Məhkəmə qərarları › İş №2(105)-226/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-226/2021

01.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-226/2021 01.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Telman Osman oğlu Quliyev və Zaur İkram oğlu Məmmədovdan ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçılar: İddiaçı1 və Gülcöhrə İmanxan qızı Şiriyeva, İddiaçı1 nümayəndəsi və vəkili: X2, Cavabdeh: Cavabdeh, Üçüncü şəxslər: X4 və X6 iştirakları ilə, İddiaçılar İddiaçı1, Şiriyeva Gülcöhrə İmanxan qızının, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh və Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və vərəsə paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2018-ci il tarixdə ölmüş X1 miras qalmış əmlak olan Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilinin (yeni qaydalarla: Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 58, M5, m1) 1/20 hissəsinə İddiaçı1, 1/20 hissəsinə İddiaçı3 məcburi pay hüququ, qalan 18/20 hissəsinə isə vəsiyyət üzrə vərəsə Cavabdeh vərəsəlik hüququnun tanınması, iddiaçılar İddiaçı1 və İddiaçı3 iddiasının qalan hissədə olmaqla, digər iddiaçılar İddiaçı2 və İddiaçı4 iddiasının rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçılar İddiaçı1, Şiriyeva Gülcöhrə İmanxan qızı, İddiaçı3 və X8 cavabdehlər Cavabdeh və Sumqayıt şəhəri 4 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 4 saylı DNK-da xx.xx.2013-cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış X3 adından verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras kütləsinə daxil olan Sumqayıt şəhəri, 1-ci mkr-n, ev 8b/26-da yerləşən 43 saylı mənzilin 5 nəfər vərəsə arasında bölünməsi və hər birinin payının 1/5 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, 1ci mkr-n, ev 6-da yerləşən 43 saylı mənzil anası S.B.Səmədovanın adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Anası S.B.Səmədova xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Anasının ölümündən sonra onlar mərhumun qanun üzrə birinci növbə vərəsələri kimi miras qalan mənzildən vərəsə paylarının müəyyən edilməsi və adlarına vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə ərizə və sənədləri toplamaqla ASAN- Sumqayıt Mərkəzinə təqdim etmişlər, lakin həmin vaxt məlum olmuşdur ki, Cavabdeh mərhum analarının adından xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri, 4 DNK-da vəsiyyətnamə əldə etmişdir. Anaları mübahisəli mənzili heç vaxt Cavabdeh vermək niyyətində olmamış, hətta Cavabdeh dəfələrlə evdən qovulmuşdur, çünki cavabdeh yüngül həyat tərzi sürmüş, dəfələrlə polis və məhkəmə orqanlarında cavabdehin işinə baxılmışdır, bütün bunlarla yanaşı cavabdehin məhkumluğu vardır. Bundan başqa Cavabdeh dəfələrlə anası S.B.Səmədovanı döymüş, boğmuş, ona fiziki işgəncələr vermişdir. 2013-cü ildə anasının ayağı tutulmuş və onun bu vəziyyətindən istifadə edən cavabdeh qonşuluğunda sınıqçı həkim olduğunu, həmin həkim tərəfindən anasının müalicəsini təşkil edəcəyini bildirmiş və anasını özünün kirayədə yaşadığı Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzilə aparmışdır. Anası savadsız və hərfləri belə tanımayan bir qadın olmuşdur. Cavabdeh bu vəziyyətdən istifadə edərək və özünün üç nəfər yaxın rəfiqəsini də bu işə qoşaraq vəsiyyətnamə əldə etmişdir. Hazırda isə cavabdeh həmin vəsiyyətnaməni ASAN- Sumqayıt Mərkəzinin notariusuna təqdim edərək analarından miras qalan mənzildən daha çox pay əldə etmək istəmişdir. Bundan başqa Cavabdeh mübahisəli mənzildə olan və analarına məxsus olmuş qızıl-zinət əşyalarını və pulları ələ keçirmiş, saxta yollarla özünün Sahib adlı oğlunu da anasının övladlığına vermiş və həmin uşağın doğum haqqında şəhadətnaməsini də vərəsə təqdim etmişdir. Belə hesab edir ki, sözügedən vəsiyyətnamə qanunsuz verilmiş, anasının xəstə olması, yeriyə bilməməsindən istifadə edilməkə saxta yolla edilmişdir. Aildə 9 nəfər olsalar da mirasın qəbulu ilə bağlı 3 vərəsə rəsmi qaydada miras əmlakda olan paylarından imtina etmişdir. Buna qörə də həmin vəsiyyətnamə etibarsız hesab edilməli və miras əmlakda paylar beş vərəsə arasında bölünməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, onların iddia tələbini dəqiq, hərtərəfli, şahidlərinin dindirilməsinə dair vəsatətləri məhkəmə tərəfindən qəbul edilməməsi, məhkəmənin qərəzli olmasını təsdiq edir. Eyni zamanda məhkəmə xx xxxxxxxx 2019-cu il tarixli 2V/127 reyestr nömrəli vəsiyyətnamədə imza etmiş şəxslərin dindirilməsini lazım bilməmiş və vəsiyyətnamədə imzaların həqiqətən həmin şəxslərə aid olub-olmaması barədə xətşunaslıq ekspertizası təyin etməmişdir. Vəsiyyətnamə ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Vəsiyyətnamədən göründüyü kimi, miras qoyan S.B.Səmədova savadsız olduğundan vəsiyyətnaməni başqa bir şəxs imzalamışdır ki, Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrinin tələbinə uyğundur. S.Səmədova notariusun binasına daxil olmamış, maşında oturmuş, o heç bu notarius və şahidləri görməmişdir. Vəsiyyətnamənin etibarsız olmasını əsas sübutlardan biri vəsiyyətnamənin verildiyi gün, yəni xx xxxxxxxx 2013-cü il tarixdə həmin 4 saylı notariusda S.Səmədova qızı Cavabdeh etibarnamə vermişdir. Həmin etibarnaməyə imzası ilə S.Səmədova imza etmişdir. Necə olar ki, bir gündə etibarnamə və vəsiyyətnamə verəsən birinə, imza etməyə savadın çata, digərinə yox. Məhkəmə vərəsələr arasında fərqlər qoyaraq İddiaçı2 hüququndan məhrum etməklə, onların qanunla və Azərbaycan Respublikası Konstitusiya ilə qorunan hüquqlarının kobud surətdə pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməni əsassız olduğundan ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, iddia ərizəsinə və şikayətə uyğun izahat verdilər, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Üçüncü şəxslər M.İ.Səmədov və Ş.İ.Səmədov apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnaməni dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə maraqlı tərəfin nümayəndəsi C.Q.Rüstəmov məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə iddiaçılar İddiaçı3 və İddiaçı4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, vəsiyyətnamə verilərkən qanunun tələblərinin pozulmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 və qeyrisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX, ******* №-li çıxarışın surətindən və AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2018-ci il tarixli, **********83 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzili (yeni qaydalarla: Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 58, M5, m1) mülkiyyət hüququ üzrə S.B.Səmədovanın adına xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 318 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, S.B.Səmədova xx xxxxxx 2018-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN XİDMƏT” X7 verilmiş xx.xx.2018-ci il tarixində ölmüş S.B.Səmədovanın vərəsəlik işinə aid olan sənədlərin surətlərindən görünür ki, xx.xx.2018-ci il tarixində ölmüş S.B.Səmədovanın adına vərəsəlik işi açılmış və vərəsələrin dairəsinə aşağıdakı şəxslər -

1. oğlu İddiaçı1, 2. qızı İddiaçı2, 3.oğlu İddiaçı3, 4. qızı İddiaçı4, 5. qızı Cavabdeh, 6. oğlu X5, 7. qızı X9, 8. oğlu X13, 9. oğlu X14 və 10. miras qoyan tərəfindən övladlığa götürülmüş xx.xx.2010-cu il təvəllüdlü X21 daxil edilmişdir. Həmin Vərəsəlik işinə aid olan sənədlərin surətlərindən həmçinin görünür ki, xx.xx.2018-ci il tarixində ölmüş S.B.Səmədovanın vərəsələri olan M.İ.Səmədov və xx.xx.2010-cu il təvəllüdlü S.A.Əsgərov xx.xx.2018-ci il tarixdə, Cavabdeh, İddiaçı1 və İddiaçı3 xx.xx.2018-ci tarixdə, İddiaçı2 və İddiaçı4 xx.xx.2018-ci il tarixdə müvafiq notariat kontoruna ərizə ilə müraciət edərək S.B.Səmədovadan miras qalmış əmlakı qəbul etmişlər. Lakin adı çəkilən vərəsələrdən X13 xx.xx.2018-ci il tarixdə, X9 və X14 isə xx.xx.2018-ci il tarixdə notariat kontoruna ərizə ilə müraciət edərək mərhum anaları S.B.Səmədovanın vəfatından sonra hara yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakının onlara çatası hissələrindən Cavabdeh xeyrinə imtina etdiklərini bildirmişlər. İş materiallarında olan S.B.Səmədovanın adından verilmiş Sumqayıt şəhəri, 4 saylı DNK-da xx.xx.2013-cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, S.B.Səmədova ölən günə qədər ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilində qeydiyyatda olan qızı Cavabdeh vəsiyyət etmişdir. Qeyd olunan vəsiyyətnamənin surətindən həmçinin görünür ki, həmin vəsiyyətnamə Sumqayıt şəhəri 4 saylı notariat kontorunun notariusu Cəmaləddin Rüstəmovun iştirakı ilə xx.xx.1961-ci il təvəllüdlü, Sumqayıt şəhəri, 17-ci mkr-n, ev 67, mənzil 22-də qeydiyyatda olan X10 tərəfindən imza edilmişdir. Vəsiyyətnamə tərtib edilərkən 2 nəfər şahidin iştirakı təmin edilmişdir. Belə ki, xx.xx.1966-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X15 və xx.xx.1955-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan S.B.Səmədova ölən günə qədər ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilində qeydiyyatda olan qızı Cavabdeh vəsiyyət etməsinə şahidlik etmişlər və bunu öz imzaları ilə təsdiq etmişdirlər. İş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN XİDMƏT” X7 verilmiş xx.xx.2018-ci il tarixdə ölmüş S.B.Səmədovanın vərəsəlik işinə aid olan sənədlərin surətlərindən görünür ki, xx.xx.2018-ci il tarixində ölmüş S.B.Səmədovanın vərəsələri olan M.İ.Səmədov, İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 anaları S.B.Səmədovadan qalmış mirasın qəbulu barədə ərizələrinə notarius tərəfindən baxılmış və miras şərikləri arasında mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunduğu, M.İ.Səmədova əlavə olaraq mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü bildirilmiş və yaranmış mübahisənin həlli üçün vərəsələrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. İşdən görünür ki, S.B.Səmədovanın adından verilmiş Sumqayıt şəhəri, 4 saylı DNKda xx.xx.2013-cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, S.B.Səmədova ölən günə qədər ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilində qeydiyyatda olan qızı Cavabdeh vəsiyyət etmişdir. Həmin vəsiyyətnamədən görünür ki, S.B.Səmədova savadsız olduğu üçün onun əvəzindən vəsiyyətnaməni R.Z.Mansırova imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinəəsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinəəsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuşşəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinəəsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinəəsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxx 2015-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 1151.1ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Miras əmlak kütləsinə xx xxxxxx 2018-ci il tarixində ölmüş S.B.Səmədovanın şəxsi mülkiyyətində olmuş Sumqayıt şəhəri, 1-ci mkr, 8b/26 saylı evin, 43 saylı mənzili (yeni qaydalarla: Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 58, M5, m1) daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-cı maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1166-cı maddəsinəəsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. İş materiallarından göründüyü kimi miras qoyan xx xxxxxx 2018-ci ildə vəfat etmiş S.B.Səmədova ölən günə qədər ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını qızı Cavabdeh vəsiyyət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçılar vəsiyyətnamənin etibarsızlıgını miras qoyan S.B.Səmədovanın xəstə olması, beyin iflici keçirməsi və öz fikrini ifadə etmək iqtidarında olmaması ilə əsaslandırırlar. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin beyin iflici keçirməsi və ya fiziki qüsurlu olması onun fəaliyyət qabiliyyəti olmayan şəxs olması demək deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə sasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən agıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəklərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. İş materialları araşdırılarkən miras qoyan S.B.Səmədovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə hər hansı bir məhkəmə qətnaməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Həmin Məcəlləninn 1225.2-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Həmin Məcəllənin 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Miras qoyan S.B.Səmədovanın adından verilmiş Sumqayıt şəhəri, 4 saylı DNK xx xxxxxxxx 2013-cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış vəsiyyətnamənin formasına dəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, vəsiyyətnamə bu baxımdan da mülki qanunvericiliyin tələblərinə uyğungur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalansın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Məhkəmə iclası zamanı Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi bildirmişdir ki, X11 Sumqayıt şəhər 4 saylı notariat kontoruna yaxınlaşaraq vəsiyyətnaməni Cavabdeh adına vəsiyyət etmək istədiyini bildirmişdir. Vəsiyyətnamə yazılı şəkildə olur, əgər vətəndaş yaza bilmirsə, onlar texniki vasitələrdən istifadə edərək şahidlərin yanında vəsiyyətnaməni təsdiq edirlər. Hətda o, vəsiyyətnamənin qıraq sol küncündə vəsiyyət edənin imzasını çəkdirmişdir ki, gələcəkdə heç bir problem olmasın. Tərəflər öz ailə problemlərini məhkəmədən kənar şəkildə həll edə bilmirlər və notariat kontorunu günahlandırırlar. O, notarius olaraq deyə bildirir ki, hər bir məsələni qanuni şəkildə yerinə yetirmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Nazirliyinin xx xxxxxxx 2020-ci il tarixli 4/696 saylı ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Sumqayıt şəhər 4 saylı notariat kontorunda 7E-44/34582 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş X3 adından olan xx xxxxxxxx 2013-cü il tarixli etibarnamə «imza» qrafasındakı imza; Sumqayıt şəhər 4 saylı notariat kontorunda 2V/127 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş X3 adından olan xx xxxxxxxx 2013-cü il tarixli vəsiyyətnamədə «Mansırova» soyadının qarşısındakı soldan sağa 1-ji imza X12 tərəfindən ijra olunmuşdur. Elmi cəhətdən işlənib hazırlanmış müvafiq metodika olmadığına görə ekspertiza təyin edilməsi barədə qərardadın 3-cü sualında göstərilən imza nümunələrinə görə şəxsin savadsız olması faktının müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT E T D İ:

İddiaçılar İddiaçı1, Şiriyeva Gülcöhrə İmanxan qızı, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxx 2019-cu il tarixli 2(060)-769/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 127 (yüz iyirmi yeddi) manat məbləğində pul İddiaçı1, Şiriyeva Gülcöhrə İmanxan qızından, İddiaçı3 və İddiaçı4 müştərək qaydada alınaraq SAP (XİİS) hesabı Dövlət Xəzinədarlığı Agentliyi kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: JTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34JTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Telman Quliyev Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar