Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2218/2023 26.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5599/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanına dair su və çirkab sulara dair xidmət göstərilməsi barədə Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli müqavilə bağlanılmış, müqavilənin nömrəsi 30811337, abonentin adının İddiaçı olduğu qeyd olunmuşdur.
2. Abonentin su təchizatından yararlanmasına görə ödənilməmiş 1650.53 manat borcu mövcuddur. Tərəflər arasında mübahisə həmin borcun hesablanması ilə bağlı olmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsi tərəfindən ünvan 1 saylı mənzildə istifadə edilmiş su təchizatı və kanalizasiya xidmətlərinə görə əsassız olaraq hesablanmış 1650.53 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli xəbərdarlıqla Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsi tərəfindən yaşadığı ünvan 1 saylı evdə su təchizatı və kanalizasiya xidmətlərinə görə 1650.53 manat ödənilməmiş borcun olduğu bildirilmişdir. Qeyd olunan ev onun istifadəsindədir. Adı çəkilən məişət su sayğacı işləmədiyindən cavabdeh təşkilat tərəfindən 2018-ci ildə sökülmüşdür. Daha sonra yeni su sayğacının qoyulması üçün cavabdeh təşkilata dəfələrlə müraciət edilsə də, heç bir tədbir görülməmişdir. Cavabdeh təşkilat özü də su sayğacının olmaması barədə məlumatlı olmasına baxmayaraq 5 il müddətində evə su sayğacının qoyulmasını təmin etməmiş, nəticədə 5 il sonra heç bir əsas olmadan 1650.53 manat məbləğində borc hesablanmışdır. Cavabdeh təşkilat qeyd olunan borc məbləğini nəyə əsasən, hansı meyarlara, düstura uyğun hesabladığını göstərməmiş, nə üçün məhz 1650.53 manat məbləğində borcun əmələ gəlməsini qeyd etməmişdir. Hazırki halda cavabdeh təşkilatın müəyyən etdiyi bu məbləğ qanunsuz və əsassızdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5599/2023 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia qismən təmin edilərək, Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanına aid İddiaçı adına olan **********061 saylı abonent koduna hesablanmış 1359.81 manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsinə görə 33.60 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Su təchizatı və tullantı suları haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”ın tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialarından göründüyü kimi ünvanda xx.xx.2013-cü il tarixdən İddiaçı adına bağlanmış müqavilə ilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə olunur. Ünvanda kod açılan tarixdə sayğac quraşdırılıb və hesabat sayğac göstəricisinə uyğun olaraq aparılır. Lakin sonradan məlum olmuşdur ki, qeyd olunan ünvanda abonentin smart sayğacına son yükləmə tarixi 2018-ci ilin iyul ayında olmuşdur. Həmin tarixdən sonra abonent xidmətlərdən istifadə etmiş, lakin sayğac kartına heç bir ödəniş etməmişdir. Sonradan nümayəndələr tərəfindən araşdırılma aparıldığı zaman məlum olmuşdur ki, abonent xidmətlərdən istifadə edir, lakin heç bir ödəniş həyata keçirmir. Abonentin ünvanına xx.xx.2023-cü ildə yeni mexaniki suölçən cihaz quraşdırılmışdır. Suölçən cihaz quraşdırıldığı tarixdən sonra xx.xx.2023-cü il tarixində abonentin sayğacına baxış kecirilən zaman məlum olmuşdur ki, 35 təqvim gününə abonent tərəfindən 47 m3 su istifadə olunub və 2018-ci ildən 2023-cü il tarixədək abonentin ünvanına proqramsal olaraq 2130 m3 orta sərfiyyat üzrə hesabat verilmişdir. İddiaçı tərəfindən qeyd olunan ünvanda illər üzrə xidmətlərdən istifadə olunsa da, ödəniş olunmadığı nəzərə alınmayaraq hesablanmış borc əsassız hesab olunmuşdur. “X1”nın 7.9-cu bəndinə uyğun olaraq, suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu:
13. Maddə 5. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri
1. Su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar: a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması; b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması; c) su ehtiyatlarından səmərəli istifadə olunması; ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması.
2. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.
3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “X1”
14. 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
15. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,3 manat müəyyən edilməklə, miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
17. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
18. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
21. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmməəli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Birinci intansiya məhkəməsi iddianı qismən təmin edərək qeyd etmişdir ki, iddia sayğac yararsız vəziyyətə düşdüyü müddətdən yenisi quraşdırılanadək istifadə olunan suyun dəyərindən artıq borcun silinməsi həcmində əsaslıdır. Belə ki, iddiaçının ünvanına quraşdırılmış suölçən cihazın yararsız vəziyyətə düşməsi və sayğac üzrə sonuncu ödənişin 2018-ci ilin iyulunda ödənilməsi işin mübahisəsiz faktiki hallarıdır. Buradan aydın olur ki, sayğacın yararsız vəziyyətə düşməsindən onun yenisi ilə əvəz olunmasınadək olan müddət 4 il 6 ay 12 gün, su ölçən cihazın əvvəlki il üzrə sərfiyyatı isə abonent kartına əsasən 60 m3 -dir.
25. Məhkəmə hesab etmişdir ki, mübahisə Qaydaların 7.9-cu bəndinin tələblərinə uyğun həll edilməlidir. Çünki, sayğac quraşdırıldıqdan bir neçə il sonra yararsız vəziyyətə düşmüş, bunun kimin təqsirindən baş verməsi sübuta yetirilməmiş, eləcə də qanunsuz qoşulma halı mövcud olmamışdır. Məhkəmə iddiaçının su sərfiyyatının adambaşına, normativ qaydada hesablanmalı olduğu dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, qanunvericilik bu cür hesablamanın suölçən cihazın yararsız vəziyyətə düşməsi yox, ümumiyyətlə sayğac quraşdırılmadığı halda aparılmasını nəzərdə tutmuşdur. Tarif Şurasının müvafiq qərarlarına əsasən su təchizatı və tullantı sularının axıdılmasına görə xidmətlərin dəyəri 2018-ci ilin iyulundan 2021-ci ilin fevralın 1-dək 1 kub metr üçün 0.5 manat (0.35 + 0.15), sonuncu tarixdən xx.xx.2023-cü ilədək (yeni sayğac quraşdırılan tarix) isə 1 manat (0.70 + 0.30) tarifi ilə hesablanmalıdır. Belə olduqda, iddiaçının 3 il 7 ay üçün su sərfiyyatı 215 m3 (əvvəlki 12 ayda cəmi 60 m3 istehlak olunmasına uyğun) olmaqla, onun tərəfindən sayğacın işləmədiyi dövr üçün hesablanmış məbləğin 217.7 manatı (215 m3 x 0.50 man. = 107.5, 110.2 x 1 man. = 110.2 m.) cavabdehə ödənilməlidir. Sözügedən borcun 1577.51 manat olduğu nəzərə alınaraq onun 1359.81 manatı silinməlidir.
26. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddia sayğac üzrə, yəni suölçən cihaz quraşdırıldığı tarixdən (xx.xx.2023) sonrakı dövrə dair borc (173.12 manat) hissəsində əsaslı deyildir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
29. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5599/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.