Məhkəmə qərarları › İş №2(105)-2176/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2176/2020

01.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2176/2020 01.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz və əsassız olaraq hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-718/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-718/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evi (abonent kodu **********00000) ünvana dair hesablanmış 1943.40 manat cərimə borcunun silinməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva) Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-718/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin təmin olunmuş hissədə ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh İB-yə qarşı qanunsuz və əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 2 298.60 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçıın mənzilinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, vətəndaş sayğacdan kənar qaz xəttindən istifadə edir, həmçinin qaz sayğacına mdaxilə edir. Barəsində aktlar tərtib edilərkən itirilmiş qaza görə hesabat aparılmış və ümilikdə 1943,40 manat dəymiş ziyan hesablanmışdır. “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinin (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır) tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyü böyük problemin və sui-istifadə hailarının yaranmasına səbəb olur. Belə ki, Qaydaların 4.8-ci bəndinə münasibətdə təhlil edilmiş çoxsaylı məhkəmə qətnamələrindən də göründüyü kimi, “saxlanılması” anlayışı “qorunması”, “mühafizə edilməsi” vəzifəsi kimi qiymətləndirilir. Yerinə yetirilməsi real olmayan şərtlərin tərəflərdən birinin üzərinə qoyulması münasibətlərin tənzimləyicisi olan hüququn ədalətlilik, obyektivlik və bərabərlik kimi prinsiplərinə ziddir. Bundan başqa sayı artmaqda olan yeni yaşayış massivlərində, çoxmərtəbəli binalarda smart tipli sayğaclar isthlakçının xüsusi mülkiyyəti sayılan mənzilinin balkonunda yerləşdirilir ki, bu da onun qaz paylayıcısı tərəfindən saxlanılmasını istisna edir. Hətta qaz sayğaclarına əlçatımlılıq təmin olunsa belə, onların işlək vəziyyətdə saxlanılmasına (mühafizəsinə) qaz paylayıcısı obyektiv olaraq cavabdehliyi aşağıdakı səbəblərdən daşıya bilməz: birincisi, sayı 2 milyondan çox olan və artmaqda davam edən sayğacların mühafizəsi böyük maliyyə vəsaitlərinin və işçi qüvvəsinin cəlb edilməsini tələb edir ki, bu xərclər də Tarif Şurası tərəfindən müəyyən edilən təbii qazın dəyərində nəzərə alınmayıb; ikincisi, həmin sayğaclara bəzi hallarda ən azından qaz paylayıcısının nümayəndələri ilə istehlakçının əlçatımlığı var, digər hallarda isə, yuxararıda qeyd ediyimiz kimi, yalnız istehlakçının. Qeyd etmək lazımdır ki, maliyyə vəsaitinin, zəruri maddi-texniki bazanın və işçi qüvvəsinin çatışmazlığı səbəbindən Azərbaycan Respublikasının Energtika Nazirliyi istehlakçıların qaz qurğularına texniki baxış keçirilməsi vəzifəsini yerinə yetirə bilmir. Göründüyü kimi, iqtisadi səmərəlilik, zəruri təminat və icra mexanizmi olmadıqda normativ-hüquqi aktlarla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi mümkün olmur. Beləliklə, yuxarıda qeyd olunan səbəblərdən irəli gələrək, Qaydaların 4.8ci bəndi ilə müəyyən olunmuş tələbin təhlilindən göründüyü kimi, qaz paylayıcısı fiziki şəxs olan istehlakçının istifadəsinə verilmiş qaz sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilər. Məhkəmə qətnaməsində qeyd edir ki, "Cavabdeh” İB inzibati orqan olmadığı üçün cərimə tətbiq etmək səlahiyyəti yoxdur. Eləcə də itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması hər hansı qanun və ya qayda ilə tənzimlənmədiyi üçün iddiaçının iddia tələbi təmin olunmalıdır. Sahə üzrə münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda, (bundan sonra Qanunda) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən xx xxx 2011 -ci il tarixli, 80 nömrəli Qərarilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda (bundan sonra Qaydalarda) və həmin Qaydalara əlavədə nümunəvi forması verilən qazın alqı-satqı müqaviləsində sayğaca müdaxilə, qaz xəttinə qeyri-qanuni qoşulma nəticəsində talan olunmuş qazın dəyərinin müəyyən edilməsinə dair müddəa təsbit olunmamışdır. SOCARın sahə üzrə məcburi davranış qaydalarını əks etdirən, qeyri- müəyyən subyektlər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənədin qəbul edilməsi səlahiyyəti “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyqun olaraq. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən normativ hüquqi aktla (258 nömrəli Fərman) müəyyən edilmişdir. Beləliklə, sahə üzrə müvafiq dövlət hakimiyyəti orqanları tərəfindən analoji sənəd qəbul edilənədək, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi üzrə ona verilmiş səlahiyyətləri çərçivəsində SOCAR tərəfindən qəbul edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”n və “Neftqazelmitədqiqatlayihə” institutu tərəfindən hazırlanmış “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyələr”in tətbiqi qanuna zidd olmadığı ücün məcburi xarakter daşımalıdır. Xətanı təsdiq edəcək yeganə arqumentlər tərtib olunmuş aktlar və aktların iştirakçılarıdır. Lakin məhkəmə bu önəmli xüsusları araşdırmadan mövcüd qətnaməni qəbul etmişdir. Belə ki, məhkəmə mövcud faktı müəyyən etmək ücün mülki isi ekspertizaya göndərməli, fakt öz təsdiqini tapdığı təqdirdə isə mühasibatlıq ekspertizası təyin etməliydi. Lakin qətnamədən göründüyü kimi, hakim yalnız iddiaçının iddia ərizəsində qeyd edilənlərlə kifayətlənmiş. Məlumdur ki, təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar təhqiqatın aparılması Cavabdeh funksiyalarına aid deyil. Əsasən qaldırılmış iddiaların mahiyyəti sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qeyri qanuni istifadə zamanı təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii, bu da vacibdir), təsbitlənmis (foto şəkillər, sayğacın dövlət yoxlanılmasının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylavıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsidir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-718/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin təmin olunmuş hissədə ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X3 izahatında apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən İddiaçı yaşadığı ünvan 2 ünvanında qaz sayğacına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, vətəndaş sayğacdan kənar qaz xəttindən istifadə edir, həmçinin qaz sayğacına müdaxilə edir. Barəsində aktlar tərtib edilərkə itirilmiş qaza görə hesabat aparılmış və ümilikdə 1943,40 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə də iddia ərizəsinə istinad edərək iddianı qismən -1943,40 manat hesablanmış borcun silinməsi hissəsində iddianı təmin etmişdir. Qətnamənin yalnız həmin hissəsindən naraziyiq və qətnamənin iddianın təmin edilən hissədə ləğv edilərək iddia tələbinin həmin hissədə də rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nəsimi küçəsində yerləşən 3 saylı evdə tək yaşayır, Nəsimi küçəsində qaz xətti çəkilmiş olsa da heç bir evə qaz verilməmiş, onun evində təbii qaz olmadığı üçün istiliyi odundan istifadə etməklə təmin etmişdir. Təxminən 10 gündür ki, küçəyə çəkilən qaz bərpa edilmiş və bütün evlərə təbii qaz verilmişdir. Təbii qazdan istifadə edə bilməsə də hər bir vətəndaşın adına ayrıayrı sayğac qoyulmuşdur. O, təbii qazdan yenicə istifadəyə başlayarkən Cavabdeh əməkdaşları onun evinə gələrək qaz sayğacına baxış keçirmiş və ona heç bir məlumat vermədən çıxıb getmişlər. Daha sonra məlum olmuşdur ki, təbii qaz verilməyən evə səhv nəticəsində 2011-ci ildən 2018-ci ilə qədər 2298.60 manat məbləğində cərimə olunduğu bildirilmiş, belə ki, ona təbii qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 741797 saylı akt da tərtib edilərək verilmişdir. ******* nömrəli aktda qeyd edilir ki, o, təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Bu barədə müvafiq orqana müraciət edərkən ona bildirmişlər ki, səhv olub, lakin onlar borcu silə bilmirlər, bunun üçün məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilat apelyasiya şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Buna görə kollegiya qətnaməni yalnız mübahisələndirilən həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan müəyyən edilir ki, Gülbacı Həşim qızına məxsus ünvan 3 ünvanında yerləşən evi (abonent kodu **********00000) baxış keçirilən zaman qazdan qeyri-qanuni istifadə edildiyi müəyyən edilmişdir. Həmin akt Cavabdeh Bakı X4 Departamentinin əməkdaşları tərəfindən imzalansa da, istehlakçı Həşim Gülbacı həmin aktı imzalamaqdan imtina etmişdir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2011 -ci il il tarixli, 457640 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Gülbacı Həşim qızı xx.xx.2011-ci il tarixdə ölmüşdür. Mülki iş materiallarında olan Cavabdeh Bakı X4 Departamentinin rəisi Zehin Rəsulov tərəfindən təsdiq edilən xx xxxxx 2018-ci il tarixli qərardan görünür abonent istehlakçı X2 rayonu, Hökməli qəsəbəsi, Nəsimi küçəsi, ev 3 ünvanında yerləşən evi (abonent kodu **********00000) qaz işlədicilərindən pQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 120 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat, hesabat müddəti 120 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 120 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. Mülki iş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, 2018-ci ilə qədər olan qalıq və aktlar hissəsində 1943.40 manat müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). İş matertiallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Qaydaların 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən “Təbbi qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunan Gülbacı Həşim qızına məxsus ünvan 3 ünvanında yerləşən evə yerləşdirilmiş qaz sayğacındakı pozuntuya görə istehlakçı məsuliyyət daşımadığından, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında xx xxxxx 2018-ci il tarixdə tərtib olunmuş qərara görə istehlakçının abonent hesabına hesablanmış 1943,40 manat məbləğində borc abonentin hesabından silinməlidir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh sayğacın yararsız vəziyyətə düşməsilə əlaqədar hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, məhz iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Hazırki işdə də işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı iddiaçının evində deyil, hasarın küçəyə baxan hissəsində quraşdırılıb və nəzərə alınsa ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Cavabdehin nümayəndəsi apelyasiya şikayətində akt tərtib olunmuş ünvan üzrə borcun iddiaçı tərəfindən yarandığını sübut edə bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır, Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-718/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar