Məhkəmə qərarları › İş №2(105)-2258/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2258/2021

12.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2258/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçılar: İddiaçı1 və İddiaçı2, Cavabdehin qəyyumunun nümayəndəsi və vəkili: X5 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin ləğvi edilməsi, miras əmlakda payların müəyyən edilməsi və miras şərikləri arasında bərabər bölünməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin ləğvi edilməsi, miras əmlakda payların müəyyən edilməsi və miras şərikləri arasında bərabər bölünməsi tələbinin rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) Cavabdeh qanuni nümayəndəsi Behbudova (Siraczadə) Aytəkin Davud qızına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mərhum qardaşları X3 vərəsələri kimi tanınmaqları, iddiaçılara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və miras əmlakın bərabər paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 25/8 V saylı evin 3 otaqlı 34-cü mənzili iddiaçıların mərhum ataları E.Z.Behbudovun mülkiyyətində olmuş, 1996-cı ildə atalarının vəfatından sonra mənzil mərhum anaları X1 adına özəlləşdirilmişdir. 16.04.2012-ci il tarixdə anaları N.O.Behbudova vəfat etmiş və ondan miras qalmış mənzil və qaraj iddiaçılar tərəfindən İ.E.Behbudova bağışlanmışdır. Belə ki, onlar ailə qurub ata evindən köçmüş və Sumqayıt şəhərində öz ailələri ilə birlikdə yaşamışlar. İ.Behbudovla onlar öz aralarında belə razılığa gəlmişlər ki, evi və qarajı satıb payları bölsünlər. Lakin, 31.05.2020-ci il tarixdə İ.Behbudov qəfildən vəfat etmiş və hazırda valideynlərindən miras qalmış ev və qaraj vərəsəlik hüququ əsasında 1-ci növbəli vərəsə kimi mərhum İ.Behbudovun qızı Cavabdeh keçmişdir. İ.Behbudov mənzili və qarajı satıb payların bölünməsi barədə sözünü yerinə yetirə bilməmişdir. Odur ki, onlar valideynlərindən və qardaşlarından qalmış mirasda öz paylarının müəyyən edilməsini və mirasın şərikləri arasında bərabər paylara bölünməsini istəmişlər. Ona görə də yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə qeyd edir ki, onların əsas dəlillərindən biri ondan ibarət olmuşdur ki, onlar N.Behbudovanın miras əmlakdan onlara çatacaq paydan imtina etməyə bu şərtlə razı olmuşlar ki, İ.Behbudov həmin əmlakı sataraq qiymət uyğun bölüşdürəcək. Onlar ailə qurub ata evindən köçmüş və Sumqayıt şəhərində öz ailələri ilə birlikdə yaşamışlar. Cavabdeh onların qardaşlarının keçmiş arvadı, Cavabdeh anası, yəni qanuni nümayəndəsidir. Onun nə qardaşlarının, nə də analarının üzərində heç bir haqqı yoxdur. Buna baxmayaraq cavabdeh qardaşların mirasına sahib çıxmışdır. Məhkəmə bunları araşdırmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(060)- 1301/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdehin qəyyumunün nümayəndəsi və vəkili N.A.Hüseynova apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçıların miras qalmış əmlaka heç bir hüququnun olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı1 xx.xx.1973-cü il tarixdə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı2 xx.xx.1974-cü ildə anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh isə 04.06.1979-cu ildə anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. 13 saylı Mənzil Kommunal Sahəsinin 445 saylı arayışında cavabdehin ünvan 3 ünvanında yaşadığı, 5 saylı Mənzil Kommunal Sahəsinin 1064 saylı, 25.08.2020-ci il tarixli arayışında mərhum İ.E.Behbudovun 31.05.2020-ci il tarixinədək (vəfat etdiyi tarix) ünvan 4 ünvanında yaşadığı göstərilmişdir. İşdə olan 451738 saylı, 527697 saylı və 086383 saylı ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 22.11.1996-cı ildə, X7 16.04.2012-ci ildə, X8 isə 31.05.2020-ci il tarixdə vəfat etmişlər. Qanun üzrə vərəsəlik hüququ haqqında 21.10.2010-cu il tarixli, 353 saylı vərəsəlik şəhadətnaməsinin surətindən görünür ki, 16.04.2012-ci ildə vəfat etmiş mübahisəli X1 vərəsələri İddiaçı1, İddiaçı2 və İ.E.Behbudovdur. İş materiallarında olan Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, mübahisəli mənzil 22.11.2012-ci il tarixdə İ.E.Behbudovun adına qeydiyyata alınmışdır. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, iddiaçıların atası E.Z.Behbudov, anası isə N.O.Behbudovadır. İşə əlavə olan 184613 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 24.09.2008-ci ildə anadan olmuşdur. Uşağın atası X8, anası isə X4r. İşdə olan 252011 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İ.E.Behbudov ilə Qanuni nümayəndə arasındakı nikahın pozulması 05.01.2017-ci il tarixdə 02 saylı akt ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən 193 saylı reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışdan görünür ki, mübahisəli mənzil 01.03.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Sumqayıt regional “Asan xidmət” mərkəzi notariat ofisindən 2V-251 və 2V-297 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin rəsmiləşdirilməsi haqqında vərəsəlik işinin surəti məhkəməyə göndərilmişdir. Həmin vərəsəlik işindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8V/25, mənzil 34 və Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 23,2 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinə (bundan sonra – mübahisəli əmlaklar) dair İ.Behbudovun birinci dərəcəli vərəsəsi kimi Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (1145). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (1146). Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (1159.1.1.). İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar (1159.2.). Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın (1159.3.). Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər (1159.4.). Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları (1159.5.). Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir (1160). Məhkəmə kollegiyası iddiaçıların birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparmadan, onların təqdim edilmiş dəlillərinə qiymət verilmədən əsassız qətnamə qəbul edilməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli əmlaklar iddiaçıların anaları N.Behbudovanın mülkiyyətində olmuşdur. N.Behbudova 16.04.2012-ci ildə vəfat edən zaman iddiaçılar və İ.Behbudov onun qanun üzrə vərəsələri olmuşlar İddiaçılar miras əmlakda olan paylarından İ.Behbudovun xeyrinə imtina etmişlər və miras əmlak İ.Behbudovun mülkiyyətinə keçmişdir. İsmayıl Behbudov 31.05.2020-ci ildə vəfat etmiş və mübahisəli əmlaklar onun birinci dərəcəli vərəsəsi (qızı) kimi Cavabdeh keçmişdir. Yəni, Cavabdeh İ.Behbudovun birinci dərəcəli, iddiaçılar isə ikinci dərəcəli vərəsələri olduğundan iddiaçıların İ.Behbudovun miras əmlakından pay almaları mümkün deyildir. İddiaçıların əsas dəlillərindən biri ondan ibarət olmuşdur ki, onlar N.Behbudovanın miras əmlakından onlara çatacaq paydan imtina etməyə bu şərtlə razı olmuşlar ki, İ.Behbudov həmin əmlakı sataraq paylara uyğun bölüşdürəcək. Lakin, İ.Behbudov öz vədini yerinə yetirmədən vəfat etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar həqiqətən İ.Behbudovla aralarında belə bir razılaşmanın olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Eyni zamanda mübahisəli əmlak İ.Behbudovun mülkiyyətinə 2012-ci ildə keçmiş, İ.Behbudov isə 2020-ci ildə vəfat etmişdir. İ.Behbudovun səkkiz il ərzində həmin əmlakı bölüşdürməməsi iddiaçıların onunla həqiqətən belə bir razılaşmalarının olmasını şübhə altına alır. İddiaçıların digər dəlili isə cavabdehin İ.Behbudovla boşanmasına baxmayaraq onun miras əmlakına sahib olması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, mübahisəli əmlak cavabdehə deyil İ.Behbudovun birinci dərəcəli vərəsəsi kimi qızı Cavabdeh keçmişdir. Cavabdeh isə yalnız Cavabdeh qanuni nümayəndəsidir və onun mübahisəli əmlak üzrəində mülkiyyət hüququ mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanunu və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 09 aprel 2021-ci il tarixli 2(060)-1301/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar