Məhkəmə qərarları › İş №2(105)-2274/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2274/2021

22.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2274/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı “borcun silinməsi tələbinə” dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2049/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh «Azəriqaz» İB tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2049/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, “Azəriqaz” İB tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 1 saylı evin, 41 saylı mənzilinə (Abunə kodu: **********004410) dair hesablanmış 135 manat borc və 67.02 manat sayğacın dəyəri olan borcun silinməsi qət edilmişdir (hakim A.İ.İsmayılov) Qətnamədən narazı qalan cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2(060)-2049/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «borcun silinməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 1 saylı evin, 41 saylı mənzilinə əsassız olaraq akt əsasında hesablanmış 135 manat məbləğində borcun və 67.02 manat sayğacın dəyəri olan borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin apelyasiya şikayəti onunula əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev 1, mənzil 41 saylı yaşayış evinə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı, 25.03.2020-ci il tarixli aktda sayğacda qeyd olunan nöqsan yazılmışdır. 25.03.2020ci il tarixdə akt tərtib olunmaqla çıxarılmış və laboratoriyada yoxlanılmısı üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “İnformasiya Texnologiyaları və Rabitə İdarə ”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “sayğaca baxış keçirildi, hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib”, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. Əməkdaşları həmin mənzilə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və Dövlətə vurduğu ziyan müəyyən edilərək 31.05.2020-ci il tarixli aktla itirilmiş qazın bərpası üzrə 135,00(bir yüz otuz beş manat) manat cərimə hesablanmışdır. 25.03.2020-ci il tarixli akta əsasən abonentin mənzilinə yeni sayğac quraşdırılmış və laboratoriya rəyinə əsasən istismara yararsız, G- 2,5 markalı sayğacın dəyəri 67,02 (altmış yeddi manat 02 qəpik) manat abonentdən tələb edilmişdir. Bildirilir ki, vətəndaşlar tərəfindən qaz sayğaclarına müdaxilə halları kütləvi hal almışdır. Sayğaclara müdaxilə halları hüquq mühafizə orqanlarının keçirdiyi uğurlu əməliyyat nəticəsində bir neçə dəfə qarşısı alınmış və bəzi şəxslər məsuliyyətə cəlb edilmişdir. Göstərilən faktlar Kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Məhkəmə tərəfindən qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd etdiyimiz qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən apelyasiya şikayətində Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2(060)-2049/2021 saylı, 14 aprel 2021-ci il qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, idiaçınınizahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan ******* saylı, 31.05.2020-ci il tarixli aktın surətindən görünür ki, 22.05.2020-ci il tarixdə D/Y-na göndərilmiş Metrologiya Departamenti sayğacların müayinəsi laboratoriyasının rəyinə görə G 25.5 markalı, ******* saylı sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qapağına vurulan zavod qurğuşun plombu kəsilib. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, iddiaçının mənzilinə 1350 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 1 saylı evin, 41 saylı mənzilinə dair 135 manat borc hesablanmışdır. İş materiallarında olan 01/01MS-11-13 saylı, 07.01.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 1 saylı evin, 41 saylı mənzilinə müdaxilə edilmiş sayğacın dəyəri olan 67.02 manat məbləğində pulun İddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq olunmuş “X1”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 1 saylı evin, 41 saylı mənzilinə hesablanmış 135 manat məbləğində borc və tələb edilən 67.02 manat sayğacın dəyəri olan borc silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Hazırki işdə işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı iddiaçının mənzilində deyil, mənzildən kənarda quraşdırılıb və nəzərə alınsa ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilməmişdir. Həmçinin, qaz sayğacı laboratoriyada yöxlanılarkən abonentin iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən qaz sayğacındakı pozuntuya görə istehlakçı məsuliyyət daşımadığından, Akt və həmin aktın əsasında istehlakçının abonent hesabına hesablanmış borc abonentin hesabından silinməlidir.Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh sayğacın yararsız vəziyyətə düşməsilə əlaqədar hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, məhz iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan, akt üzrə borcun hesablanması əsassız olduğu üçün həmin borcun silinməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgündür. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdehin nümayəndəsi apelyasiya şikayətində akt tərtib olunmuş ünvan üzrə borcun iddiaçı tərəfindən yarandığını sübut edə bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2(060)-2049/2021 saylı, 14 aprel 2021ci il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar