Məhkəmə qərarları › İş №2(105)-2227/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2227/2021

12.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2227/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna və maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı kredit müqaviləsinin, ərizənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi, xüsusi qərardadın çıxarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh2, Abşeron rayonu 1 saylı Notariat Ofisi və maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı Cavabdeh2 onun etibarından suiistifadə edərək qabaqcadan vəd etdiyi pulu ona vermədiyi, lakin həmin müqavilənin bağlanmasına nail olduğu, o cümlədən onu aldadaraq, faktiki olaraq pul vermədiyi halda, vəziyyəti pul vermiş olduğu kimi rəsmiləşdirdiyi və bununla da, aldatma yolu ilə əqd bağladığı üçün - 10 000 (on min) manat məbləğində borc pulun verilməsinə dair Abşeron rayonu 1 saylı Notariat Ofisində bağlanmış 08.07.2017-ci il tarixli 8İ-3660 reyestr nömrə “Kredit müqaviləsi”nin etibarsız sayılması, maraqlı şəxs olan Notariat Ofisinin 15.07.2020ci il tarixli 1409 saylı məktubunda göstərilən kimi, onun daha əvvəl verdiyi ərizəni sonradan özünün notarial qaydada təsdiq etdirdiyi 15.07.2020-ci il tarixli 8İ-8100 reyestr nömrəli digər ərizəsi ilə ləğv etdiyi üçün torpaq sahəsindəki tikilidən imtinaya dair Bakı şəhəri 14 saylı Notariat Ofisində verilmiş 01.02.2018-ci il tarixli 7E-1842 reyestr nömrəli “ərizənin” etibarsız sayılması, Abşeron rayon Masazır Bələdiyyəsinin 29.06.2020-ci il tarixli 01/01- 05/70 saylı arayışı, Abşeron r-n Polis İdarəsinin TŞ-nin 16.03.2020-ci il tarixli HK-1/1554 saylı qərarı, şahidlərin tərtib etdiyi 05.10.2020-ci il tarixli akt, Bakı şəhəri 14 saylı Notariat Ofisinin 15.07.2020-ci il tarixli 1409 saylı məktubu və Notarial təsdiq olunmuş 15.07.2020ci il tarixli 8İ-8100 reyestr nömrəli ərizə rəhbər tutularaq, evi onun şəxsən tikdirdiyi, 2011-ci il tarixdən indiyə qədər orda ailəsi ilə birlikdə yaşadığı, o cümlədən evlə bağlı təsərrüfat işlərini özü apardığı üçün - Cavabdeh2 adına qeydə alınmış 28.12.2018-ci il tarixli **********6-10301 reyestr nömrəli “Çıxarış”ın ləğv edilməsi, onun etibarından sui-istifadə edərək vəd etdiyi pulu ona vermədiyi, lakin həmin müqavilənin bağlanmasına nail olduğu, onu aldadaraq faktiki pul vermədiyi halda, vəziyyəti pul vermiş kimi rəsmiləşdirdiyi və aldatma yolu ilə əqd bağladığı üçün-Cavabdeh2 ona vurduğu 10 000 (on min) manat, o cümlədən Cavabdeh2 tikmədiyi evi onun düşüncəsində yanlış rəy yaratmaqla öz adına keçirməsi ilə bağlı vəd verdiyi, lakin sonradan ödəmədiyi 25 000 (iyirmi beş min) manat pulun toplanmaqla, cəmdə 35 000 (otuz beş min) manat dəymiş maddi ziyan, eyni zamanda bu müddət ərzində cavabdehin əməllərinə görə onun yaşadığı stress və həyəcan nəticəsində 50 000 (əlli min) manat məbləğində dəymiş mənəvi zərərin Cavabdeh2 alınaraq onun xeyrinə ödənilməsi və etibardan sui-istifadə edərək vəd etdiyi pulu vermədiyi, bu halda vəziyyəti pul vermiş kimi rəsmiləşdirdiyi və aldatma yolu ilə əqd bağladığı, o cümlədən özünün tikmədiyi və ona məxsus olmayan evi onun düşüncəsində yanlış rəy yaratmaqla öz adına keçirdiyi üçün - Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu 1 saylı Notariat Ofisində bağlanmış onunla Cavabdeh2 arasındakı 08.07.2017-ci il tarixli 8İ-3660 reyestr nömrəli kredit müqaviləsi və Bakı şəhəri 14 saylı Notariat Ofisində qeydə alınmış onun 01.02.2018-ci il tarixli 7E-1842 reyestr nömrəli ərizəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinə dəqiqləşdirmə ünvanlayaraq, Cavabdeh2 onun etibarından sui-istifadə edərək qabaqcadan vəd etdiyi pulu ona vermədiyi, lakin həmin müqavilənin bağlanmasına nail olduğu, o cümlədən onu aldadaraq, faktiki olaraq pul vermədiyi halda, vəziyyəti pul vermiş olduğu kimi rəsmiləşdirdiyi və bununla da, aldatma yolu ilə əqd bağladığı üçün - 10 000 (on min) manat məbləğində borc pulun verilməsinə dair Abşeron rayonu 1 saylı Notariat Ofisində bağlanmış 08.07.2017-ci il tarixli 8İ-3660 reyestr nömrə “Kredit müqaviləsi” etibarsız sayılması, maraqlı şəxs olan Notariat Ofisinin 15.07.2020-ci il tarixli 1409 saylı məktubunda göstərilən kimi, onun daha əvvəl verdiyi ərizəni sonradan özünün notarial qaydada təsdiq etdirdiyi 15.07.2020-ci il tarixli 8İ-8100 reyestr nömrəli digər ərizəsi ilə ləğv etdiyi üçün - torpaq sahəsindəki tikilidən imtinaya dair Bakı şəhəri 14 saylı Notariat Ofisində verilmiş 01.02.2018-ci il tarixli 7E-1842 reyestr nömrəli “Ərizə” etibarsız sayılması, Abşeron rayon Masazır Bələdiyyəsinin 29.06.2020-ci il tarixli 01/01-05/70 saylı arayışı, Abşeron r-n Polis İdarəsinin TŞ-nin 16.03.2020-ci il tarixli HK-1/1554 saylı qərarı, şahidlərin tərtib etdiyi 05.10.2020-ci il tarixli akt, Bakı şəhəri 14 saylı Notariat Ofisinin 15.07.2020-ci il tarixli 1409 saylı məktubu və Notarial təsdiq olunmuş 15.07.2020-ci il tarixli 8İ-8100 reyestr nömrəli ərizə rəhbər tutularaq, evi onun şəxsən tikdirdiyi, 2011-ci il tarixdən indiyə qədər orada ailəsi ilə birlikdə yaşadığı, o cümlədən evlə bağlı təsərrüfat işlərini özü apardığı üçün - Cavabdeh2 adına qeydə alınmış 28.12.2018-ci il tarixli **********6-10301 reyestr nömrəli “Çıxarış”ın ləğv edilməsi, onun etibarından suiistifadə edərək vəd etdiyi pulu ona vermədiyi, lakin həmin müqavilənin bağlanmasına nail olduğu, onu aldadaraq faktiki pul vermədiyi halda, vəziyyəti pul vermiş kimi rəsmiləşdirdiyi və aldatma yolu ilə əqd bağladığı üçün-Cavabdeh2 ona vurduğu 10 000 (on min) manat, o cümlədən Cavabdeh2 tikmədiyi evi onun düşüncəsində yanlış rəy yaratmaqla öz adına keçirməsi ilə bağlı vəd verdiyi, lakin sonradan ödəmədiyi 25 000 (iyirmi beş min) manat pulun toplanmaqla, cəmdə 35 000 (otuz beş min) manat dəymiş maddi ziyan, eyni zamanda bu müddət ərzində cavabdehin əməllərinə görə onun yaşadığı stress və həyəcan nəticəsində 50 000 (əlli min) manat məbləğində dəymiş mənəvi zərər Cavabdeh2 alınaraq onun xeyrinə ödənilməsi və etibardan sui-istifadə edərək vəd etdiyi pulu vermədiyi, bu halda vəziyyəti pul vermiş kimi rəsmiləşdirdiyi və aldatma yolu ilə əqd bağladığı, o cümlədən özünün tikmədiyi və ona məxsus olmayan evi onun düşüncəsində yanlış rəy yaratmaqla öz adına keçirtdiyi üçün - Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin təmin edilməməsinin əsası kimi iddia müddətinin ötməsi göstərilsə də, işə əlavə edilən dəqiqləşmə ərizəsini diqqətlə oxumamışdır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(012)-355/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Abşeron rayon 1 saylı DNK-u məhkəməyə məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron rayon 1 saylı Notariat Ofisində bağlanmış 08.07.2017-ci il tarixli 8İ-3660 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, borc verən Cavabdeh2 borc alan İddiaçı 10000 (on min) manat məbləğində pulu borc vermiş, İddiaçı isə borcunu 08.09.2017-ci il tarixədək faizsiz olaraq Cavabdeh2 qaytarmağı öz öhdəsinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş 