Məhkəmə qərarları › İş №2(105)-2258/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2258/2022

07.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2258/2022 07.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilmə müddətinin uzadılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı1 (eyni zamanda idiaçı İddiaçı2 nümayəndəsi), onun nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(060)-3027/2022 nömrəli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, anaları X1 miras qalmış Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 27-də yerləşən 46 nömrəli mənzilin miras əmlak kimi qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.1972-ci ildə və İddiaçı2 xx.xx.1975-ci ildə Sumqayıt şəhərində anadan olmuşlar. X5 onların analarıdır və o, xx.xx.2020-ci ildə vəfat etmişdir. Onlar anaları X1 miras qalmış əmlakın - Sumqayıt şəhəri, 12-ci mkr, ev 27, mənzil 46-nın qəbulu ilə əlaqədar olaraq cavabdeh Sumqayıt şəhəri 3 saylı notariat ofisinə müraciət etmişlər. Notariat ofisindən onlara verilən imtina məktubunda mirasın qəbul edilmə müddətinin ötürülməsi səbəbindən məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Əliyev X9 Federasiyasında yaşayır. Pandemiya ilə əlaqədar olaraq o, Azərbaycan Respublikasına gələ bilmirdi. Ona görə də, üzürlü səbəbdən müddəti ötürmüşdür. Bundan əlavə digər vərəsələrlə öz aralarında razılığa gəlmişdilər ki, ev vərəsəlik qaydasında onun adına sənədləşdiriləcəkdir. Hazırda digər vərəsələr buna narazılıq edir və onlar xx.xx.2022ci ildə mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət ediblər. İddiaçı1 isə öz aralarında razılıq olduğu vaxtında notariat ofisinə müraciət etməmişdir. Belə ki, onlar öz aralarında razılaşmışlar ki, ev qardaşı İddiaçı2 adına sənədləşdirilsin.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. İş materiallarında olan Sumqayıt şəhər VVAQ orqanı tərəfindən 01 iyul 1972ci il tarixdə verilmiş İ-ЖГ seriyalı, 406190 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx xxxx 1972-ci ildə Sumqayıt şəhərində doğulmuşdur, atası X11, anası X4r.

5. Sumqayıt şəhər VVAQ orqanı tərəfindən 01 avqust 1975-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 434525 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx xxxx 1975-ci ildə Sumqayıt şəhərində doğulmuşdur, atası X11, anası X4r.

6. “Nikah evi” tərəfindən 05 fevral 1997-ci il tarixdə verilmiş Vİİ seriyalı, 305686 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X12 və X8 13 sentyabr 1970-ci ildə nikah bağlamışlar, bu barədə akt qeydləri kitabında 69 nömrəli qeyd aparılmışdır.

7. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 25 avqust 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 079774 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2020-ci ildə “Essensial hipertenziya” səbəbindən ölmüşdür, bu barədə akt qeydləri kitabında 1113 nömrə ilə qeyd edilmişdir.

8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlkaın Dövlət reyesterindən 23 aprel 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 27-də yerləşən 46 nömrəli mənzil xüsusi mülkiyyət olaraq X3 adına Dövlət qeydiyyata alınmışdır.

9. Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 04 aprel 2022-ci il tarixli məktubu ilə İddiaçı1 bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir) mirasın qəbul edildiyi müddət buraxıldığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən müddətin bərpası üçün məhkəməyə müraciət edə bilməsi tövsiyə edilmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mirasın qəbul edilməsi üçün qanunvericilik altı ay müddət müəyyən etmişdir. Həmin müddət ötürüldükdən sonra mirasın qəbul edilməsi üçün mirasın qəbul edilmə müddəti məhkəmə tərəfindən üzrlü sayılaraq uzadıla bilər. Bu halda vərəsə mirası həmin müddətdə qəbul etməsinə hansı üzrlü halların mane olduğunu əsaslandırmalı və bununla bağlı sübutlar təqdim etməlidir.

11. İş materiallarından görünür ki, X5 xx.xx.2020-ci ildə vəfat etmiş və ondan miras əmlak kimi mübahisəli mənzil qalmışdır. İddiaçılar isə mirasın qəbul edilməsi üçün notariat orqanına təxminən bunda 2 ilə yaxın müddət keçdikdən sonra müraciət etmişlər. Buna səbəb kimi onlar İddiaçı2 Rusiya Federasiyasında yaşamasını, pandemiya şərtləri daxilində ölkəyə gəlməsinin qeyri-mümkün olmasını, həmçinin bacı və qardaşlar arasında mübahisəli mənzilin İddiaçı2 adına rəsmiləşdiriləcəyi barədə razılığın olduğunu göstərmişlər.

12. Qeyd edilməlidir ki, İddiaçı2 ölkəyə gələ bilməməsi mirasın qəbulu müddətinin ötürülməsi üçün üzrlü səbəb sayıla bilməz. Belə ki, Mülki Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.

13. İddiaçı2 ölkəyə gələ bilməsə də mirasın qəbulu üçün hər hansı şəxsə etirbarnamə verə bilər və həmin şəxs onu təmsil edərək notariat orqanına müraciət edə bilərdi.

14. Həmçinin, bacı-qardaşlar arasında mənzilin İddiaçı2 verilməsi barədə razılığın olması isə iş materialları ilə sübuta yetirilmir. Hətta belə bir razılıq olmuş olsa belə bu hal, mirasın qəbulu müddətinin ötürülməsi üçün əsas ola bilməz.

15. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında blə bir hüquqi mövqe ifadə olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

16. İşdən göründüyü kimi üçüncü şəxs Arzu Nəbiyeva mübahisəli mənzildə qeydiyyatda olmaqla orada yaşayır və bununla da o, mübahisəli mənzili miras əmlak kimi qəbul etmişdir.

17. Mülki Məcəllənin mirasın qəbulu üçün 6 ay müddət müəyyən edən 1246-cı maddəsi vərəsələri mirasın qəbulu məsələlərində daha məsuliyyətli olmağa vadar edir və mirası faktiki və formal yolla vaxtında qəbul etmiş vərəsələrin hüquqlarının müdafiəsinə xidmət edir. Belə ki, bir sıra vərəsələr tərəfindən mirasın idarə edilmə və ya notariat orqanına müraciət edilməklə qəbulundan uzun müddət keçdikdən sonra yeni vərəsələrin ortaya çıxaraq mirasın qəbulu müddətinin uzadılmasını tələb etmələri ədalətli sayıla bilməz.

18. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(060)-3027/2022 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qarşı anaları X1 miras qalmış Sumqayıt şəhəri, 12ci mikrorayon, ev 27-də yerləşən 46 nömrəli mənzilin miras əmlak kimi qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə iddia təmin edilməmişdir.

19. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi mirasın qəbulu üçün 6 ay müddət müəyyən edən 1246-cı maddəsi vərəsələri mirasın qəbulu məsələlərində daha məsuliyyətli olmağa vadar edir və mirası faktiki və formal yolla vaxtında qəbul etmiş vərəsələrin hüquqlarının müdafiəsinə xidmət edir. Belə ki, bir sıra vərəsələr tərəfindən mirasın idarə edilmə və ya notariat orqanına müraciət edilməklə qəbulundan uzun müddət keçdikdən sonra yeni vərəsələrin ortaya çıxaraq mirasın qəbulu müddətinin uzadılmasını tələb etmələri ədalətli sayıla bilməz.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1243.1, 1243.2, 1245, 1246, 1248.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1,107, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(060)-3027/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

Şikayətin dəlilləri:

22. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243, 1246, 1247, 1248-ci maddələrinin və Mülki Prosessual Məcəllənin 14.1, 217.1-ci maddələrinin tələbləri pozulmuş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və miras payın bağışlama müqavilələri onun bir vərəsə kimi xəbəri olmadan, qanun pozuntusu ilə həyata keçirilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları

24. İddiaçı1 (eyni zamanda idiaçı İddiaçı2 nümayəndəsi), onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.

25. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X6 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdilər.

26. Cavabdeh Sumqayıt şəhəri 3 saylı notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir.

27. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

28. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

29. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

30. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar:

31. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

32. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

33. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

34. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

35. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

Mülki Prosessual Məcəllə

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Hazırki iddia tələbləri miras əmlakın qəbul müddətinin üzrlü sayılmaqla, vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlıdır. Həmin tələblər üzrə ilk növbədə iddiaçıların mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etməmələrinin üzrlü halla bağlı olması müəyyən edilməlidir.

45. İşə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan isə görünür ki, iddiaçılar mirasın açıldığının onlara bəlli olmasına və buna dair hər hansı maneənin olmamasına baxmayaraq, notariat kontoruna mirası qəbul etmək barədə ərizələri qanunla müəyyən edilmiş müddətlər ərzində verməmişlər. Notariat orqanına mirasın qəbulu barədə ərizələrin verilməməsinin üzrlü səbəbləri barədə iddiaçılar tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Həmçinin iddiaçılar tərəfindən miras əmlakın faktiki olaraq qəbul edilməsi də təsdiqini tapmayıb.

46. Göründüyü kimi, işin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini istisna etmişdir. Buna görə də iddianı rədd edən birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı dəyərləndirməsi mövqeyi düzgün olmuşdur.

47. Apellyasiya şikayətinin dəlillərində göstərilən xüsasatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir.

48. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia düzgün olaraq təmin edilməmişdir.

49. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

50. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmadığına görə təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçıların nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(060)-3027/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar