Məhkəmə qərarları › İş №2(105)-2232/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2232/2022

02.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2232/2022 02.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və onun nümayəndəsi Nümayəndə2, cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(060)-3799/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" İstehsalat Birliyinin verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(060)-3799/2022 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) İddiaçı cavabdeh "xxxx" İB-yə qarşı artıq hesablanmış borcun silinməs tələbinə dair iddiası təmin edilib, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 2-ci paralel küçəsində, 9-cu məhəllədə yerləşən 6 saylı yataqxananın 46 saylı otağına (abonent kodu: **********10460) əsassız olaraq hesablanmış 4000,11 (dörd min manat on bir qəpik) manat məbləğində borc silinmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(060)-3799/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib, "xxxx" İstehsalat Birliyi tərəfindən ona hesablanmış qeyri-qanuni 4000,11 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 2-ci paralel küçəsində, 9-cu məhəllədə yerləşən 6 saylı yataqxananın 46-cı otağında yaşayır. Yaşadığı yataqxanada istehlak olunan təbii qazın miqdarının ölçülməsi və qaza görə ödənişlərin həyata keçirilməsi məqsədilə "xxxx" İB tərəfindən sayğaclar quraşdırılmışdır. Sayğaclar mərtəbələrdə həm daxil olan qazın miqdarının müəyyən edilməsi, həm də fərdi qaydada hər bir otaq üçün quraşdırılmışdır. Onun yaşadığı 46-saylı otağa **********10460 nömrəli abonent kodu verilmişdir. Onların yaşadığı mərtəbədə qoyulan sayğac 9 müxtəlif abonentə verilən qazın miqdarını özündə əks etdirir. Həmin abonentlərin artıq yeddisi mənzil alıb yaşadığı yataqxanadan uzun müddətdir köçüb gediblər. O, yaşadığı otağın qaz sərfıyyatının dəyəri ay ərzində 5 (beş) manatdan çox olmur. "xxxx" İB qeyri-qanuni olaraq ümumi sayğacın göstəricisi əsasında qazdan istifadəyə görə formalaşmış borcu onun borcu kimi göstərərək ödənişi ondan tələb edir. Qarabağ müharibəsi veteranıdır, İ (birinci) qrup əlildir. Həmin borcu ödəmək iqtidarında deyil, ağır xəstədir. Aldığı təqaüdü dərmanlarına və çətinliklə də olsa gündəlik yaşamağına belə bəs etmir. Dəfələrlə "xxxx" İB-nin Sumqayıt ASC-yə müraciət etməyinə baxmayaraq adı çəkilən qurum ona qeyriqanuni hesablanmış borcun silinməsindən imtina edir. Əgər məhkəmə lazım bilərsə onun mənzilinə aid sayğacın aylıq istifadə etdiyi təbii qazın miqdar göstəricisini dəqiq müəyyən olunması üçün ekspertiza təyin edərək bu ədalətsizliyi aradan qaldırılmasını təmin edə bilər. Ümumi sayğacın göstəricisində 2 (iki) qaçqın ailəsinin də istehlak etdiyi təbii qaz da oturur və dəyəri ödənilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSESİŞTİRAKÇİLARİNİNİZAHATİ: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 29 avqust 2022-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2, 4.8, 4.9-cu bəndinin, Azərbaycan Respublikası MPM-nin 77, 88-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Buna əsas kimi iş materiallarında olan sübutlara istinad etmişdir, yəni - iş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2017-ci il, ******* saylı xx.xx.2018-ci il, ******* saylı xx.xx.2018-ci il, ******* saylı xx.xx.2019-cu il, ******* saylı xx.xx.2019-cu il, ******* saylı xx.xx.2019-cu il, ******* saylı xx.xx.2019-cu il, ******* saylı xx.xx.2019-cu il, ******* saylı xx.xx.2020-ci il tarixli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda, hansı ki, iddiaçıya məxsus abonent kodu verilmiş yaşayış evinə baxış keçirilən zaman sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə tərtib edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” tələbnamələrə, hansı ki, qeydə alınmamış itirilmiş təbii qazın həcmini ümumilikdə 26608 kubmetr hesablanmasını əks etdirmişdir. İş materiallarında olan yuxarıda qeyd edilən sübutlara nəzər yetirsək, iddia tələbinin əsassız olmasını göstərir. Digər tərəfdən birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldo da yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər saldoya nəzər salsaq görərik ki, abonentin ödənişlərində 2010, 2011, 2012, 2013, 2014-cü illər ərzində iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə heç bir ödənişlər edilməmiş və 2015 və 2016-cı illər ərzində cəmi 25 AZN məbləğində ödəniş edilmiş, 2017, 2018, 2019, 2020, 2021 və 2022- ci illər ərzində də iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə heç bir ödənişlər edilməmişdir.Bu da onu göstəriri ki, abonent qeyri-qanuni qaz xəttindən istifadə etməklə faktiki işlətdiyi təbii qazın ödənişindən boyun qaçırmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı və onun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan abonent saldolarından görünür ki, ünvan 1-da İddiaçı Hümbət oğlunun adına açılmış sayğaca əsasən təbii qazdan istifadəyə görə 2010-cu ildə 133.67 manat, 2011-ci ildə 202.07 manat, 2012-ci ildə 105.94 manat, 2013-cü ildə 171.55 manat, 2014-cü ildə 197.19 manat, 2015-ci ildə 28.83 manat, 2017-ci ildə 400.20 manat, 2018-ci ildə 1146.80 manat, 2019-cu ildə 1055.70 manat, 2020-ci ildə 583.20 manat olmaqla ümumilikdə 4025.15 manat borc hesablanmış, 25 manat etdiyi ödənişdən sonra iddiaçının 4000,15 manat borcu qalmışdır. xx.xx.2017-ci il tarixli, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2018ci il tarixli, ******* nömrəli, xx.xx.2019-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktlardan görünür ki, həmin aktların məzmununda İddiaçı Hümbət oğluna məxsus ünvan 1da abonentin sayğacdan kənar qaz xətti çəkərək qeyri qanuni qaz işlətməsi hallarının aşkar olunduğu qeyd olunmuşdur. İşdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli tələbnamələrdən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi ümumilikdə 20290 m3 (2001 m3+3736 m3 +3996 m3+844 m3+688 m3+1465 m3+1728 m3+5832 m3) müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.5 və 3.1.7-ci bəndlərinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırlması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.4 və 4.9-cu bəndlərinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İstehlakçını qazdan istifadə qaydalarının tələblərinə uyğun olaraq təlimatlandırmaq, istehlakçının qaz qurğularına texniki baxışın keçirilməsini təmin etmək, nəticələrini aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək cavabdeh qaz paylayıcısının vəzifəsidir. İddiaçı ona məxsus mənzildə sayğacdan kənar təbii qaz xəttinin olmadığını iddia edir. Belə olan halda iddiaçıya aid sayğacdan kənar təbii qaz xəttinin olduğunu sübut etmək vəzifəsi cavabdeh "xxxx" İB-nin üzərinə düşür. Hazırki iş üzrə iddiaçının mənzili yataqxanada yerləşməklə onun mənzilinə ayrıca qaz sayğacı quraşdırılmamışdır. Cavabdehin təqdim etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt cavabdehin nümayəndələri tərəfindən imzalanmışdır və cavabdeh tərəfin iradə ifadəsini özündə əks etdirir. Lakin mübahisələndirilən aktın etibarlı sayılması üçün bir tərəfin (yəni cavabdehin) iradə ifadəsi yetərli deyildir. İddiaçıya məxsus saldodan görünür ki, aktlar əsasında iddiaçıya 3185,90 (400,20+747,20+399,60+84,40+68,80+146,50+172,80+583,20+583,20) manat məbləğində cərimə (itirilmiş qaz sərfiyyatının bərpası) hesablanmışdır. Lakin İddiaçı barəsində dekabr 2019-cu il tarixdə tərtib edilmiş akt məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilən xx.xx.2019-cu il tarixli akt isə İddiaçı barəsində deyil, Rumiyyə Ağasiyeva (abonent kodu da fərqlidir) barəsindədir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə cavabdeh "xxxx" İB iddiaçının mənzilinin sayğacdan kənar qaz xəttinə qoşulduğunu sübut edə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş video görüntüdə qaz xəttinə qanunsuz qoşulma olduğu öz əksini tapsa da, video görüntüdən həmin kənar xəttin iddiaçının mənzilinə daxil olması görünmür. Bundan əlavə iddiaçının mənzili binanın sözügedən video görüntüdə əks olunan tərəfində deyil, qarşı tərəfində yerləşir. Məhkəməyə təqdim edilən video görüntü qanunsuz qoşulmanın yataqxanada yaşayan başqa şəxslər tərəfindən deyil, məhz iddiaçı tərəfindən edildiyini təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi də qəbul edilə bilməz. Belə ki, bu görüntülər bir çox istehlakçının yaşadığı yataqxananın yalnız çöl tərəfdən görünüşünü (kənar xəttin hansı mənzilə aid olduğu bilinmədən) əks etdirir. Cavabdehin iddiaya etirazına əlavə edilmiş fotoşəkillərdən yalnız birində mənzilin qaz xəttinə rezin boru vasitəsilə qoşulması əks olunmuşdur. Sözügedən şəkil isə İddiaçı barəsində tərtib edilmiş aktlara əlavə edilməmiş, Rumiyyə Ağasiyeva tərəfindən qazdan qanunsuz istifadə ilə bağlı çəkilmiş və onun barəsində tərtib edilmiş akta əlavə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli ******* nömrəli aktların əsaslı olduğu öz təsdiqini tapmadığından həmin aktlar əsasında İddiaçı hesablanmış 2602,70 manat borc silinməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). İddiaçıya hesablanmış qalan borca (814,25 manat) gəldikdə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, həmin borc məbləği 2016-cı ildən əvvəlki tarixə yaranmış borcdur. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göründüyü kimi cavabdehin iddiaçıdan tələb etdiyi borc məbləğinin bir hissəsi üzrə (2016-cı il) mülki qanunvericilikdə nəzərdə tutulan tələbetmə müddəti keçmişdir. Bu səbəbdən iddiaçıya qazdan istifadəyə görə hesablanmış 814,25 manat hissəsinə münasibətdə qanunla nəzərdə tutulmuş tələbetmə müddəti ötürüldüyünə görə iddia həmin hissədə də təmin edilməli, sözügedən borc məbləği də silinməlidir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, cavabdeh isə iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fıkirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 2-ci paralel küçəsində, 9-cu məhəllədə yerləşən 6 saylı yataqxananın 46 saylı otağına əsassız olaraq hesablanmış 4000,11 manat məbləğində borc silinməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin olunması nəticəsinə gələrkən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. İş üzrə idianın qiyməti 4000,11 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh "xxxx" İstehsalat Birliyinin verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(060)-3799/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar