Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2221/2021 28.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Ərizəçi Aydınoviçin vəkili Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(067)-1207/2020 saylı qətnaməsindən Ərizəçi Aydınoviçin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(067)-1207/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) Ərizəçi Aydınoviçin sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməmiş, ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ərizəçi Aydınoviç ərizə ilə məhkəməyə müraciət edərək JN 0073 saylı, kodu 30209108 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının X6, X13, X8, X14 ilə birlikdə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 30.12.1996-cı il tarixli, 12 saylı qərarı ilə onların, yəni X2, X9, X3, X10 və onun mülkiyyətlərinə Xaçmaz rayonunun Ağayazı-Buduq kəndi ərazisindən 1,45 ha torpaq sahəsi verilmiş, hüquqları JN 0073 saylı, kodu 30209108 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. Həmin aktda onun adı və ata adı Emin Aydınoviç əvəzinə, səhvən Arsen Aydın oğlu yazılmışdır. Hazırda onun adı pasportda və digər sənədlərdə Emin, ata adı isə Aydınoviç yazılmışdır. O, 03.12.1996cı il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. İlk əvvəl olaraq onu evdə Arsen adı ilə çağırmışlar. 20 fevral 1997-ci il tarixdə adına doğum haqqında şəhadətnamə alınmış, həmin sənəddə adı Emin, ata adı Aydınoviç yazılmışdır. Bundan sonra ona məxsus pasportda da adı Emin, ata adı isə Aydınoviç yazılmışdır. Dövlət aktında olan həmin uyğunsuzluğun aradan qaldırılması üçün aktı vermiş rayon Torpaq şöbəsi ləğv olunduğuna görə sənəddə düzəlişlərin edilməsi üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, həmin idarə düzəlişin edilməsindən imtina edərək 21 noyabr 2019-cu il tarixli məktubla məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(067)-1207/2020 saylı qətnaməsi ilə ərizə təmin edilməmiş, ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2020-ci il tarixli, 2(105)-2224/2020 saylı qətnaməsi ilə ərizəçinin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(067)- 1207/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi Aydınoviç Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2020-ci il tarixli, 2(105)-2224/2020 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05.04.2021-ci il tarixli, 2(102)-1057/2021 saylı qərarı ilə Ərizəçi Aydınoviç tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2020-ci il tarixli, 2(105)-2224/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə hesab etmişdir ki, onun doğum haqqında şəhadətnaməsi 20 fevral 1997-ci ildə verildiyindən 30 dekabr 1996-cı il tarixli dövlət aktının ona məxsus olması faktiki olaraq mümkün deyildir. Qeyd olunan sənədlərdən müəyyən olunur ki, doğum haqqında şəhadətnamə verilməzdən əvvəl müvafiq torpaq sahəsinə dair Aqrar İslahat Komissiyası tərəfindən qərar qəbul edilmişdir. Göründüyü kimi, məhkəmə onun ərizəsinin təmin olunmasında imtinasını onunla əsaslandırmışdır ki, onun adına doğum haqqında şəhadətnamə 20 fevral 1997-ci il tarixdə verildiyi halda, 30 dekabr 1996-cı il tarixli dövlət aktının ona məxsus olması faktiki olaraq mümkün deyildir. Dövlət aktında onun adının Arsen yazılması onun doğum haqqında şəhadətnamə alana qədər həmin adla çagırılmağı olmuşdur. Doğum haqqında şəhadətnamə alınarkən isə adı rəsmi sənəddə Emin yazılmışdır. O, 03 dekabr 1996-cı il tarixdə anadan olmuş, ona və digər ailə üzvlərinə JN 0073 saylı, kodu 30209108 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı isə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli qərarı əsasında verilmişdir. İş üzrə şahid qismində dindirilmiş əmisi X16 də onun adı ilə bağlı eyni məzmunlu ifadə vermişdir. Ərizəçi apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Aydınoviçin vəkili Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Ərizəçi Aydınoviç, maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və maraqlı şəxslər qismində cəlb edilmiş X6, X13, X8 və X14 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, ərizəçi və maraqlı şəxslər məhkəmə iclasına gəlmədiklərindən, maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək ərizə təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan JN 0073 saylı, kodu 30209108 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 30.12.1996-cı il tarixli, 12 saylı qərarına əsasən Xaçmaz rayon Ağayazıbuduq kənd sakinləri X2, X9, X3, X10 və X11 mülkiyyətlərinə 1,45 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Aydınoviç 03.12.1996-cı ildə anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 20 fevral 1997-ci il tarixdə 115 nömrə ilə qeyd aparılmışdır, atası Apayev Aydın Bədri oğlu, anası X5r. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 21.11.2019-cu il tarixli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN 0073 saylı, 30209108 kodlu dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi idarənin səlahiyyətlərinə aid deyildir, bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Hacıəlibəy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 48 saylı, 07 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, X1 Emin Aydınoviçin əmisi arvadı, X13 əmisi qızı, X8 anası və X14 bacısıdır. Ərizəçi Aydınoviç 1998-ci ilə kimi Xaçmaz rayon Ağayazı-buduq kəndində anası X8 və bacısı X14 ilə yaşamış, həmin tarixdən də ailəsi ilə birlikdə Ukrayna Respublikasına köçmüşdür. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Hacıəlibəy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 555 saylı, 08 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi Aydınoviç 1998-ci il tarixə qədər Xaçmaz rayonunun Hacıəlibəy kənd inzibati ərazi dairəsinin Ağyazı-buduq kəndində yaşamış, ona məxsus JN 0073 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında adı səhvən Arsen yazılmışdır, əslində Emin yazılmalıdır. İş materiallarına əlavə edilmiş Xaçmaz rayonunun Ağyazı kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 939-943-cü sıralarda X6, X13, X8, X14 və X17 göstərilmiş, X21 oğlunun adı siyahıya 1224 saylı həkim arayışı əsasında daxil edilmişdir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa qaytararkən, apellyasiya məhkəməsinin işə baxarkən həqiqətə nail olmaq üçün işin hallarını tam, hərtərəfli araşdırmamasına, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməməsinə, bu səbəbdən gəldiyi nəticələrin maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi Aydınoviç 03.12.1996-cı ildə anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Ərizədən, iş materiallarından görünür ki, Ərizəçi Aydınoviçin ərizəsi JN 0073 saylı, kodu 30209108 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının X6, X13, X8, X14 ilə birlikdə ona məxsus olması faktının müəyyən edilməsi barədədir və ərizəsini dövlət aktında onun adı və ata adının Emin Aydınoviç əvəzinə, səhvən Arsen Aydın oğlu yazılması ilə əsaslandırmış, bunun aradan qaldırılması üçün Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət etmiş, lakin ərizəçinin müraciəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, JN 0073 saylı, kodu 30209108 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən şəxslər, yəni X6 Ərizəçi Aydınoviçin əmisi arvadı, X13 əmisi qızı, X8 anası və X14 bacısıdır. Həmçinin məhkəmə kollegiyası tərəfindən tələb edilərək işə əlavə edilmiş Xaçmaz rayonunun Ağayazı kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 939-943-cü sıralarda bir ailənin üzvləri tərkibində X6, X13, Apayeva Mətanət Gülmalı qızı, X14 və X21 oğlu göstərilmiş, X21 oğlunun adı siyahıya 1224 saylı həkim arayışı əsasında daxil edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 ifadəsində Ərizəçi Aydınoviçin onun qardaşı oğlu olduğunu, doğum şəhadətnaməsi almamışdan əvvəl Emini Arsen deyə çağırdıqlarını göstərmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin etməyərkən ərizəçinin doğum haqqında şəhadətnaməsinin 20 fevral 1997-ci ildə verildiyindən 30 dekabr 1996-cı il tarixli dövlət aktının ərizəçiyə də məxsus olmasının faktiki olaraq mümkün olmamasına, yəni doğum haqqında şəhadətnamə verilməzdən əvvəl müvafiq torpaq sahəsinə dair Aqrar İslahat Komissiyası tərəfindən qərar qəbul edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Belə ki, Ərizəçi Aydınoviç 03.12.1996-cı ildə anadan olmuş, onun doğumu isə akt qeydləri kitabında 20 fevral 1997-ci il tarixdə qeydə alınmışdır. Ərizəçi Aydınoviçin adı Xaçmaz rayonunun Ağyazı kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısına Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 30.12.1996-cı il tarixli, 12 saylı qərarı ilə doğum haqqında şəhadətnamə əsasında deyil, 1224 saylı həkim arayışı əsasında daxil edilmişdir. Həkim arayışı isə ancaq uşağın doğulması faktını təsdiq edir. Eyni zamanda, JN 0073 saylı, kodu 30209108 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən şəxslər, yəni X1 Emin Aydınoviçin əmisi arvadı, X13 əmisi qızı, X8 anası və X14 bacısı olmaqla bir ailə tərkibində Xaçmaz rayonunun Ağyazı kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısına daxil edilmişlər. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Ərizəçi Aydınoviçin apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(067)-1207/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin, ərizə təmin edilsin. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 30.12.1996-cı il tarixli, 12 saylı qərarına əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini Xaçmaz rayon Torpaq şöbəsi tərəfindən 03 mart 1997-ci il tarixdə X2, X9, X3, X10 və X11 adlarına verilərək dövlət aktı qeydiyyat kitabında 89 nömrə ilə qeydiyyata alınmış JN 0073 saylı, kodu 30209108 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının X11 əvəzinə, Ərizəçi Aydınoviçə məxsus olması müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2221/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2221/2021
28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver