Məhkəmə qərarları › İş №2(105)-2251/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2251/2021

07.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2251/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(060)-111/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(060)-111/2021 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(060)-111/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 96.3 kv.m, yaşayış sahəsi 58.1 kv m. olan 443B nömrəli bağ evi onun mülkiyyətində olmuşdur. 26 oktyabr 2013-cü il tarixində Cavabdeh ilə həmin bağ evinin alqısatqısı barədə razılığa gəlmişlər ki, o, bağ evini cavabdehin mülkiyyətinə verir, cavabdeh isə əmlakın dəyərini, yəni 30.000 manat pulu ona ödəyir. Bu barədə aralarında Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunda 26 oktyabr 2013-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır. Onun tərəfindən alqı-satqı müqaviləsinin şərtlərinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 96.3 kv.m, yaşayış sahəsi 58.1 kv m olan 443B nömrəli bağ evini alıcıya təhvil vermişdir. Alıcı isə müqavilənin 4-cü bəndində göstərilən 30.000 manat pulu ona müqavilənin 5-ci bəndində göstərilən şərtlər daxilində verməmişdir. “xxxx” ASC-nin Sumqayıt filialına dəfələrlə müraciət etsədə adına pulun olmaması bildirilmişdir. Nə Notariat kontorunun depozit hesabından nə də ki, “xxxx” ASC tərəfindən ona pul ödənilməmişdir. Bu barədə alıcıya dəfələrlə müraciər etsə də, hər dəfə cavabdeh onu aldatmış, pulu verəcəyini bildirsə də heç bir nəticəsi olmamışdır. Artıq üç ilə yaxındır ki, cavabdeh pulu ödəmir nə də evi ona qaytarmaq istəmir. Ona görə də, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 96.3 kv.m, yaşayış sahəsi 58.1 kv m olan 443B nömrəli bağ evinə dair Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunda 26 oktyabr 2013-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edib, Cavabdeh 30.000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 05 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 96.3 kv.m, yaşayış sahəsi 58.1 kv m olan 443B nömrəli bağ evini Cavabdeh 30.000 manata satmış, Cavabdeh isə öz növbəsində qanunvercilikdə nəzərdə tutulmuş qaydada həmin məbləği onun “xxxx” ASC-dəki bank hesabına ödəmişdir. Alqısatqı müqaviləsinin şərtlərinə görə o, evi satdıqdan sonra pul ona verilməli idi. Lakin təəsüf ki, heç bir əsas olmadan pul ona verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili M.A.Qasımlı apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Ü.Z.İsmayılov apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AN-İ ******* nömrəli, 26.10.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 96.3 kv.m, yaşayış sahəsi 58.1 kv m. olan 443B nömrəli bağ evini Cavabdeh 30.000 manata satmışdır. Sumqayıt şəhər 4 saylı Notariat Ofisi tərəfindən verilmiş və 26.10.2013-cü il tarixdə tərtib edilmiş kassa məxaric çeklərinin 1162 nömrəli reyestrinin surətindən görünür ki, İddiaçı “xxxx” ASC-dəki bank hesabına 30.000 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyesterində qeydiyyat anından keçir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilir ki, İddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 96.3 kv.m, yaşayış sahəsi 58.1 kv m. olan 443B nömrəli bağ evini Cavabdeh 30.000 manata satmış, Cavabdeh isə öz növbəsində qanunvericilkdə nəzərdə tutulmuş qaydada həmin məbləği İddiaçı “xxxx” ASC-dəki bank hesabına ödəmişdir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın aktlarının Azərbaycan Respublikasının Konstitutsiyasının və qanunların uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusya Məhkəməsinin hüququ mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin müəyyən iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(060)-111/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar