Məhkəmə qərarları › İş №2(105)-2168/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2168/2023

06.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2168/2023 06.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı aktın qanunsuz hesab edilməsi və cərimənin silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-74/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh İB ilə istehlakçı İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2016-cı il tarixli, 14/3357 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı aktlardan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkar olunduğundan dəymiş ziyanın hesablanması qərara alınmışdır.

3. Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 324 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2018-ci il tarixli, ******* saylı akt olmuşdur.

4. Abonent kodu **********3980 olmaqla, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 1i ünvanına xx.xx.2020-ci il tarixdə Natek Enerji G4T Mexanika tipli 40013656 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Aktlara əsasən hesablanmış, abonentin 2021-ci ilə aid olan borcu 2159.7 manat göstərilmişdir.

5. Cavabdeh İB-nin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilməklə təsdiq olunmuş inventar aktından görünür ki, İddiaçı ünvanına baxış keçirilən zaman sayğacdan kənar xətt aşkar edilməmiş və yazılan cərimə üçün bazada olan şəkillərlə abonent ünvanının heç bir uyğunluğunun olmadığı və evdə yaşayışın olmadığı müəyyən olunmuş, akt abonent İddiaçı iştirakı ilə tərtib edilməklə onun tərəfindən də imza edilmişdir.

6. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/827 saylı rəyinə əsasən, qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə izlərinin aşkar edilmədiyi və qaz sayğacından kənar xətlərin çəkilməsinin müşahidə edilmədiyi müəyyən olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 64 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh İB-yə qarşı aktın qanunsuz hesab edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı, (858.2 manat), xx.xx.2018-ci il tarixli, ******* saylı (201.6 manat), xx.xx.2018-ci il tarixli, ******* saylı (878.4 manat) və xx.xx.2018-ci il tarixli, ******* saylı (64.8 manat) aktların ləğv edilməsi və 2159.7 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı aktlar qəbul edilərək həmin aktlar əsasında İddiaçı 2145 manat cərimə yazılmışdır. Aktlara əsasən, iddiaçının təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə etməsi müəyyən olunmuşdur. 2018-ci ilin əvvəllərində qəbul edilmiş aktlardan iddiaçının 2020-ci ilin dekabr ayının sonunda məlumatı olmuşdur. Belə ki, iddiaçının evinə gələn hesab-fakturasında 2145 manat borcun olduğu göstərilmişdir. Lakin Cavabdeh İB-nin nümayəndələri istehlakçının qaz təsərrüfatının inventar aktını tərtib edərək həmin aktda abonentin ünvanına baxış keçirilən zaman sayğacdan kənar xəttin aşkar edilmədiyini və yazılan cərimə üçün bazada olan şəkillərlə abonentin ünvanının heç bir uyğunluğunun olmadığını müəyyən etmişlər. Lakin buna baxmayaraq tərtib edilmiş 2159.7 manat borc məbləği ləğv edilməmişdir. Bu səbəbdən də, yazılmış cərimə əsassız hesab edilməklə silinməlidir. Mülki iş üzrə məhkəməyə təqdim edilmiş ekspert rəyinə əsasən, cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş aktların hər hansı bir əhəmiyyətinin olmadığı təsdiq olunmuşdur. Cavabdeh İB-nin nümayəndələri ilk növbədə, əlavə qaz xəttinin olmasını, daha sonra isə əlavə qaz xəttinin olmamasını aşkar etmişdir. Bu səbəbdən də, məhkəməyə daxil olmuş ekspert rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-74/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 2159,7 manat borcun abonent kodu **********3980 olan İddiaçı məxsus abunə hesabından silinməsi, Cavabdeh İB-dən dövlət rüsumuna görə 41,59 manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh İB-dən ekspertiza tədqiqatının dəyərinə görə 64 manat pul vəsaitinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsin.qət edilmişdir (hakim Habil Əhmədov).

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, abonentə məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar qaz xətlərinin çəkilib-çəkilmədiyini müəyyən etmək üçün məhkəmə-trasoloji ekspertiza təyin olunmuş və məhkəməyə təqdim olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/827 saylı rəyinə əsasən, qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə izlərinin aşkar edilmədiyi və qaz sayğacından kənar xətlərin çəkilməsinin müşahidə edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib əsas sübut növü kimi qəbul etmişdir və iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına kənar təsir nəticəsində müdaxilə hallarının olmadığı qənaətinə gəlmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2 və 377.1-ci maddələri, Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 2.1.3, 2.1.5, 2.1.10, 2.1.12, 4.2, 4.8 və 4.9-cu bəndləri, Mülki Prosessual Məcəllənin 13.4, 14.2, 88, 103.1, 106.1, 119.1, 217.4 və 220.5-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(012)-74/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, iddianı qiymətləndirməmiş və prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki,Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmişdir, həmin akt iş materiallarında vardır. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə ilə təsdiq edilmişdir və həmin tələbnamə də iş materiallarında vardır. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-yə böyük məbləğdə ziyan vurmuşdur (foto şəkillər). Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, eyni zamanda səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, 1-ci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. İddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İlkin iddiaçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

16. Bənd 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

17. Bənd 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”

18. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

19. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

20. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

21. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

22. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.birinci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-74/2023 nömrəli qətnaməsinin iddianın təmin edilən hissədə ləğv edilməsini xahiş etmişdir.

34. Hazırkı halda məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-74/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. İşin tədqiq olunan halllarından görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçı barəsində aktlar tərtib edilərək həmin aktlar əsasında istehlakçı barəsində cərimə hesablanmışdır. Birinci instansiya məhkəməsi həmin aktlara hüquqi qiymət verib haqlı olaraq belə qənaətə gəlmişdir ki, tədqiq olunmuş aktlar tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində də həmin sənədlərə istinad etsə də göründüyü kimi, tərtib olunmuş aktlar natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktların qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur.

37. Kollegiya əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin icraatı zamanı abonentə məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar qaz xətlərinin çəkilib-çəkilmədiyini müəyyən etmək üçün məhkəmə-trasoloji ekspertiza təyin olunmuş və məhkəməyə təqdim olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/827 saylı rəyinə əsasən, qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə izlərinin aşkar edilmədiyi və qaz sayğacından kənar xətlərin çəkilməsinin müşahidə edilmədiyi müəyyən olunmuşdur.

38. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

39. Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən apellyasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin Cavabdeh İB tərəfindən İddiaçı məxsus ünvan 1i ünvanına aid **********980 abonent koduna itirilmiş qazın sərfiyyatına görə hesablanmış 2159,7 manat borcun silinməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.birinci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-74/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar