Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2169/2022 14.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Quba Regional «ASAN» Xidmət Mərkəzinə qarşı «bağışlamadan imtina edilməsi» tələbinə dair iddiası üzrə Quba Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(027)-366/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Quba Regional «ASAN» Xidmət Mərkəzinə qarşı «bağışlamadan imtina edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında olan ünvan 1 ünvanında yerləşən evə aid olan Quba rayonu Notariat Kontorunun xüsusi notariusu X8 tərəfindən təsdiq edilən xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsi üzrə bağışlamaqdan imtina edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1930-cu ildə Quba şəhərində anadan olmuşdur. Mərhum həyat yoldaşı X3 ilə ailə qurduqdan sonra 1954-cü ildən ünvan 3 ünvanında yaşayır. Nüsrəddin Orucov ilə birgə nikahlarından 3 oğlu və 1 qızı anadan olmuşdur. İki oğlu vəfat etmiş, bir oğlu və bir qızı hal-hazırda yaşayırlar. Bir oğlu Quba şəhərində, bir qızı isə Bakı şəhərində yaşayır. O, ünvan 3 ünvanında tək yaşayır. Həyat yoldaşı Nüsrəddin ikinci dünya müharibəsi iştiraksı olduğu üçün yüksək pensiya alır. Müharibə iştirakçısının həyat yoldaşı olduğu üçün dövlət hər il ona qayğı göstərir. Vəfat etmiş oğlu Fikrətin qızı, nəvəsi Cavabdeh1 tez-tez Qubaya gələrək, anasından şikayət etmiş ki, anası onu evdən qovur və ona yalvarmış ki, Qubada yaşadığı evi ona bağışlasın o, öləndən sonra ev kimsəsiz qalmasın. Nəvəsi Nigar evi ona bağışlasa qayğı göstərəcəyini, o, ölənə qədər ona bağışladığı evdə qalacağına inandırmışdır. Ona görə də, o, evi Nigara bağışlamağa razılıq vermişdir. Sənədlərin hazırlanmasını və bağışlama müqaviləsinin tərtib edilməsini ünvan 4i ünvanında yaşayan X2 tapşırmışdır. O, Ömər Məmmədovdan xahiş etmişdir ki, bağışlama müqaviləsində o, ölənə qədər bağışladığı evdə yaşamağı və nəvəsi tərəfindən ona himayəçilik etməsi qeyd olunsun. Həmin bağışlama müqaviləsi xx.xx.2015-ci il tarixdə X7 notariat X8 tərəfindən təsdiq olunmuşdur. Bağışlama müqaviləsinin surətini vəkil Nümayəndə vasitəsilə xx.xx.2021-ci il tarixdə almışdır. Bağışlama müqaviləsini aldıqdan sonra ona məlum olmuşdur ki, o, ölənə qədər həmin evdə yaşaması və nəvəsinin ona himayəçilik etməsi müqavilədə qeyd edilməmişdir. Nəvəsi Cavabdeh1 nümayəndəsi Ömər Məmmədovla bağışlanma müqaviləsini tərtib edərkən onun iradəsinin əksinə olaraq müqavilədə onun şərtlərinə əməl etməməyindən istifadə edərək 3 aydır ki, mütəmadi olaraq Qubadakı yaşadığı evə gələrək onu söymüş, döymüş və onu ölümlə hədəliyərək evdən çıxmasını tələb etmişdir. Cavabdehin ona qarşı olan cinayət əməllərini nəzərə alaraq, o, evi bağışlamaqdan imtina etmək istəyir. O, evini nəvəsi Nigara bağışlayarkən onu oğlundan və qızından artıq hesab etmişdir. Onun gələcəkdə evsiz qalmağını istəməmişdir. Cavabdeh isə bilə-bilə ki, ona bağışladığı evdən başqa evi yoxdur, yaxşılığının qarşılığı olaraq onu təhqir edir, döyür və evdən qovur. Quba Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(027)-366/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Quba Regional “ASAN” xidmət Mərkəzinə qarşı «bağışlamadan imtina edilməsi» tələbinə dair iddia tələbi təmin edilməmişdir (hakim Rahim Həsənov). Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(027)-366/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə düşən vəzifələri yerinə yetirməmiş, iddiaçıya ölənə kimi həmin evdə yaşamaqdan və ona himayəçilik edəcəyi öhdəliyini pozaraq iddiaçını öz evindən qovub küçələrə atmışdır. Bağışlama müqaviləsi iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim olunmuş və müqavilənin əsası ona məlum olan kimi qanunda müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixinə təyin edilmiş iclasına isə İddiaçı gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında bildirmişdir ki, ünvan 5 ünvanda yerləşən evi nənəsi ona 2015-ci il tarixində bağışlamış, lakin o, həmin evdə yaşamamışdır. Belə ki, o, yaşadığı Bakı şəhəri, Babək prospekti, 76 saylı evin 117 saylı mənzilindən qeydiyyatdan çıxarıldıqdan sonra 2021-ci ilin sentyabr ayında nənəsinə zəng etmiş və evdən qeydiyyatdan çıxarıldığı üçün yaşamağa yerinin olmadığını və yaşamaq üçün Quba şəhərinə ona bağışlanmış evə gələcəyini bildirmiş, nənəsi isə ona gəlməməyi, əvəzində ona hər ay 300 manat göndərəcəyini bildirmiş, lakin onun yaşamağa başqa yeri olmadığından nənəsinin yanına Quba şəhərinə gəlmişdir. Nənəsi 2015-ci il tarixdən 2021ci il tarixədək ev boş qalmasın deyə həmin evdə tək yaşamışdır. O, 2021-ci ilin sentyabr ayından həmin ilin dekabrın 28-nə kimi nənəsi ilə birlikdə həmin evdə yaşamış, 28 dekabr 2021-ci il tarixdə isə nənəsi onunla yola getməmiş və evi tərk etmişdir. Nənəsinin xasiyyəti ağırdır. O, heç kəslə yola getmir, Nənəsi bağışlanan evdən çıxandan sonra təxminən 15-ə yaxın evdə kirayədə yaşamış, kirayədə yaşadığı evlərdə heç kimlə yola getməmişdir. O, iddiaçıya qarşı heç bir hörmətsizlik etmədiyini, onu evdən qovmadığını, iddia ərizəsində qeyd olunanların əsassız olduğu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilərək iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olmuşdur. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, İddiaçı RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə sərəncam verməyi, satmağı, bağışlamağı və s. səlahiyyətləri həyata keçirməsi üçün X2 xx.xx.2015-ci il tarixdə etibarnamə vermişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı adından X1 şəhəri, 20 Yanvar küçəsi, ev 29 ünvanında yerləşən ümumi sahəsi 150.4 kv.m., yaşayış sahəsi 78.8 kv.m., yardımçı sahəsi 71.6 kv.m. olan 5 otaqlı fərdi yaşayış evini hədiyyə alan Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsinin tələblərini pozmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh1 iddiaçının nəvəsidir. İddiaçı yaşlı olduğundan və nəvəsinin ona qayğı göstərəcəyinə inandığından ölənə qədər həmin evdə yaşamaqla mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən evini cavabdeh olan nəvəsi Cavabdeh1 bağışlamaq fikrinə düşmüşdür. Belə ki, cavabdeh iddiaçıya bildirmişdir ki, evi ona bağışlayacağı təqdirdə ona sonacan baxaraq qayğı göstərəcəkdir. İddiaçı da cavabdehə inanıb 21 avqust 2015-ci il tarixdə mülkiyyətində olan evini cavabdehə bağışlamışdır. Lakin həmin tarixdən cavabdeh həmin evdə yaşamamışdır. Belə ki, cavabdeh yaşadığı Bakı şəhəri, Babək prospekti, 76 saylı evin 117 saylı mənzilindən qeydiyyatdan çıxarıldıqdan sonra 2021-ci ilin sentyabr ayında nənəsinə zəng etmiş və evdən qeydiyyatdan çıxarıldığı üçün yaşamağa yerinin olmadığını və yaşamaq üçün Quba şəhərinə ona bağışlanmış evə gələcəyini bildirmiş və daha sonra yaşamaq üçün nənəsinin yanına Quba şəhərinə gəlmişdir. İddiaçı ilə cavabdeh 2021-ci ilin sentyabr ayından həmin ilin dekabrın 28-nə kimi birlikdə həmin evdə yaşamışlar. Lakin bu müddət ərzində cavabdeh yaşlı nənəsinə diqqətlə qayğı göstərməmiş, 2021-ci ilin dekabr ayında isə 92 yaşlı cavabdehin nənəsi daimi yaşadığı evdən çıxmış və həmin tarixdən kirayələrdə yaşamağa məcbur qalmışdır. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında nənəsinin heç kimlə yola getmədiyini, mübahisələndirilən evdən çıxdıqdan sonra 15-ə yaxın evlərdə kirayələrdə qaldığını, lakin kirayəçi kimi yaşadığı evlərdə heç kimlə yola getmədiyindən tez-tez kirayədə yaşadığı evləri tərk etdiyini bildirmişdir. Bundan əlavə məhkəmə kollegiyasının xx.xx.2022-ci il taprixində keçirilmiş iclasında cavabdeh qeyd etmişdir ki, o, nənəsi ilə bir evdə yaşaya bilməz, çünki o, evi dağıdır. Nənəsi artıq evi ona bağışlamışdır. Nənəsinin bağışladığı evə heç bir hüququ yoxdur. O, Bakıda qızının mənzilində qeydiyyatdadır, ona görə qızının yanında yaşamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, İddiaçı cavabdehin nənəsidir. Ev cavabdehə bağışlandıqdan və cavabdeh həmin evdə yaşamağa başladıqdan sonra cavabdehin iddiaçıya qarşı münasibəti dəyişmiş, onunla maraqlanmamış, ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozaraq, iddiaçıya qayğı göstərməmiş, 2021-ci ilin dekabr ayında isə 92 yaşlı iddiaçı 65 ildən çox yaşadığı evdən çıxmağa məcbur olmuş və kirayələrdə yaşamağa başlamışdır. Cavabdeh iddiaçıya münasibətdə ailə hüquq münasibətlərdən irəli gələn öhdəliklərə əməl etməmiş və nəticədə ailə hüquq münasibətlərdən irəli gələn vəzifələri kobudcasına pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin İİ hissəsinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 6.2-ci maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Həmin Məcəllənin 90-cı maddəsinə əsasən əmək qabiliyyətli olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında bağışlama müqaviləsi 21 avqust 2015-ci il tarixdə bağlansa da, iddiaçının hüquqları 2021-ci ilin dekabr ayında pozulmuş və iddiaçı həmin tarixdən 1 illik bağışlamadan imtina müddətini ötürməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixində iddiaçının bağışlamaqdan imtina barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi imtina barədə bildirişin hədiyyə alana təqdim olunması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(027)-366/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, 21 avqust 2015-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş 05 noyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, Quba şəhəri, 20 Yanvar küçəsi, 29 saylı evə dair İddiaçı mülkiyyət hüququ bərpa edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı iddia tələbində bağışlama müqaviləsinin ləğv edilməsi tələbini deyil, bağışlamadan imtina etdiyini göstərsə də, birinci instansiya məhkəməsi iddia tələbi üzrə əsassız olaraq bağışlama müqaviləsinin ləğvini qeyd etmiş, bağışlamadan imtina olunması ilə bağlı işin faktiki hallarını düzgün araşdırmayaraq maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(027)-366/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, 21 avqust 2015-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş 05 noyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, Quba şəhəri, 20 Yanvar küçəsi, 29 saylı evə dair İddiaçı mülkiyyət hüququ bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(027)-366/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı bağışlamaqdan imtina olunmasına dair iddiası təmin olunsun. 21 avqust 2015-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş 05 noyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin, Quba şəhəri, 20 Yanvar küçəsi, 29 saylı evə dair İddiaçı mülkiyyət hüququ bərpa edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2169/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2169/2022
14.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver