Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2280/2022 15.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı komissiya qərarının və aktın etibarsız hesab edilməsi, əsassız hesablanmış pulun silinməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.A.Səmədzadə) İddiaçı Cavabdehnə qarşı komissiya qərarının və aktın etibarsız hesab edilməsi, əsassız hesablanmış pulun silinməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB-i tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt və bu aktlara əsasən qaz itkisinin hesablanmasına dair tərtib olunmuş sənəd qanunsuz olduğu üçün etibarsız hesab edilməsi və cavabdeh Azəriqaz İB-nin Xaçmaz RQİİ-nin vəzifəli şəxləri tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” №00207410 saylı akt əsasən hesablanmış 1270 manat “qalıq borc” pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X8 İstismar İdarəsinin əməkdaşları E.Aslanov, Ə.Əhmədova, A.Abdullayev 2022-ci ilin yanvar ayında növbəti dövlət yoxlaması adı ilə onun yaşadığı Xaçmaz rayonu, Köhnə-Xudat kəndində kəndində yerləşən evinə gəlmiş, sayğaca baxış keçirmişlər. xx.xx.2022-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” №0207410 AKT-da göstərilir ki, qaz sayğacının üfüqü vəziyyətə gətirərək qeyri-qanuni qazdan istifadə etdiyi üçün Abonent dəymiş ziyan ödəməlidir. Tərəfindən sayğaca hər hansı müdaxilə olunmamış, sayğacın plasmas qapağına heç bir müdaxilə edilməmişdir. Yuxarıda göstərildiyi kimi sayğac çıxarılıb götürülərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Qaz sərfıyyatına görə ödənişləri vaxtlıvaxtında etmişdir, onun və ailə üzvlərinin tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Sayğac evinin həyətində yox, küçədədi, yəni evin qarşısında quraşdırılmışdır, Qaz İdarəsinin əməkdaşı ayda bir neçə dəfə sayğaca baxış keçirir, göstərişini qeyd edir, əgər hər hansı bir qüsur olsaydı, bu barədə ona bildirilərdi. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Xaçmaz RQİİnin işçiləri evində quraşdırılmış qaz sayğacını xx.xx.2021-ci il tarixdə o olmadan dəyişdirərək yenisi ilə əvəz ediblər və bu barədə akt tərtib olunub. Sonra isə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022ci il tarixli akt tərtib olunub və komissiya qərarına əsasən ona 1270 manat ziyan hesablanıb. Həmin ziyanı əsasız sayır. Ona görə ki, qaz sayğacı küçədə yerləşir və o, sayğaca müdaxilə etməmişdir. Sayğac dəyişdirilərkən o, olmamışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli akt tərtib olunarkən də iştirak etməmişdir, aktı oğlu X3 imzalayıb. O və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişdir. Sayğacı şaquli vəziyyətə o, gətirməmişdir. Məhkəmə bunları nəzərə almamışdır. Xaçmaz Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixdə qəbul olunmuş qətnaməsini ləğv edib, yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi İ.F.Niftəliyev apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərək, aktın qanuna uyğun tərtib edilməsi və borcun qanuna uyğun hesablanmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacı abonent sayğacı üfüqü vəziyyətə gətirərək təbii qazdan qeyriqanuni istifadə edir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli Akta əsasən sayğacın dəyəri və dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddəni 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. “Respublika ərazisində təbii qazın pərakəndə satış tarifinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 30 iyun 2009-cu il tarixli 3 nömrəli Qərarına əsasən təbii qazın əhali istehlakçı qrupu üzrə pərakəndə satış tarifi hər 1000 m3 üçün (ƏDV ilə) 100 manat müəyyən edilmiş və bu tarif 2009-cu il 01 iyul tarixindən qüvvəyə minmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Azərbaycan Respublikasının Nazirlət Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə paylayıcı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğazclarının növbəti yoxlamasının keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçının sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisi sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasaz və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanılmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, sayğac abonentin mənzilinin daxilində deyil, kənarda quraşdırılmışdır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacı üfüqü vəziyyətdə olsada, bunun məhz iddiaçı tərəfindən edilib-edilməməsi sübuta yetirilmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir.Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min matadan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 30 iyun 2022-ci il tarixli 2(067)-1193/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pulun silinməsinə dair iddiası təmin edilsin. İddiaçı Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən evə Cavabdeh İB-i tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt və bu aktlara əsasən qaz itkisinin hesablanmış 1270 manat “qalıq borc” pul silinsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2280/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2280/2022
15.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver