Məhkəmə qərarları › İş №2(105)-2225/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2225/2022

13.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2225/2022 13.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-4337/2022 nömrəli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-4337/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə su sayğacından istifadəyə görə əsassız olaraq akta əsasən hesablanmış 176.40 (yüz yetmiş altı manat qırx qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. (hakim Aynur Behbudova) Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ona məxsus ünvan 2 ünvanında yerləşən mənzilinə su sayğacından istifadəyə görə əsassız olaraq akta əsasən hesablanmış 176.40 manat məbləğdə debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Sumqayıt şəhəri, ’’Xəzər” bağları, Qaladərəsi küçəsi, № 69a ümvanında istifadə etdiyi su borcuna görə ödənişlər vaxtlı-vaxtında ödənilmişdir. Bütün bu ödənişlər barədə qəbzləri vardır. Heç bir borcunun olmamasına baxmayaraq əsassız olaraq cavabdeh təşkilat həmin ünvan üzrə onun guya 176.40 manat debitor borcunun olduğunu bildirmişdir. Qeyd edilənlərlə əlaqədar Cavabdeh ASC tərəfindən sayğaclarının yoxlanılması barədə 15 aprel 2022-ci il tarixdə 089939 nömrəli akt tərtib edilmişdir. Akta əsasən guya sayğacda olan köçməyən D-20 mm-lik sudan istifadə edir. Hesab edir ki, həmin borclar qanunsuz və əsassız olduğu üçün silinməlidir. Bununla əlaqədar cavabdeh təşkilata dəfələrlə müraciət etməyinə baxmayaraq həmin borcun necə yarandığını sübut edə bilməmiş, həmçinin heç bir ödəniş sənədi təqdim etməmişdir. Lakin buna baxmayaraq cavabdeh təşkilat qeyri-müəyyən yollarla istifadəsində olan yaşadığı mənzilə qanunsuz olaraq 176,40 manat məbləğində hesablaşma aparmışdır. Cavabdeh təşkilat ondan istifadə etmədiyi su sayğacına görə ödəniş tələb edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh ASC apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus yaşayış sahəsinin su təchizatı və kanalizasiya sistemlərinə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli 089939 saylı akt tərtib edilmiş, faktı təsdiq edən video çəkiliş aparılmışdır. Akta əsasən 168 manat dəymiş ziyan hesablanmışdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı sayğacdan kənar boru vasitəsi ilə qoşulma edərək sudan qeyriqanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 168 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmiş və video çəkiliş aparılmışdır. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Digər tərəfdən məhkəmə tərəfindən akta əsasən hesablanmış 168 manat borcdan əlavə sayğac göstəriciləri üzrə yaranmış iddiaçı tərəfindən istifadə edilmiş su və kanalizasiya xidmətlərinin dəyəri olan 8.40 manat borc məbləği də əsassız olaraq silinmişdir. Məhkəmə tərəfindən məhkəmə prosesində sudan qeyri-qanuni istifadə faktını sübut edən video görüntü qəbul edilməmişdir. Eyni zamanda həmin faktın doğruluğunu yoxlamaq üçün aktı tərtib edən əməkdaşlar şahid kimi dindirilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı apllyasiya şikayətinin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 089939 №-li aktdan görünür ki, Cavabdeh ASC-nin əməkdaşı tərəfindən İddiaçı ünvanında yerləşən su sayğacına baxış keçirilərkən sayğacdan keçməyən D-20 mm-lik sudan istifadə edilməsi aşkar olunmuşdur. İşdə olan Sumqayıt şəhəri “Xəzər” Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş Bağçının üzvlük kitabçasından görünür ki, Bağçılıq cəmiyyətinin sahəsindən 200 m2 olan 69a №-li bağ sahəsi Sumqayıt şəhər XDS-in xx.xx.1987-ci il tarixdə qeydə alınmış müqaviləyə əsasən daimi istifadə etmək üçün İddiaçı verilmişdir. İşə əlavə edilmiş AR Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 501 №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh İddiaçı “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisində daxili tanınması üçün adlandırılan Qaladərəsi küçəsi, bağ № 69a ünvanında qeydiyyatsız yaşayır. Apellyasiya baxışı zamanı şahid qismində ifadə verən X4 ifadəsində bildirdi ki, İddiaçı bir abonent kimi tanıyır. Onlara yoxlanılmağa lokal ərazi verilmişdir. Yoxlama zamanı tərəflərinən abonent İddiaçı məxsus mənzilin su sayğacına baxış keçirilən zaman sudan qanunsuz istifadə müəyyən olunmuş, sudan qanunsuz istifadə faktı ilə bağlı abonent barədə akt tərtib edilmişdir. Baxış keçirilən zaman sayğacdan keçməyən sudan istifadə faktı müəyyən edilmişdir. Su təzyiqi həmin sahədə zəif olur. Həyət bütövlükdə beton olduğu üçün xətlərin görülməsi mümkün deyildi. Sayğacdan qabaq xətləri bağlamalarına bamayaraq su gəlməkdə davam edirdi. Suyu bağladıqan təxminən 20 dəqiqə sonra yenidən yoxladıqda suyun yenə də gəlməsini müşahidə etmişlər. Apellyasiya baxışı zamanı şahid qismində ifadə verən X2 ifadəsində bildirdi ki, onlara yoxlanılmağa verilən ərazidə olan, abonent İddiaçı məxsus mənzilin su sayğacına baxış keçirilən zaman sudan qanunsuz istifadə müəyyən olunmuşdur. Sudan qanunsuz istifadə faktı ilə bağlı tərəflərindən abonent barədə akt tərtib edilmişdir. Yoxlama zamanı suyu bağlamalarına baxmayaraq su gəlirdi. Sayğacı yoxlayaraq sayğacda problemin olmadığını müəyyən etmişlər. Betonun kənarında ana bağlayıcı vardır. Həyətə daxil olanda sudan kənar istifadəni görməmişlər. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda istinad olunan hüquq normalarına əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-4337/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ünvan 1 ünvana sudan qanunsuz istifadəyə görə xx.xx.2022-ci il tarixli, 089939 №-li akt əsasında 176.40 manat məbləğində borc hesablanmışdır. Cavabdeh təşkilat tərəfindən həmin borc düzgün hesablanmadığından iddiaçı əlavə ödənişlərə cəlb olunmuşdur. İddiaçı yaranmış mübahisənin həlli məqsədi ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən mübahisə yuxarıda qeyd olunan formada həll edilmişdir, narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Su Məcəlləsinin 97-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) İstehlakçı tərəfindən suyun hesabı tam ödənilmədikdən sonra, su həchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Eyni qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Həmin qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Yenə eyni qanunun 62-ci maddəsinə əsasən, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq olunmuş «Sudan istifadə qaydalarının» 4.1.3 bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Həmin Qaydaların 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Cavabdeh ASC-nin iddiaçının ünvanında akt tərtib edərək cərimə hesablamasına baxmayaraq, həmin ünvanda sayğacdan kənar xətt olması sübuta yetirilmədiyindən öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən tərtib olunmuş hesab fakturaya əsasən 17.04.22-ci il tarixdə 4,90 manat dəyərində istifadə edilmiş sərfiyat üçün iddiaçı ödəniş etmişdir. Belə olan halda işə baxan məhkəmə haqlı olaraq hesab etmişdir ki, sayğacda olan qüsurların, az göstərici ilə işləməsi və sair hallara nəzarət edilməsi iddiaçının səlahiyyətinə aid olmamaqla, cavabdeh təşkilatın nümayəndəsinin vaxtaşırı nəzarət etmək vəzifəsidir. Ona görə də hazırki halda sayğacdan kənar xəttin olması iş materialları ilə sübut olunmur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlili formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-4337/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1, 119.5-ci maddələrinə əsasən apelyasiya şikayəti təmin edilmədiyi üçün apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15, manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti 5 min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-4337/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamə dərhal qanuni qüvvəsini alır, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar