Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2205/2020 02.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh Nüsrət qızının vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh Nüsrət qızına qarşı alqı-satqı müqaviləsinin, şəhadətnamənin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi və qeydlərin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-417/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-417/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçıCavabdeh Nüsrət qızına qarşı alqı-satqı müqaviləsinin, şəhadətnamənin və reyestrdən çıxarıçın etibarsız hesab edilməsi və qeydlərin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamışdır (hakim İ.Məmmədov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)- 417/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Dövlət notariat kontorunda təsdiq olunmuş xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə ilə əlaqəli xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı reyestr qeydinin ləğv edilməsi, xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsi əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 340 saylı, 30301004 kodlu şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK DƏDRX yanında 5 saylı X7 daşınmaz əmlakın Dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində edilmiş qeydin ləğv edilməsi və həmin qeydə əsasən verilmiş RX seriyalı, ******* saylı reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2003-cü il tarixdə Səfərov Rövşən Nadir oğlu ilə rəsmi qaydada nikah bağlamış, birgə nikahdan bir övladı olmuşdur. Ərinin xəstəliyi ilə əlaqədar Quba bələdiyyəsinin və ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsində 2003-cü ilin yayında fərdi yaşayış evi tikərək 2004-cü ilin qışında əri və oğlu ilə birgə həmin evə köçmüşdür. Əri Səfərov Rövşən Nadir oğlu xx.xx.2018-ci il tarixdə həmin evdə ölmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3199/2019 saylı mülki işi üzrə iş materiallarında olan RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba şəhəri ərazisində 0,08 ha torpaq sahəsi Cavabdeh Nüsrət qızının adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. RX seriyalı, ******* saylı reyestrdən çıxarışın verilməsinə əsas olmuş Azərbaycan Respublikası ƏMDK DƏDRX yanında 5 saylı X7 daşınmaz əmlakın Dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində edilmiş qeydiyyat, JN 340 saylı, 30301004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas Quba rayon Dövlət notariat kontorunda təsdiq olunmuş xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsi olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3199/2019 saylı mülki işi üzrə iş materiallarında olan JN 340 saylı, 30301004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən və həmin iş üzrə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK DƏDRX yanında 5 saylı X8 xx.xx.2018-ci il tarixli, **********59 nömrəli məktubundan göründüyü kimi, həmin şəhadətnamə dövlət qeydiyyatına alınmamış, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən möhür və imza ilə təsdiq edilməmiş, Quba şəhəri ərazisində Cavabdeh Nüsrət qızının adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qeydə alınmamışdır. Göstərilənlərə əsasən iddia təmin lunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətinin dəlilləri iddia ərizəsindəki dəlillərlə eyni məzmundadır. Apelyant JN 340 saylı, 30301004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin saxta olduğunu və həmin sənəd üzrə hüquqların mövcud olmadığını göstərərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edib eyni məzmunlu izahat verərək onun təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-417/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh Nüsrət qızının vəkili X5 apelyasiya şikayətinə etiraz etdi, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, mübahisəli torpaq sahəsinin iddiaçıya heç bir aidiyyatı olmadığına görə onun hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddiaçı öz iddiasıyla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Onun iddiası ehtimallara əsaslanır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan nikah haqqında AZ-İ 061538 saylı şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2003-cü ildə İddiaçı ilə Səfərov Rövşən Nadir oğlu (cavabdehin oğlu) arasında nikah bağlanmışdır. Yenə iş materiallarında olan doğum haqqında AZ-İ 403461 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Səfərov Rövşən Nadir oğlunun nikahından xx xxxx 2003-cü il tarixdə Fəhmin adlı uşaq doğulmuşdur. Yenə də iş materiallarında olan AZ-İ 936792 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Səfərov Rövşən Nadir oğlu xx.xx.2018-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş JN 340 saylı, 30301004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Nüsrət qızının mülkiyyətinə Quba şəhəri ərazisində 0,08 ha torpaq sahəsi verilmişdir. Buna əsas xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsi olmuşdur. Yenə işdə olan xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK DƏDRX yanında 5 saylı X7 daşınmaz əmlakın dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, Quba şəhəri ərazisində 0,08 ha torpaq sahəsi Cavabdeh Nüsrət qızının xüsusi mülkiyyətindədir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-3199/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1199/2019 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti təmin edilməmişdir. Bu qətnamədən görünür ki, Cavabdeh İddiaçı qarşı reyestrdən çıxarışın alınmasına yaradılmış maneənin aradan qaldırılması barədə iddia qaldırmış və bu iddia təmin edilmişdir. Yenə iş materiallarında olan AN-İ ******* saylı, xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Nüsrət qızının xüsusi mülkiyyətində olan Quba şəhəri ərazisində 0,08 ha torpaq sahəsinin 0,02 ha hissəsi X1. Yenə də işdə olan xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK DƏDRX yanında 5 saylı X7 daşınmaz əmlakın dövlət reyestrində 259 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, Quba şəhəri ərazisində 0,026 ha torpaq sahəsi Cavabdeh Nüsrət qızının xüsusi mülkiyyətindədir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasənapelyasiya şikayətitəmin edilməməli,Quba Rayon Məhkəməsinin 2(027)-417/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixdə cavabdehin oğlu Səfərov Rövşən Nadir oğlu ilə rəsmi qaydada nikah bağlamış, birgə nikahdan bir uşaları olmuşdur. İddiaçı iddia edir ki, ərinin xəstəliyi ilə əlaqədar Quba bələdiyyəsinin və ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsində 2003-cü ilin yayında fərdi yaşayış evi tikərək 2004-cü ilin qışında əri və oğlu ilə birgə həmin evə köçmüşdür. Əri Səfərov Rövşən Nadir oğlu xx.xx.2018-ci il tarixdə həmin evdə ölmüşdür. Sonradan ona məlum olmuşdur ki, bu torpaq sahəsinə dair onun qayınanası-Cavabdeh tərəfindən JN 340 saylı, 30301004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə alınmışdır. Buna əsas isə xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alqə-satqı müqaviləsi olmuşdur. Şəhadətnamədən sonra isə cavabdeh özünə reyestrdən çıxarış almışdır. Hazırda iddiaçı həmin sənədlərin etibarsız hesab edilməsi və reyestr qeydlərinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakılarıqeyd etməyi zəruri hesab edir. Əvvəla, işdən görünür ki, İddiaçı mübahisəli torpaq sahəsinin ona və mərhum ərinə xəstəliyi ilə əlaqədar Quba bələdiyyəsinin və Quba RİH-nin faktiki razılığı ilə 2003-cü iln yay aylarında verildiyini göstərmiş, lakin bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehin 0,08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyatı üçün əsas olmuş xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsini mübahisələndirir. Lakin işin tədqiq olunan faktiki hallarından məlum olur ki, iddiaçı həmin müqavilə üzrə tərəf olmamışdır. Mərhum ərinin anasının, yəni iş üzrə cavabdehin alğı-satqı yolu ilə 0,08 ha torpaq sahəsini əldə etməsinin iddiaçının hansı hüquqlarını pozduğu aydın olmur. İddiaçı bununla bağlı heç bir ciddi və legitim sübut təqdim edə bilməmişdir. Onun dəlilləri ehtimallara söykənir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. AR Ali Məhkəməsinin bir çox anoloji işlər üzrə qərarlarında da qeyd olunduğu kimi istinad olunan prosessual hüquq normasının dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır... Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, İddiaçı hazırki iş üzrə iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Cavabdehin mülkiyyətində olan mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamaq ona belə bir iddianı qaldırmaq üçün əsas vermir. Bundan əlavə, mübahisələndirilən əqdləri etibarsızlığı üçün də əsaslar mövcud deyildir. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5ci maddələri). Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1. maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin məcəllənin 404.2. maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu normaların tələbləri baxımından da məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisəli alqı-satqı müqaviləsi üzrə tərəf olmadığından hazırkı halda onun bu müqaviləni mübahisələndirməyə subyektiv hüququ mövcud deyildir. İşdən görünür ki, İddiaçı keçmiş qayınanası ilə aralarında olan narazılıqlar səbəbindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin narazılıqlar qanuni əsaslarla bağlanmış alqı-satqı müqaviləsinin etibarsızılığı üçün əsas ola bilməz. Belə olan halda, məhkəmə, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, qeyd olunan müqavilə qanuni əsaslarla bağlandığından onun etibarsız hesab olunmasına zərurət yoxdur və bu barədə iddia əsassız olmaqla təmin oluna bilməz. İşdən görünür ki, qeyd olunan alqı-satqı müqaviləsindən sonra mübahisəli daşınmaz əmlaka dair cavabdehin adına şəhadətnamə və reyestrdən çıxarış verilmiş, habelə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydlər aparılmış, torpağın bir hissəsi özgəninkiləşdirilmişdir. Alqı-satqı müqaviləsi etibarsız hesab olunmadığından cavabdehin adına verilmiş şəhadətnamənin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi, habelə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi barədə iddia tələbləri də təmin edilməməlidir. Qeyd olunduğu kimi, alqı-satqı müqaviləsinin etibarsızlığı üçün heç bir əsas yoxdur və onun əsasında verilmiş reyestrlərdən çıxarış da qanuni əsaslarla tərtib olunmuşdur. AR Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki,birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün istinad edərək, İddiaçıCavabdeh Nüsrət qızına qarşı alqısatqı müqaviləsinin, şəhadətnamənin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi və qeydlərin ləğv edilməsi barədə iddiasını təmin etməməkdə haqlı olmuşdur. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. AR MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tələbinin və apelyasiya şikayətinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrəQuba Rayon Məhkəməsinin 2(027)- 417/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasənapelyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi 15,40 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-417/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi 15,40 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2205/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2205/2020
02.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver