Məhkəmə qərarları › İş №2(105)-2271/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2271/2020

27.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2271/2020 27.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-579/2020 saylı qətnaməindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-579/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı Cavabdehnə qarşı komissiya qərarının ləğv edilməsi və əsassız hesablanmış qaz sərfiyyatı məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 0124784saylı akt və xx.xx.2017-ci il tarixli tələbnamə (qərar) əsasında İddiaçı hesablanmış 928,80 manat məbləğində pulun (borcun) abonentin hesabından silinməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında həmin idarə tərəfindən tərtib edilmiş itirilmiş qazın bərpası üzrə xx xxxxxx 2017-ci il tarixli komissiya qərarının ləğv edilməsi, həmin sənədlər əsasında onun adına hesablanmış 928,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, Elnur Hacıyev küçəsindəki 32 saylı evdə yaşayır. Yaşadığı evə qaz idarəsi tərəfindən sayğac quraşdırılmış və istifadə etdiyi təbii qazın pulunu sayğacın göstəricilərinə əsasən ödəmiş, heç bir borcu qalmamışdır. 2016-cı ilin dekabr ayında qaz idarəsinin işçiləri evə gələrək qaz sayğacını dəyişdirib yenisi ilə əvəz etmiş və bu barədə müvafiq akt tərtib etmişlər. Qaz sayğacı çıxarıldıqdan sonra keçən müddət ərzində sayğacda hər hansı bir nasazlıq olması barədə qaz idarəsinin əməkdaşları ona heç bir irad bildirməmişdilər. Çıxarılan qaz sayğacı yararlı vəziyyətdə olmuşdur. Həmin sayğacın göstəricilərinə əsasən istifadə etdiyi təbii qazın pulunu ödəmişdir. Qaz sayğacı çıxarılandan bir müddət sonra qaz idarəsinin əməkdaşları evinə gəlib ona evindən çıxarılmış qaz sayğacının laboratoriyaya göndərildiyini, guya sayğacda nöqsan aşkar edildiyini, sayğacın plastmas qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edildiyi barədə rəy verildiyini, bu barədə xx xxxxxx 2017-ci il tarixli, ******* nömrəli akt tərtib olunduğunu, komissiya qərarına əsasən ona 928 manat 80 qəpik məbləğində ziyan hesablandığını və hesablanmış ziyanı ödəməli olduğunu bildirmişdilər. O, tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxx 2017-ci il tarixli, ******* nömrəli akt əsasında yazılmış xx xxxxxx 2017-ci il tarixli komissiya qərarı ilə qəti razı deyildir. Belə ki, istifadəsində olduğu müddətdə sayğaca nə o, nə də ailə üzvləri heç bir müdaxilə etməmişlər. Həyat yoldaşı Qarabağ müharibəsi veteranıdır. Sayğacın plastmas qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilməsi halı onlara məlum deyildir. Hər ay qaz idarəsinin işçiləri sayğaca baxış keçirir, eləcə də qaz sərfiyyatı haqqında bildiriş tərtib edirlər. Bu vaxt sayğaca hər hansı bir müdaxilə halını onlar müşahidə etməli idilər. Belə olan halda, sayğaca müdaxilə olması ən çoxu bir ay ərzində nəzarətdən yayına bilərdi. Bundan başqa, sayğac küçədə quraşdırıldığına görə o, sayğacın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşımır, istənilən kənar şəxs belə sayğaca toxuna və müdaxilə edə bilər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ədalətsizdir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı əsassız mülahizələrinə istinad edərək Xaçmaz Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır. Belə ki, abonent üçün Elster tipli, G-4 markalı, ******* saylı qaz sayğacı quraşdırılmış, bu sayğacın quraşdırılması ilə bağlı müvafiq akt tərtib olunmuşdur. Aktda sayğacın və sayğaca vurulan plombun toxunulmazlığına cavabdeh şəxs kimi abonent göstərilmişdir. Xaçmaz RQİİ-nin Xaçmaz xidmət sahəsinin əməkdaşları tərəfindən abonentin istifadəsində olan həmin qaz sayğacı şəbəkədən açılaraq dövlət yoxlamasına göndərilmişdir. ARDNŞ Cavabdeh İB-nin sayğacların yoxlanılması komissiyasının 29/1602-03722-1 saylı rəyinə əsasən həmin sayğacın üzərində mənşəyi məlum olmayan plombun aşkar edildiyi müəyyən olunmuşdur. Həmin rəy əsasında xx xxxxxx 2017-ci il tarixdə tərtib olunmuş ******* saylı akta əsasən qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın miqdarı 4644 m3 və ya 928,80 manat həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Sayğacın qorunmasına və ona müdaxiləyə yol verilməməsinə istehlakçı məsuliyyət daşımış, onun həmin məsuliyyəti qaz istehlakçısı kimi müqavilə öhdəliklərindən əmələ gəlir. Bu zaman sayğaca müdaxilənin bilavasitə abonent və ya onun səhlənkarlığı nəticəsində başqası tərəfindən törədilməsinin əhəmiyyəti yoxdur. Əgər qaz paylayıcısı qaz sayğacına müdaxilə olunduğunu sübut edirsə, bu müdaxilənin abonentin təqsiri üzündən baş verdiyi sübut olunur. Buna görə də həmin sayğaca müdaxilə olunmasının abonentin təqsirli hərəkətləri nəticəsində baş verdiyini təsdiqləmək üçün tam əsas vardır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, iddiaçı məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti faktiki olaraq iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X3 tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri, Elnur Hacıyev küçəsi, 32 saylı ev xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Xaçmaz şəhərində yerləşən evə quraşdırılmış qaz sayğacı çıxarılmış və yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxx 2017-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Xaçmaz şəhərində yerləşən evə quraşdırılmış qaz sayğacının plastmas qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh xx xxxxxx 2017-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı yaşadığı Xaçmaz şəhərində yerləşən ev üzrə (abonent kodu **********11990) itirilmiş qazın sərfiyyatı 4644 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı (abonent kodu **********11990) akt üzrə borcu 928,80 manat təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı evin qaz sayğacı evdən kənarda, hasarın küçəyə tərəf olan hissəsində quraşdırılmışdır. Cavabdeh İB X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən qaz sayğacının plastmas qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçının yaşadığı evin qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-579/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar