Məhkəmə qərarları › İş №2(105)-2253/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2253/2020

17.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2253/2020 17.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdehin nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı Cavabdeh X2rşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi F.Kazımov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia ərizəsinin təmin edilməsi, Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 163/v-də yerləşən fərdi yaşayış evinə hesablanmış 404 (dörd yüz) manat 50 (əlli) qəpik məbləğində borcun silinməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 163/v-də yerləşən fərdi yaşayış evində hesablanmış 404 (dörd yüz) manat 50 (əlli) qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 163/v-də yerləşən fərdi yaşayış evində Zəngilan rayonundan məcburi köçkün olaraq məskunlaşmışdır. Fərdi yaşayış evinin sənədi yoxdur. Cavabdeh tərəfindən illər üzrə “su təchizatı xidmətləri”nə görə hesablanmış 404,50 manat borcun olması bildirilmişdir. Yaşadığı ünvana xx xxxxxx 2016-cı ildə kod açılmış və 4 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılmışdır. Cavabdehin nümayəndələri tərəfindən fərdi yaşayış evinə sayğac quraşdırılmamış və hesabat normativ qaydada aparılmışdır. Yaranmış borc kod açılan ildən yəni, 2016-cı il tarixdən bu günə qədər ailə tərkibinə görə hesabalanmışdır. Cavabdehin nümayəndələrindən hesablanmış borcun silinməsini tələb etsə də, cavabdeh borcu silməkdən imtina etmiş, hesablanmış borcu ödəməyini tələb edir. Hesab edir ki, Cavabdeh ASC “Sumqayıt Sukanal” İdarəsinin ona məxsus yaşayış evinə 2016-cı il tarixdən bu günki tarixədək su pulunun ödənilməsini tələb etmək hüququ yoxdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi F.Kazımov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 163/v-də Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” idarəsinin abonent bazasında abonent kimi xx.xx.2016-cı il tarixdən iddiaçının adına bağlanmış müqavilə ilə “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunur. Hal-hazırda xx.xx.2020-ci il tarixə həmin ünvanın “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadəyə görə 423 manat borcu qalmışdır. Abonentin xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək illər üzrə qeyd edilmişdir. Cavabdeh ASC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş-xəbərdarlıq göndərilir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçı tərəfindən iddianı sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(060)-1778/2020 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi G.F.Cəfərova apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi F.Kazımovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “Abonent kartından” görünür ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 163/v-yə 2016-2020-ci il üzrə 404,50 manat borc hesablanmışdır. İşdə olan “Abonent kartından” görünür ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 163/v-yə 2016-2020-ci il üzrə 423 manat borc hesablanmışdır. İşə əlavə olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi 16-cı mikrorayon, 51ci məhəllə üzrə 1 saylı Məhəllə Komitəsinin xx xxxx 2020-ci il tarixli, 078 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2016-cı ildə 16-cı mikrorayon, ev 163v ünvanında ev tikmişdir. Həmin vaxtdan su idarəsi ilə müqavilə bağlamış, 2019-cu ilin dekabr ayından həmin evə köçmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi 16-cı mikrorayon, 51-ci məhəllə üzrə 1 saylı Məhəllə Komitəsinin xx xxxxxx 2020-ci il tarixli, 051 saylı arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 163V-də yaşayır. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin ümumi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 3 N-li qərarında göstərilir ki, vaxtaşarı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 7.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini su təchizatı və kanalizasiya müəssisəsi ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Cavabdeh tərəf dəlillərinin əsaslı və iddianın əsası kimi istinad edilən halların əsassız olmasına dair heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Belə ki, işdə olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi 16-cı mikrorayon, 51-ci məhəllə üzrə 1 saylı Məhəllə Komitəsinin xx xxxx 2020-ci il tarixli, 078 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2016-cı ildə 16-cı mikrorayon, ev 163v ünvanında ev tikmişdir. Həmin vaxtdan su idarəsi ilə müqavilə bağlamış, 2019-cu ilin dekabr ayından həmin evə köçmüşdür. Cavabdeh ASC tərəfindən tərtib olunmuş abonent kartından görünür ki, iddiaçı sözügedən yaşayış evində yaşamadığı müddət nəzərə alınmayaraq, fərdi yaşayış evinə əsassız borc hesablanmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir.Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi Faiq Kazımovun apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(060)-1778/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar