Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2283/2023 11.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) X1 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Məmmədov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2(012)-3552/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq hesablanmış 11129.23 manat pul vəsaitinin Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(012)- 3552/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsinin təmin edilməsi, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 11129.23 (on bir min yüz iyirmi doqquz manat, iyirmi üç qəpik) manat borcun abonent kodu **********69870 olan İddiaçı məxsus abunə hesabından silinməsi, Cavabdeh İB-dən dövlət rüsumuna görə 123.39 (yüz iyirmi üç manat otuz doqquz qəpik) manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(012)-3552/2023 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. İş üzrə İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 361.1.4. Şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir. Maddə 361.1.5. Şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar apellyasiya şikayətində göstərilməlidir. Maddə 361.1.6. Şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar apellyasiya şikayətində göstərilməlidir. Maddə 363.1.1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılmalıdır. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
6. Apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıran məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2(012)-3552/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığına görə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Mülki Prosessual Məcəllənin 357- 364-cü maddələrinin tələbləri baxımından qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
7. Belə ki, iş materiallarından göründüyü kimi cavabdehin nümayəndəsi Nümayəndə məhkəmənin qeyd edilən qətnaməsindən verdiyi apellyasiya şikayətində prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar apellyasiya şikayətində göstərilməmiş, bundan başqa apellyasiya şikayətinin mətnində uyğunsuzluqlar, hazırkı işlə əlaqəsi olmayan şəxsə (A.Əlimanova) münasibətdə məhkəmə aktının mübahisələndirilməsinə dair əsaslar aşkar edilmişdir. Apellyasi şikayətindən məzmunundan belə görünür ki, apellyasiya şikayəti cavabdeh tərəfin mövqeyindən deyil, sanki iddiaçı tərəfindən verilmiş, iddia tələblərinə düzgün hüquqi qiymət verilməməsi, iddianın düzgün olmayaraq tam təmin edilməməsi, iddianın qismən təmin edilməsi ilə bağlı səhv nəticəyə gəlinməsi və s. kimi ziddiyətli əsaslar göstərilmişdir. Həmçinin apellyatorun tələbi, iddianın hansı qaydada həll edilməsi (iddianın rədd, təmin və ya qismən təmin edilməsi) barədə xahişi aydın ifadə olunmamışdır.
8. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən qeyd edilən hallara əhəmiyyət verməmiş, şikayəti geri qaytarmalı olduğu halda bunu etməmiş, apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
9. MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
10. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
11. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366, 400, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldi:
Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2(012)-3552/2023 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verdiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.