09 iyul 2020-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, 7E1842 reyestr nömrəsilə qeydə alınaraq, 1 fevral 2018-ci il tarixdə İddiaçı, ƏMDK yanında DƏDRX-nin 09.07.2011-ci il tarixli, ******* №-li çıxarışa əsasən, Cavabdeh2 məxsus olan ünvan 1ində yerləşən torpaq sahəsinin 200 kv.m hissəsində, 2014-cü ildə inşa etdiyi 3 otaqlı evdən imtina etməsi, eyni zamanda qeyd olunan evə dair heç bir iddia və tələbinin olmaması ilə bağlı razılıq ərizəsindəki imzasının həqiqiliyi tərəflərindən təsdiq edilmişdir. İşə əlavə olan Abşeron rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiqlənmiş 25 may 2011-ci il tarixli, AN-İ № ******* torpaq alğı-satqısı müqaviləsindən görünür ki, satıcı X1 rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 0,0423 ha olan torpaq sahəsini 51000 manata alıcı Cavabdeh2 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA Seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən, sahəsi 0,0423 ha olan torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə 09.07.2011-ci ildə Cavabdeh2 mülkiyyətinə qeydə alınmışdır. İşə əlavə olan Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş 23 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı Masazır bələdiyyəsinə şəxsi hesab vərəqəsinə əsasən 25 iyun 2020-ci il tarixdə 20 manat torpaq və 80 manat əmlak vergisi ödənişlərini həyata keçirmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-171/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilərək, İddiaçı 10000 (on min) manat məbləğində pulun alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupisyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş 28 avqust 2020-ci il tarixli məktubundan görünür ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq aparılmış və 26 avqust 2019-cu il tarixdə ittiham aktı təsdiq olunaraq aidiyyatı üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin 22 aprel 2016-cı il tarixdə X3 Baş prokuroru yanında Korrupisyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar Xətti” əlaqə mərkəzinə zəng edərək 71 saylı Ağdam rayon köçkün məktəbinin direktoru Cavabdeh2 ondan 500 manat pul tələb etməsini bildirmiş və araşdırma zamanı müraciətdə göstərilənlər öz əksini tapmamışdır. Məhkəmə kollegiyası iddiaçının məhkəmə tərəfindən iddia müddətinin düzgün tətbiq edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, məhkəmədə sübutlarının tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh2 arasında 08.07.2017-ci il tarixli 8İ-3660 reyestr nömrəli kredit müqaviləsi bağlanmasından məhkəməyə həmin müqavilənin etibarsız sayılması barədə iddia tələbi ilə müraciət edən günədək 3 ildən çox bir müddət keçmişdir. Halbuki, əqdin etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən müddətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Lakin, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı mübahisə predmeti olan 08.07.2017-ci il tarixli 8İ-3660 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə həmçinin iddia tələbinin digər hissələri ilə bağlı qeyd edir ki, həmin tələblərin də təmin olunmasına əsas verən hallarla bağlı İddiaçı özünün izahatından başqa hər hansı bir mötəbər sübuta istinad etməmiş, şahid ifadələri isə işin mahiyyətinə təsir edəcək dərəcədə olmadığından məhkəmə həmin izahatlara və ifadələrə tənqidi yanaşaraq hesab edir ki, iddia tələbi bu hissələrdə də rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 12 mart 2021-ci il tarixli 2(012)-355/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar