Məhkəmə qərarları › İş №2(105)-221/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-221/2024

15.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-221/2024 15.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-925/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 27 dekabr 2022-ci il tarixli 280099 nömrəli aktdan müəyyən olunur ki, ünvan 1 ünvanına baxış keçirilərkən məlum olmuşdur ki, abonent sayğacdan kənar 2x6 mm (mis) naqil vasitəsilə birbaşa mənzilə xətt aparmışdır. Ölçülər ampermaşa ilə aparılmışdır.

2. Abunə haqqında sənəddən müəyyən olunur ki, ünvan 1 ünvana, İddiaçı Həkimşah oğluna 717,12 manat borc hesablanmışdır.

3. xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84-05101-093043 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh "xxxx" ASC-nin X4 Şəbəkəsi MMC tərəfindən ona məxsus ünvan 3 ünvanda yerləşən yaşayış evinə elektrik enerjisindən sərfıyyata görə tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli akta əsasən hesablanmış 664,45 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Xaçmaz şəhəri N.Nərimanov küçəsi, ev 70A, mənzil 14-də yaşayır. Evinə quraşdırılmış elektrik sayğacının göstəricilərinə əsasən hər ay enerji sərfıyyatının pulunu ödəmişdir. 2022-ci ilin dekabr ayının 27-də evdə olduğu zaman bir neçə nəfər işıq idarəsinin işçiləri evinə çəkilmiş işıq sayğacını yoxlayaraq evinə güya sayğacdan kənar xətt çəkildiyini müəyyən etmişlər. O bildirmişdir ki, evinə gələn elektrik xətti yalnız sayğacdan keçən xəttdir və evinə heç bir kənar xətt çəkilməmişdir. Bundan sonra həmin şəxslər ona heç bir söz demədən çıxıb getmişlər. 02 fevral 2023-cü il tarixdə ona X2yə görə ödənişin edilməsi barədə bildiriş xəbərdarlıq təqdim edilmişdir. Həmin bildirişdə göstərilir ki, qalıq borcu 717,12 manat təşkil edir. Bundan sonra o "xxxx" ASC-nin Xaçmaz EŞ-də olaraq 712,12 manat qalıq borcu hesablanması ilə maraqlandıqda ona akt və abunə haqqında sənədlərin surətlərini təqdim etmişlər. 27 dekabr 2022-ci il tarixli, 280099 nömrəli aktda göstərilir ki, EEİQ-yə uyğun olaraq sayğaclara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, abonent sayğacdan kənar 2x6 mm (mis) naqil vasitəsilə birbaşa mənzilə xətt aparmışdır. Ölçülər ampermaşa ilə aparılmışdır. Tələb: kənar xətt ləğv edilsin. Aktın sonunda onu tərtib etmiş dörd nəfərin soyadları göstərilməklə qarşılarında imzalar vardır, məişət abonenti İddiaçı göstərilsə də, onun qarşısında imza yoxdur. Abunə haqqında sənəddə göstərilir ki, xx.xx.2023-cü il tarixdə EİQ pozulması (0,13) 538,20 manat, aktın yeni tarifi 80,80 manat, EİQ pozulması (0,09) 45,45 manat təşkil edir. Ümumilikdə bu məbləğlər 538,20+80,80+45,45=664,45 manat təşkil edir. Beləliklə, cavabdeh idarənin xx.xx.2023- cü il tarixli bildiriş xəbərdarlıqda ona hesablanmış 717,12 manat qalıq borcundan 664,45 manat güya evinə kənar xəttin çəkilməsi ilə bağlı hesablanmış məbləğdir. 27 dekabr 2022-ci il tarixdə Xaçmaz EŞ-nin əməkdaşları evinə güya kənar xəttin çəkilməsini müəyyən etdiklərini bildirsələr də, həmin xətti ona göstərməmiş və evinə baxış keçirmələrini təklif etməmişlər. Bu barədə akt tərtib etdikləri barədə ona heç bir məlumat verməmişlər. Ona görə də o həmin aktın nə vaxt və harada tərtib olunmasını deyə bilmir. Əgər həmin akt həqiqətəndə evinə quraşdırılmış sayğaca baxış keçirilərkən yazılsaydı, onlar həm baxışda iştirak etməyə, həm də həmin aktı imzalamağı ona təklif edərdilər. Heç vaxt evinə sayğacdan kənar xətt çəkilməmiş və həmişə enerji sərfıyyatı pulunu nəzarətçinin təqdim etdiyi bildiriş-xəbərdarlığa əsasən ödəyir. Ona görə də o 27 dekabr 2022-ci il tarixli, 280099 nömrəli aktı tamamilə qanunsuz hesab etməklə onun əsasında hesablanmış 664,45 manat qalıq borcu qəbul etmir. Yaşadığı mənzilə elektrik enerjisi mənzilin qarşısında olan meydançada divarda quraşdırılmış ümumi şitdəki sayğac vasitəsilə verilir. Əgər aktda göstərilmiş hallar həqiqətən də baş vermişdirsə, yəni mənzilinə sayğacdan kənar xətt aşkar etmişlərsə, bunu müvafiq qaydada fotoçəkiliş vasitəsilə və iki nəfər hal şahidlərin iştirakı ilə sənədləşdirərdilər. Ona cavabdeh idarədən 02 fevral 2023-cü il tarixdə təqdim edilmiş 27 dekabr 2022-ci il tarixli, 280099 nömrəli aktda mənzilinə güya sayğacdan kənar əlavə naqil vasitəsilə kənar xəttin çəkilməsinin müəyyən edilməsi qeyd olunsa da, aktda yuxarıda göstərilən Qaydaların tələblərinə uyğun olaraq həmin “Kənar xəttin” açılması qeyd edilməmiş və bu cür “xətanın” foto-video çəkiliş vasitəsilə qeydə alındığı öz əksini tapmamışdır. Ən əsası odur ki, həmin aktın tərtib edilməsində onun iştirakı təmin edilməmişdir. Onunla cavabdeh idarə arasında X1ydalarına dair rəsmi müqavilə bağlanmamışdır. Ona görə də hesab edir ki, cavabdeh tərəfindən 27 dekabr 2022-ci il tarixli akta əsasən hesablanmış 664,45 manat məbləğində enerji sərfıyyatına görə pul əsassız hesablanmışdır.

6. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-925/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə).

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinə İddiaçı borclu olmasını təsdiq edəcək heç bir sənəd əlavə edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1092.1, 1093.1, 1096.1, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1ydaları”nın 7.11, 8.32 və 8.33-cü bəndləri ilə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-925/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul etmişdir. Belə ki, “Elektrik enerjidən istifadə qaydaları”nın 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə,bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya video çəkiliş aparılmaqla) qeydə alınır. İş materiallarından göründüyü kimi ona məxsus mənzilə kənar xəttin çəkilməsini təsdiq edəcək hər hansı sübut yoxdur. Lakin buna baxmayaraq məhkəmə iddia tələbini təmin etməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

15. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1ydaları”nın

18. Bənd 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-925/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir.

30. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-925/2023 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır. Nəzərə alınmalıdır ki, tələb olunan borcun məhz iddiaçıya hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda həmin borcun iddiaçıya aid olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən ona aid olduğunu sübuta yetirməlidir.

33. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

34. Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

35. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya icraatı zamanı iddiaçının mübahisələndirdiyi 664,45 manat məbləğində borcun iddiaçıya məxsus olması öz təsdiqini tapmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. İş materiallarından görünür ki, abunə haqqında sənəddə İddiaçı Həkimşah oğlunun adı yazılmış, digər tərəfdən, ünvanında da uyğunsuzluq vardır. Odur ki, hazırkı borcun iddiaçıya aid olması araşdırma zamanı sübut olunmamışdır.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz.

38. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

39. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-925/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar