Məhkəmə qərarları › İş №2(105)-2167/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2167/2020

11.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2167/2020 11.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1634/2020 saylı qərardadından Cavabdeh şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1634/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edillməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Cavabdeh nümayəndəsinin işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmiş, Cavabdeh qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın etibarsız hesab edilməsi və Cavabdeh tərəfindən onun **********00190 saylı abunə koduna itirilmiş qazın bərpasına görə hesablanmış 2880 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Cavabdehdir. Cavabdeh hüquqi ünvanı ünvan 1 olduğuna görə iddia ərizəsinə aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuzdur. Belə ki, Cavabdeh işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də iddiaçının fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən abonentin öz evinin arxasında yerləşən qənd sexinə d=40-lıq plastmas boru ilə xətt çəkərək təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdu. Qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2017-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq qeyri-qanuni xətti qənd sexinə çəkərək istifadə etdiyinə görə iddia ərizəsinə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Şikayətdə iş üzrə qərardadın ləğv olunması barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 şikayətdə göstərilənlərə uyğun izahat verdi və iş üzrə qərardadın ləğv olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, cavabdehin nümayəndəsinin iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün göndərilməsi barədə vəsatətinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki tələbə baxarkən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməyərək prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 36.9-cu maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə üzrə məhkəməyə verilə bilər. İşdən görünür ki, İddiaçı tələbi Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın etibarsız hesab edilməsi və Cavabdeh tərəfindən onun **********00190 saylı abunə koduna itirilmiş qazın bərpasına görə hesablanmış 2880 manat məbləğində cərimə borcunun silinməsi barədədir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X5 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyata alınmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2017-ci il tarixli aktda istehlakçı kimi İddiaçı fəaliyyət növü qənd sexi, qaz işlədici avadanlıq kimi qeyri-standart qənd bişirən dəmir soba göstərilmişdir. Bundan başqa, cavabdehin şikayətindən görünür ki, iddiaçı qənd sexi işlədərək plastmas boru ilə xətt çəkərək təbii qazdan qeyri-qanuni istifadə edir. Qeyd edilən hallar iddiaçının kommersiya fəaliyyəti ilə məşğul olmasına dəlalət edir. Birinci instansiya məhkəməsi qərardaddan şikayətdə baxarkən göstərilən halları kifayət qədər araşdırmamış, şikayətdə göstərilən dəlillərə qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, cavabdehin iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün göndərilməsi barədə vəsatətinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264və 398cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1634/2020 saylı qərardadı ləğv edilsin. Cavabdeh iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün göndərilməsi barədə vəsatətinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar