Məhkəmə qərarları › İş №2(105)-2217/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2217/2023

28.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2217/2023 28.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilmə tələbinə dair mülki iş üzrə icraatın dayandırılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5016/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 tərəfindən Cavabdeh Sumqayıt şəhər 1 saylı notariat ofısində verilmiş 2V-39 reyestr nömrəli, 8 may 2014-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1994-cü ildə Sumqayıt şəhər sakini X1 ilə faktiki ailə qurmuşdur. Onunla 2023-cü ilin mart ayınadək Xəzər bağlarında yerləşən 783a saylı bağ evində birgə yaşamışdırlar. Yoldaşı 16 mart 2023-cü il tarixində rəhmətə getmişdir. Cavabdeh onun bacısıdır və qapıbir qonşuluqda yaşayır. Onun yoldaşı ilə bir neçə dəfə müəyyən səbəblərdən mübahisələri olub, evdən getmiş, sonra barışmışdırlar. Belə ki, 2014-cü il tarixində evdən getmişdi, təxminən 1 il evə qayıtmadı. Həmin vaxtlarda Yaşar xəstə idi və qulluğa ehtiyacı vardı. Yaşar 2010-ci illərdən işemiya, stenokardiya, şəkərli diabet, panik atak, hipertoniya, prostat və s. xəstəliklərlə xəstə idi. 2010-cu il tarixində Avroasiya klinikasında əməliyyat da olmuşdu. 2013-cü ildən də başlayaraq xəstəxana şəraitində hər il müalicə alırdı. 2014 -cü il 4 may tarixindən əlillik aldı. Onun xəstə olduğundan istifadə edən cavabdeh onu tək qalacağı ilə qorxudub, "sənə özüm baxacam və qulluğunda duracam, yoxsa xəstə adamsan, qalassan ortalıqda, nə baxan olacaq, nə yemək verən" deyə onu notariusa aparıb. Orada vəsiyyətnamə tərtib olunub, Yaşar cavabdehin də yanında imza edəndən sonra notarius bildirib ki, 2 nəfər şahidin də imzası lazımdı. Onlar notariusdan çıxıblar. Yaşar hesab edib ki artıq vəsiyyətnamə baş tutmadı, çıxıb gəlib evə. 2023-cü ilin yanvar ayında isə Yaşara məlum oldu ki, o vaxt vəsiyyətnamə tərtib olunubmuş. Belə ki həmin vaxt cavabdehlə onun arasında söz söhbət oldu. Cavabdehə dedi ki, "gəl məzuniyyət götür, bir həftə Yaşara bax, mən 2 gün dincəlim ki sonra onun müalicəsi ilə məşğul ola bilim, onun səhhəti getdikcə pisləşir, bizə kömək lazımdı". Onda cavabdeh ağzından qaçırdı ki - "nədi, mənim vəsiyyətnaməm var deyə ona mənmi baxmalıyam, yoldaşısan bax da, bizə məzuniyyət vermirlər, gələ bilmərəm". Bunu eşidən Yaşar ondan soruşdu ki - nə vəsiyyətnamə. O da dedi ki-" o vaxt getmişdik axı notariusa, notarius 2 şahid istəmişdi, mən də ordan çıxandan sonra qonşu ilə dostun Etibarın şəxsiyyət vəsiqəsini götürüb qayıtdım notariusa vəsiyyətnaməni aldım. Etibar Yaşarın yaxın dostu idi və notariusun yaxınlığında çörək butkasını işlədirdi. Onda Yaşarın 10 il əvvəl notariusa getmiş olması yadına düşdü. Yaşar 2021-ci il mart tarixində insult keçirərək 5.6 ay hərəkətsiz qalmışdı, o, həmin vaxt aylarla yuxusuz qaldı, sonra isə tədricən yaxşılaşsa da, əksər hallarda çox şiddətli ağırları tuturdu, hərəkəti məhdudlaşırdı. Ona baxan və qulluq edən yeganə şəxs isə o, idi. Cavabdeh əsla onun səhhəti ilə maraqlanmırdı. Bircə gecə bu qəddar adamı o, Yaşarın yanında saxlaya bilmədi. Yalandan deyirdi ki oğlu saat 5-də işə gedir, ona yemək verməlidir. Bu insan üçün yuxu və rahatlıq yeganə qardaşdan çox qiymətli idi. Halbuki, onu evin böyük uşağı olan Yaşar saxlamışdı. Atası onları qoyub getdiyindən Yaşar 10 yaşından ayaqyalın dənizdə balıq tutub, çöllərdə quş vurub ailəni yedizdirirdi. Böyüyəndə də alüminium zavodda təzyiqi 200-250 ola-ola elektroliz sexində, 2 min dərəcə istinin altında illərlə işləyib anasını müalicə etdirirdi, Bakıya, Moskvaya daşıyırdı onu, həm də bacılarını saxlayırdı. Bu cür qardaş hələm-hələm tapılan deyil. Üstəlik, cavabdeh ərə gedəndən sonra da ərini gətirib ata evində yaşadığından, onun yeri rahat olsun deyə Yaşar özü evlərindən çıxmışdı və onlar 2001-ci illərədək kirayələrdə yaşamışdırlar. Bütün bunların da müqabilində, bu cür qardaşa hər şeyi qurban vermək əvəzinə, cavabdeh nəinki Yaşarla maraqlanmaq, tez tez təcili yardım çağırdığını, maşını qarşılamağa adam tapmadığını, əksərən qonşuları göndərdiyini biləbilə heç zəng vurub soruşmurdu ki -"Yaşarın halı necə oldu". Yaşar onun bu laqeydliyindən çox pis olurdu, çox fıkir edirdi, ürəyinə salırdı. 2022-ci ilin dekabr ayından başlayaraq 1 nəfər qonşu – L.M.Musayeva onun xahişi ilə o, evdə olmayandahəkim, dərman, bazarlıq və s. dalınca gedəndə gəlib Yaşara baxırdı, çünki Yaşar tək qala bilmirdi, qorxurdu ki ağrısı tutar. 2023-ci ilin yanvarından Yaşarın səhhəti pisləşməyə doğru getdi. Yaşar bir neçə dəfə cavabdehə dedi ki “işindən şikayətlənirsən, işdən çıx gəl mənə bax, sənə ayda 150 manat pul verərəm”. O isə-"azdı" dedi. Qonşu L.Musayeva Yaşara pulsuz baxırdı, cavabdeh isə heç pulla da o yazığa baxmaq istəmədi. Cavabdeh məzuniyyətə çıxanda belə bunu gizləyirdi. Cavabdeh bu cür imansız, insafsız bir adamdır. Yaşar, vəsiyyətnamə barədə biləndən sonra çox narahat oldu. 2023-cü ilin yanvar ayında Yaşarla o, qonşu L.Musayevanın köməyi ilə Yaşarın xahişi ilə Sumqayıt şəhərində 4 saylı Notariat kontoruna getdilər. Yaşarın məqsədi bu idi ki başqa vəsiyyətnamə qoysun, bu vəsiyyətnaməni ləğv etdirsin. Notariusda isə məlum oldu ki Yaşar qeydiyyatda olduğu, Sumqayıt ş. Pİ-nin inzibati binasına qeydiyyatdan çıxarılıb və notariat əməliyyatı edilə bilməz. Ona görə də Yaşara yenidən qeydiyyata düşmək üçün ünvan axtarıb tapdılar, ora qeydiyyata düşdü, lakin artıq hərəkət edə bilmədi, notariata gedə bilmədi. Beləliklə vəsiyyətnamə qüvvədə qalmış oldu. 16 mart tarixində isə Yaşar rəhmətə gedən kimi cavabdeh dərhal mirasa sahiblik üçün düşdü notarius orqanlarının canına ki-"mən vərəsəyəm". Onun xəstə qardaşına baxan, qardaşı ilə 30 il birgə yaşayan onu isə ümumiyyətlə tanımaq belə istəmədi. Onun anlaşılan psixi durumu sabit deyi, yerində deyil. O, ancaq mal və pul ələ keçirmək fikri ilə yaşayan bir adamdır. Cavabdeh öz-özünə beynində nəsə düşünür, öz yalanlarına inanır və düşür onun üstünə. Cavabdeh heç yeganə qardaşının 40 mərasimində belə iştirak etmədi. Heç düşmən belə hərəkət etməzdi. Beləliklə, cavabdeh nə sağlığında Yaşara qiymət verdi, nə də ölümündən sonra hörmət qoydu. Yaşarın hazırda Beynəlxalq bankda müəyyən məbləğdə pulu var, hansı ki həmin pulun çoxusu onun Yaşarla birgə yaşadıqları dövrdə yığdıqları - 2011-cu il tarixindən başlayaraq ora qoyulan puldur. Yaşar xəstə idi, işləmirdi, pulu necə yığa bilərdi. Bu pul cavabdehə azlıq edir, o Yaşarla onun 2001-ci il tarixindən bir yerdə yaşadıqları, ona aid olan bağa da tamah salır. Yaşarın ölümünün əsas günahkarı cavabdehdir, çünki onun ağır xəstə olduğu 2 il müddətində gəlib bircə həftə ona baxmaq istəmədi. 2 ildi o cür xəstəyə tək qulluq edən, onu müayinə, müalicəsi, bütün problemləri ilə fasiləsiz məşğul olan və həm də ev işi, çöl işi, hər şeyi idarə edən 67 yaşlı o, 2 gün dincəlməyə imkan tapmadı ki, sağlam düşünə bilsin, bır çarə tapa bilsin ki bu xəstəyə daha necə kömək etmək olar. Tam əsəbləri pozulmuş, yuxusuzluq və fiziki əziyyət bır tərəfdən, digər tərəfdən də Yaşarın tək qaldığını, bacısının və qızlarının ona qarşı laqeydliyinə görə Yaşarın çox fikir çəkdiyini görüb o, mənəvi iztirab da çəkirdi, artıq özü də xəstə olmuşdu. Cavabdehin vecinə də deyildi ki Yaşar, ya o, necə əziyyət çəkir. Sutkanın 12 saatını rahat yatmalıydı. Bu cür qəddarlıqla da Yaşarın ölümünə şərait yaratdı, imkan verdi. Cavabdeh 2 il ərzində bircə həftə Yaşara baxsaydı, onu yəqin ki tam müalicə etdirə bilərdi ki daha 5,6 il, ya daha çox yaşasın. Qəddar və laqeyd cavabdeh buna imkan vermədi, onun vaxtsız ölümünə bais oldu. Beləliklə, cavabdeh qardaşının xəstə, tək, köməksiz vəziyyətdə qalmasından istifadə edərək onu notariusa aparıb, baxmayaraq ki Yaşar sonra o fikirdən vaz keçib, vəsiyyətnamənin tamamlanmış olduğunu bilməyib və vermək istəmədiyi üçün də bir daha cavabdehə şahid tapmasını tapşırmayıb yaxud özü bunu etməyib. Həmin halları Yaşar ona vəsiyyətnamə barədə biləndən, 10 il əvvəl- cavabdehin onu notariusa apardığı yadına düşəndən sonra danışdı. Dedi axı vəsiyyətnamə işi alınmamışdı və o, çıxıb getmişdi". Bundan əlavə, AR Mülki Məcəlləsinin normalarına görə vəsiyyətnamə vəsiyyət edənin iradəsini ifadə etməmişsə bu vəsiyyətnamənin etibarsızlığma səbəb olur. AR Mülld Məcəlləsinin 1179-cu 1180-ci maddəsinin normasma görə vəsiyyət edən vəsiyyətnaməni özü tərtib etməlidi. Əgər özü tərtib etmirsə, notariusun vəsiyyətnaməni iki nəfər şahidin yanında yazmasına yol verilir. Bu vəsiyyətnamə isə iki nəfər şahidin deyil, şəxsiyyət vəsiqəsinin təqdim edilməsi ilə yazılıb. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5016/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatı ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı faktiki nikah münasibətində olma və birgə təsərrüfat aparılması faktının müəyyən olunması tələbinə dair işə baxılıb yekun qərar çıxarılana (məhkəmə aktı qanuni qüvvəsini alanadək) kimi dayandırılması qərara alınmışdır (hakim G.Tanrıverdiyeva). Qərardaddan narazı qalan Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5016/2023 saylı qərardadından şikayət verərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5016/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadını ləğv edərək mülki işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 tərəfindən Cavabdeh Sumqayıt şəhər 1 saylı notariat ofısində verilmiş 2V-39 reyestr nömrəli, 8 may 2014-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 Rufiılla qızı məhkəməyə yazılı vəsatət təqdim edərək bildirmişdir ki, İddiaçı "vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair" iddia tələbi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. İddiaçı faktiki həyat yoldaşı, mərhum X1 ilə 1994-cü il tarixindən "Faktiki nikah münasibətində olub birgə yaşayaraq birgə təsərrüfat aparmış olmaqları faktının müəyyən olunmasına dair" digər iddia tələbi ilə də məhkəməyə müraciət etmişdir. Qeyd olunan mülki iş hazırda icraatdadır və məhkəmə iclasına təyin olunmuşdur. Həmin iddianın həlli, hazırkı iş üzrə iddiaçının subyektiv hüquq əldə etməsi əsası olduğundan həmin işə baxılıb qurtaranadək hazırkı işin dayandırılmasına zərurət vardır. Belə ki, hazırda icraatda olan işin obyektiv həlli iddiaçının faktiki nikah münasibətində olub birgə yaşayaraq birgə təsərrüfat aparmış olma faktının müəyyən olunması iddiası üzrə nəticədən asılıdır. Ona görə də hazırkı mülki işin icraatının dayandırılmasını xahiş etmişdir. Məhkəmə bildirmişdir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı faktiki nikah münasibətində olmaq və birgə təsərrüfat aparılması faktının müəyyən olunmasına dair ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, onun X1 ilə 1994-cü il tarixindən faktiki nikah münasibətində olub birgə yaşayaraq birgə təsərrüfat aparmış olmaları faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı sözügedən iddia ərizəsinə baxılıb yekun qərar çıxarılanadək hazırki mülki işə mahiyyəti üzrə baxılması mümkün deyil. Belə ki, hazırki tələblə (vəsiyyətnamənin etibarsızlığı) məhkəməyə müraciət etmək üçün iddiaçının subyektiv hüquqa malik olub-olmaması həmin işin (faktiki nikah münasibətində olma faktının müəyyən edilib-edilməməsi) nəticəsindən asılıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatı ərizəçi İddiaçı maraqlı şəxs "xxxx" ASC-yə qarşı "faktiki nikah münasibətində olmaq və birgə təsərrüfat aparılması faktının müəyyən olunması” tələbinə dair işə baxılıb yekun qərar çıxarılana (qərar qanuni qüvvəsini alanadək) kimi dayandırılmalıdır. Aşağıda sadalananlara əsasən məhkəmənin qərardadını tamamilə qanunsuz və əsassız hesab edir: Belə ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 mart 2004-cü il tarixli qərarı) Göründüyü kimi başqa bir iş həll edilməyincə işin baxılması mümkün olmadıqda icraatın dayandırılmalı olması qanunvericilikdə məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Əvvəla iddiaçının "Faktiki nikah münasibətində olub birgə yaşayaraq birgə təsərrüfat aparmış olmaqları faktının müəyyən olunmasına dair" digər iddia tələbi ilə məhkəməyə müraciət etməsi icraatın dayandırdması üçün məcburi hal hesab oluna bilməz. Konstitusiya Məhkəməsinin 2 noyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə dair müvafiq qərar qəbul edənədək məhkəmələr nəzərə almalıdırlar ki, faktiki nikah münasibətlərindən irəli gələn hüquqi nəticələr qanunvericiliklə tanımadığından, 1944-cü il 8 iyul tarixindən sonra başlanmış faktiki nikah münasibətlərində olma faktı onlar tərəfindən müəyyən edilə bilməz. Bundan başqa məhkəmə icraatı dayandırarkən nəzərə almamışdır ki, hətta iddiaçının "Faktiki nikah münasibətində olub birgə yaşayaraq birgə təsərrüfat aparmış olmaqlan faktının müəyyən olunmasına dair" digər iddia tələbi təmin olunsa belə həmin Akt iddiaçıya Vəsiyyətnaməni mübahisələndirmək üçün subyektiv hüquq vermir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5016/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı faktiki nikah münasibətində olmaq və birgə təsərrüfat aparılması faktının müəyyən olunmasına dair ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, onun X1 ilə 1994-cü il tarixindən faktiki nikah münasibətində olub birgə yaşayaraq birgə təsərrüfat aparmış olmaları faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı sözügedən iddia ərizəsinə baxılıb yekun qərar çıxarılanadək hazırki mülki işə mahiyyəti üzrə baxılması mümkün deyil. Belə ki, hazırki tələblə (vəsiyyətnamənin etibarsızlığı) məhkəməyə müraciət etmək üçün iddiaçının subyektiv hüquqa malik olub-olmaması həmin işin (faktiki nikah münasibətində olma faktının müəyyən edilib-edilməməsi) nəticəsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 254.1, 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 mart 2004-cü il tarixli qərarı) Göründüyü kimi başqa bir iş həll edilməyincə işin baxılması mümkün olmadıqda icraatın dayandırılmalı olması qanunvericilikdə məhkəmənin vəzifəsi olaraq (məcburi) müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılması barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5016/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar