Məhkəmə qərarları › İş №2(105)-2204/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2204/2022

23.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2204/2022 23.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: özbaşına tikililərin sökülməsi və əmlakın qanunsuz sahiblilikdən geri tələb edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(067)-168/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edib, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışa əsasən Xudat şəhəri ərazisində Xudat İstisu magistral yolunun kənarında yerləşən ünvanda 1,24 ha həyətyanı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq istifadəsinə qaytarılması, cavabdehin özbaşına inşa etdirdiyi tikililərin onun öz hesabına sökülərək torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Xudat şəhəri ərazisində Xudat-İstisu magistral yolunun kənarında onun və ailə üzvlərinin xüsusi mülkiyyətində 1,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Cavabdeh əvvəllər Xudat bələdiyyəsində işləmiş, öz vəzifəsindən və səlahiyyətlərindən sui istifadə etməklə ona məxsus torpaq sahəsinə özbaşına girərək həmin ərazidə iaşə obyekti tikərək istismar edir. Bununla əlaqədar dəfələrlə aralarında münaqişə və mübahisələr yaranmış, cavabdeh torpaq sahəsindən çıxmaqdan və özbaşına inşa etdirdiyi tikililəri sökməkdən imtina etmiş və ərazinin ona məxsus olmasını bildirmişdir. Halbuki torpaq sahəsi onun mülkiyyətindədir. Torpaq sahəsinin təyinatı kənd təsərrüfatı olsa da, cavabdeh özbaşına olaraq həmin ərazidən iaşə obyekti tikintisi üçün istifadə etmişdir. Bununla da birbaşa qanun pozuntusuna yol vermiş, cavabdehin inadkarlığı səbəbindən əmlakından təyinatı üzrə istifadə edə bilmir, əmlak üzərində qanunda nəzərdə tutulan digər hüquqları məhdudlaşdırılır.

3. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır.

4. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Xudat şəhəri ərazisində 1,24 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və onun ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində 290 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır.

5. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2325 nömrəli ekspert rəyindən görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Xudat şəhəri ərazisində yerləşən İddiaçı və qeyrilərinə məxsus 1,24 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir.

6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Xudat şəhəri ərazisində yerləşən İddiaçı və qeyrilərinə məxsus 1,24 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur.

7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Xudat şəhəri ərazisində yerləşən İddiaçı və qeyrilərinə məxsus 1,24 ha torpaq sahəsinin Cavabdeh tərəfindən şimal-şərq istiqamətində 147 kv.metr hissəsi istifadə olunur. Cavabdeh tərəfindən istifadə olunan 147 kv.metr torpaq sahəsində heç bir tikili mövcud deyildir.

8. Xaçmaz Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(067)-168/2022 nömrəli qətnaməsi ilə (hakim Anar Sadıqov) İddiaçı Cavabdeh qarşı özbaşına tikililərin sökülməsi və əmlakın qanunsuz sahiblilikdən geri tələb edilməsi tələbinə dair iddiası qismən təmin edilib, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Xudat şəhəri ərazisində yerləşən İddiaçı və qeyrilərinə məxsus 1,24 ha torpaq sahəsinin 147 kv.metr hissəsinin Cavabdeh istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ var və onun bu hüququ Dövlət tərəfindən tanınan və qorunan hüququ müdafiə olunmaldır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 152.1, 152.2, 152.3, 157.2, 157.5-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsi və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a. Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(067)-168/2022 nömrəli qətnaməsinin qismən iddianın təmin olunmamamış hissəsində ləğv edilərək, iddianın həmin hissədə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:

12. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2325 №-li ekspert rəyindən aydın olunur ki, ekspert ərazidə olmamış, yalnız mütəxəssis rəyinə əsaslanaraq ziddiyyətli rəy vermişdir. Rəydə göstərilən sxemi dəfələrlə məhkəmədən təkidlə verilməsini xahiş etsə də, sxem ona verilməmişdir və ona məlum olmayan səbəbdən gizlədilmişdir. Əgər həqiqətən də ərazinin sərhədləri müəyyən edilibsə, sxem ona təqdim olunmalı idi. Məhkəmə rəydəki ziddiyyətləri nəzərdən qaçırmışdır. İş üzrə cavabdeh istifadə etdiyi və tikililərinin olduğu torpaq sahəsinə dair məhkəməyə heç bir sənəd təqdim edə bilməmişdir. Bu da onu göstərir ki, onun inşa etdiyi tikililərin bir hissəsi ona məxsus torpaq sahəsində inşa edilmişdir. Məhkəmə baxışı zamanı ona mütəxəssis rəyinin verilməsi üçün 334 manat pul ödətdirilsə də, qətnamədə pulun cavabdehdən alınaraq ona verilməsi barədə heç nə yazılmamışdır. Yuxarıda göstərildiyi kimi alınmış mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh Mirzəağa oğlu 1.24 ha torpaq sahəsindən istifadə edir. Cavabdeh 1.24 ha torpaq sahəsinin Şimal-Şərq istiqamətində 147 kv.m istifadə edir. Məhkəmə bu ziddiyyətli araşdırmamış, təkrar ekspertiza təyin etməmiş, ziddiyyətli rəy əsas kimi qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.

15. Cavabdeh apellyasiya şikayətinə etiraz edib, birinci instansya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyası

17. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

22. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

23. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Torpaq Məcəlləsi

27. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

28. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

29. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur.

30. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 384.0.3. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

39. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Xudat şəhəri ərazisində yerləşən İddiaçı və qeyrilərinə məxsus 1,24 ha torpaq sahəsinin 147 kv.metr hissəsinin Cavabdeh istifadəsindən alınaraq iddiaçının istifadəsinə qaytarılması, ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun cavabdehdən alınaraq Dövlət hesaba keçirilməsi barədə düzgün nəticəyə gəlmişdir.

40. Birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Qeyd olunan hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

41. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur və bu barədə apellyasiya şikayətinin dəlillərində göstərilən xüsasatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir.

42. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək məqsədi ilə 03 noyabr 2021-ci il tarixdə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspertiza baxışında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidmətinin mütəxəssislərinin iştirakının təmin edilməsi nəzərdə tutulmuşdur.

43. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesteri Xidmətinin 04 fevral 2022-ci il tarixli məktubu ilə tədqiqat obyektinə baxış keçirildiyi və müvafiq mütəxəssis rəyinin hazırlandığı və mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərcin müvafiq hesaba keçirildikdən sonra rəyin təqdim ediləcəyi bildirilmiş və həmin məbləğin 313,40 olması bildirilmişdir.

44. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin kassa mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 09 mart 2022-ci il tarixdə bankın müvafiq bank hesabı vasitəsi ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesteri Xidmətinin hesabına 314 manat pul ödənilmişdir.

45. Mülki Prosessual Məcəllə

46. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

47. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Lakin birinci instansiya məhkəməsi iş üzrə mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesteri Xidmətinin hesabına 314 manat ödənilməsinə münasibət bildirməmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur.

49. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 314 manat pul vəsaiti də cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(067)-168/2022 nömrəli qətnaməsi dəyişdirilsin. Mütəxəssis tədqiqatının dəyəri olan 314 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə - «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Xudat şəhəri ərazisində yerləşən İddiaçı və qeyrilərinə məxsus 1,24 ha torpaq sahəsinin 147 kv.metr hissəsi Cavabdeh istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılsın, iddia qalan hissədə təmin edilməsin, ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar