Məhkəmə qərarları › İş №2(105)-2277/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2277/2021

22.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2277/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-551/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-551/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim R.T.Həsənov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 03.10.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 03 oktyabr 2015-ci il tarixdə onunla Cavabdeh arasında formal olaraq kredit müqaviləsi bağlanılmışdır. 03 oktyabr 2015-ci il tarixli kredit müqaviləsində Cavabdeh tərəfindən guya ona 03 oktyabr 2015-ci il tarixdə 25.000 manat borc pul verildiyi qeyd edilsə də əslində həmin məbləğ ona verilməmiş, borc müqaviləsi formal olaraq bağlanılmışdır. Belə ki, Cavabdeh Quba rayonunda çox adama sələmə borc pul verir, onların arasında onun tanıdığı şəxslər də olmuşdur. Cavabdeh onun tanıdığı şəxsə sələmə pul verdiyini, sonradan ala bilmədiyini, onu tapa bilmədiyini əsas gətirərək ondan Quba Rayon Polis İdarəsinə şikayət etmişdir. Polis İdarəsində Cavabdeh ondan edilən şikayətinə baxılarkən bildirilmişdir ki, şikayətçi ilə razılığa gəlsə və şikayətçi şikayətindən imtina etsə iş bağanar. Cavabdeh ona bildirmişdir ki, sələmə verilən pullar onun deyil, pul sahibləri ondan pulla bağlı yazılı sənəd tələb edirlər. Ona notariusda uydurma bir müqavilə bağlamağı təklif etmişdir ki, müqaviləni görüntü üçün pulun sahiblərinə göstərsin. O, məcburiyyət qarşısında qalaraq ondan etdiyi şikayətlərin qarşısını almaq məqsədilə, polisə ondan edilən şikayətdən imtina etməsi üçün onunla formal kredit müqaviləsi bağlamağa məcbur olmuşur. Hesab edir ki, məhkəmə qətnaməsi əsassızdır və qətnamə çıxarılarkən maddi hüquq normaları pozulmuş, iş üzrə obyektiv araşdırma aparılmamışdır. Məhkəmə tərəfindən Cavabdeh 2015-ci ildə ondan şikayətçi olub-olmamasını müəyyən etmək üçün Quba Rayon Polis İdarəsinə sorğu göndərilmişdir. Quba Rayon Polis İdarəsinin cavab məktubunda onun barəsində 2015-ci ildə material olduğu, rədd edildiyi, lakin 2018-ci ildə yandırılaraq məhv edildiyi bildirilmişdir. Bu onu göstərir ki, Cavabdeh kredit müqaviləsi bağlanmamışdan əvvəl ondan X2 şikayət etmişdir. Bu özlüyündə sübut edir ki, müqavilə formaldır. Belə ki, polisə şikayətdən sonrakı tarixdə 03 oktyabr 2015-ci il tarixdə şikayətçi olduğu adama 25.000 manat borc pulun verilməsi ağlabatan deyildir. Ön əsası da odur ki, Cavabdeh məhkəmə iclasında bütün bunları etiraf elmiş və həqiqiliyini təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə araşdırması zamanı Cavabdeh 2015-ci ildə ondaq Quba Rayon Polis İdarəsinə şikayət etdiyini, kredit müqaviləsinin şikayətdən sonra bağlandığını və ən əsası 03 oktyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanılarkən həqiqətən ona 25.000 manat pul vermədiyini dəfələrlə etiraf etmiş və onun bu etirafı məhkəmənin audio və video çəkilisində qeydə alınmışdır. Lakin 1-ci instansiya məhkəməsinin qətnaməsində Cavabdeh izahatı düzgün qeyd edilməmiş, o, qətnamədə olan məzmunda izahat verməmişdir. Hazırki iddia tələbinin predıneti müqavilənin etibarsızlığıdır. İddianın əsası isə 03 oktyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanılarkən pulun verilməməsidir. Həmin müqavilə borcun etirafı müqaviləsi deyil. Müqavilənin məzmunundan da görünür ki, borc verən müqavilə bağlanan vaxtı, yəni 03 oktyabr 2015-ci il tarixdə pul borc verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İstinad olunan maddi hüquq normasının tələbindən görünür ki, borc müqaviləsinə görə, borc alan müqavilə üzrə aldığı borcu geri qaytarmağı öhdəsinə götürür. Lakin müqavilə bağlanılarkən borc verən pulu borc alana verməmişdirsə, vermədiyini də geri tələb edə bilməz. Azərbaycan Respublikası Mülui Məcəlləsnin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradənin ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, həbelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquq nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Qanun pozuntusu ilə bağlanmış hər bir əqd, bunun nəticəsində mənafeyi pozulan şəxsin tələbi ilə etibarsız sayılır. Azərbaycan Respublikası MM-nin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.1 -ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılarkən, işin faktiki hallarına, iddia tələbi ilə bağlı gətirdiyim dəlillərə əhəmiyyət verilməmiş, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmişdir. Məhkəmə hazırki mübahisəyə müqavilənin etibarsızlığı ilə bağlı iddia tələbi kimi deyil, pul tələbi kimi baxmış və qətnamədə 03 oktyabr 2015-ci il tarixli kredit müqaviləsindən əvvəlki tarixə aid cavabdeh tərəfindən təqdim edilmiş və həqiqiliyi sübut edilməmiş əlyazmalara istinad etmişdir. Azərbaycan Respublikası MPM-nın 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, 1 -ci insatansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası MPM-nın 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Qeyd edilənlərə əsasən Quba Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(027)-551/2021 saylı qətnaməsi ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, iddiaçı qonşusudur. O, özünə ev tikmək üçün pul yığmışdı, tikintiyə başlamış, İddiaçı gəlib nə etdiyini soruşduqda ev tikdiyini bildirmişdir. İddiaçı bildirmişdir ki, onun evini daha ucuz qiymətə tikib təhvil verə bilər. O da etibar edib pulu ona vermiş və müqavilə bağlamışlar. Hazırda müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Bu səbəbdən apelyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-551/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(027)-551/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Quba regional “Asan xidmət” mərkəzində notariat ofisindən əldə edilmiş 03.10.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Cavabdeh borcalan İddiaçı 03.12.2019-cu il tarixədək hər ay 500 (beş yüz) manat qaytarmaq şərtilə 25.000 (iyirmi beş min) manat məbləğində pul borc vermişdir. Həmin müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmiş və 3M-329 nömrə ilə reyestrdə qeydə alınmışdır. İş materiallarında olan Quba RPŞ-dən daxil olmuş məktubdan görünür ki, İddiaçı barəsində 2015-ci ildə toplanılaraq rədd edilib RPŞ-nin dəftərxanasında saxlanılan material DİN-nin 28.07.2003-cü il tarixli, 306 saylı əmrinə, 30.09.2015-ci il tarixli, 36 saylı qərarına və 03.02.2018-ci il tarixli, 5 saylı qərarına əsasən saxlanma müddəti 3 il müəyyən edildiyindən 2018-ci ildə yandırılaraq məhv edildiyindən İddiaçı barəsində toplanılmış materialın göndərilməsi mümkün deyildir. Cavabdehin məhkəməyə təqdim etdiyi əlyazma vərəqələrin kserosurətlərindən görünür ki, İddiaçı Cavabdeh aldığı 25.000 manat məbləğində pulu hər ayın axırı 500 manat olmaqla gecikdirilmədən hissə-hissə qaytaracağı barədə iltizam imzalamışdır. İddiaçı 2015-ci ilin sentyabr ayından başlayaraq 2017-ci ilin iyul ayı da daxil olmaqla hər ay Cavabdeh 500 manat məbləğində ödəniş etmişdir; İş materiallarında olan digər sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Quba rayonu Notariat Kontorunun xüsusi notariusu tərəfindən 03.10.2015-ci il tarixdə kredit müqaviləsi təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh “borc verən” kimi İddiaçı “borc alan” kimi 25000 (iyirmi beş min) manat pul borc vermiş, “borc alan“ krediti 03.12.2019-cu il tarixədək hər ay 500 (beş yüz) manat olmaq şərti ilə Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə bağlandığı vaxtdan bu günədək İddiaçı tərəfindən 11500 (on bir min beş yüz) manat pul qaytarılmışdır. İddiaçı kredit müqaviləsinə görə ödənilməmiş 13500 (on üç min beş yüz) manat borcu qalmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti 03.12.2019-cu il tarixdə bitməsi, borclu qaldı 13500 (on üç min beş yüz) manat pulun həmin tarixədək ödənilməsini təmin edilməsi, əks təqdirdə Cavabdeh kredit müqaviləsinin müddəti bitdikdən sonra İddiaçı borclu qaldığı məbləğin ödənilməsi üçün müvafiq hüquqi vasitələrdən istifadə etməli olacağı barədə İddiaçı yazılı xəbərdarlıq edilmişdir; İddiaçı 03.10.2015-ci il tarixdə bağlanmış və 3M-329 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi üzrə borcun ödənilməsi, əks halda barəsində müvafiq tədbir görüləcəyi barədə bildiriş göndərilmişdir. Quba Rayon Məhkəməsinin 11.03.2020-ci il tarixli, 2(027)-640/2020 saylı qətnaməsinə əsasən İddiaçı Quba Regional “ASAN Xidmət” Notariat Kontoruna qarşı Quba Resgional "ASAN" Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 09.01.2020-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Müəyyən edilmişdir ki, tərəflərin arasında 03.10.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqavilə müvafiq qaydada rəsmiləşdirilmişdir. İddiaçı tərəf mübahisə predmeti sayılan müqavilənin “yalançı” əqd olduğu iddia etsə də iddia tələbində göstərilən hallar heç bir sübutla öz həqiqi təsdiqini tapmamışdır. İddiaçı müqavilənin etibarsızlığını onunla əsaslandırır ki, iddiaçı Cavabdeh onun tanıdığı başqa şəxsə faizlə verdiyi pulu sonradan ala bilmədiyinə görə polis orqanlarına şikayət etmiş və o, məcburiyyət qarşısında cavabdehlə formal kredit müqaviləsi bağlamağa məcbur qalmış, nə əvvəl nə də ki, müqavilə bağlanarkən Cavabdeh iddiaçıya hər hansı bir məbləğdə pul verməmişdir. Bununla yanaşı iddiaçı öz iddiasını əsaslandırdığı hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə həmin halları sübut etmək vəzifəsi onun üzərinə düşür. İş materiallarında olan Cavabdeh məhkəməyə təqdim etdiyi əlyazmalardan isə aydın olur ki, iddiaçı ondan 25000 manat borc aldığını 29.09.2015-ci il tarixdə yazdığı iltizamda etiraf etmiş və sonradan borcdan hər ay 500 manat ödəməsini qəbzlərdə təsdiq etmişdir. İddiaçı tərəf həmin əlyazmaların həqiqiliyini məhkəmədə mübahisələndirmədiyindən məhkəmə onları sübut kimi qəbul etmişdir. Beləliklə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 03.10.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir;. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı müqavilə bağlanarkən öz iradə ifadəsini bldirərək müqaviləni imzalamışdır. Bundan başqa həmin müqavilə bağlanılarkən qanunvericliyin tələblərinə əməl olunmuşdur. Yəni müqavilənin əsassızlığı üçün hər hansı bir əsas mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Göründüyü kimi iddiaçı iddia tələbini əsaslandıra bilməmiş, əksinə iddiaçının dəlilləri iş materialları ilə təkzib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə"26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-551/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, , 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-551/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar