Məhkəmə qərarları › İş №2(105)-2187/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2187/2020

02.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2187/2020 02.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X6 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-757/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-757/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 133/38 ünvanda yerləşən çayxana köşkünə görə hesablanmış 2941,90 manat borcun silinməsi qət edilmişdir. (hakim C.Səfiyeva) Cavabdeh ASC apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 757/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin X14 İdarəsinin əməkdaşları tərəfindən yazılmış inventar aktının etibarsız hesab edilməsi və ona hesablanmış 2941,90 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 133/38 ünvanında çayxana açdırmış, həmin çayxananın fəaliyyət göstərməsi ilə əlaqədar kod açılması, sayğac quraşdırılması üçün X14 İdarəsinə müraciət etmiş, onunla X14 İdarəsi arasında xx.xx.2002-ci il tarixdə çayxananın su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 19377032 saylı müqavilə bağlanmışdır. Lakin işlətdiyi çayxananı bir müddət başqa şəxslərə kirayəyə vermişdir. O, su sərfiyyatı və kanalizasiyaya görə il ərzində 15-17 manat ödəniş etmiş, 2012-ci il tarixdən sonra heç kim çayxananı işlətmək istəmədiyi üçün fəaliyyətini dayandırmışdır. 2018-ci ilin oktyabr-noyabr aylarında X14 İdarəsi tərəfindən yeni məhəllədaxili su xətti çəkilərkən köhnə su xətləri ləğv olunmuş, yeni birləşmələr verilməklə ona aid çayxanada da birləşmə ucluğu ayrılmışdır. O, çayxananı işlətmədiyi üçün həmin birləşmədən obyektə xətt çəkdirməmişdir. X14 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 10602 nömrəli inventar aktında çayxananın girişində quraşdırılmış plombu 1643xx xxxx 00158009 nömrəli sayğacın bağlı olması, yəni sudan istifadə olunmadığı qeyd edilmişdir. Çayxana üçün verilmiş yeni su xəttindən su özbaşına ətrafa axıdılır. O, buna hər gün nəzarət etmədiyindən su krantına 15 mm-lik rezin boru taxaraq kimlərsə sudan istifadə etmiş, sonra yaxşı bağlanmamış və X14 İdarəsi tərəfindən 745,90 manat sərfiyyat yazılmaqla 2196,00 manat cərimə aktı yazılmışdır. Həmin akta əsasən “itirilmiş su hesabatı 0,61 m3 x 5 saat x 30 gün (ayda) x 12 ay hər kub.m 2,00 manat olmaqla (su 1.098,00 + çirkab su 1.098,00) = ümumi 2196,00 manat + işləmədiyi üçün 745,90 manat (433,90 manat su borcu + 312,00 manat çirkab su) = cəmi 2941,90 manat borc məbləği hesablanmışdır. Bu aktın heç bir əsası yoxdur, çünki qeyd edilən çayxana 2013-cü ildən fəaliyyətsizdir. Fəaliyyətsiz qalmış çayxana sahibinə sudan istifadə edilməsinə dair cərimə yazılması düzgün deyil.Ona görə də, həmin borc silinməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh ASC verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, xx.xx.2002-ci il tarixdə ünvan 2 ünvanında qeyriəhali kateqoriyasına aid çayxana kimi qeyri-yaşayış sahəsindən istifadə edən fiziki şəxs İddiaçı ilə Cavabdeh ASC-nin X11 arasında “Su təchizatı və kanalizasiya xidmətlərinə dair” 19377032 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı istifadə etdiyi suyun dəyərini su xəttinin üzərində quraşdırılmış sayğacın göstəricilərinə uyğun olaraq ödəyir. Cavabdeh ASC-nin MXD-nin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus çayxanaya baxış keçirilən zaman sayğacdan kənar qeyriqanuni sudan istifadə halı aşkarlanmış və buna dair MXD-10602 saylı akt tərtib edilmişdir. Nəticədə, CavabdehSC-yə 2.941,90 manat məbləğində maddi ziyan vurulması haqqında qanunvericiliyin tələblərinə uyğun hesabat tərtib olunaraq, dəymiş maddi ziyanın ödənilməsi bildiriş formasında abonentə təqdim olunmuşdur. Borcun könüllü ödənilməsi tələbi barədə iddiaçıya “Abşeron Sukanal” İdarəsi tərəfindən xəbərdarlıq edilmişdir. Bundan əlavə iddiaçı ilə şifahi aparılan danışıqlar da müsbət nəticə verməmişdir. Abonent dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Yaranmış 2.941,90 manat məbləğində borc mülki hüquq pozuntusundan irəli gələn borcdur və abonent tərəfindən ödənilməlidir. Göründüyü kimi, tərəflər arasında olan müqavilənin şərtləri İddiaçı özü tərəfindən pozulmuşdur. Ona görə də tərtib olunmuş akt həmin müqavilənin şərtlərinə uyğundur. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 şikayəti müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək əlavə etdi ki, onun tərəfindən su xəttinə sayğacdan kənar qoşulma olmamış, su xəttinə müdaxilə etməmişdir. Əksinə həmin xəttə qoyulmuş ucluqdan su axdığına görə su idarəsinə müraciət etmiş, onlar da gəlib onun özünü cərimə etmişdir. İndi ondan əsassız hesablanmış borcu tələb edirlər. Qətnamə ədalətlidir, dəyişdirilmədən saxlanılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün 130655 saylı, xx xxxxxx 2012-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ASC-nin X14 İdarəsi ilə İddiaçı arasında Xırdalan şəhəri, H.Z.Tağıyev ünvanında sudan istifadə ilə razılaşma əldə edilmiş, tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Yenə iş materiallarında olan X14 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 10602 nömrəli inventar aktından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 133/38 ünvanda yerləşən çayxananın su sayğacına baxış zamanı sudan d=15 mm-lik boru vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi müəyyən edilmiş, akt MXS-nin mühəndisi, nəzarətçiləri tərəfindən imzalansa da, obyektin nümayəndəsi tərəfindən imzalanmasından imtina edilmişdir. Yenə də X14 İdarəsinin xx.xx.2018-ci il tarixli, qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 133/38 ünvanda yerləşən çayxana 1098 m3 miqdarında, 2198 manat dəyərində sudan qeyriqanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. İşdə olan abonent haqqında məlumatdan görünür ki, fiziki şəxs Əsgərov X8 rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 133/38 ünvanda yerləşən çayxanada sudan istifadəyə görə 745 manat borcu yaranmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda istinad olunan hüquq normalarına əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-757/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus olmuş Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 133/38 ünvanda yerləşən çayxananın su sayğacına cavabdehin əməkdaşları tərəfindən baxış keşirilmiş və bu zaman sudan d=15 mm-lik boru vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni istifadə halı aşkar edilmiş, xx.xx.2018-ci il tarixli, 10602 nömrəli inventar aktı tərtib edilmişdir. Bundan sonra, iddiaçıya 2196 manat ziyan hesablanmışdır. İddiaçı bu borcu əsassız hesab edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Su Məcəlləsinin 97-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. Yenə həmin Məcəllənin 105-ci maddəsinə görə fiziki və hüquqi şəxslər su qanunvericiliyini pozmaqla vurduqları zərəri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödəməlidirlər. Yenə də həmin Məcəllənin 43-cü maddəsinin tələbinə görə su obyektlərindən istifadə edənlərin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulan qaydada bərpa edilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh göstərilən borcun yaranma mənbəyi kimi özünün birtərəfli qaydada tərtib etdiyi “Abonent haqqında məlumat”a əsaslanır. Daha öncə istinad olunan Qanunun 31.1-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 6.1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində SMPDK-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. Qaydaların 1.6-cı bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1.4-cü bəndinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir. İşdən görünür ki, İddiaçı abonent olsa da, ona məxsus olan ünvan 2 ünvanda yerləşən çayxana fəaliyyətini dayandırdığından, su xidmətlərindən istifadə də 2012-ci il tarixdən dayandırılmışdır. Lakin buna baxmayaraq cavabdeh tərəfindən həmin çayxanada sudan qanunsuz istifadə edilməsi barədə xx.xx.2018-ci il tarixli, 10602 nömrəli inventar aktı tərtib edilmişdir. Məhkəmə iclasında ifadə vermiş şahidlər təsdiq etmişlər ki, iddiaçıya məxsus obyekt 2012-ci ildən fəaliyyət göstərmir. Bununla belə, cavabdeh təşkilat qeyd edilən obyektdə sudan istifadə ilə bağlı nəzarət vəzifələrini lazımınca icra etməmişdir. İş materiallarında olan həmin aktın surətindən də göründüyü kimi, akt abonentin və hal şahidlərinin iştirakı olmadan tərtib edilmişdir. X1 məhkəmə iclasında verdiyi ifadədən göründüyü kimi, Cavabdeh ASC tərəfindən həmin ünvanda yeni xətlər çəkiləndə köhnə su xətləri kəsilmiş, həmin vaxtdan etibarən xətlərdən su sızmağa başlasa da, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən bu nasazlıq aradan qaldırılmamışdır. “Sudan istifadə” qaydalarının 2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. Həmin Qaydaların 7.2-ci maddəsinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Beləliklə, işin müəyyən edilən hallarına hüquqi qiymət verərək məhkəmə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hesablınmış cərimənin hüquqi əsası olmadığından iddia təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 133/38 ünvanda yerləşən çayxana köşkündə sudan istifadəyə görə hesablanmış 2941,90 manat borc silinməlidir. İşin qeyd edilən hallarına qiymət verən məhkəmə kollegiyası 2012-ci ildən fəaliyyət göstərməyən çayxanada sayğacdankənar qoşulmanın iddiaçı tərəfindən edilməsini ağlabatan hesab etmir. Bununla yanaşı, cavabdeh ASC həmin borcun məhz iddiaçının təqsiri və fəaliyyəti nəticəsində yaranmasına dair məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X13 Məhkəməsi "X2rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilməmiş, borcun iddiaçının islehlakı nəticəində yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçı barədə qeyd edilən borcun hesablanması əsassızdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apelyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-757/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavadehin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar