzilin və ya yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Lakin İddiaçı mənzili alqı satqı yolu ilə alarkan mənzilin köhnə sahibindən borcun olub-olmaması haqqında arayış tələb etməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Buna baxmayaraq, tərəflərindən məhkəməyə sübut kimi işin halları ilə bağlı DVD diskə köçürülmüş video görüntü təqdim edilsə də, lakin məhkəmə qətnamə qət edərkən tərəflərindən təqdim edilən sübuta hüquqi qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri Publik Hüququ şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29A/23də yerləşən 22 saylı mənzil 24 iyun 2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Abunə haqqında saldodan müəyyən edilir ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, a/23 saylı evin, 22 saylı mənzilinə aktlar əsasında ümumilikdə 2195 (iki min yüz doxsan beş) manat 01 (bir) qəpik borc hesablanmışdır. İş materiallarında olan R saylı, xx.xx.2022-ci il tarixli, №262165, xx.xx.2023-cü il tarixli, №287596, 17 may 2023-cü il tarixli, №293288 və 05 oktyabr 2021-ci il tarixli, №237984 saylı aktların surətlərindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr, ev 23, mənzil 22-yə aid elektrik sayğacına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mənzilə məxsus elektrik hesabat sayğacı dövriyyədən kənarlaşdırılıb. Mənzil üzrə elektrik enerjisindən birbaşa istifadə edilməsi halı aşkar edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən tələb edilən borc mənzilin köhnə sakinindən yaranan borcdur, həmin borc köhnə mənzil sahibinin elektrik enerjisinə olunan müdaxiləyə görə yaranmış borcdur. Odur ki, hesablanmış 2195,01 manat məbləğində borc əsassız olduğu üçün silinməlidir. Məhkəmə qətnaməsində onu da qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş R saylı, xx.xx.2022-ci il tarixli, №262165, xx.xx.2023-cü il tarixli, №287596, 17 may 2023-cü il tarixli, №293288 və 05 oktyabr 2021-ci il tarixli, №237984 saylı aktların etibarsızlığı üçün əsas yoxdur. Belə ki, həmin aktlarda sayğacda yaranmış qüsur öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1ydaları»nın 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Həmin Qaydaların 7.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi üçün, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 7.10-cu bəndinə görə yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qaydaların 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 5.3-cü bəndinə görə yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarına əsasən müəyyən olunur ki, qanunsuz kənar xəttin aşkarlanması üzrə apellyasiya şikayətinin dəlillərində göstərilən xx.xx.2022-ci il tarixli 262165 saylı, xx.xx.2023-cü il tarixli 287596 saylı, xx.xx.2023-cü il tarixli 293288 saylı və xx.xx.2021-ci il tarixli 237984 saylı aktlar mənzilin əvvəlki sahibinə münasibətdə tərtib olunmuşdur. İddiaçının hazırda yaşadığı mənzil onun mülkiyyətinə keçərkən bundan hər hansı məlumatı olmamışdır. Yuxarıda qeyd olunan “X1ydaları”nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(060)-5039/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar